Məhkəmə qərarları › İş №2(103)-5318/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5318/2024

10.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5318/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: "işlərin qarşılıqlı bağlılığı”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 avqust 2024-cü il tarixli, 2(004)-3179/2024 saylı qərardadından iddiaçı X1 nümayəndəsi-vəkili X4 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 5 nömrəli evin 21 nömrəli mənzilindən Cavabdeh çıxarılması, mənzilin Cavabdeh tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, eyni tərəflər arasında (iddiaçı Cavabdeh Kazım qızı və cavabdeh İddiaçı "birgə nikah dövründə əldə edilmiş əmlakın və əmlaka çəkilmiş xərclərin bölünməsi tələbinə dair") eyni mübahisə predmeti barədə iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış və hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır (ekspertiza mərhələsində). Hər iki iş eyni tərəflər arasında eyni predmet barəsində olduğu üçün təmsil etdiyi şəxsin hüquqlarını müdafiə edə bilmək, hazırki işin ədalətli araşdırılmasına lazımi sübut və sənədləri əlavə edə bilmək məqsədi ilə hazırki işin icraatı Bakı Apellyasiya məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə çıxarılanadək dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3101/2024 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənə qədər dayandırılmışdır.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

5. Məhkəmənin həmin qərardadından narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə icraatın dayandırılması üçün əsas yoxdur. Belə ki, işdə olan sənədlərə, o cümlədən Yasamal Rayon Məhkəməsinin 2(004)-468/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən məlum olur ki, (hazırki iş üzrə cavabdeh) Cavabdeh (hazırki iş üzrə iddiaçı) ona qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində yerləşən 5 saylı evin 18 saylı mənzilin ½ hissədə bölünərək onun (Cavabdeh) mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki işə baxılması zamanı, o, məhkəməyə sənədlər, o cümlədən sözügedən mənzilin xx.xx.2013-cü il tarixdə Əfşarın anası Gülüstan Ağazadə tərəfindən dəyərini ödəyərək "xxxx" MTK-dan əldə olunması barədə müqavilə və maliyyə arayışını, habelə sonradan mənzilin Gülüstan tərəfindən ona hədiyyə olunması barədə xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsini təqdim etmişdir. Bundan sonra Cavabdeh “iddianın dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizədə Cavabdeh, mənzilin alınması, təmir olunması və saxlanılmasına onun və Əfşarın birgə vəsaitinin sərf edildiyini iddia edərək, həmin vəsaitin ½ hissəsinin ondan xeyrinə tutulmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh həmin iddiası təmin edilməmişdir. Hazırda, o, 2(004)-468/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməni apelyasiya qaydasında mübahisələndirmişdir. Beləliklə, göstərilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh, 2(004)-468/2024 saylı ilkin olaraq mənzil üzərində ½ hissədə mülkiyyət hüququnun tanınmasını tələb etsə də, sonradan iddia tələbini dəyişmiş və mənzilin alınmasına, təmir olunması və saxlanılmasına çəkilən xərcin ½ hissəsini cavabdehdən tələb etmişdir. Başqa sözlə, o, mənzilin ümumi birgə (paylı) mülkiyyətdə olmasını, buna görə mənzilə hər hansı hüququnun tanınmasını tələb etmir. Cavabdeh bu tələblərlə bağlı hər hansı gözləntisi yoxdur. Cavabdeh mənzilin alınmasına, təmir olunmasına, saxlanılmasına onunla birgə vəsait xərcədiyini iddia edir və həmin pulun ½ hissəsini sonuncudan tələb edir. Hazırki iş üzrə onun iddiası isə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən onun artıq ailə üzvü olmayan Cavabdeh mənzildən çıxarılması barədədir. Göründüyü kimi, hazırki mülki iş üzrə tərəflər arpasında mövcud mülki mübahisənin həlli hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)- 3101/2024 saylı mülki işin nəticəsindən asılı deyil. Lakin Yasamal Rayon Məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almamış, iş üzrə icraatın dayandırılması barədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Hesab olunur ki, hazırki iş üzrə icraatın dayandırılmasını tələb edən hər hansı məcburi hal mövcud deyil. Göstərilənlərə əsasən Yasamal Rayon Məhkəməsinin mövqeyi, Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələblərinə ziddir. Qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3179/2024 saylı, 12 avqust 2024-cü il tarixli qərardadı ilə, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 avqust 2024cü il tarixli, 2(004)-3179/2024 nömrəli qərardadından vermiş olduğu şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər hakim iş üzrə icraatı dayandırmalıdır (254.1.4, 256.0.3).

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarında əks etdirilən hüquqi mövqeyə əsasən qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3179/2024 saylı, 8 avqust 2024-cü il tarixli qərardadı ləğv edilməli, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iş üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edilməlidir.

11. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılmasının məcburi əsaslarını müəyyən etməklə qanuni və əsaslı nəticəyə gəlməmişdir.

12. Qeyd edilməlidir ki, mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək təxirəsalınmadan davam etdirilməlidir. Lakin mübahisə üzrə ədalət mühakiməsinin tezliklə başa çatdırılması həmişə mümkün olmur. Çünki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxa bilər ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. Beləliklə icraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Yalnız belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır.

13. Göründüyü kimi, iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığın mövcudluğu müəyyən edilməlidir ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın, başqa iş üzrə müəyyən ediləcək hallar isə dayandırılan mülki iş üzrə preyudisial əhəmiyyət kəsb etsin.

14. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə nəticənin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “xərclərin bölünməsi” tələbinə dair mülki işin nəticəsindən asılılığının mövcudluğu aşkar edilməmişdir. Belə ki, hazırki iş üzrə icraatın dayandırılmasını məcbur edən, yəni mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan və bu mübahisənin operativ və obyektiv həll olunmasına mane olan halların Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan mülki işin baxış predmeti olması müəyyən edilmir.

15. Çünki, hazırki iddianın əsasını təşkil edən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində yerləşən 5 saylı evin 18 saylı mənzilin üzərindəki mülkiyyət hüququ və qarşı tərəfin bu mənzilə hüquqi bağlılığı (istifadə hüququnun olub-olmaması, sahibliyinin qanuni olub-olmamasl) mülki işin dayandırılmasına əsas olmuş iddiaçı Cavabdeh İddiaçı qarşı “xərclərin bölünməsi” tələbinə dair mülki iş çərçivəsində mübahisələndirilmir.

16. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iş üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edilməlidir. Mülki iş növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

17. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3179/2024 saylı, 8 avqust 2024cü il tarixli qərardadı ləğv edilsin. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(004)-3179/2024 saylı mülki iş üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edilsin. Mülki iş növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar