Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5318/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Ərizəçi “ölüm faktının və nikah faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-4551/2025 nömrəli qərardadından Ərizəçi şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadıl qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.Ərizədə tələb olunub ki, Nağıyev X1 ölüm faktı və onunla Nağıyeva (Vəliyeva) Rəhimə Ramazan qızı arasında nikah faktı müəyyən edilsin. 2.Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, ərizədə bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirilib, ərizəçi hər bir tələb ilə ayrılıqda məhkəməyə müraciət etməlidir. Hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılır 3.Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və işə mahiyyəti üzrə baxılması təmin edilsin. 4.Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib və onu işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 5.Qərardad ləğv edilməlidir. 6.MPM-in 152.1.7-ci maddəsi tətbiq olunarkən MPM-in 149.3-cü maddəsinin göstərişi nəzərə alınmalıdır. 149.3-cü maddəyə görə, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Göründüyü kimi, iddiaçıya bir-biri ilə bağlı olan tələbləri bir iddia ərizəsində birləşdirmək hüququ verilib. Əgər birləşdirilən tələblər bir-biri ilə bağlı deyilsə, məhkəmə 152.1.7-ci maddəni tətbiq etməklə iddia ərizəsini geri qaytara bilər. 7.MPM-in 149.3 və 152.1.7-ci maddələrdə işlədilən “bağlı” və “əlaqədar” ifadələri tələblər arasında istənilən bağlılığı (əlaqəni) deyil, yalnız hüquqi əhəmiyyət daşıyan bağlılığı (əlaqəni) nəzərdə tutur. Əgər tələblər arasında bağlıq hüquqi əhəmiyyət daşımırsa, onlar bir iddia ərizəsində birləşdirilə bilməz, çünki belə halda məhkəmə araşdırmasına sərf olunan vaxt, toplanan sübutlar, işdə iştirak edən şəxslərin sayı və s. baxımından işin həlli çətinləşir. 8.Hazırkı ərizədə müəyyən edilməsi tələb edilən iki fakt (ölüm və nikahda olma faktı) arasında hüquqi əhəmiyyət daşıyan bağlılıq (əlaqə) mövcuddur. Belə ki, ərizəçinin bildirdiyinə görə, o, anasından qalmış mirasa öz hüququnu rəsmiləşdirmək istəyir, anasının vərəsələrinin müəyyən edilməsi üçün ondan tələb olunur ki, anasının atasının (Nağıyev X1) ölüm şəhadətnaməsi və anasının atası ilə anasının anası (Nağıyeva (Vəliyeva) Rəhimə Ramazan qızı) arasında nikahın olması barədə sənəd təqdim olunsun. Babası və nənəsi uzun müddət əvvəl vəfat etdiklərindən qeyd edilən sənədlər indiyə kimi saxlanılmayıb. 9.Göründüyü kimi, hər iki faktın müəyyən edilməsi vərəsəlik hüququnun həyata keçirilməsi üçün əhəmiyyətlidir. Vərəsəlik münasibətlərində isə ölüm faktı və nikahda olma faktları arasındakı bağlılıq (əlaqə) hüquqi əhəmiyyət daşıyır. 10.Beləliklə, ərizənin geri qaytarılması üçün birinci instansiya məhkəməsinin istinad etdiyi hal - MPM-in 152.1.7-ci maddəsində göstərilən hal mövcud deyil. 11.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-4551/2025 nömrəli qərardadı ləğv olunsun və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5318/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5318/2025
19.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver