Məhkəmə qərarları › İş №2(103)-532/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-532/2022

04.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-532/2022 04.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mərdanova Xumar Afət qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi və vəkili X3, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2059/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onlarla birgə yaşayan yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il tarixdə doğulmuş Əhmədov Emin və xx.xx.2013-cü il tarixdə doğulmuş Əhmədov Elçinin, Bakı şəhəri, ünvan 1 ünvandan, İddiaçı1 tərəfindən 10000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, Bakı şəhəri, ünvan 2 ünvandakı evdən heç bir kompesasiya verilmədən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2 və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə qarşı qarşılıqlı iddia verərək, 8 d saylı evin İddiaçı2 adına rəsmiləşdirilməsinə dair dövlət reyestr xidmətində aparılmış qeydiyyatın əsassız olduğundan həmin qeydiyyatın çıxarılması, 8 d saylı evin Cavabdeh1, Cavabdeh2 və İddiaçı1 ümumi birgə əmlak hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin əmlakda payları 2/3 hissə miqdarında müəyyən edilməsi və müəyyən edilmiş paya uyğun olaraq İddiaçı1 120 000 (yüz iyirmi min) manat pulun alınıb, Cavabdeh1 və Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2059/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə apellyasiya şikayəti vermişdir. Apellyasiya icraatı zamanı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə verərək, ilkin iddia tələbinin rədd, qarşılqılı iddia tələbinin təmin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı2 adına verilmiş çıxarışın ləğv edilməsi, qeydiyyatın çıxarılması, 8d saylı evin ümumi birgə əmlak hesab edilməsi və paya uyğun olaraq 120.000 məbləğində pulun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-2059/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi “iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2 və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə qarşı qarşılıqlı iddia tələbinin “çıxarışın ləğv edilməsi, qeydiyyatın çıxarılması” barədə iddia tələbi hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi qətnaməsini əsassız, qanunsuz və qeyri-obyektiv olaraq qəbul edilmişdir. Belə ki, qətnamə qəbul edilərkən, maddi hüquq normaları pozulmuş, hüququn tətbiq edilməsində səhvlər buraxılmış, işin faktiki halları ətraflı araşdırılmamış, işə onların iştirakı olmadan baxılmışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin şikayətin edilməsini xahiş etdi, eyni zamanda bildirdi ki, rayon məhkəməsi kobud prossesual pozuntuya yol verərək işə onların iştirakı olmadan baxmış, onların məhkəmədə dinlənilmək və sübutlar təqdim etmək, sübutların araşdırılmasında iştirak etmək kimi əsas hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır, odur ki, şikayətin təmin olunaraq qətnamənin ləğv olunması və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsinin xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, eyni zamanda da təklif olunan kompensasiyanın məbləğinin də artıraraq 15.000 manat təklif etdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili T.Baloğlanov apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, eyni zamanda ərizə verərək, 15.000 manat kompensasiya verilməklə cavabdehlərin 8 saylı ünvandan istifadə hüquqlarına xitam verilməklə, 8d saylı ünvandan isə kompensasiya verilmədən çıxarılmalarını xahiş etdi. Sübutların tədqiqi: Tərəflər bir ailənin üzvləridir – Leyla və Teymur İddiaçı1 uşaqlarıdır, L. Əhmədova isə Teymurun arvadıdır. Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 120,6 kv metrdən ibarət 8 saylı evin ½ hissəsi İddiaçı1 mülkiyyətindədir (DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş Çıxarış). Bütün ailə üzvləri həmin evdə qeydiyyatdadırflar. Həmin ev İddiaçı1 vəsiyyatnamə üzrə vərəsəlik qaydasında anası X1 X4 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Həmin andan ev İddiaçı1 mülkiyyətinə keçmişdir. Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı ev İddiaçı2 mülkiyyətindədir (DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş çıxarış). İddiaçı2 anası X9 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8 saylı evin yerləşdiyi 0,0141 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixdə qızına bağışlamış və 8D saylı ev məhz həmin bağışlanmış torpaq sahəsi üzərində inşa edilmişdir. İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşana çatmamış uşaqları ilə 8D saylı evdə yaşayırlar. "xxxx" MMC tərəfindən 8 saylı ev 55000, 8D saylı ev 160000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/472 saylı ekspert rəyindən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8 d saylı evin İddiaçı2 məxsus torpaq sahəsində inşa edildiyi müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8 d saylı evin tikintisinə çəkilmiş xərclərin ümumi dəyəri 97048,0 manat məbləğində, həmin evin hazırkı bazar dəyəri isə, 168936,0 manat məbləğində müəyyən edilir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-2059/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2 və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə qarşı qarşılıqlı iddia tələbinin 8 d saylı evin İddiaçı2nnın adına rəsmiləşdirilməsinə dair “dövlət reyestr xidmətində aparılmış qeydiyyatın əsassız olduğundan həmin qeydiyyatın ləğvi ” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Birgə iddiaçılar olan İddiaçı1 (ata) və İddiaçı2 (qızı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvandakı 8d saylı evdən isə kompensasiya verilmədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların dəlilləri ondan ibarət olmuşdur ki, cavabdehlərin onlarla birgə yaşaması mümkün deyil, cavabdehlə onlara qarşı hörmətsiz davranır, onları təhqir edir, münasibətləri olduqca gərgindir, məhkəməyə müraciət etməmişdən qabaq cavabdehlər təklif etmişlər ki, həmin ünvanda yeni inşa edilən 8d saylı evi sataraq bərabər hissələrdə bölsünlər, lakin cavabdehlər buna razı olmamış, həmin evin 2/3 hissəsinin onlara verilməsini tələb etmişlər,bu səbəbdən də aralarında mübahisə həll olunmamış qalmışdır, hazırda yalnız onlara 15.000 manat təklif edirlər, çünki 8 saylı ev İddiaçı1 mülkiyyətindədir, 8d saylı ev isə İddiaçı2 adına qeydiyyatdan keçmişdir, cavabdehlər 8d saylı evin tikintisində cüzi əmək və vəsait sərf etmişlər, onlarla hər hansı başqa barışıq mümkün deyildir. Cavabdehlər iddiaya qarşı etiraz edərək(qarşılıqlı iddia da verərək) bildirirlər ki, ailə əvvəlcə həmin ünvandakı 8 saylı evdə yaşamışlar, 2004-cü ildə ailə olaraq razılığa gəlmişlər ki, həmin həyətdə iki mərtəbəli yeni bir ev inşa etsinlər, tikinti başa çatandan sonra Teymur, valideynləri, bacısı və gələcək arvadı ilə bilikdə həmin evdə yaşasınlar, 2004-cü ildə həmin evin tikintisinə başlanılmış, evin tikintisi Vaqif və Teymurun vəsaiti və zəhməti hesabına aparılmış həmin evin tikintisində nə bacısı Leylanın, nə də başqa bir şəxsin vəsaiti və zəhməti olmamış, 2010-cu ildə evin tikintisi başa çatmış, 2010-cu ilin noyabr ayında Teymur Əfsanə ilə ailə həyatı qurmuş və Əfsanəni də gəlin kimi həmin mənzilə gətirmiş, ər-arvad kimi orada yaşamağa başlamışlar, təxminən 1-2 ay sonra Teymurun atası, anası və bacısı Leyla da həmin evə köçərək onlarla birgə yaşamış və birgə təsərrüfat aparmışlar, 2017-ci ildə razılığa gəlmişlər ki, evin 3-cü mərtəbəsi, yəni mansardı da inşa edilsin, çünki söhbət gəzirdi ki, həmin ərazi plana düşəcək, ona görə də danışmışdılar ki, plana düşəcəyi halda bir ev bacısı Leylaya alar, qalan pula isə özlərinə mənzil alarlar, sonradan münasibətləri pozulmuş və məlum olmuşdur ki, atası onlardan xəlvəti şəkildə həmin evi qanunsuz olaraq həmin evin tikilməsində heç bir iştirakı olmayan bacısı Leylanın adına qeydiyyatdan keçirmişdir. Cavabdehlər qarşılıqlı iddialarında həmin 8d saylı evin İddiaçı2 adına özəlləşdirilməsinin etibarsızlığı ilə yanaşı, həm də həmin ev paylarını 2/3 hissədə müəyyən olunması və buna müvafiq olaraq da cavabdelərdən 120.000 manatın alınıb onlara verilməsi xahiş olunmuşdur. İddiaçıların ikin ərizəsindən görünür ki, onlar tələbində cavabdehlərin hər iki mənzildəki istifadə hüququnun müqabilində onlara kompensasiya təklif etmişlər(bax, i/v.3- 5). Rayon məhkəməsində işə baxılması zamanı iddiaçılar ilkin mövqeylərini dəyişmiş, yalnız 8 saylı mənzildən istifadə hüququ müqabilində onlara kompensasiya təklif edilmiş, bununla belə, iddiaçılar kompensasiya təklif etməsələr də, cavabdehləri 8d saylı mənzildən də çıxarılmasını tələb etmişlər. Belə olan halda, cavabdehlərin 8d saylı evin inşasında əmək və vəsait sərf etmələri, eləcə də onların həmin evdə yaşamaları iddiaçıların özləri tərəfindən təsdiqlənmış olur. Bununla da müəyyən olunur ki, cavabdehlər İddiaçı1 mülkiyyətində olan 8 saylı evdə qeydiyyatda olsalar da, onlar 8d saylı ev tikildiyi vaxtdan həmin evdə yaşamış və həmin evə müvafiq hüquq əldə etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd edilir ki, müraciətdə qaldırılan məsələnin həlli üçün Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış sahəsindən istifadə hüququnun hüquqi mahiyyətinin və əmələ gəlməsinin əsaslarının da müəyyən olunmasını zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262-ci maddəsində sadalanan servituta xitam verilməsinin əsasları sırasında bəzi xarici ölkələrin qanunvericilik təcrübəsindən (Fransa Mülki Məcəlləsinin 706-cı maddəsi; Kanada Kvebek vilayətinin Mülki Məcəlləsinin 1191-ci maddəsi; Polşa Mülki Məcəlləsinin 293-cü maddəsi; Ukrayna Mülki Məcəlləsinin 406-cı maddəsi) fərqli olaraq, uzun müddət istifadə etməmə nəticəsində bu hüququn xitamı nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırkı mülki işin halları baxımından kollegiya hesab edir ki, İddiaçı1 məxsus olan 8 saylı evdə cavabdehlərdən ancaq Cavabdeh1 istifadə hüququ olmuş, lakin onun 2010-cu ildə yeni inşa edilmiş 8d saylı evə köçüb daimi olaraq yaşaması səbəbindən onun 8 saylı evə olan ehtiyacı aradan qalxmışdır. Bu səbəbdən də iddia tələbi 8 saylı evə dair hissədə təmin oluna bilməz. İddia tələbinin 8d saylı evə münasibətdə isə qeyd olunmalıdır ki, həmin evin mülkiyyətçisi İddiaçı2 həmin evi özəlləşdirərkən cavabdehlərin uşaqları ilə birlikdə orada yaşamasını və demək ki, həmin tikilinin cavabdehlərin hüququ ilə yüklü olduğunu bilirdi. Belə olan halda isə cavabdelərin həmin evdən çıxarılması yalnız müvafiq kompensasiyanın verilməsi ilə mümkün ola bilər. İddiaçı2 isə hazırda cavabdehlərin ona məxsus evdə çıxarılması müqabilində hər hansı kompensasiya təklif etməmişdir. Belə olan halda isə müəyyən olunur ki, cavabdehlərin İddiaçı2 aid 8d saylı evdən çıxarılmasına dair iddia tələbi də təmin oluna bilməz. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin X6 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8 saylı evin yerləşdiyi 0,0141 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixdə qızı İddiaçı2 bağışlaması barədə müqavilənin etibarsız hesab edilməsi barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Kollegiya qeyd edir ki, hazırda mübahisələndirilən bağışlama müqaviləsi tərəflərin iradəsi əsasında qanuni şəkildə bağlanmışdır və onun etibarsız hesab olunması üçün hər hansı əsas mövcud deyildir. Kollegiya qarşılıqlı iddia tələbinin “evin ümumi birgə əmlak hesab edilməsi və paya uyğun olaraq 120.000 məbləğində pulun cavabdehlərdən tutulması” hissəsi ilə bağlı bildirir ki, həmin tələb əsas, “İddiaçı2 adına verilmiş çıxarışın ləğv edilməsi, qeydiyyatın çıxarılması” tələbindən asılı olan (törəmə) tələb olduğundan və həmin tələb də hazırkı icraat çərçivəsində baxıla bilmədiyindən, iddiaçının qeyd edilən tələbi də əsassızdır və təmin edilə bilməz. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin digər dəlili işə onların iştirakı olmadan baxılması ilə bağlıdır. Mülki iş materiallarından məlum olur ki, cavabdehlərin vəkili Vəkil məhkəməyə ərizə göndərərək səhhətində yaranmış problem ilə əlaqədar müalicəyə getdiyindən məhkəmə iştirak edə bilməyəcəyini və xx.xx.2021-ci il tarixdən sonrakı vaxta təxirə salmağı xahiş etmiş, ərizəsinə «X11 Company» MMC tərfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yazılmış putyovkanı əlavə etmişdir. Rayon məhkəməsi vəsatəti təmin etməmiş, bunun üçün əsas kimi həmin putyovkanın kimə məxsus olmasının qeyd edilməməsini göstərmişdir. Kolegiya qeyd edir ki, rayon məhkəməsi bu mövqeyi əsaslı olmamışdır, hazırkı işin halları, xüsusən də cavabdehlər tərəfindən qarşılıqlı iddiaının verilməsi, həmin vəsatətin təmin olunaraq məhkəmə iclasının təxirə salınmasını zəruri edirdi, lakin rayon məhkəməsi tərəfindən cavabdehlərin iştirakı olmadan işə baxılmış, cavabdehlərin məhkəmədə dinlənilmək, sübutlar təqdim etmək və onların tədqiqində iştiraq hüququnu əsassız olaraq məhdudlaşdırmış, bununla da prosessual pozuntuya yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması səhv təfsir olunduğundan, həmçinin iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də prosessual hüquq normaları pozulduğundan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin və qarşıqlıqlı iddia tələbi təmin edilməməlidir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti verən cavabdehlərə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2059/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, ilkin və qarşılıqlı iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xumar Mərdanova Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar