Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-532/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinə qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-532/2023 (Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı) Bakı şəhəri, 16 yanvar 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2833/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1986-cı ildə Lerik rayonu Piran kəndində anadan olmuşdur. 27 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin əmrinə əsasən Lerik Meşəbəyliyinin 23a saylı meşə dolayısında meşə gözətşisi vəzifəsinə təyin olunmuşdur. X8 X6 direktoru 02 aprel 2019-cu il tarixdə 60 saylı əmri ilə əsassız və qanunsuz olaraq işdən azad edilmişdir. Lənkəran rayon Məhkəməsi qarşısında qaldırdığı iddia ərizəmə əsasən 31 iyul 2019-cu il tarixli qətnaməyə əsasən Lənkəran Regional X6 direktoru 02 aprel 2019-cu il tarixdə 60 saylı əmri ləğv edilərək işə bərpa olunmuşdur. 03 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Lənkəran Regional X6 direktoru 34 saylı əmrə əsasən Gürdəsər meşəbəyliyinin 23a saylı meşə dolay gözətçisi vəzifəsindən azad edilərək Razvandobad meşəbəyliyinə meşəbəyi (14-cü dərəcə ilə) vəzifəsinə təyin edilmişdir. Lakin Yasamal rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(004)-648/2021 nömrəli qətnaməsinin icrası məqsədilə Meşələrin İnkişafı Xidmətinin xx.xx.2021 -ci il tarixli 162/Ü nömrəli əmrinin 1-ci bəndi ləğv olunaraq X1 Regional Meşə X2 meşəbəyliyinin meşəbəyisi vəzifəsinə 28 dekabr 2021-ci il tarixdən bərpa olunaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti tərəfindən X11 X3 meşəbəyliyinin meşəbəyi olduğum əmək müqaviləsinə əsassız və qanunsuz olaraq xitam vermişdir. Əmək mübahisəsi ilə bağlı Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Azərbaycan Respublikası Mediasiya Şurası 08 aprel 2022-ci il tarixli arayış vermişdir. Göstərilənlərə əsasən X11 X3 meşəbəyliyinin meşəbəyi olduğu bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin 28 dekabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, X11 Təsərrüfatı Mərkəzində işlədiyi meşə gözətçisi vəzifəsinə bərpa edilməsi və 28 dekabr 2021-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işə buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2833/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (Hakim: Toğrul Axundov). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə mübahisəsi həll edilərkən maddi hüquq normalarını ciddi şəkildə pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında Lənkəran rayon Məhkəməsinin qətnaməsi mövcuddur. İddiaçı əmək və icra intizamını pozmamışdır. Bu səbəbdən müdiriyyətin barəsində çıxardığı əmr qanunsuzdur. İddiaçı bu işin hallarını bilən şahidlərin dindirilməsini məhkəmədən xahiş etsə də, məhkəmə həmin şahidləri dinləmədən tələsik qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
7. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
10. Həmin Məcəllənin 7ü-cü maddəsinin b-ci bəndinə əsasən əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.
11. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
12. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
Apellyasiya baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2021-ci il tarixli, 332/Ü saylı, əmrinə əsasən, Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-648/2021 nömrəli qətnaməsinin icrası məqsədi ilə Qəribov tərlan Mizəhəsən oğlu X12 X2 meşəbəyilinin meşəbəyisi vəzifəsinə xx.xx.2021-ci il tarixdən bərpa edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM 74-cü maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Sözü gedən əmr iş üzrə iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmiş və bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə X7 Bakı şəhər İdarəsinə ərizə ilə müraciət etmiş, müvafiq idarədən ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Sözü gedən bu hallar iş üzrə iddiaçının etiraf edici izahatı ilə öz təsdiqini tapmışdır. Hazırda iddiaçı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 X3 meşəbəyliyinin meşəbəyi olduğu bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin 28 dekabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, X11 Təsərrüfatı Mərkəzində işlədiyi meşə gözətçisi vəzifəsinə bərpa edilməsi və 28 dekabr 2021-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işə buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
17. İş materiallarından görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə Meşələrin İnkişafı Departamentinin xx.xx.2021-ci il tarixli, 332/Ü nömrəli əmrinin surəti xx.xx.2021-ci il tarixində iddiaçıya təqdim edilmişdir. İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, əmrin surəti ona həmin gün təqdim edilmiş, əmək kitabçası isə yanvar ayının 5-i təqdim edilmişdir. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində müraciət edərək, müddəti təxminən 3 ay ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iddiaçı müddəti ötürməsinin səbəblərini izah edə bilməmişdir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
19. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
20. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir.
21. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üstüstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir.
22. Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər.
23. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
25. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
29. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2833/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev