Məhkəmə qərarları › İş №2(103)-5320/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5320/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5320/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Allahverən Həsənovun və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə 2 daşınmaz əmlakla bağlıdır: 1) Yasamal rayonu, 1055-ci məhəllə, K.Kazımzadə küçəsində yerləşən 97G №-li qeyri-yaşayış binası; 2) Yasamal rayonu, 586cı məhəllə, Z.Xəlilov küçəsi, ev № 68-də yerləşən 14 №-li mənzil. 1-ci əmlak Dilarə Qədirovanın mülkiyyətində olub, o, vəfat etdiyinə görə onun hüquq varisi İddiaçı1 hazırkı işdə iddiaçı kimi iştirak edir. 2-ci əmlak İddiaçı2 mülkiyyətində olub. Həmin əmlaklar “X1”MMC-nin "xxxx" ASC-nin aldığı keditin qaytarılmasının təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilib və kredit qaytarılmadığına görə onlara məhkəmə qətnaməsinə əsasən tutma yönəldilib. Bu barədə Səbail Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli qətnamə, daha sonra Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnamə, daha sonra Ali Məhkəmə xx.xx.2022-ci il tarixli qərar qəbul edib. Həmin əmlaklara tutma yönəldilməsi barədə icra sənədi verilib. İcra sənədinin əsasında Cavabdeh MMC hərrac keçirib, hərracın yekunlarına dair xx.xx.2022-ci il tarixli 37 və 38 №-li protokollar və eyni tarixdə bağlanmış müqavilələr əsasında üçüncü şəxs ipotek saxlayan "xxxx"MMC hər iki əmlakı əldə edib. Üçüncü şəxsin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, hərracın yekunlarına dair protokollar və protokolların əsasında bağlanmış müqavilələr etibarsız sayılsın və müqavilələrin əsasında verilmiş reyestr çıxarışları ləğv edilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən, İddiaçı1 vəkili və nümayəndəsi Allahverən Həsənov apellyasiya şikayətinin əsaslı olduğunu, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Apellyasiya şikayəti rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlərlə əsaslandırır. Həmin əmlaklara tutma yönəldilməsi barədə icra sənədi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən verilib və icra məmuru hərracın keçirilməsi barədə sifariş verib. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kredit alan “X1” MMC kassasiya şikayəti verib, daha sonra isə MMC xx.xx.2022-ci ildə ərizə ilə İcra Şöbəsinə müraciət edərək kassasiya şikayəti verdiyini bildirib və hərracın dayandırılmasını xahiş edib. Buna baxmayaraq hərrac keçirilib, xx.xx.2022-ci il tarixdə bank əmlakları hərracdan alıb. Bundan 2 ay sonra - xx.xx.2022-ci ildə isə Ali Məhkəmə kassasiya şikayətinin rədd edilməsini və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara alıb. Hərracın etibarsız sayılması barədə tələb iddia ərizəsində məhz bu hal ilə əsaslandırılıb. Lakin həmin hal hərracın etibarsız sayılmasına əsas olan bilməz. Birinci, iddiaçı tərəfin hərracın keçiriləcəyi vaxt və yer barədə məlumatı olub, bunu onların özləri də etiraf ediblər. Buna baxmayaraq iddiaçılar hərracda iştirak etməyiblər, bunu onunla izah ediblər ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilib və bu barədə icra məmuru məlumatlandırılıb. Lakin bu hal hərracda iştirakdan imtina üçün əsas sayılmırdı. Belə ki, “İcra haqqında” Qanunun 17.1.7ci maddəsinə görə, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Bundan başqa, “İcra haqqında” Qanunun 21.5-ci maddəsinə görə, icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi öz-özlüyündə icraatın dayandırılması üçün əsas deyil. İcraat o halda dayandırılmış sayılır ki, kassasiya şikayəti müvafiq məhkəmənin icraatına qəbul olunsun və icra məmuru icraatın dayandırılması barədə qərar qəbul etsin. Lakin hərrac keçirilənə qədər kassasiya şikayətinin icraata qəbul edilməsi barədə sənəd icra məmuruna təqdim olunmayıb və icra məmuru icraatın dayandırılması barədə qərar qəbul etməyib. Ona görə də iddiaçıların hərracda iştirakdan imtinasının hüquqi əsası olmayıb. İkinci, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən iddiaçılar deyil, başqa şəxs – kredit alan “X1” MMC kassasiya şikayəti verib. Bu isə onu təsdiq edir ki, iddiaçılar həmin qətnamə ilə (ipoteka predmetinə tutma yönəldilməsi ilə) razılaşıblar. Kassasiya şikayəti son nəticədə rədd olunub. Belə vəziyyətdə hərracın keçirilməsi iddiaçıların (əmlak mülkiyyətçilərinin) mənafeyinin pozulmasına səbəb olmayıb. Ona görə də iddiaçılar həmin hala istinad edərək hərracı mübahisələndirə bilməzlər. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar