Məhkəmə qərarları › İş №2(103)-5322/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5322/2020

07.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5322/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1422/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Misirxan qızı, Cavabdeh4, X3, X4, Cavabdeh7 və X8 Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 45 saylı evdən çıxarılmaları və evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 9 saylı Notariat ofisinin xx.xx.2019-cu il tarixli 8İ/11887 reyestr nömrəsi ilə icra qeydi aparılmış xx.xx.2019-cu il tarixli İddiaçı, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3 Misirxan qızı və X9 arasında rəsmiləşdirilmiş 3M-1070 reyest nömrəli ipoteka müqaviləsi Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qeyd olunan İcra Qeydinə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xeyrinə Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 45 ünvanında qeydiyyatda olan X1 xx.xx.2018-ci il tarixədək vaxtında ödənilməmiş 80.000 (səksən min) ABŞ dolları, bugünki ekvivalent manatla kurs üzrə 136.000 manat (bir yüz otuz altı min manat) borc məbləğinə dair tutma ipoteka saxlayan ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı tələbi ilə paylı mülkiyyət üzrə ipoteka qoyanlara məxsus ipoteka predmeti olan ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X5 paylı mülkiyyət üzrə 4/1 hissə, Cavabdeh2 paylı mülkiyyət üzrə 4/1 hissə, Cavabdeh7 paylı mülkiyyət üzrə 4/1 hissə, Cavabdeh3 Misirxan qızma paylı mülkiyyət üzrə 4/1 hissə verilmiş **********69-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ev 45 ünvanında yerləşən ümumi sahəsi 233.5 kv/m olan fərdi yaşayış evindən ibarət əmlaka tutma yönəldilməsi göstərilmişdir. İcra qeydinin icrasını təmin etmək məqsədilə icra məmuru xx.xx.2019-cu il tarixdə 121665 nömrəli sifarişlə “xxxxx” MMC-nə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 233.5 kv/m olan fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması və müvafiq tədbirlərinin görülməsi üçün müraciət etmişdir. Hərracda ipoteka saxlayan İddiaçı iştirak edərək “İpoteka Haqqında” AR qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı qiymətlə yəni 127 500 (yüz iyirmi yeddi min beş yüz) manata əldə etməyə razılıq vermiş və Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxxx” MMC 65/01 nömrəli xx.xx.2019 cu il tarixli hərracın yekunları barədə protokola əsasən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ev 45 ünvanında yerləşən ümumi sahəsi 233.5 kv/m olan fərdi yaşayış evini əldə etmiş və lazımi sənədlər tərtib edilmişdir. Bundan sonra iş üzrə İddiaçı AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinə Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ev 45 ünvanında yerləşən ümumi sahəsi 233.5 kv/m olan fərdi yaşayış evinin özü tərəfindən əldə olunması ilə bağlı Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxxx” MMC 65/01 nömrəli xx.xx.2019 cu il tarixli hərracın yekunları barədə protokola əsaslanaraq müraciət etmiş və **********69-10301 reyestr nömrəli, xx.xx.2020- ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla həmin mənzil üzərində mülkiyyət hüququ almışdır. İddiaçı mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət hüququna dair çıxarış əldə etməsinə baxmayaraq iş üzrə cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildən çıxmaqdan və mənzili boşaltmaqdan imtina edirlər. İşin faktiki hallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 45 saylı ev mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İş üzrə cavabdehlər onun mülkiyyətində olan evdən çıxmaqdan və evi boşaltmaqdan imtina edirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan evdən istifadə edə bilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1422/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Misirxan qızı, Cavabdeh4, Cavabdeh5, X6, Cavabdeh7 və X8 Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 45 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, Yasamal rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-1422/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı və cavabdeh X9 arasında xx xxxxxxxx 2018-cı il tarixdə 80 000 (səksən min) ABŞ dolları məbləğidə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi cavabdehlərin mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 45 saylı ev Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli müqavilə ilə ipotekaya qoyulmuşdur. Cavabdeh X9 ağır maddi duruma düşməsi nəticəsində İddiaçı tələbi ilə Bakı şəhəri 9 saylı notariat kontorunun 8İ/11887 saylı xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən Yasamal İcra və Probasiya şöbəsinin məmurunun qərarı ilə ipotekaya qoyulmuş ev hərraca çıxarılır. Hərracın keçirilməsi xx xxxxxx 2019-cu il tarixə saat 11:00-17:00 vaxtda baş verəcəkdir. İpoteka müqaviləsində evin qiyməti 200 000 manat göstərildiyindən ev həmin ilkin qiymətlə satışa çıxarılacaqdır. İpoteka müqaviləsində göstərilən məbləğ evin əsl qiymətini əks etdirmir. Cavabdeh X9 yaranmış vəziyyəti onunla izah edir ki, o maşın hissələrinin alveri ilə məşğul olmuş, keçən ilin sentyabr ayında İddiaçı ilə 80 000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlayıb, faktiki olaraq isə 60 000 ABŞ dolları almış, həmin pulla da xaricdən avtomobil hissələrin alınıb Azərbaycana gətirilməsi üçün şəriki olmuş bir nəfərə vermişdir. Lakin bir müddətdən sonra həmin şəxs vəfat etmiş, onun ailəsi isə mərhuma verilmiş pulların qaytarılmasından imtina etmişdir. Bu səbəbdən də onun işi alınmamış kredit müqaviləsində göstərilən məbləğin qaytarılmasında çətin vəziyyətə düşmüşdür. Evin ipotekaya qoyulan vaxtı həmin evin qiymətini qiymət İddiaçı ilə 300 000 manat kimi müəyyən etmişdir, lakin müqaviləni əlinə aldığı vaxtı qiymət kimi 200 000 manatın göstərildiyini görmüş və buna görə onların arasında narazılıq olmuşdur. İddiaçı evin dəyərini 200 000 manat məbləğində göstərməsini onunla izah etmişdir ki, cavabdeh X2 alacağı 80 000 ABŞ dollarının az fərqi ilə evin dəyər kimi ipoteka müqaviləsində ekvivalenti olaraq həmin rəqəm göstərilmişdir. Lakin cavabdeh pulu qaytaracağına ümid edərək sonradan bu məsələni mübnhisələııdirməmişdir. Digər cavabdehlərin ipoteka müqaviləsində ipoteka predmeti olan əmlakın 200 000 manat məbləğində dəyərləndirilməsi barədə məlumatları olmamışdır. Cavavbdeh Cavabdeh3 Misirxan qızının isə evin ipotekaya qovulması barədə ümumiyyətlə xəbərsizdir. İpotekaya qoyulmuş evin bu günə olan bazar qiyməti 300 000 manatdan az deyil ki, çoxdur. Evin ümumi sahəsi 233, 5 kvadrat metrdir və Bakı şəhərində torpaq sahəsinə görə bahalı olduğu yerlərdən birində yerləşir. Qeyd olunan ev hazırda söküntü zonasına düşür, kompensasiya kimi mülkiyyətçilərə veriləcək məbləğ 1 kvadrat metr üçün 1500 manat dəyərindədir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh3 Misirxan qızı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 45 saylı evi İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdirlər. İş materiallarında olan ******* saylı çıxarışın surətində görünür ki, ipoteka İddiaçı xeyrinə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən qeydiyyata alınmışdır. AR Yasamal RİH Mənzil Kommunal Təsərüffat Birliyi 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 45 saylı evdə 1972-ci il təvəllüdlü Cavabdeh1 2010-ci il tarixdən, 1948-ci il təvəllüdlü Cavabdeh2 2010- ci il tarixdən, 1974-cü il təvəllüdlü Cavabdeh3 Misirxan qızı 2010-ci il tarixdən, 1997-cı il təvəllüdlü Cavabdeh4 2013-cü il tarixdən,1982ci il təvəllüdlü X3 2010-cu il tarixdən, 1997-ci il təvəllüdlü X4 2010-cu il tarxdən, 1981-ci il təvəllüdlü Cavabdeh7 2010-cu il tarixdən və 2001-ci il tarixli X14 2017-ci il tarixdən qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 45 saylı ev İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh7, Cavabdeh3 Misirxan qızı, Cavabdeh4, X3 Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 45 saylı evin ipotekaya qoyulmasına etiraz etmir. İpotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürürlər ki, heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən evi qeyd-şərtsiz tərk edəcəkdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kollegiya hesab edir ki, ipoteka predmetinə tutma yönəldildiyindən, sözügedən yaşayış sahəsi İddiaçı mülkiyyət hüququ ilə məxsus olduğundan, çıxarışa əsasən daşınmaz əmlakda heç bir yüklülük olmadığından cavabdehlərin mənzildən çıxarılması və daşınmaz əmlakın boşaldılmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Bundan əlavə, Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehin mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3 Misirxan qızı, Cavabdeh4, Cavabdeh5, X7 və X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1422/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar