Məhkəmə qərarları › İş №2(103)-5324/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5324/2021

29.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5324/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi, vəkili Gürsel Atakişiyevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair” 2(008)-3578/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 1992-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra ona məxsus Tovuz rayonu Vaqif küçəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Rəsmi nikahdan iki övladları anadan olmuşdur. O, 2002-ci ildə ağır avtoqəza keçirmiş və nəticədə İİİ qrup əlil olmuşdur. 2006-cı ildə cavabdehin öz razılığı ilə Tovuz rayonu Vaqif küçəsində yerləşən fərdi yaşayış evlərini sataraq daimi yaşamaq üçün Bakı şəhərinə gəlmişlər və ona məxsus evin satışından əldə etdiyi pulla hazırda cavabdehin yaşadığı heç bir hüquqverici sənədləri olmayan ünvan 2 ünvanda yerləşən evi almışlar. Təxminən bir il birlikdə mehriban yaşadıqdan sonra cavabdehlə aralarında ailədaxili münaqişələr yaranmış və dözülməz bir həddə çatmışdır. Cavabdehlə aralarında yaranmış münaqişədən sonra cavabdeh onun barəsində hüquq mühafizə orqanlarına əsassız şikayətlərlə müraciət etmiş və nəticədə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan mərhum olunmuşdur. O, cəzaçəkmə müəssəsində olduğu müddətdə cavabdeh nikahın pozulması barədə məhkəməyə rəsmi müraciət etmiş və onun xəbəri olmadan məhkəmənin qərarı ilə nikahları pozulmuşdur. Həbsdən qayıtdıqdan sonra övladlarının xatirinə cavabdehlə barışmış və 2017-ci ilə kimi bu evdə cavabdehlə birlikdə yaşayaraq təsərrüfatı birgə idarə etmişlər. 2017-ci ildə yenidən cavabdehlə ailə daxili narazılıqlar yaranmağa başlamışdır. Belə ki, cavabdeh onu nalayiq ifadələrlə təhqir etdiyi, şərəf və ləyaqətinə toxunan ifadələr işlətdiyi və ona şər və böhtanlar atdığı üçün məcburiyyət qarşısında qalaraq yenidən yaşadığı evi tərk etmişdir. Hazırda iki ildir ki, müxtəlif ünvanlarda kirayəşin yaşayır. Bu müddət ərzində dəfələrlə yaşadığı ünvana köçərək yaşamaq istəsə də cavabdeh ciddi cəhdlə buna mane olmuşdur. Hazırda heç bir yerdə işləmir. Sosial-iqtisadi vəziyyəti həddindən artıq ağırdır. Maddi imkansızlıq ucbatından yaşadığı mənzilin kirayə haqlarını vaxtlı-vaxtında ödəyə bilmir. Belə ki, cavabdeh tərəfindən hüquqlarının kobud surətdə pozulduğu və evə buraxılmadığı üçün məcburiyyət qarşısında qalaraq evə köçürülmə və istifadə qaydalarının müəyən edilməsi tələbinə dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə ona heç bir bildiriş göndərməmiş və onun iştirakı olmadan işə baxaraq onun qanunla qorunan hüquq və vəzifələrini pozmuşdur. İddiaçıla 2006-cı ildən nikah münasibətləri pozulmuş, Tovuz Rayon Məhkəməsinin 04 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş və həmin vaxtdan da aralarında heç bir münasibət qalmamış və ünsiyyət olmamışdır. İddiaçı tüfeyli həyat sürmüş, oğurluq, dələduzluq və polisə müqavimət göstərmək cinayətləri üzrə dəfələrlə məhkumluq həyatı keçirmişdir. İddiaçının xüsusi mülkiyyətində torpaq sahəsi olmuş və bu günə qədər həmin torpağı satmamışdır. Heç vaxt ona hər hansı bir evin alınmasında pulla köməklik etməmişdir. Hazırki mübahisə edilən ev qardaşı X1 məxsus olub, kirayəşin kimi oradan istifadə edir. İddiaçı bunu yaxşı bildiyindən qardaşına məxsus evə hüquq əldə etməklə, həmin hüququ yenidən ona satmaqla pay qazanmaq istəyir. İddiaçı heç vaxt onun və digər şəxslərlə Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 4 ünvanda yaşamayıb. Bu halı məhkəməyə təqdim edəcəyi şahidlər ifadələri ilə məhkəmədə təsdiq edəcəklər. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, mübahisəli tikili onun atası tərəfindən alınmış və qardaşı Afis Axundova məxsusdur. Həmin tikili bir otaqlıdır və iddiaçının ora köçüb yaşaması mümkün deyildir. İddiaçı həmin evə köçürülərsə ona qarşı ağır cinayət əməli törədiləcəkdir. Hazırda iddiaçı həmin evdən oğurluq etdiyinə görə ondan polisə şikayət etmiş, Sabunçu rayon Pİ-nin 12-ci PŞ-i heç bir tədbir görmədiyi üçün Bakı Baş Polis İdarəsinə müraciət etmiş və araşdırma aparılır. Cavabdehin təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-157/08 saylı, 02.10.2008-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 132-ci, 133.1-ci, 221.2.1-ci və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmün məzmunundan görünür ki, İddiaçı 20.11.2007-ci il, 03 və 04 fevral 2008-ci il, 06 fevral 2008-ci il tarixlərdə arvadı Cavabdeh döymüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 11.11.2010-cu ildə ləğv edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 07.09.2020-ci il tarixli, 3985 nömrəli arayışdan görünür ki, İddiaçı paylı mülkiyyətində Tovuz rayonu Aşağı Öysüzlü kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının köçmək istədiyi mübahisəli tikili Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr mövcud deyildir. İddiaçı həmin evə köçürülməsi barədə tələb irəli sürmüşdür. Kollegiya izah edir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçının da vəsaiti hesabına əldə edilməsi və ya onun vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarxili qərarının Azərbaycan Respublikasının Konstitusiyaına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. İşin tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02.10.2008-ci il tarixli, 1(008)-157/08 saylı hökmü ilə İddiaçı 20.11.2007-ci il, 03 və 04 fevral 2008-ci il, 06 fevral 2008-ci il tarixlərdə arvadı Cavabdeh döydüyünə görə məhkum edilmişdir. Tərəflər arasında bağlanmış nikah 11.11.2010-cu ildə ləğv edilmişdir. İddiaçı 2006-cı il tarixdə Tovuz rayonunda evini sataraq onun puluna mübahisəli özbaşına tikilini əldə etməsini təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Cavabdeh isə izahatında bildirmişdir ki, mübahisəli tikili onun atası tərəfindən alınmış və qardaşı Afis Axundova məxsusdur. Həmin tikili bir otaqlıdır və iddiaçının ora köçüb yaşaması mümkün deyildir. İddiaçı həmin evə köçürülərsə ona qarşı ağır cinayət əməli törədiləcəkdir. Hazırda iddiaçı həmin evdən oğurluq etdiyinə görə ondan polisə şikayət etmiş, Sabunçu rayon Pİ-nin 12-ci PŞ-i heç bir tədbir görmədiyi üçün Bakı Baş Polis İdarəsinə müraciət etmiş və araşdırma aparılır. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin 29.06.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh İddiaçı barəsində şikayəti daxil olmuş, lakin şikayətdə heç bir cinayət tərkibi olmadığından 16.06.2021-ci il tarixdə işə alınmışdır. İddiaçının mübahisəli özbaşına tikiliyə və (ya) onun yerləşdiyi torpaq sahəsinə hər hansı hüququ mötəbər sübutlarla təsdiq edilmədiyindən “evə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair” iddiasının təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci tarixli, 2(008)- 3578/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı onun ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar