Məhkəmə qərarları › İş №2(103)-5324/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5324/2022

04.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5324/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən istifadə hüququ) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1852/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 04 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ünvan 1, mənzil 2 (bundan sonra, mübahisəli mənzil) mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra, iddiaçı) adına dövlət qeydiyyatına alınmışdır.

2. Cavabdehlər iddiaçının qızları olmaqla həmin ünvanda yaşamış (orada boyabaşa çatmış), həmçinin pasport qeydiyyatına alınmışlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, BƏK küçəsində yerləşən 4 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində olan 4 otaqlı, 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə ona məxsusdur və xx.xx.2007ci ildə daşınmaz əmlakın dövlət reyestrində 471 nömrəli reyestr kitabının 43561 nömrəli vərəqində iddiaçının adına qeydə alınmışdır. Cavabdeh olan qızları başqa ünvanlarda yaşayırlar, lakin anadan olduqları andan onun evində qeydiyyatdadırlar. İllərdir onları könüllü olaraq evdən qeydiyyatdan çıxmağa təklif etsə də, bundan imtina edirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh1 iddia tələbini qəbul etməmiş, izahatında bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, BƏK küçəsində yerləşən evdə doğulduğu vaxtdan yaşayır, ailəli deyildir, başqa yaşayış yeri yoxdur, atası və anası ilə münasibətləri pis olduqdan sonra son 1 ildir ki, o evdə yaşamır. ünvan 1 ünvanında yerləşən 2 nömrəli evə yaxın sənədsiz özbaşına tikilidə kirayə yaşayır, atası ilə ilə birgə qaldıqda kommunal xidmətləri ödəmək üçün onlara pul verir, pasport qeydiyyatına düşmək üçün başqa yaşayış yeri yoxdur.

6. Cavabdeh2 izahatında bildirmişdir ki, 2013-cü ildən nikaha daxil olmuş, ərinə məxsus Lənkəranda yerləşən evdə övladları ilə birgə yaşayır. Birinci nikahdan olan övladı hazırda valideynləri ilə birlikdə qalır. Pasport qeydiyyatına düşmək onun üçün çətinlik yaradır. Belə ki, qaldığı ev dövlət qeydiyyatına alınmamışdır. Buna görə də, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1852/2022 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia qismən təmin olunmuş, Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1, 2 saylı mənzildə istifadə hüququna xitam verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət olunmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışı zamanı Cavabdeh2 müvahisəli mənzildən istifadə hüququnun yaranmasına baxmayaraq, yaşayış evini daimi əsaslarla tərk etmiş, uzun müddətdir həmin mənzildə yaşamır və bununla da həmin evə bağlılığı olmadığından mənzilə olan istifadə hüquqlarını itirmişdir. Cavabdeh2 evə pasport qeydiyyatında olması hüquqi nəticə etibarı ilə formal xarakter daşıyır və iddiaçının bu mənzil üzərində olan mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Digər Cavabdeh1 iddiaçının ailə üzvü olaraq, evdən istifadə hüququ var, onun yaşamaq üçün başqa daimi yaşayış yeri yoxdur və buna dair iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13., 29., “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1., Mülki Məcəllənin 152.1, 152.2, 152.5, 157.8, 158.1.2. və sair hüquq normalarına istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv olunaraq, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, Cavabdeh1 rəsmi nikahı olmaması, lakin başqa şəxslə birlikdə yaşaması, daimi yaşayış yerinin olması, bu səbəbdən də onun mülkiyyətində olan mənzilə istifadə hüquqlarına xitam verilməli olması və s. göstərmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh K.İskəndərova apelyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həmin ünvanda doğulub, uzun müddət orada yaşayıb, hazırda onu evə buraxmırlar, məcbur olub müvəqqəti başqa ünvanda yaşayır, ailə qurmayıb, daimi yaşamağa başqa yeri yoxdur.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyasının 13-ci maddəsinin birinci bəndinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.5-ci maddələrinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.. və 157.8-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

19. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

20. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir.

21. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var.

22. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

23. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

24. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı).

25. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir.

26. Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2016-cı il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.

27. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir.

32. Maddə 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Maddə 402. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apelyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, Cavabdeh2 qətnaməni mübahisələndirməmiş, iddiaçı isə qətnamədən iddianın təmin olunmayan hissəsində apellyasiya şikayəti vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. İşin müəyyən olunmuş faktiki hallarına əsasən – Cavabdeh1 mübahisəli yaşayış sahəsinə məhdud əşya hüquqlarından sayılan istifadə hüququnun olması aşkardır.

42. İddiaçının özü də bu halı mübahisələndirmir. Bu səbəbdən də cavabdehin istifadə hüququna sonuncunun mübahisəli mənzildə yaşamaması ilə bağlı xitam verilməli olmasını iddia edir.

43. Qeyd edildiyi kimi, cavabdehin mübahisəli mənzilə istifadə hüququ qanuni əsaslarla yaranmışdır və belə olan halda həmin hüququn aradan qalxıb-qalxmaması (itirilib-itirilməməsi) halının mövcudluğu yoxlanılmalıdır.

44. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud əşya hüququdur (şəxsi servitutdur). Başqa sözlə, yaşayış sahəsindən istifadə hüququ, vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion prinsiplərdən irəli gəldiyi üçün mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasının əsaslarından biri kimi qəbul edilmişdir. Bununla belə, qanunverici, həmin hüquqa xitam verilməsi imkanını nəzərdə tutmaqla, onu müəyyən şərtlərdən aslı etmişdir.

45. Çünki, yaşayış sahəsindən istifadə etmək hüququ mütləq deyildir, müvafiq əsaslar aradan qalxdığı andan keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olur. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.

46. Onlardan biri mülkiyyətçinin təklif etdiyi kompensasiya məbləğidir ki, hazırki işdə iddiaçı bu əsasdan çıxış etməmişdir. Digər hal isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı haldır.

47. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2016-cı il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.

48. Göründüyü kimi, istifadə hüququ sahibin könüllü surətdə daimi olaraq başqa yaşayış sahəsinə köçdükdə onun istifadə hüququna qanuna əsasən xitam verilmiş hesab olunur. Lakin iddiaçı bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

49. Məhkəmə kollegiyası qəbul edir ki, cavabdeh son bir-neçə ildir ki, mübahisəli mənzildə yaşamır. Lakin, bunun səbəbi tərəflər arasında münasibətlərin pis olması, aralarında müxtəlif səpkidə münaqişələrin baş verməsi ilə bağlıdır (tərəflər bu halı mübahisələndirmir).

50. Yəni, cavabdeh könüllü olaraq deyil, məcburiyyət qarşısında qalaraq mübahisəli mənzildə yaşamır, müvəqqəti olaraq həmin yaşayış sahəsinin yaxınlığında olan özbaşına tikilidə yaşayır.

51. Cavabdehin müvəqqəti olaraq başqa yaşayış sahəsində yaşaması faktı isə onun mübahisəli yaşayış sahəsindən daimi olaraq köçməsi, həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması anlamına gələ bilməz.

52. İddiaçı bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, tələbini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır.

53. Bununla yanaşı, iddiaçı əsasən mülkiyyətçi hüquqlarına əsaslanmışdır ki, bu halın özü də hazırki vəziyyətdə iddianın yoxlanılan hissədə əsaslı olması ilə nəticələ bilməz. Çünki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 158.4-cü maddəsi).

54. Qeyd edilməlidir ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).

55. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı).

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin yoxlanılan hissədə gəldiyi qənaəti qanuni və əsaslı olmuşdur.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1852/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar