Məhkəmə qərarları › İş №2(103)-5325/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5325/2021

07.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5325/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X5, Cavabdeh1 nümayəndəsi (vəkili) X3 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(003)-176/21 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Muradlı (Muradov) Əhməd Fərhad oğlu, Muradlı (Muradov) Fərhad Əhməd oğlu və Muradlı (Muradov) Səxavət Əlisəfər qızına qarşı övladları X4 və Cavabdeh2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanmaqla iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermiş və X4 və Cavabdeh2 ilə birlikdə ünvan 2 ünvanına gəlin köçdüyü fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tağıyev, iş № 2(003)-176/21) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 mart 2009-cu ildə cavabdeh Muradlı (Muradov) Əhməd Fərhad oğlu ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları olmuşdur. Ailə həyatı qurduqdan sonra o, Xəzər rayonunun Şüvəlan qəsəbəsi, M.Əliyev küçəsi, dalan 1, döngə 2, ev 4-ə cehiz əşyalarıla birlikdə gəlin köçmüş, uşaqlar da həmin evdə doğulmuşdur. Ev iki mərtəbədən, 7 otaqdan, iki foyedən, iki mətbəxt, iki sanitar qovşağından ibarətdir. Qeyd olunan evdə o, cavabdehlə tək yaşamışdır.. Onun valideynləri isə özlərinə məxsus həmin ünvanda ayrı tikilidə yaşayırdılar. Onlar birlikdə 2009-cu ilin mart ayından 2019-cu ilin avqust ayınadək fasiləsiz və mübahisəsiz olaraq, cavabdehlə bir ailə üzvü kimi birgə ümumi təsərrüfat apararaq birlikdə yaşamış, evin hüquqmüəyyənedici sənədi olmadığından pasport qeydiyyatına alınmamışdır. Cavabdeh1 ilə ailə münasibətlərinin pozulmasının nəticəsi olaraq aralarındakı nikahın pozulması tələbi ilə cavabdeh Xəzər rayon məhkəməsinə iddia ərizəsiylə müraciət etmişdir. 18 mart 2020-ci il tarixli 2- (003)168/2020 saylı məhkəmə qətnaməsi qismən təmin olunmuşdur. Belə ki, aralarında olan nikah pozularaq birgə nikahdan anadan olan övladlarının onun yanında qalması və onların saxlanılması üçün cavabdehdən hər ay əmək haqqısının 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin atası tərəfindən o və azyaşlı evladları şirindillə anasının evinə gətirilmişlər. Onlara məxsus bütün şəxsi əşyalar gəlin getdiyi evdə qalmışdır. Onları ora qoyduqdan sonra dallarınca gəlcəyini bildirsə də, gəlməmişlər. Həmin vaxtdan anasının evində yaşayırlar. Övladlarını götürərək gəlin köçdüyü evə getsə də, cavabdehlər onu həyətdən qovmuşlar. Bütün bunlar övladlarının gözü qarşısında baş vermişdir. Bundan sonra cavabdeh olan Cavabdeh1 hər dəfə yığaraq onlara məxsus şəxsi geyimləri istəmiş nəzərə alsaq ki, fəsil dəyişir onlara fəsilə uyğun geyimlər lazım olurdu. Hər dəfə min bir bəhanə edərək hissə-hissə onları gec də olsa gətirirdi. Hətta məktəbli oğlunun məktəb çantasını, məktəbli geyimlərini belə ona vermədilər. O, anasından onları yenidən almağı xahiş etmişdir. Avqust 2019 cu il tarixdən cavabdehlər ona məxsus əmlakın həmin evdə olmasına baxmayaraq, evə köçüb yaşamağına imkan vermir. Halbuki, onun həmin evdən başqa yaşayış yeri yoxdur, hazırda oğlanları ilə birlikdə yaşlı anasının evində yaşasa da, daimi olaraq yaşamağı mümkün deyil. Özü qalxanvari vəzdən əziyyət çəkir. Bütün bunlara görə də o, gəlin köçdüyü mübahisəli evə köçmək istəyir, cavabdehlərin buna maneçilik törətməsi və bununla da qanunla qorunan hüquq və mənafelərinin pozulması səbəbindən və hüquqlarının bərpası məqsədilə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qeyd olunan fərdi yaşayış evi Şüvəlan qəsəbəsi, M.Əliyev küçəsində deyil, Almas İldırım küçəsi, dalan 1, döngə 2, ev 4 ünvanında yerləşir. İddia ərizəsində qeyd olunanların əksinə olaraq həmin ünvanda yerləşən fərdi yaşayış evi nənəsi X1 adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmış və bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Xüsusi mülkiyyətə dair qeydiyyat vəsiqəsinə texniki pasport əlavə edilmiş və qeyd olunan pasportda həmin ünvanda olan bütün tikililər, o cümlədən də iddiaçının hazırda köçürülməsini tələb etdiyi ev öz əksini tapmışdır. Qeyd olunanlardan da məlum olur ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi özbaşına tikili deyil, həmin tikili qanunla müəyyən olunmuş qaydada xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı qeyd olunan fərdi yaşayış evinə onunla nikaha daxil olduqdan (14.03.2009-cu il) sonra köçürülmüşdür. Lakin xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınan həmin fərdi yaşayış evi nə həmin vaxt, nə də sonra onun mülkiyyətində olmamışdır. Hazırda isə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin mülkiyyətçisi ilə hər hansı bir yazılı və notariat qaydasında təsdiq olunmuş razılaşma yoxdur. Həmçinin onun qeyd olunan fərdi yaşayış evinə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddianın rədd edilməsi barədə qətnaə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi də iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin mülkiyyətçisi cavabdehin nənəsi X2 olmuş və 08.01.2002-ci ildə vəfat etmişdir. Bu günədək miras əmlak vərəsələr arasında bölüşdürülməmişdir. Bundan başqa iddiaçının mübahisəli evdə yaşaması ilə bağlı hər hansı bir yazılı və notariat qaydasında təsdiq olunmuş razılaşma yoxdur. Həmçinin onun qeyd olunan fərdi alaşayış evinə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İş materiallarında olan Bakı şəhəri İcra hakimiyyəti başçısının aparatı Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 17.02.1995-ci il tarixli, 30/41134 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 X1 mülkiyyətindədir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu tip mübahisələr həll edilərkən, mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmaması araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. İddiaçının evə köçürülməsi barədə qətnamə qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir və evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. İddiaçı mübahisəli əmlaka sahiblik edən şəxslərdən olmuşdur. İddiaçıya məxsus olan bütün cehiz əşyaları həmin evə gətirilmişdir və hazırda da həmin evdə yerləşir. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh1 nümayəndəsi izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Xəzər Rayon Məhkəməsinin iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, ünvan 3 X1 mülkiyyətindədir (i.v.46). Y.Muradova 08.01.2002ci ildə vafat etmiş, lakin miras ev üzərində vərəsələrin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı cavabdeh Əhməd Muradovla 14.03.2009-cu ildə rəsmi nikaha daxil olmuş və 18.03.2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən boşanmışlar. Boşandıqdan sonra uşaqlar məhkəmə qətnaməsi ilə ananın himayəsinə verilmişdir. İddiaçı 2009-cu ildə ailə qurarkən mübahisəli evə gəlin gəldiyini, orada yaşadığını, uşaqlarının orada anadan olduğunu, lakin cavabdehlə münasibətləri pozulduqdan sonra evdən qovulduğunu bildirərək 10.08.2020-ci ildə məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülmə barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci və s. maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, ünvan 3 ünvanından istifadə hüququna dair mülkiyyətçi ilə iddiaçı arasında bağlanan və notarial qaydada təsdiqlənən hər hansı yazılı razılaşma olmamışdır. İddiaçının mübahisəli evə köçürülməsi üçün əsaslar mövcud deyil və ona görə də İddiaçı cavabdehlər cavabdehlər Muradlı (Muradov) Əhməd Fərhad oğlu, Muradlı (Muradov) Fərhad Əhməd oğlu və Muradlı (Muradov) Səxavət Əlisəfər qızına qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, istifadə hüququna dair “mülkiyyətçi” ilə iddiaçı arasında bağlanan və notarial qaydada təsdiqlənən hər hansı yazılı razılaşma bağlanması dedikdə miras qoyanın mirası qəbul etmiş birinci növbə vərəsələri başa düşülməlidir. Hazırkı halda bu, mərhum X1 miras evdə yaşayan oğlu Cavabdeh2 ola bilər. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı da iddiaçı ilə mülkiyyətçinin vərəsləri arasında mübahisəli evdən istifadə hüququ ilə bağlı hər hansı yazılı razılaşma bağlandığını müəyyən etmədi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının keçmiş əri nəvədir və mirasdan birbaşa pay almaq hüququ yoxdur. Belə ki, miras qoyanın birinci növbə vərəsə olan oğlu, yəni Cavabdeh2 sağdır. Cavabdeh2 birinci növbə vərəsə olmaqla mübahisəli evdə yaşayır və onunla iddiaçı arasında hər hansı müqavilə (razılaşma) bağlanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar