Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5326/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 dekabr 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: (TƏSVİRİ HİSSƏ) a) İddia barədə məlumat
1. İddiaçı keçmiş qayınatası olan cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun və yetkinlik yaşına çatmamış övladları xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməsi və həmin yaşayış sahəsinə istifadə hüquqlarının tanınması, qətnamənin iddiaçının və xx.xx.2008-ci il təvəllüdlü Elvinin pasport qeydiyyatına alınması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin övladı X4 ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, mübahisəli evin sahibi olan cavabdehin razılığı ilə evə gəlin köçmüş, özünə məxsus əşyalarını evə aparmışdır. O, evə köçərkən, birinci nikahdan doğulmuş övladı xx.xx.2008-ci il təvəllüdlü Elvin Əfəndiyev də evə köçmüşdür. Gəlin köçdükdən sonra iddiaçı cavabdeh tərəfindən ailə üzvü kimi qəbul edilmiş və iddiaçıya, onun ərinə həmin evdə ailə üzvü kimi yaşamaq üçün cavabdehin ayırdığı otaqda yaşamışdır. Təxminən bir ildən sonra birgə nikahdan Əli doğulsa da, cavabdeh iddiaçının həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşməsinə icazə verməmiş və həmin evə istifadə hüququnu tanımaq istəməmişdir. Bir müddət sonra isə iddiaçı ilə ərinin münasibətləri pisləşmişdir. Nikahları Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi pozulmuş, Əlinin iddiaçının yanında saxlanılması qət edilmişdir. Həmin ərəfədə iddiaçı qaynatası olan cavabdeh tərəfindən evdən qovulmuşdur. Hazırda iddiaçı valideynləri ilə birgə yaşayır, baxmayaraq ki, ona və övladlarına aid əşyaların əksər hissəsi hələ də mübahisəli evdə yerləşir.
3. İddiaçı bildirir ki, o həmin evdə uşaqları ilə birgə 9 il yaşamışdır. İstifadə hüququ mülkiyyətçi olmayan şəxslərə də mənsub olur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
4. İşə baxılması zamanı Rayon Məhkəməsi iddiaçının ərini – cavabdehin övladı X3 və cavabdehin arvadı X1 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb etmişdir (bax: xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokoluna ( iş v. 34- 35)).
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, cavabdehin mübahisəli mənzilin mülkiyyətçisi və ya kirayəçi olmasını, cavabdeh ilə birgə təsərrüfat aparmasını sübuta yetirə bilməmişdir. c) Apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunmasını xahiş etmişdir.
8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, mübahisəli mənzil “özbaşına tikili” olduğundan rəsmi mülkiyyət sənədi olmamış və iddiaçının nikah dövründə etdiyi bütün cəhdlərə baxmayaraq yaşadıqları mənzilə qeydiyyata düşə bilməsinə cavabdeh tərəf kömək etməmişdir. İddiaçı nikah pozulduqdan sonra da yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmişdir. Uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır. Zəruri halda həmin iclasda uşağın valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də iştirak edə bilər. Qeyd olunan mübahisədə iddiaçının uşaqları ilə birlikdə həmin mənzilə köçmək istəməsinə, məsələnin uşaqlarla yaxından əlaqəli olmasına baxmayaraq Rayon Məhkəməsi uşaqların fikirlərinə önəm verməmiş və onların izahatını almamışdır. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin “sosial kirayə müqaviləsi” ilə əlaqədar müvafiq maddəsinə yanlış istinad etmişdir, çünki qətnamədə tərəflərin təqdim etdiyi hər hansı “sosial kirayə müqaviləsinə” rast gəlinməmişdir. Rayon Məhkəməsi “özbaşına tikili” olan mənzili yanlış olaraq “sosial kirayə müqaviləsi” əsasında istifadə olunan mənzil hesab etmişdir. Hətta düşünülsə ki, qeyd olunan mənzil “sosial kirayə müqaviləsi” əsasında istifadədədir, iddiaçı cavabdehin razılığı ilə həmin mənzilə köçmüş və 9 ilə yaxın ailə üzvlərindən biri kimi həmin mənzildə yaşamışdır. Bununla belə yaşadığı dövrdə mənzilin təmir bərpasında yaxından iştirak etməklə, həyətyanı sahənin giriş hissəsindəki qapıları dəyişdirməklə cavabdehlə birgə təsərrüfatda iştirak etmişdir. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. d) Apellyasiya icraatında iştirak edən tərəflər və onların izahatı
9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
10. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, iş üzrə cavabdeh və üçüncü şəxslər apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) İşin mübahisəsiz halları
11. Mübahisəli ev özbaşına tikilidir və cavabdehin sahibliyindədir. Bu hal Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan və Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli arayışından müəyyən edilir.
12. İddiaçı cavabdehin övladı X4 ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşdur. Bu nikahdan onların bir övladları var: xx.xx.2013-cü il təvəllüdlü X7.
13. Bu nikah iddiaçının ikinci nikahıdır. Həmin nikah məhkəmə qətnaməsi əsasında pozulmuş və həmin nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 anasının – iddiaçının yanında saxlanılmışdır.
14. İddiaçı bildirir ki, o, mübahisəli evin sahibi olan cavabdehin övladı ilə nikaha daxil olduqdan sonra cavabdehin razılığı ilə yaşamaq üçün evə köçmüş, cavabdeh tərəfindən ailə üzvü kimi qəbul edilmiş və cavabdehin onlara ayırdığı otaqda yaşamışdır. Buna baxmayaraq cavabdeh iddiaçının həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşməsinə icazə verməmiş və həmin evə istifadə hüququnu tanımaq istəməmişdir.
15. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən (İş № 2(010)-2088/2021) görünür ki, həmin qətnamə ilə iddiaçı ilə X2 arasındakı nikahın pozulması, nikahın pozulmasından sonra uşağın - xx.xx.2013-cü il təvəllüdlü Əlinin iddiaçının yanında saxlanılması qət edilmişdir.
16. İddiaçı bildirir ki, nikahın pozulması ərəfəsində o, qayınatası olan cavabdeh tərəfindən evdən qovulmuşdur. Hazırda o, övladları ilə birlikdə valideynlərinin yanında yaşayır. Ona və övladlarına aid əşyaların əksər hissəsi hələ də mübahisəli evdə yerləşir.
17. Göstərilənləri nəzərə alan iddiaçı, onun və yetkinlik yaşına çatmamış 2 övladı ilə birlikdə mübahisəli evə köçürülməsi və həmin yaşayış sahəsinə istifadə hüquqlarının tanınması, qətnamənin onun və xx.xx.2008-ci il təvəllüdlü övladının – Elvinin pasport qeydiyyatına alınması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş edir. (ƏSASLANDİRİCİ HİSSƏ) g) Məhkəmənin mövqeyi
18. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddianın əsaslı olub-olmamasına hüquqi qiymət vermək üçün ilk növbədə yoxlanılmalıdır ki, iddiaçı, mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə etməkdən ibarət hüququ qazanmışdır ya yox.
20. Hazırki iş üzrə məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir; ev özbaşına tikilidir.
21. İddiaçının bildirdiklərindən də müəyyən olunur ki, o, 2012-ci ildə həmin evə gəlin köçərkən evin sahibi olan cavabdeh, onlar üçün (öz övladına və övladının arvadı olan iddiaçı üçün) otaq ayırmışdır.
22. Daha sonra iddiaçı bildirir ki, cavabdeh onu ailə üzvü kimi qəbul etsə də onun həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşməsinə icazə verməmiş və həmin evə istifadə hüququnu tanımaq istəməmişdir. Nikahın pozulması ərəfəsində isə (2021-ci ildə) cavabdeh onu evdən qovmuşdur.
23. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh mübahisəli sahəyə istifadə etmək hüququ qazanmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 139-cu maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaklara dair bütün hüquqlar dövlət qeydiyyatına alınmalı və həmin qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməlidir. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikintiyə hər hansı əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkündür.
24. Göründüyü kimi, iddiaçının yaşayış sahəsindən istifadə etmək, həmin sahədə yaşamaq hüququ yaranmamışdır.
25. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində bildirdiyi dəlillər: onun uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşaması, orada yaşayan şəxslərlə ümumi təsərrüfat aparması, orada yaşadığı dövrdə müəyyən xərcləri ödəməsi (iddiaçının özünün bildirdiyinə görə o çöl qapını təmir etdirmişdir), iddiaçının özünə və övladlarına məxsus əşyaların hazırda da mübahisəli sahədə yerləşməsi və sair bu kimi dəlilər iddiaçının mübahisəli yaşayış sahəsinə köçməsi üçün əsas deyil. Çünki, qanunverici ümumiyyətlə bu kimi hallar mövcud olduğu halda da özbaşına tikiliyə hər hansı hüququnun yaranmasını nəzərdə tutmamışdır.
26. İddiaçının istinad etdiyi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanunun müddəaları da, onun həmin mənzilə köçürülməsi üçün zəmin yaratmır. Çünki həmin Qanunun 20-ci maddəsinin 1-ci hissəsinə görə, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.
27. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş şəxslərin yaşayış yeri sayılır.
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
29. İddiaçı apellyasiya şikayətində daha sonra bildirir ki, uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır. Zəruri halda həmin iclasda uşağın valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də iştirak edə bilər. Qeyd olunan mübahisədə iddiaçının uşaqları ilə birlikdə həmin mənzilə köçmək istəməsinə, məsələnin uşaqlarla yaxından əlaqəli olmasına baxmayaraq Rayon Məhkəməsi uşaqların fikirlərinə önəm verməmiş və onların izahatını almamışdır.
30. Göründüyü kimi, qanunverici, valideynin yaşayış sahəsindən istifadə etməsi hüququnun yaranmasını həmin valideynin yanında yaşayan uşağın bu kimi hüququna deyil, uşağın bu kimi hüququnu yanında yaşayan valideynin hüququna bağlayır.
31. Göstərilənlərə əsasən hesab edilməlidir ki, iddiaçının istər özünə, istərsə də uşaqlara aid subyektiv cəhətdən mübahisəli sahədən istifadə etmək, orada yaşamaq hüququ yaranmamışdir. Uşaqların Rayon Məhkəməsi tərəfindən dinlənməsi zəruri olmamışdır.
32. Apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin “sosial kirayə müqaviləsi” ilə əlaqədar müvafiq maddəsinə yanlış istinad etmişdir, çünki mübahisəli sahə ilə bağlı belə bir müqavilə mövcud deyil.
33. Məhkəmə iddiaçının bu dəlilini də əsaslı hesab etmir. Çünki işin hallarından müəyyən edilir ki, mübahisəli sahə özbaşına tikilidir; iddiaçı həmin sahəyə 2012-ci ildə, yəni yeni Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə köçmüşdür; iddiaçı artıq inşa edilmiş və yaşayış üçün yararlı vəziyyətdə olan tikiliyə köçmüşdür; iddiaçının həmin sahənin inşasında iştirakının olması sübuta yetmir.
34. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi göstərilənləri nəzərə alaraq iş üzrə tərəflər arasında mövcud olan bu mülki mübahisəni qanunun analogiya ilə tətbiq etməklə, yəni Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbləri baxımından həll etməkdə haqlı olmuşdur. Çünki həmin maddənin tələblərinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər (maddə 68.1.). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar (maddə 68.2.).
35. Bu baxımdan müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. h) Apellyasiya baxışının nəticəsi
36. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
37. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. (NƏTİCƏVİ HİSSƏ)
38. Odur ki, göstərilənləri, MPM-nin 119, 392, 393 və 405-ci maddələrinin tələblərini nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 dekabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.