Məhkəmə qərarları › İş №2(103)-5329/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5329/2023

20.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5329/2023 20.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun tanınması, istifadə hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və mənzilə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iki mənzilə - Bakı şəhəri, Gəncə prospekti, ev № 65-də yerləşən 133 №-li mənzilə və Bakı şəhəri, Hovsan qəsəbəsi, E.Qasımov küçəsi, ev № 15A-da yerləşən 74 №-li mənzilə İddiaçı istifadə hüququ tanınsın, istifadə hüququnun həyata keçirilməsinə maneələr aradan qaldırılsın və iddiaçı mənzilə köçürülsün. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehlər Cavabdeh1 vəCavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya icraatı zamanı Bakı şəhəri, Hovsan qəsəbəsi, E.Qasımov küçəsi, ev № 15A-da yerləşən 74 №-li mənzilin hazırkı mülkiyyətçisi Aslan Abbasov cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmışdır. O, məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: İddiaçı xx.xx.2010-cu il təvəllüdlüdür, hazırda 12 yaşı var. Cavabdeh2 iddiaçının atası, digər Cavabdeh1 isə iddiaçının atabir qardaşıdır. İddiaçı anası Qanuni nümayəndə ilə atası Cavabdeh2 qeyri-rəsmi münasibətlərindən dünyaya gəlib. İddia tələbi iki mənzil barədədir. Ona görə də məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: Birinci mənzil barədə: Birinci mənzil, yəni Bakı şəhəri, Gəncə prospekti, ev № 65-də yerləşən 133 №-li mənzil barədə tələb təmin oluna bilməz. Belə ki, həmin tələb onunla əsaslandırılıb ki, mənzil iddiaçının atasının mülkiyyətində olub. Müəyyən olunur ki, həqiqətən də mənzil əvvəl iddiaçının atasının mülkiyyətində olub, daha sonra o, mənzili digər oğlu Cavabdeh1 bağışlayıb, mənzil hazırda Cavabdeh1 mülkiyyətindədir. Mənzil əvvəl iddiaçının atasının mülkiyyətində olsa da tələb təmin oluna bilməz. Çünki iddiaçı mənzildə mülkiyyətçinin ailə üzvü kimi heç vaxt yaşamayıb və ya mülkiyyətçi ilə onun arasında mənzilə istifadə hüququnun əmələ gəlməsi barədə müqavilə bağlanmayıb. Bunu iddiaçının qanuni nümayəndəsi (anası) da təsdiq edir. Odur ki, istifadə hüququnun yaranması üçün Mənzil Məcəlləsinin 30.2-ci maddəsində və ya Mülki Məcəllənin 228.2-ci maddəsində müəyyən edilmiş əsaslar yoxdur. Birinci instansiya məhkəməsi bu mənzil barədə tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. İkinci mənzil barədə: İkinci mənzil, yəni Bakı şəhəri, Hovsan qəsəbəsi, E.Qasımov küçəsi, ev № 15Ada yerləşən 74 №-li mənzil barədə tələb təmin oluna bilməz. Belə ki, həmin mənzil əvvəl iddiaçının atasının mülkiyyətində olub. İddiaçı doğulduqdan sonra valideynləri (anası Qanuni nümayəndə və atası Cavabdeh2) ilə birlikdə mənzildə müəyyən müddət yaşayıb, daha sonra anası ilə atasının münasibətləri pozulduğuna görə atası mənzili tərk edib. Bundan sonra iddiaçının atası mənzili xx.xx.2019-cu il tarixli müqavilə əsasında digər oğlu Cavabdeh1 bağışlayıb. Cavabdeh1 məhkəmədə iddia qaldıraraq tələb edib ki, Qanuni nümayəndə azyaşlı oğlu İddiaçı (hazırkı iddiaçı) ilə birlikdə mənzildən çıxarılsın. Qanuni nümayəndə isə qarşılıqlı iddia qaldıraraq tələb edib ki, özünün və azyaşlı oğlu İddiaçı mənzilə istifadə hüququ tanınsın. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia təmin olunub, Qanuni nümayəndə azyaşlı oğlu İddiaçı ilə birlikdə mənzildən çıxarılması qət olunub, qarşılıqlı iddia isə rədd olunub. Həmin qətnamədə qeyd olunub ki, İddiaçı mənzildən çıxarılmasının qət edilməsi onun mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi kimi qəbul edilməməlidir, ilk və qarşılıqlı iddiada İddiaçı mənzilə istifadə hüququnun olub-olmaması barədə tələb irəli sürülmədiyinə görə, məhkəmə bu məsələ ilə bağlı araşdırma aparmır, İddiaçı azyaşlıdır (iş v. 93). Bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb, sonuncu qətnamə isə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb (iş v. 71). Bundan sonra Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqavilə əsasında mənzili Aslan Abbasova satıb, sonuncun mülkiyyət hüququ xx.xx.2021-ci ildə dövlət reyestrində qeydə alınıb (iş v. 114). Aslan Abbasov hazırkı iddiada cavabdeh kimi göstərilməyib, apellyasiya icraatı zamanı o, üçüncü şəxs kimi tanınıb. İddiaçı həmin mənzildən istifadə hüququ artıq mövcud deyil. Onun istifadə hüququ əvvəl mövcud olub, lakin atası tərəfindən mənzilin özgəninkiləşdirilməsi ilə xitam olunub. Belə ki, İddiaçı mənzildən istifadə hüququ Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən yaranıb. Həmin maddəyə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu maddəyə əsasən yaranan istifadə hüququ əşya hüququ olmadığına görə, mənzil özgəninkiləşdirildikdə xitam olunur. Mülkiyyətçi mənzili özgəninkiləşdirərkən digər şəxslərin mənzildən istifadə hüququnun saxlanıb-saxlanmadığı göstərilən qaydada müəyyən olunur: Əgər istifadə hüququ əşya hüququdursa saxlanılır, əşya hüququ deyilsə xitam olunur. Əşya hüququ üçün “izləmə hüququ” xasdır: həmin hüquq subyektin deyil, əşyanın arxasınca gedir. Ona görə də əşya (mənzil) özgəninkiləşdirildikdə əşya hüququ saxlanılır, yəni əşyanın arxasınca gedir, bir şərtlə ki, qanunda digər göstəriş müəyyən edilməsin. Qeyri-əşya hüququ isə subyektin arxasınca getdiyinə görə, əşya (mənzil) özgəninkiləşdirildikdə, yəni subyekt dəyişdikdə xitam olunur. Mülki Məcəllənin 158.3 və 228.4-cü maddələrinə görə, mülkiyyət hüququnun keçməsi istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Bu maddələrdə “istifadə hüququ” deyildikdə əşya hüququ olan istifadə hüququ nəzərdə tutulur. Belə ki, mənzildən istifadə hüquqları öz təbiətinə görə 2 yerə bölünür:1) əşya hüququ sayılan istifadə hüququ; 2) qeyri-əşya hüququ sayılan istifadə hüququ. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən istifadə hüququ 1-ci hüquqa (əşya hüququna) aiddir. Çünki həmin hüquq müqaviləyə əsasən yaranır və onun dövlət reyestrində qeydə alınması tələb olunur (maddə 228.1). Bu hüququ Mülki Məcəllənin 158.1.2-ci maddəsi əmlakdan istifadə hüququ, yəni əşya hüququ kimi tanıyır. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən yaranan istifadə hüququ isə 2-ci hüquqa (qeyri-əşya hüququna) aiddir. Həmin hüquq müqaviləyə əsasən deyil, mülkiyyətçi ilə birgəyaşayış faktına əsasən yaranır. 2-ci hüququ nəzərdə tutan maddədə yazılan “istifadə etmək” ifadəsi hüququn adını deyil, onun həyata keçirilmə formasını bildirir. Subyektiv hüququn adının əsas funksiyası fərqləndirmə və müəyyən etmədən ibarətdir. Ad vasitəsilə bir hüquq digər hüquqdan fərqlənir və onun mahiyyəti müəyyənləşir. “İstifadə” adı əşya hüququna (1-ci hüquqa) aiddir. Məsələn, Mülki Məcəllənin 228.2-ci maddəsində hüquq “istifadə hüququ” adlanır. Bundan fərqli olaraq Mənzil Məcəlləsinin 30.2-ci maddəsində hüququn adı yoxdur, sadəcə “istifadə etmək” ifadəsi var. Bundan başqa, 2-ci hüququn, yəni qeyri-əşya hüququnun əsasında ailə maraqları dayanır. Ailə üzvləri bir yerdə yaşamalı olduğuna görə, bu hüquq ailənin möhkəmləndirilməsinə xidmət edir və ailə üzvlərinin sosial təminatı kimi çıxış edir. Həmin hüququ müəyyən edən, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində “istifadə etmək hüququ” ifadəsindən əvvəl “onunla bərabər” ifadəsi yazılıb. Yəni müvafiq şəxsin mənzildən ailənin üzvü (mülkiyyətçi) ilə bərabər istifadə etmək hüququ var. Odur ki, mənzil özgəninkiləşdirildikdə həmin hüquq xitam olunur. 1-ci hüququn, yəni əşya hüququ saylan istifadə hüququnun əsasında isə əşyaya (mənzilə) olan maraq dayanır, bu maraq əsasında istənilən şəxsin (ailənin üzvü olan və ya olmayan şəxsin) müqavilə ilə istifadə hüququ müəyyənləşdirilir və reyestrdə qeydə alınır. Odur ki, mənzil özgəninkiləşdiriləndə bu hüquq xitam olunmur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində qeyd olunan “ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər” müddəası özgəninkiləşdirmənin olmadığı hala aiddir. Yəni mülkiyyətçi və istifadəçi arasında ailə münasibətlərinə xitam verilib, lakin mənzil həmin şəxsin mülkiyyətində qalmaqda davam edir. Belə halda istifadə hüququ da qalır. Mənzil özgəninkiləşdirildiyi halda isə həmin hüquq xitam olunur. Nəzərə alınmalıdır ki, bu maddədə “istifadə hüququ qalır” müddəası keçmiş ailə üzvünə (mülkiyyətçiyə) münasibətdə işlədilib. Yeni mülkiyyətçi isə istifadəçinin ailə üzvü deyil, əvvəl də onun ailə üzvü olmayıb. Beləliklə, birinci instansiyası məhkəməsi həmin mənzil barədə tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar