Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5331/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçıı, onun nümayəndəsi və vəkili Ərəstun İskəndərovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən və torpaq sahəsindən çıxarma tələbinə dair 2(003)-38/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin 22.02.2021-ci tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Donuzkökəltmə sovxozunun 11 dekabr 1996-cı il tarixli 82 saylı əmri əsasında fərdi yaşayış evi tikintisi üçün ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunun ərazisində yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evindən cavabdehin çıxarılaraq, həmin sahənin tamamilə boşaldılaraq onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə Sovxozunun ərazisində ona fərdi ev tikmək üçün Abşeron Rayon Donuzkökəltmə Sovxozununun 11 dekabr 1996-cı il tarixli, 82 saylı əmri əsasında ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi ona ayrıldıqdan sonra o, oranı zibillərdən təmizlətdirərək, abadlıq işləri aparmış və həmin sahəyə dörd tərəfdən daş hasar çəkdirmişdir. Sonradan həmin torpaq sahəsində öz vəsaiti hesabına yaşayış evi inşa etmişdir. Cavabdeh onun qızı X2 həyat yoldaşıdır. Cavabdeh onun qızı ilə 09.10.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onlar ailə qurarkən cavabdeh ondan xahiş etmişdir ki, özünə ev tikənədək onun evində yaşamasına icazə versin. O da öz növbəsində qızının həyat yoldaşı olduğundan ona evində müvəqqəti yaşamasına icazə vermişdir. Hazırda cavabdehlə qızının arasında münasibətləri tamamilə pozulmuşdur. Həmçinin onların aralarında olan rəsmi nikah qeydiyyatı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(003)-229/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Buna baxmayaraq cavabdeh onun evində yaşamaqda davam edir. Dəfələrlə evini boşaltması barədə müraciətlərinə məhəl qoymur. Bu səbəbdən də qanuni əsaslarla ona məxsus olan evindən cavabdehin müdaxiləsi ucbatından istifadə edə bilmir və bu hüququnun bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən evin qazdan və elektrik enerjisindən istifadəyə dair müqavilələri onunla bağlanmışdır. Hazırda cavabdehin onun mülkiyyətində olan evə dair heç bir hüququ olmadığı halda orada yaşamağa davam edir. Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin 22.02.2021-ci tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Abşeron rayon Donuzkökəltmə Sovxozunun 11.12.1996-cı il tarixli, 82 saylı əmri sözügedən torpaq sahəsi (0.08ha) ona ayrılmış və tərəfimdən orada ev inşa edilmişdir. Qeyd etdiyi halı Abşeron Rayon İcra Hakimiyyətinin 28.10.1989-ci il tarixli, 521 saylı qərarına əsasən vətəndaş İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinin sxemindən də görünür ki, qeyd olunan torpaq sahəsi ona ayrılıb və sxemə də, tam əmin olmaq olar ki, sözü gedən torpaq sahəsi ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazisi üzrə nümayəndəliyinin 09.04.2021-ci il tarixli, 1289 saylı arayışından da görünür ki, Ağayeva X1 qeydiyyatsız yaşayır. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30.12.2020-ci il tarixli rəyində Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 11.12.1996-cı il tarixli, 82 saylı əmrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozunun ərazisində İddiaçı ayrılmış ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbindən Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 11.12.1996-cı il tarixli, 82 saylı əmr əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozunun ərazisində İddiaçı ayrılmış ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır. Onun tərəfindən sözü gedən sxerm ekspertə təqdim edilsə də, ona məlum olmayan səbəbdən rəydə sxemin mövcud olması qeyd edilmişdir. Məhkəmə tərəfindən ekspert rəyinə hüquqi qiymət verilərək İddiaçı adına ayrılmış torpaq sahəsinin harada yerləşməsi və hansı torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən etmək mümkün olmadığını qeyd etmişdir. Ümumiyyətlə məhkəmə qətnaməsinə nəzər salınsa bir daha şahidi ola bilərik ki, məhkəmə iclasında ifadə verən şahidlərin ifadələrində də, cavabdehin sözü gedən evdə yaşamamadığı və həmin evin iddiaçı tərəfindən inşa edildiyi bildirilmişdir. Lakin məhkəmə şahid ifadələrinə hüquqi qiymət verməmiş lakin iş materiallarında olan ekspert rəyi ilə kifayətlənmişdir. Apellyasiya baxışı zamanı iddiaçı və təmsilçisi hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Belə ki, Abşeron rayon Dövlət Arxivinin 06.05.2019-cu il tarixli məktubundan və Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 11 dekabr 1996-cı il tarixli, 82 saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı fərdi ev tikmək üçün 0.08 ha torpaq sahəsi ayrılmışdır. “xxxx” ASC, həmçinin “Azəriqaz” İB ilə İddiaçı arasında bağlanmış müqavilələr əlavə edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20.02.2019-cu tarixli, 2(003)-229/2019 saylı qətnaməsi ilə X9 ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 21.10.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı adına qeydiyyata alınmasına dair məlumat daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli, 10/2390 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12 noyabr 2020-ci il tarixli, **********15 nömrəli mütəxəssis rəyində qeyd olunur ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə Xəzər rayonunun ərazisidir, Donuzkökəltmə sovxozunun ərazisindən 250 metr kənarda yerləşir (sovxoz ərazisi deyil). Torpaq sahəsi və yaşayış evi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Abşeron Rayon Donuzkökəltmə sovxozunun 11 dekabr 1996-cı il tarixli, 82 saylı əmri əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunun ərazisində İddiaçı ayrılmış ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbindən həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyindən görünür ki, İddiaçı adına ayrılmış torpaq sahəsinin harada yerləşməsini və hansı torpaq sahəsi ilə üstüstə düşməsini müəyyən etmək ümumiyyətlə mümkün olmamışdır. Birinci instansiya məhkəmə iclasında şahid qismində iştirak edən X10 ifadəsində bildirmişdir ki, o, İddiaçı ilə 2003-2017-ci ilədək qonşu olmuşdur. Əkbərov X7 bacısının oğludur. Rasim əvvəllər Masallıda yaşayırdı. X8 ilə evləndikdən sonra Masallı rayonuna getmişdilər, sonradan Rasim Bakı şəhərində özünə ev tikdirmək qərarına gəldi və ev tikdirənə kimi müvəqqəti Naziləyə məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunun ərazisində olan fərdi evdə yaşamışdır. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunun ərazisində olan fərdi evi Nazilə və onu yoldaşı Səbuhi tikdirmişdir. O, həmin evdə olmuş, həmin ev iki otaqdan ibarətdir. Digər şahid X4 ifadəsində bildirmişdir ki, o, İddiaçı ilə 2002-2011-ci illərdə qonşu olmuşdur. O, iddiaçının özü və ailəsi ilə yaxın münasibətdə olmuşdur. Əkbərov X7 bacısının oğlu, həm də qızı Arzunun keçmiş həyat yoldaşıdır. Arzu ilə Rasim 2014-cü ildə ailə həyatı quraraq Masallı rayonunda qalırdılar. Orada 3 il yaşadıqdan sonra Bakı şəhərində özünə ev tikdirmək qərarına gəldir və ev tikdirənə kimi müvəqqəti Naziləyə məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunun ərazisində olan fərdi evdə qalırdılar. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunun ərazisində olan fərdi evi Nazilə və onu yoldaşı Səbuhi tikdirmişdir. Rasimin Bakı şəhərində evi olmadığı üçün Nazilə ona evində yaşamağa icazə vermişdir. Digər şahid X6 ifadəsində bildirmişdir ki, İddiaçı yoldaşı Səbuhi onun uzaq qohumudur. Səbuhi ona Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozuna özlərinə ev tikdirdiyini bildirib həmin evin mansarının vurulmasında ona köməklik etməyini xahiş etmişdir. O, Səbuhi ilə razılaşıb həmin evin tikintisində 10 gün iştirak etmişdir. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunun ərazisi 2-3 sotun üzərində tikilmişdir. Həmin evin kimə məxsus olmasını o eşitməmiş, yalnız Səbuhini həmin evdə görmüşdür. Digər şahid X12 ifadəsində bildirmişdir ki, İddiaçı onun baldızı, Cavabdeh isə oğludur. X18 Ağayevanın qızı Arzu ilə ailə həyatı qurduqdan sonra müvəqqəti digər baldızının yoldaşı Hatəmə məxsus evdə yaşamışlar. Onlar 4 ilə yaxın həmin evdə yaşamışlar, hətta gəlini lazımı cehizlərini həmin evə gətirmişdir. 2019-cu ilin fevral ayında oğlu Arzu ilə boşanmış və Arzu cehizlərini də götürüb atasının evinə getmişdir. Həmin evi Hatəm tikdirib, ustaların pulunu özü vermişdir. Onun, oğlu və keçmiş gəlininin həmin evə heç bir aidiyyəti yoxdur. Hatəm ona öz evinin yaxınlığında torpaq almağı təklif etmişdir, lakin həmin yer yüksək gərginliyin altında yerləşdiyindın almaqdam imtina etmişdir. Rasim boşanmamışdan əvvəl yoldaşı ilə Hatəmə məxsus evdə müvəqqəti yaşayırdılar, onlar boşandıqdan sonra Arzu öz atası evinə, Rasim isə öz evinə yəni Masallıya qayıtdı. Onda olan məlumata görə Hatəm halhazırda həmin evi kirayə vermişdir Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin maddənin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 146.2-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 178.1-cı maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, tədqiq edilən sənədlərdən və işin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, iddiaçı mənimsənildiyini iddia etdiyi torpaq sahəsi üzərində öz hüquqlarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir, həmçinin cavabdehin istifadəsində olan torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin daxilində yerləşməsini ekspert tərəfindən müəyyən etmək mümkün olmamışdır. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2020-ci il tarixli, 10/2390 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12 noyabr 2020-ci il tarixli, **********15 nömrəli mütəxəssis rəyinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına uyğun olaraq göstərilən sahə Xəzər rayonunun ərazisidir, Donuzkökəltmə sovxozunun ərazisindən 250 metr kənarda yerləşir (sovxoz ərazisi deyil). Torpaq sahəsi və yaşayış evi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, iddiaçının dəlilini yalnız məhkəmə iclasında şahidlərin verdiyi ifadələr təsdiq etmiş, lakin məhkəmə işin tədqiq olunan halları ilə uyğunlaşmayan şahid ifadəsinin iş üzrə halların sübuta yetirilməsi üçün kifayət etmədiyini hesab etmişdir. Beləliklə, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 22.02.2021-ci tarixli, 2(003)-38/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5331/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5331/2021
22.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver