Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5332/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-130/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi Ö/T 39 saylı evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi Ö/T 39 saylı ev texniki pasporta əsasən ona məxsusdur. Həmin evdə o, arvadı və oğul nəvəsi yaşayırlar. Cavabdehlər - Cavabdeh2 onun qızı, Cavabdeh1 kürəkəni, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə nəvələridir. Cavabdehlər onun evində qeydiyyatda olmalarına baxmayaraq heç vaxt orada yaşamamışlar. Belə ki, qızı təxminən 20-25 il əvvəl ailə qurmuşdur və həmin vaxtdan onun evində yaşamır. Cavabdehlər Zığ qəsəbəsində yaşayırlar. Cavabdehlərin onun evində qeydiyyatda qalmaları onun üçün çətinliklər yaradır və mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-130/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi Ö/T 39 saylı evdən istifadə hüquqlarının itirilməsinə dair iddia tələbinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırarkən iş üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, iş üzrə toplanan sübutlara düzgün hüquqi qiymət verməmiş və düzgün nəticəyə gəlməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh3 06.03.2002-ci il tarixdə, Cavabdeh4 31.01.2003-cü il tarixdə və Cavabdeh5 31.01.2003-cü il tarixdə anadan olmuşlar. Onların valideynləri Cavabdeh1 və Cavabdeh2 05.11.2001-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə qurandan sonra Cavabdeh2 köçüb ər evində yaşayıb və uşaqları da orada anadan olub. Cavabdeh1 və onun övladları mübahisələndirilən evdə heç vaxt yaşamayıblar. Onlara məxsus əmlak həmin evdə yoxdur. Cavabdehlərin evində olan qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Digər tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-130/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasportun surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi 39 saylı evin sahibi İddiaçıdur. İş materiallarına əlavə edilmiş Pirallahı rayon İH başçısının Pirallahı qəsəbə iəd üzrə nümayəndəsi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli, 62 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi Ö/T 39 saylı evdə yaşayır və qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Asan5 tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi Ö/T 39 saylı evdə qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İ seriyalı 307014 nömrəli, AZ-İ seriyalı 172515 nömrəli və AZ-İ seriyalı 307015 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 31.01.2003-cü il təvəllüdlü Cavabdeh4, 06.03.2002-ci il təvəllüdlü Cavabdeh3 və 31.01.2003-cü il təvəllüdlü Cavabdeh5 atası Cavabdeh1, anası Cavabdeh2dır.. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bu Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, istifadə hüququ əmlak hüququdur və həmin hüquq tərəflər arasında müqavilənin bağlanması, daşınmaz əmakın dövlət reysterində qeydiyyata alınmasından sonra yaranır. Cavabdehlər mübahisəli evdə pasport qeydiyyatında olmalarına baxmayaraq evin hüquqi rejimini müəyyən edən sənəd yoxdur, ev özbaşına tikilidir və bununla da cavabdehlər hər hansı əsasla mübahisəli yaşayış sahəsində hüquq əldə etməmişlər. Belə olan halda cavabdehlərin həmin evə istifadə hüquqları itirilə bilməz. Bu səbəbdən iddia tələbi əsassız olduğundan rədd edilməlidir.. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-130/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.1.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-130/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5332/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5332/2021
09.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver