Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5334/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və hasarın sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki iş üzrə icraata xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-374/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-374/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.
3. Birinci instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilmiş sorğu məlumatına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. İddia tələbi zəbt olunmuş torpaq sahəsinin boşaldılması və hasarın sökülməsi olduğundan, cavabdeh öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7, 262.1, 262.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-374/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi cavabdehin tikililəri qanunsuz, başqa sözlə özbaşına tikilidir yəni tikinti norma və qaydalarına uyğun deyil, lazimi icazə alınmamışdır ona görə də hesab edir ki, iddiaçı öz mülkiyyət hüquqlarını sərbəst və maneəsiz istifadə etməsi üçün qanunsuz tikilmiş tikilinin sökülməsi və onun nəticələrinin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. İş materiallarında ola mütəxəsis rəyi və ekspert rəyindən də göründüyü kimi iddiada qeyd etdiyi tələblər tamamilə əsaslıdır. Məhkəmə prosesi dövründə cavabdeh vəfat etmişdir. Bu səbəbdən də prosesin davam etdirilməsi üçün məhkəmədən prosessual hüquq varisliyinin müəyyən olunması üçün məhkəmə iclsının təxirə salınmasını xahiş etmişdir. Hesab edir ki, uzun müddət gözlədikdən sonra məhkəmənin verdiyi bu qərardad qanunsuz və əsassızdır, birbaşa konstitusion hüquq olan mülkiyyət hüquqlarına ziddir, ona görə də apellyasiya şikayəti təmin olunmalı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 374/2025 saylı, xx.xx.2025-ci iltarixli qərardadı ləğv olunmalıdır.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Maddə 261.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;
10.Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. İlk növbədə qeyd edilməlidir ki, işin fakitki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh qarşı yönəlmiş tələbi iddiaçının qanuni mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 81 C saylı bağ sahəsinə bitişik olan tikilmiş qanunsuz tikilinin cavabdeh tərəfindən sökülməsi, inşaat tullantılarının cavabdehin hesabına ərazidən uzaqlaşdırılması və zəbt olunmuş torpaq sahəsinin boşaldılmasından ibarətdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etdiyindən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir.
12. Kollegiya hesab edir ki, yoxlanılan qərardad ləğv edilərək İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və hasarın sökülməsi” tələbinə dair mülki iş baxılması üçün rayon məhkəməsinə qaytarılmalıdır.
13. Belə ki, məhkəmə iş üzrə icraata xitam verərkən MPM-in 261.0.7-ci maddəsinə istinad etmişdir.
14. Həmin normaya əsasən hakim iş üzrə icraata tərəflərdən biri olan şəxs öldükdən sonra, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, xitam verir.
15. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddiaçıya məxsus bağ sahəsinə bitişik ərazidə tikildiyi iddia edilən tikilinin hüquqi statusunu müəyyən etmədən, habelə cavabdehin ölümündən sonra təmin tikilinin hüquqi vəziyyəti (kimin sahiblik, istifadə və mülkiyyətinə keçməsini) ilə bağlı araşdırma aparmadan iş üzrə icraata xitam verməklə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
16. Belə ki, iddiaçının tələbi onun qanuni mülkiyyət hüquqlarının müdafiəsinə yönəlib və bu hüquqların başqalarının qanunsuz müdaxiləsindən qorunmasını təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququ mülkiyyətçiyə əmlaka sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək imkanını tanıyır və bu hüquqlar qanunla müdafiə olunur. Belə olduğu halda, iddiaçının torpaq sahəsinə qanunsuz tikili inşa olunması ilə bağlı müdafiə tələbi cavabdehin şəxsiyyəti ilə ayrılmaz surətdə bağlı deyildir.
17. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən inşa edildiyi iddia edilən qanunsuz tikili özbaşına tikili olmuş olsa belə mülki dövriyyədə fiziki obyekt olaraq iqtisadi dəyərə malikdir, özgəninkiləşdirilə və hüquq varisliyi qaydasında başqasının sahibliyinə və istifadəsinə keçə bilər. Həmin tikilinin cavabdehin ölümündən sonra hər hansı bir vərəsə tərəfindən qəbul edilib-edilməmsinin aydınlaşdırılması tələbin yönəldilməli olduğu cavabdehin müəyyən edilməsi üçün iş üzrə əhəmiyyət kəsb edən hal olduğundan məhkəmənin qeyd olunan halı araşdırmadan icraata xitam verməsi düzgün hesab edilə bilməz.
18. Buna görə də kollegiya hesab edir ki, məhkəmə işin yuxarıda qeyd edilən hallarını müəyyən etmədən, habelə mübahisə ediən hüquq münasibətlərinin hüquq varisliyinə yol vermədiyi əsaslandırmadan MPM-in 261.0.7-ci maddəsinə istinad etməklə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
19. Belə olan halda kollegiya hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-374/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və hasarın sökülməsi” tələbinə dair iddiasına yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
20. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-374/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və hasarın sökülməsi” tələbinə dair iddiasına yenidən baxılması üçün, iş materialları həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.