Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5335/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin (hazırda "xxxx" ASC) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 30 256,77 (otuz min iki yüz əlli altı ABŞ dolları, yetmiş yeddi sent) ABŞ dolları, faiz borcu üzrə 24 814,42 (iyirmi dörd min səkkiz yüz on dörd ABŞ dolları, qırx iki sent) ABŞ dolları, cərimə borcu üzrə 300 (üç yüz) ABŞ dolları olmaqla cəmi 55 371,19 (əlli beş min üç yüz yetmiş bir ABŞ dolları, on doqquz sent) ABŞ dolları borcun, habelə 30 (otuz) manat dövlət rüsumunun, 10 (on) manat bildirişin qeydə alınması üçün dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzinin alınaraq "xxxx" İKB ASC-yə verilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 80 000 (səksən min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda qalan vəsaitin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli 15- G-1-0-858-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiyasının qətnaməsindən onun verdiyi kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə təmin olunmamışdır. 28 may 2022-ci il tarixdə Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti və “şikayət verilməsi üçün buraxılmış müddətin ötürülməmiş hesab edilməsi” barədə ərizəsi məhkəməyə daxil olmuş, ərizəsində o, qətnaməni rəsmi qaydada, qəbzə imza etməklə xx.xx.2022-ci il tarixdə aldığını və müəyyənləşdirilmiş 1 aylıq müddəti ötürmədən şikayət verdiyini bildirməklə şikayət vermə müddətinin buraxılmasının üzürlü hesab olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət isə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı ləğv edilərək qətnamədən apellyasiya şikayəti verməsi üçün ötürdüyü prosessual müddətin bərpasına dair Cavabdeh1 ərizəsi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi Cavabdeh3 verdiyi apellyasiya şikayəti, apellyasiya instansiyasının aktı isə onun kassasiya şikayəti əsasında yoxlanılmışdır – iş materiallarından isə görünür ki, Cavabdeh1 həmin apellyasiya icraatı zamanı məhkəməyə vəsatət ünvanlayaraq xx.xx.2020-ci il tarixli qətnamənin qanunsuz olduğunu bildirməklə əmlakın təkrar qiymətləndirilməsini xahiş etmişdir. Bu xüsusat o qənaətə gəlməyə əsas verir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən ən azından 2021-ci ilin yanvar ayında məlumatlı olmuşdur. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Kollegiya hesab edir ki, işin hallarından ərizəçinin qətnamədən şikayət vermə müddətini üzrlü səbəbdən buraxmış olması qənaətinə gəlmək mümkün deyildir və bununla bağlı hər hansı sübut ümumiyyətlə təqdim edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin halları və ona tətbiq etdiyi norma (MPMnin 133.1-ci maddəsi) ilə əlaqəli şəkildə izah etməmiş, qətnamədən ən gec 2021-ci ilin yanvarından məlumatlı olan ərizəçinin müddəti hansı üzrlü səbəblərlə buraxdığını aydınlaşdırmayaraq qərardadını ümumiyyətlə əsaslandırmamışdır. Digər tərəfdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunması ilə bağlı hissədə) tam yoxlanılmış, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu isə o deməkdir ki, Cavabdeh1 apellyasiya şikayətinə baxılması üçün prosessual əsas mövcud deyildir. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadında belə nəticəyə gəlinmişdir ki, “...apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) MPM-in 366.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilməlidir. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 411-ci maddəsinə əsasən imtina edilməlidir”. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi Cavabdeh1 tərəfindən şikayət verilməsi müddətinin buraxılmamış olması qənaətinə gəlməklə prosessual hüquq normalarını düzgün təfsir etməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-198/2020 saylı iş üzrə 07 iyun 2022-ci il tarixli qərardadı ləğv olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin həmin iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün ötürdüyü prosessual müddətin bərpasına dair Cavabdeh1 ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5335/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5335/2022
21.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver