Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5336/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 124 saylı Mənzil Kommunal İstimar Sahəsinin müstəqil tələb irəli sürməyən üçünü şəxs qismində cəlb edildiyi“qeyri-yaşayış sahəsinin qapısının açarının bir nüsxəsinin alınması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 126 saylı binanın 4-cü blokun girişində yerləşən qeyri-yaşayış sahəsinin qapısının açarının bir nüsxəsinin Cavabdeh alınıb ona verilməsi və həmin binanın 4-cü blokunun ikinci və üçüncü mərtəbələrin ortasında qoyulmuş dəmir şkafın götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə lazımi qaydada araşdırma aparmadan, formal mülahizələrə və əsassız rəylərə istinad etmişdir. İddiaçının kooperativ yaşayış sahəsində yaranan hüquqlarına uyğun olaraq kooperativ üzvünün və ailə üzvlərinin mənzil üzrə müəyyən olunmuş paydan və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdən istifadə qaydalarının müəyyən edilməsi, hətta mülkiyyətçidən pozulmuş hüquqlarının tələb olunması üçün subyektiv hüququ olsa da, məhkəmə bunu nəzərə almamış və iddianın hüququ olmayan şəxs tərəfindən verildiyini qeyd etmişdir. Məhkəmə kooperativ (çoxmənzilli) yaşayış binalarında birgə yaşayış qaydalarını, bu qaydalara əsasən istifadəçiləri və payçıların hüquqlarını nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi blokun girişində yerləşməklə sakinlərdən heç birinin, o cümlədən cavabdehin mülkiyyətində deyil. Cavabdeh uzun müddət həmin sahədən istifadə etmiş, sonradan aralarında birgə istifadə ilə bağlı razılıq olmuş, iddiaçı öz vəsaitini hesabına oranı təmir etdirmiş və əşyalarını yerləşdirmişdir. Lakin, hazırda cavabdeh sözügedən sahəsinin açarını verməkdən imtina edərək, onun istifadəsinə icazə vermir. Eyni zamanda, cavabdehin binanın ikinci və üçüncü mərtəbələri arasında pilləkəndə yerləşdirdiyi dəmir şkaf onun və bina sakinlərinin rahat gediş-gəlişinə maneə yaradır. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş edir. Cavabdeh isə, şikayətə etiraz təqdim edərək, bildirmişdir ki, 1983-cü ildən binaya köçmüş və həmin vaxtdan mübahisəli sahə onun istifadəsində olmuş və onun vəsaiti hesabına təmir olunmuşdur. Həmin sahənin birgə istifadəsi ilə bağlı iddiaçı ilə aralarında hər hansı razılaşma olmamış, iddiaçı 2013-cü ildə mənzilini təmir etdirərkən, əşyalarını həmin sahəyə yerləşdirməyə icazə vermişdir. Hazırda əşyaları oradadır və götürülməsinə etiraz etmir. İddiaçının götürülməsini tələb etdiyi dəmir şkaf isə 1984-cü ildən oradadır və bu müddət ərzində iddiaçı heç vaxt bununla bağlı narazılığını ifadə etməmişdir. Eyni zamanda qonşular da birinci instansiya məhkəməsində verdikləri izahatlarında şkafın onlara hər hansı maneçilik yaratmadığını bildirmişlər. Hesab edir ki, iddiaçı bu tələbi aralarındakı münasibətlərin kəskinləşməsi ilə bağlı qəsdən qaldırmaqla, heç bir tutarlı əsas gətirə bilməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iclas iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı ünvan 1 ünvanında 4-cü blokda yerləşən 52 saylı mənzildə ailə üzvləri ilə yaşayır. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının arvadı Cəmilə Ramazanovanın adına qeydiyyata alınmışdır. Cavabdeh isə, həmin binanın 51 saylı mənzilində yaşayır. Binanın 4-cü blokun girişində qeyri-yaşayış sahəsi vardır. Birinci instansiya məhkəməsi tərəfindən sözügedən binaya yerli baxış keçirilərkən, həmçinin müəyyən olunmudur ki, mübahisəli qeyri-yaşayış sahəsinin içərisində hər iki tərəfə məxsus əşyalar var. Binanın ikinci və üçüncü mərtəbələrinin ortasında dəmir şkaf mövcuddur. Onun yanında isə taxtadan hazırlanmış başqa iki şkaf da vardır. Hazırda iddiaçı, sözügedən qeyri-yaşayış sahəsinin birgə istifadə olunması ilə bağlı cavabdehlə aralarında razılaşma olduğuna və həmin sahəni öz vəsaiti hesabına təmir etdirdiyinə istinad edərək, mübahisəli sahənin açarının ona təhvil verilməsini və ikinci və üçüncü mərtəbələr arasında yerləşdirilmiş dəmir şkafın gediş-gəlişə mane olduğunu bildirərək, həmin şkafın götürülməsini tələb edir. Kollegiya, ilk növbədə bildirir ki, iddiaçı, sözügedən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmasa da, mülkiyyətçinin ailə üzvü kimi, yaşayış binasının tərkib hissəsinə, eyni zamanda da yaşayış binasının mülkiyyətçilərinin ümumi mülkiyyətində olan sahələrə istifadə hüququ olan şəxsdir. Cavabdehin isə, bununla bağlı mübahisə olmadığından yaşadığı mənzilin mülkiyyətçisi olması (və ya qanuni əsaslarla sahiblik və istifadə etməsi) prezumpsiya olunur. Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mənzil Məcəlləsinin 35.1-35.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Göründüyü kimi yaşayış binasının bütün mənzillərə xidmət edən ümumi otaqları, pilləkən meydançaları və digər hissələri hər bir mənzil sahibinin ümumi mülkiyyəti olduğu üçün, onlardan hər hansı biri binaya qanunsuz müdaxilənin qarşısının alınması üçün iddia qaldırmaq hüququna malikdir. Hazırkı işdə mübahisəli qeyri-yaşayış sahəsinin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 126 saylı binanın 4-cü blokunun girişində yerləşməklə, həmin binanın bütün mənzillərinə xidmət edən ümumi otaq olması işin mübahisəsiz halıdır. Bu fakt, həm tərəflərin izahatları, həm də şahidlərin (həmin binanın sakinləri) ifadələri ilə təsdiqlənir. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı “sözügedən qeyri-yaşayış sahəsinin qapısının açarının bir nüsxəsininCavabdeh alınıb ona verilməsi” tələbinə dair haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən irəli sürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan işdə iddiaçı, mübahisəli qeyri-yaşayış sahəsinin qapısının açarının bir nüsxəsinin cavabdehdən alınaraq ona verilməsi tələb etsə də, həmin qeyri-yaşayış sahəsi yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyəti sayılmaqla, nə iddiaçının, nə də cavabdehin xüsusi mülkiyyətində deyil. Ona görə də, onun mübahisə predmeti ilə bağlı hər hansı tələb hüququ yoxdur. Kollegiya, onu da vurğulayır ki, məhkəmə tərəfindən yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyətində olan sahənin açarının tək istifadəçi kimi bina sakinlərinin birindən alınıb, digərinə verilməsi ilə bağlı qərar qəbul edilməsi digər mülkiyyətçilərinin hüquqlarının əsassız məhdudlaşdırılması kimi ədalətsiz bir nəticə doğurardı ki, bu da hüquqi baxımdan yol verilməzdir. Bununla belə, məhkəmə kollegiyası, iddia tələbini “binanın 4-cü blokunun ikinci və üçüncü mərtəbələrin ortasında qoyulmuş dəmir şkafın götürülməsi” hissəsində əsaslı hesab edir. Birinci instansiya məhkəməsi, iddianı bu hissədə rədd edərkən, mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfin sözügedən yaşayış binasına köçdüyü vaxt həmin şkafın cavabdeh tərəfindən istifadə olunmasına baxmayaraq, iddiaçı daha əvvəl bu şkafın onların hüquqlarını pozması, binada gediş-gəlişə mane olması barədə məhkəməyə müraciət etməmiş, həmin əşya qeyri-yaşayış sahəsi ilə bağlı tərəflər arasında mübahisə yarandıqdan sonra mübahisə predmeti olmuşdur. Həmçinin, şahid ifadələrindən də aydın olmuşdur ki, həmin şkaf bina sakinlərinin gediş-gəlişi üçün maneəçilik törətmir. Beləliklə iddiaçı, binanın 4-cü blokunun ikinci və üçüncü mərtəbələrinin ortasında qoyulmuş dəmir şkafın onun hüquqlarını pozması barədə istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Kollegiya, aşağıdakılara əsasən, birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, yuxarıda sadalanan normlarının məzmunundan da göründüyü kimi, pilləkən meydançası çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətindədir. Hazırkı işin hallarından isə mübahisəsiz qaydada müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 126 saylı binanın 4-cü blokunun ikici və üçüncü mərtəbələri arasında pilləkən meydançasında Cavabdeh tərəfindən dəmir şkaf yerləşdirilmişdir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci, 158.2 və 158.4-cü maddələrinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Belə olan halda iddiaçı, mənzilə (o cümlədən binaya) istifadə hüququnun sahibi kimi Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, yaşadığı çoxmənzilli binanın pilləkən meydançasında qoyulmuş cavbadehə məxsus dəmir şkafın götürülməsini tələb etməkdə haqlıdır. Belə ki, həmin maddəyə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Birinci instansiya məhkəməsi şahid ifadələrinə əsaslanmaqla, mübahisə predmeti olan dəmir şkafın iddiaçıya və digər sakinlərə maneçilik yaratmadığını bildirsə də, nəzərə almamışdır ki, pilləkən meydançasının təyinatı səbəbilə orada hər hansı əlavə əşyanın yerləşdirilməsi faktı özü-özlüyündə həmin sahədən sərbəst istifadəyə maneə yaranmasını təsdiqləməyə kifayət edir. Odur ki, Kollegiya qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi “binanın 4-cü blokunun ikinci və üçüncü mərtəbələrin ortasında qoyulmuş dəmir şkafın götürülməsi” tələbinin rədd olunması hissəsində ləğv olunmalı, həmin hissədə iddia təmin edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-372/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi “binanın 4-cü blokunun ikinci və üçüncü mərtəbələrin ortasında qoyulmuş dəmir şkafın götürülməsi” barədə iddia tələbinin rədd olunması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 126 saylı binanın 4-cü blokunun ikinci və üçüncü mərtəbələri arasındakı pilləkən meydaçasında yerləşdirilmiş dəmir şkaf Cavabdeh tərəfindən götürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5336/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5336/2020
09.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver