Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5337/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-402/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. xx.xx.2025-ci il tarixdə Cavabdeh2 cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk pr. ünvanında yerləşən 23/25 nümrəli binanın 69 nömrəli mənzilə dair "xxxx" MMC tərəfindən ilkin satış qiyməti 55.000 manata hərraca çıxarılaraq, 35.000 manata satılmasını barədə Protokolun və "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixdə verilmiş QXM 320/M nömrəli qiymətləndirmə rəyinin hazırkı real bazar qiymətlərinə uyğun olmamaqla qanunsuz hesab edilməsi, hərracın nəticəsində mənzilə dair verilmiş xx.xx.2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********05- 05301-093017 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 402/2025 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir.
4. Qərardad belə əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü ildə daxil olmuş və iddia ərizəsinin surəti cavabdehlərə qanuna müvafiq qaydada göndərilmişdir. Qarşılıqlı iddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi qanunla nəzərdə tutulmuş müddətdən sonra verildiyindən geri qaytarılmalıdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Cavabdeh2 həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, dəfələrlə cavabdeh İddiaçı ASC-yə həmin məsələyə baxılması barədə müraciət etsə də, cavabdeh bundan öz maddi maraqlarına görə imtina etmişdir. Göründüyü kimi, məhkəmənin istinad etdiyi 20 günlük müddət məhz iddiaçı ilə olan danışıqlara görə ötürüldüyündən qarşılıqlı iddianın verilməsi zərurəti yaranmışdır. Buna baxmayaraq, məhkəmə qanunsuz və əsassız olaraq, qarşılıqlı iddianın qəbulundan imtina etmişdir.
7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi: Maddə 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-402/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. İşdən görünür ki, cavabdeh tərəf iş üzrə məhkəmə və ərazi aidiyyətini mübahisələndirmiş, qarşılıqlı iddianı ilkin iddia verildikdən təqribən 1 il sonra məhkəməyə təqdim edilmişdir.
13. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliklə mülki işlərin baxılması və həll edilməsi müddətləri müəyyən edilmişdir. Ona görə də tərəflər öz prosessual hüquqlarından elə istifadə etməlidirlər ki, məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə işə baxılsın və müvafiq məhkəmə aktı qəbul edilsin.
14. Kollegiya həmçinin qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə görə bu müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
15. Hazırki iş üzrə qarşılıqlı iddia ərizəsi həmin mənzilə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğvi ilə bağlıdır. Lakin işdən görünür ki, qarşılıqlı iddianın verilməsi üçün əsas ilkin iddia verilməmişdən öncə mövcud olmuş, habelə cavabdeh tərəfindən qarşılıqlı iddianın nəzərdə tutulmuş prosessual müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmamışdır. Cavabdeh 20 günlük prosessual müddətin məhz iddiaçı ilə olan danışıqlara görə ötürüldüyü ilə əsaslandırsa da, məhkəmə kollegiyası təqribən 1 il müddətində belə danışıqların aparıldığını inandırıcı və ağlabatan hesab etmir.
16. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 402/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: