Məhkəmə qərarları › İş №2(103)-5340/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5340/2025

17.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5340/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X10 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-4903/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi məqsədi ilə dövlət hesabına vəkillə təmin olunma barədə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət reyestri Xidmətinin MN seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 50, 72 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 501 nömrəli reyestr kitabının 46250 nömrəli vərəqində xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır.

2. Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 629№ ilə qeyd edilmişdir.

3. Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X15 ilə X7 xx.xx.2013cü il tarixdə nikahları bağlanıb, nikah bağlandıqdan sonra ərə Abasov, arvada Abasova soyadı verilmişdir.

4. Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1986-cı ildə doğulmuşdur. Onun atası X21, anası X2r.

5. Azərbaycan Respublikası DİN-in xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı, X5, Cavabdeh, X16, X17 ünvan 1 ünvanında qeydiyyatdadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh, azyaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 ünvan 2 ünvanda yerləşən 72 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, öz əmlakları ilə birlikdə mülkiyyətində olan mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən 72 saylı mənzili iddiaçı həyat yoldaşı X8 ilə 1982-ci il tarixdə əldə etmişdir. Sonradan həmin mənzil xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, Seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Həmin evdə iddiaçı, onun həyat yoldaşı və iki övladı ilə birlikdə yaşamışlar. X6 25 may 2013-cü il tarixdə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Cavabdeh həmin tarixdən iddiaçının mülkiyyətində olan 2 otaqlı 72 saylı mənzilə gəlin köçmüş və birlikdə həmin mənzildə yaşamışlar. Nikaha daxil olduqdan sonra oğlunun cavabdehlə ailə münasibətləri heç də normal olmamışdır. Cavabdeh evə gəlin gəldiyi gündən qaynatasına və həyat yoldaşına qarşı həmişə laqeyid münasibət bəsləmiş və daim mübahisələr yaratmışdır. İddiaçı 2021-ci ilin aprel ayında cavabdehi mülkiyyətində olan mənzilə sadəcə pasport qeydiyyatına düşməsinə razılıq vermişdir və bununla bağlı cavabdehlə aralarında istifadə hüququnun tanınmasına dair heç bir notarial qaydada razılaşma olmamışdır. Cavabdehin onun evində qalması bir mülkiyyətçi kimi onun hüquqlarını pozur, əmlakına dair sərbəst sərəncam vermə, sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır. Yaranmış vəziyyət onun bir mülkiyyətçi kimi öz konstitusion hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsini zəruri etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 4903/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh, X16, X17 Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi ev 50, 72 saylı mənzildən öz əmlakları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin, Cavabdeh, X16 və X12 Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi, ev 50, 72 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması, dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim X4).

9. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə mənzildə yaşayan cavabdeh notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157.4-cü, 158.4cü, 228-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82-ci, 88-ci, 107-ci, 119-cu, 217-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, azyaşlı uşaqları ilə birgə gəlin köçdüyü mənzildə (cehiz əşyaları ilə birlikdə) 2011-ci il tarixdən ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşamışdır (iki azyaşlı övladı da doğulan gündən bu mənzildə yaşamış və birgə yaşamağa davam etmişlər). O və iki azyaşlı övladımları mərhum həyat yoldaşının qanun üzrə vərəsələridir, həmin mənzildə istifadə hüquqları vardır Bu səbəbdən hazırki halda birinci instansiya məhkəməsi iddiaçının müvafiq kompensasiya verməklə onun və övladlarının sözügedən əmlaka dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul etməli idi. Həmçinin onu da bildirir ki, onun maddi vəziyyəti çox çətindir (işləmir), övladının Faiq Abasovun əqli geriliyi mövcuddur (bununla bağlı müvafiq tibbi sənədlər şikayətə əlavə olunur), həmçinin onun yaşayış sahəsinə ehtiyacı mövcuddur, ona bazar qiymətinə uyğun kompensasiya verilmədən sözügedən mənzildən çıxarılarsa, o yalnız iki azyaşlı övladı ilə birlikdə onun anası, atası və qardaşısının yaşadığı evdə yaşamalı olacaqdır. Bu da azyaşlı övladları üçün təhlükə mənbəyidir. Belə ki, qardaşı ağır psixoloji-nevroloji xəstədir (bununla bağlı müvafiq tibbi sənədlər şikayətə əlavə olunur). Bunun isə övladlarının mənəvi, ruhi inkişafına və sağlam böyüməsinə mənfi təsir edəcəyini düşünür və çox narahatdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər.

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

d) Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və İİİ hissələrinəəsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

24. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 50, 72 nömrəli mənzil xx.xx.2007-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır, Cavabdeh iddiaçının keçmiş gəlinidir, o, iddiaçının oğlu (Tural Abasov) ilə 2013-cü il tarixdə nikaha daxil olmuş və həmin mənzilə köçərək yaşamışdır, xx.xx.2015-ci il təvəllüdlü X16 və xx.xx.2016-cı il təvəllüdlü X17 cavabdeh ilə iddiaçının oğlunun birgə nikahdan olan uşaqlarıdır, iddiaçının oğlu Tural Abasov 2022-ci ildə vəfat etmişdir, hazırda iddiaçı həyat yoldaşı ilə birgə başqa evdə yaşayır, cavabdehlər hazırda həmin mübahisəli evdə qeydiyyatda olmaqla orada yaşayırlar. Bununla belə, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna əsas verən, habelə cavabdehlərin həmin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

25. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi vaxtdan, yəni 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan mübahisəli hüquq münasibətləri məhz Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin normaları əsasında həll edilməlidir.

26. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.

28. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.

29. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, cavabdehin mübahisəsi gedən yaşayış sahəsindən istifadə hüquqlarının mövcud olmadığı qənaətinə gəlinməli və mülkiyyətçinin tələbi təmin edilməlidir.

30. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, mübahisəli mənzilə cavabdehin istifadə hüququnun olmaması həmin hüquqa xitam verilməsini qeyri-mümkün edir. Belə ki, mülki qanunvericilik mübahisəli mənzilə istifadə hüququ olan şəxslərin bu hüquqlarına xitam verildiyi halda kompensassiya tələbi ilə müraciət edə bilmə imkanlarını nəzərdə tutmuşdur. Cavabdehin isə belə bir hüququ olmamışdır.

31. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsində bəhs olunan “yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanması” hüququnun olmasına dair dəlilini də əsassız hesab edir. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə bu hüquq, məhz ailə münasibətlərinə xitam verilmiş şəxsə aid edilmişdir. Lakin mülkiyyətçinin keçmiş ailə üzvü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallar olduqda müəyyən müddətə onun malik olduğu istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.

33. Məhkəmə iclasında isə cavabdeh izahatında bildirmişdir ki, mərhum həyat yoldaşı 2022-ci il avqust ayında rəhmətə getmiş və həmin müddətdən etibarən bugünədək cavabdeh mübahisəli mənzildə yaşamağa davam etmişdir. Qanunvericiliyin tələbləri baxımından cavabdehin həmin mənzildən istifadə hüquqları olmadığından yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsinin də müzakirə edilməsinə hər hansı zərurət də yoxdur. Göründüyü kimi cavabdeh istifadə hüququ olmasa belə ərinin vəfatından sonra mənzildə 2 ildən artıq yaşamağa davam edir və bu da mülkiyyətçinin hüquqlarının həddən artıq pozulmasına gətirib çıxarmışdır. Eyni zamanda uşaqların da yaşı etibari ilə analarının himayəsində olmaqla onunla birlikdə mənzildən çıxarılması qanuni və əsaslıdır.

34. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, cavabdehin həmin mənzildən istifadə hüquqlarının mövcud olmadığı qənaətinə gəlinməli və mülkiyyətçinin tələbi təmin edilməlidir. Uşaqların da yaşayış yerləri qanunu nümayəndələri olaraq analarının yanında müəyyən edildiyindən onun çıxarıldığı halda onunla birlikdə qalmalıdırlar.

35. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

36. Azərbaycan Respublikası MPM-nin 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarının 3.4-cü bəndinə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-4903/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Vəkil3 cavabdehə göstərdiyi hüquqi yardımla bağlı 10 saata görə 110 manat xidmət haqqı dövlət büdcəsindən tutularaq üzvü olduğu Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar