Məhkəmə qərarları › İş №2(103)-5342/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5342/2020

13.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5342/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin vəkili və nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-568/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank “xxx” ASC Cavabdeh qarşı “mənzilin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank “xxx” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 39 saylı evin, 76 saylı mənzilin boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Bank “xxx” ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli SMN-00007- 17/14U saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 23 (iyirmi üç) faiz ödəmək şərti ilə 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh xx.xx.2014-cü il tarixdə iddiaçıyla SMMG- 00007-17/14U saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 1 mənzil 76 ünvanında yerləşən, ümumi sahəsi 48.24 m2 olan mənzili ipotekaya qoymuşdur. X6 oğlu xx.xx.2014-cü il tarixdə iddiaçıyla SMNEZ-00007-17/14U saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürdüyünə və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı Bank “xxx” ASC Füzuli Rayon Məhkəməsinə müraciət edərək, Bank “xxx” ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, SMN-00007-17/14U saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2017-ci il tarixinə olan 21716.67 ABŞ dolları əsas borc, 4966.02 ABŞ dolları faiz məbləği, 52899.45 ABŞ dolları dəbbə pulu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, ümumilikdə 79582.14 ABŞ dolları və 30.40 manat məbləğin cavabdehlər Cavabdeh və X6 oğlundan müştərək qaydada iddiaçının xeyrinə tutulması, cavabdehlə bağlanan xx.xx.2014-cü il tarixli, SMMG-00007-17/14U saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 mənzil 76 ünvanında yerləşən, ümumi sahəsi 48.24 m2 olan mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh və X6 oğlundan müştərək qaydada tutulması və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında iddia qismən təmin edilmişdir. Cavabdehlər Cavabdeh və X6 oğlundan Bank “xxx” ASC-nin xeyrinə SMN- 00007- 17/14U saylı kredit müqaviləsinə əsasən, 21716.67 ABŞ dolları əsas borc, 4966.02 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları dəbbə borcu, cəmi 31682.69 ABŞ dolarının, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 75000 manat qiymətləndirməklə, tutma ipoteka predmetinə yönəldilərək, ünvan 1 mənzil 76 ünvanında yerləşən, ümumi sahəsi 48.24 m2 olan mənzil açıq hərracda satılaraq əldə olunan pul vəsaiti hesabına tələb edilən borcun ödənilməsi qət edilmişdir, iddia qalan hissədə təmin edilməmişdir. Göstərilən qətnamə ilə razılaşmayan Cavabdeh və X6 oğlu apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(106)- 2509/2018 saylı qətnaməsi əsasında apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh və X6 oğlu kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2(106)-2509/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. “X3” MMC-nin xx.xx.2018-ci il tarixli 129 saylı “Hərracın nəticəli haqqında yekun” Protokola əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 39 saylı evin, 76 saylı mənzili Bank “xxx” ASC-nin balansına keçmişdir. Hərracın yekunları üzrə “Bank xxx” ASC ilə “X3” MMC arasında xx.xx.2018-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin ******* nömrəli Çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 39 saylı evin, 76 saylı mənzili hal-hazırda “Bank xxx” ASC-nin mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-568/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 39 saylı evin 76 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq Bank “xxx” ASC-yə təhvil verilməsi və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011) 568/2020 saylı qətnaməsində dəyişiklik edib, iddiaçıdan 42000 manat tutulub onun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə onun iştirakı olmadan, qeyri-obyektiv, birtərəfli qəbul olunmuşdur, cavabdeh tərəfin mövqeyi, maraqları, iddiaya qarşı etirazları, dəlil və subutları nəzərə alınmadan qəbul olunmuşdur. Faktiki olaraq isə onun iddiaçıya təqribən 35000 manat borcu qalmışdır və həmin məbləğə faizlər və dəbbə pulu daxildir. Daha sonra iddianın məzmunundan aydın olur ki, ona məxsus, yaşadığı, ünvan 2 mənzil 76 ünvanda yerləşən, minimum 90000 manat qiyməti olan evi, qiymətdirilmə şirkəti cəmi 75000 manat dəyərində qiymətləndirmişdir. Buna baxmayaraq iddiaçı qeyd etdiyi 35000 borcunun əvəzinə 75000 manat dəyərində əmlakını mənimsəyərək əsassız varlanmışdır. Qətnamədən müəyyən olunur ki, ona məxsus evi hərracdan 47812 manata satılmışdır. İddiaçı belə halda minimum qiymətdə olan fərqi ona təklif etməli idi. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsiapelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 39 saylı evin 76 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Bank “xxx” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 650 nömrəli reyestr kitabının 59648 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Cavabdeh Fizuli rayonu, Qoçəhmədli kəndində qeydiyyatdadır. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 39 saylı evin 76 saylı mənzilində qeydiyyatda heç bir şəxs aşkar edilməyib. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxxxx 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 39 saylı evin 76 saylı mənzili 47,812 manat 0,50 qəpiyə Bank “xxx” ASC-si tərəfindən əldə edilmişdir. “X3” MMC-nin xx.xx.2018-ci il tarixli 129 saylı “hərracın nəticələri haqqında yekun” Protokolundan görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 39 saylı evin, 76 saylı mənzili Bank “xxx” ASC-nin balansına keçmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-318/2018 saylı xx xxxxx 2018-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, iddiaçı Bank «xxx» ASC cavabdehlər Cavabdeh və X6 oğluna qarşı kredit müqaviləsinin ləğvi, borcun tutulması, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və açıq hərracda satılması tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh və X6 oğlundan Bank "xxx” ASC- nin xeyrinə xx.xx.2014-cü il tarixli SMN-00007-17/14U saylı kredit müqaviləsinə əsasən, 21716.67 ABŞ dolları əsas borc, 4966.02 ABŞ dolları faiz məbləği, 5000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 31682.69 ABŞ dollarının, 30 manat dövlət rüsumu və 0.40.manat bank xidməti haqqının əvəzinin tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 75 000 manat qiymətləndirilməklə, tutma ipoteka predmentinə yönəldilərək, ünvan 1 mənzil 76 ünvanında yerləşən, ümumi sahəsi 48.24 m2 olan mənzil açıq hərracda satılaraq əldə olunan pul vəsaiti hesabına tələb edilən borcun ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-cı il tarixli, 2(106)-2509/2018 saylı qətnaməsinin surətindən məlum olur ki, cavabdehlər Cavabdeh və X6 oğlunun apelyasiya şikayəti təmin edilməyərək, Füzuli Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(064)-318/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(102)- 5326/2019 saylı qərarının surətindən məlum olur ki, Cavabdeh və X6 oğlunun kassasiya şikayəti təmin edilməyərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3-cü maddəsi müəyyən edir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, cavabdehin yaşadığı mübahisəli mənzil Cavabdeh Bank “xxx” ASC-si ilə bağladığı kredit müqaviləsi üzrə Borc alanın bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank“xxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli SMMG-00007-17/14U nömrəli İpoteka müqaviləsinəəsasən yüklü edilmiş, kredit müqaviləsi üzrə öhdəliklər icra edilməmiş, kreditin müəyyənləşdirilən qaydada ödənilməsi həyata keçirilmədiyindən Füzuli Rayon Məhkəməsinin xx xxxxx 2018ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbi təmin edilmiş, cavabdehlərdən Bank“xxx” ASCnin xeyrinə borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması qət edilmişdir. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 39 saylı evin 76 saylı mənzili “X3” MMC-nin xx xxxxxxxx 2018-ci il tarixli Hərracın yekunları üzrə protokol vəəmlakın alqı-satqı müqaviləsinə əsasən ipoteka saxlayan Bank “xxx” ASC-nə təklif edilərək, açıq hərracda əldə edilmişdir və bu haqda mülkiyyət hüququna dair xx.xx.2018-ci il tarixli RX ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.Belə ki,iddiaçı bank artıq mübahisəli mənzilin qanuni mülkiyyətçisi olduğundan iddia tələbi əsaslıdır və ona görə də təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 39 saylı evin 76 saylı mənzil Cavabdeh tərəfindən boşaldılmalı və iddiaçı Bank“xxx” ASC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-568/2020 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar