Məhkəmə qərarları › İş №2(103)-5342/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5342/2023

08.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5342/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və dəymiş zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı Cavabdeh MMC Mexaniki emal xidmətinin Mexaniki təmiri emalatxanasında çilingər vəzifəsində işləyib. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə 2 ay müddətinə bağlanıb. Daha sonra əmək müqaviləsinin müddəti bir neçə dəfə uzadılıb. Belə ki, əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilib və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməyib, ona görə də Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunub. Daha sonra əmək müqaviləsinin müddəti bitdiyinə görə işəgötürənin – cavabdehin direktorunun xx.xx.2023-ci il tarixli 36/k nömrəli əmri ilə əmr edilib ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilsin. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, habelə dəymiş zərərin əvəzi ödənilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: İşə bərpa tələbi 2 səbəbdən əsaslıdır. Birinci: Əmək müqaviləsinin tərtib edildiyi sənəd 2 vərəqlidir, müqavilənin müddətinə dair şərt (2.3-cü bənd) 1-ci vərəqdə qeyd olunub və həmin vərəq iddiaçı (işçi) tərəfindən imzalanmayıb. İddiaçı iddia edir ki, müqavilə bağlanarkən onun mətnində müddət qeyd olunmayıb, müqavilənin 1-ci vərəqi sonradan dəyişdirilib. Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinə görə, əmək müqaviləsi tərəflərin imzası (möhürü) ilə təsdiq edilir. Bir neçə vərəqdən ibarət sənədin tərtibi yolu ilə bağlanmış əmək müqaviləsinin imza olmayan vərəqindəki şərtin həqiqiliyinə dair mübahisə yaranıbsa, həmin şərtin həqiqliyini (müqavilə bağlanarkən bu şərtin müqavilənin mətnində qeyd olunduğunu) sübut etmə yükü işəgötürənin üzərinə düşür. Lakin cavabdeh bunu sübut edə bilmir. O cümlədən, iddiaçı iddia edir ki, müqavilənin nüsxəsi ona verilməyib, ona görə verilməyib ki, işəgötürən müqavilənin 1-ci vərəqini sonradan dəyişdirə bilsin. Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinə görə, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Əmək müqaviləsinin nüsxəsinin işçiyə verildiyini sübut etmə yükü işəgötürənin üzərinə düşür. Lakin cavabdeh bunu sübut edə bilmir. Ona görə də əmək müqaviləsinin imza olmayan vərəqindəki şərtin (müddətə dair şərtin) həqiqiliyinə dair şübhənin aradan qaldırılması mümkün deyil. Aradan qaldırılması mümkün olmayan belə şübhələr işçinin xeyrinə həll olunmalıdır. Bundan başqa, iddiaçının işə qəbul edilməsi barədə əmrdən görünür ki, əmrin verilməsinə əsas işçinin ərizəsi olub. Əgər əmək müqaviləsinin müddətli bağlanmasına tərəflərin qarşılıqlı razılığı olmuşdursa, bu, həmin ərizədə işçinin xahişi kimi qeyd oluna bilərdi, yəni ərizədə işçi işəgötürəndən xahiş edə bilərdi ki, onu müyyən müddətə işə qəbul etsin. İddiaçı bildirir ki, ərizə yazarkən müəyyən müddətə işə qəbul edilməsini xahiş etməyib. Cavabdeh isə bunun əksini, yəni iddiaçının belə məzmunda ərizə yazdığını sübut edə bilmir. Bu isə onu təsdiq edir ki, işçinin iradəsi əmək müqaviləsinin müddətsiz bağlanmasına yönəlib. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində müqavilənin müddətli olduğunun qeyd edilməsi iddiaçının müddətli əmək müqaviləsini imzaladığını təsdiq etmir. Elektron informasiya sisteminə əmək müqaviləsi bildirişini işəgötürən gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edir. Ona görə də işəgötürənin işçinin xəbəri olmadan həmin bildirişdə əmək müqaviləsinin müddətli bağlandığını qeyd etmə imkanı olur. İkinci: Əgər şərti olaraq belə hesab olunsa ki, iddiaçı müddətli əmək müqaviləsini imzalayıb, bu halda da işə bərpa barədə tələbi əsaslıdır. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə, belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən “f” bəndinə istinad edərək hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavlənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə formalaşmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə (2 aya) münasibətdə iradənin olubolmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. Lakin işçinin motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, müddətə (2 aya) münasibətdə onun motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Müqavilədə işçinin imzasının olması isə müddətə (2 aya) münasibətdə iradə ifadəsi sayıla bilməz. Əqdlərlə bağlı mübahisələrin düzgün həll üçün yalnız imzanın olubolmaması faktının araşdırılması kifayət etsəyidi qanunda “uydurma əqd”, “yalan əqd” və digər bu kimi anlayışlar məyyən edilməzdi. O cümlədən qanunda (Mülki Məcəllə, maddə 324.1) əqdin anlayışı müəyyən edilərkən “əqd - iradə ifadəsidir” deyil, “əqd - imzadır” ifadəsindən istifadə olunardı. Göründüyü kimi, əmək müqaviləsinin müddətli bağlanmasına işçinin razılığı yoxdur. Ona görə də əmək müqaviləsinin müddətə dair şərti (2.3-ciübənd) uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır. Bu səbəbdən əmək müqaviləsi müddətin bitməsinə görə ləğv oluna bilməz. Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalı, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. O cümlədən əmək müqaviləsi müddətsiz bağlanmış sayılmalıdır. İddia ərizəsinin sonunda bu barədə qətnamə qəbul edilməsi xahiş olunmayıb, lakin iddia onunla əsaslandırılıb ki, əmək müqaviləsi müddətsiz bağlanıb. Ona görə də əmək müqaviləsinin müddətsiz sayılması barədə qətnamənin qəbul edilməsi iddiadan kənara çıxma sayılmır. Məhkəmənin iddiadan kənra çıxıb-çıxmadığı iddia ərizəsinin sonundakı ifadə tərzi deyil, iddia ərizəsinin ümumi məzmunu ilə müəyyən edilir. İddia ərizəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələb olunsa da, iddiaçı ona zərər vurulduğunu təsdiq edən sübut təqdim etməyib. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə tələb təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMCnin direktorunun xx.xx.2023-cü il tarixli 36/k nömrəli əmri ləğv edilsin. İddiaçı həmin MMCdə əvvəlki vəzifəsinə bərpa olunsun, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin və onunla bağlanmış əmək müqaviləsi müddətsiz hesab olunsun. İddianın zərərin əvəzinin ödənilməsinə dair hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar