Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5344/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, Ərizəçi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X23 Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X23 Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(006)-1784/2024 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Ərizəçi əmək kitabçasının itirməsi səbəbindən əmək stajının təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X23 Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilib onun 1976-ci ildən hərbi xidmətə qədər işlədiyi müddəti və hərbi xidmət də daxil olmaqla sonrakı bütün iş stajını nəzərə almaqla ümumi iş stajının müəyyən edilməsi (27 il) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun 65 yaşı tamam olduğu üçün pensiya almaqdan ötrü "DOST" Mərkəzinə müraciət etmişdir. Onlarda onun iş stajı barədə heç bir məlumat olmadığı üçün ona pensiya yox, 220 manat məbləğində sosial müavinət təyin etmişlər. Əmək kitabçası özündə olmadığı üçün o, onlara heç bir sənəd təqdim edə bilməmişdir. O əvvəllər əmək kitabçasını almaq üçün, axırıncı iş yeri olan "Bakımühəndistikinti" trestinə müraciət etmişdir. Onlar isə ona sənədlərin arxivə təhvil verildiyini bildirmişdirlər. O arxiv idarəsinə əmək kitabçasının tapılması üçün ərizə ilə müraciət etmişdir. 1 aydan sonra əmək kitabçasının tapılmaması barədə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialından xx.xx.2023-cü il tarixli, 3- 48-2F/2-Y-08662/2023 saylı məktubla sorğusuna cavab verilərək, "Bakımühəndistikinti" trestindən arxiv sənədlərinin təhvil verilmədiyini bildirmişdilər. Onun əmək kitabçası "Bakımühəndistikinti" trestinin kadrlar şöbəsində qalmışdır. Həmin idarə fəaliyyətini dayandırdığı üçün əmək kitabçasının tapılması mümkün olmamışdır. Əmək kitabçasını başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. O, əmək fəaliyyətinə 1976-cı ilin iyul ayından “Lenin adını daşıyan toxuculuq kombinatı”nda başlamış və hərbi xidmətə gedənə qədər 1977-ci ilin iyul ayına qədər orada işləmişdir. 1977-ci ildən 1979-cu ilə qədər hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1979-cü ilin iyun ayından "Əzizbəyov" indiki Koroğlu metrosunun yanında yerləşən Lampa zavodunda fəhlə kimi işini davam etdirmişdir. Orada işlədiyi müddətdə 1981-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun qiyabi şöbəsinə daxil olmuşdur. 1986-cı ildə həmin İnstitutu bitirmişdir. Lampa zavodunda işlədiyi müddətdə mənzil növbəsinə dayanmışdır. 1987-ci ildən köçürmə yolu ilə Lampa zavodundan "Bakımühəndistikinti" trestində əmək fəaliyyətini davam etdirmişdir. Onun mənzil növbəsi də həmin trestə köçürülmüşdür. 1993-cü ildə növbəlilik əsasında həmin idarədə mənzil almış və hal-hazırda da orada yaşayır. xx.xx.1999-cu ilə qədər "Bakımühəndistikinti" trestində işləmişdir. Əmək kitabçası itdiyi üçün 1976-1999-cü ilə qədər olan iş stajını təsdiq edə bilmir. Ona görə həmin dövr üçün əmək stajının olması faktının təsdiq olunmasını istəyir. Onunla bir yerdə işləyən iş yoldaşları var və onlar bunu təsdiq edə bilərlər. xx.xx.1999-cu il tarixdən "xxxx" Şirkəti ilə aralarında əmək müqaviləsi bağlanaraq xx.xx.2003-cü il tarixə kimi taksi sürücüsü vəzifəsində işləmişdir. Onun "xxxx" Şirkətindən xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixə kimi taksi sürücüsü işləməyi Əlibayramlı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 09 oktyabr 2007-ci il tarixli, 2(106)-158/08-27 sayll qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(006)- 1784/2024 nömrəli qətnaməsi ilə ərizə qismən - ərizəçi X5 xx.xx.1980-ci il tarixindən xx.xx.1987-ci il tarixədək “Azərelektrosvet” (Lampa zavodunda), xx.xx.1987-ci il tarixindən xx.xx.1993-cü il tarixədək və xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək "Bakımühəndistikinti" trestində, xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixinədək "xxxx" Şirkətində işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməsi hissəsində təmin edilmişdir. Birinci instansiya məhkəməsi ilk olaraq Ərizəçi 1979-cu ilin iyun ayından 1987-ci ilədək lampa zavodunda işləməsinin təsdiq edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, ərizəçi onunla bir idarədə birgə işləyən iki iş yoldaşını - X14 və X9 şahid qismində məhkəməyə təqdim etmişdir. Həmin şahidlərin izahatlarından və mülki iş materiallarına əlavə edilmiş əmək kitabçalarından görünür ki, X14 xx.xx.1980-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, X15 isə xx.xx.1977-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək “Azərelektrosvet”-də (Lampa zavodunda) işləmişdirlər. Məhkəmə yuxarıdakılara əsasən hesab etmişdir ki, Ərizəçi “1979-cu ilin iyun ayından 1987-ci ilədək lampa zavodunda işləməsinin təsdiq edilməsi” tələbi qismən təmin edilməlidir. Belə ki, X14 xx.xx.1980-ci il tarixindən “Azərelektrosvet”-ə işə qəbul edildiyindən, ərizəçi 1979-cu ilin iyun ayından xx.xx.1980-ci il tarixinədək həmin təşkilatda işləməsi ilə bağlı iki şahid təqdim edə bilməmişdir (həmin dövrü təsdiq edən yalnız X6 əmək kitabçası və izahatları olmuşdur). Beləliklə, məhkəmə iddianın bu hissəsi ilə bağlı qeyd etmişdir ki, ərizə bu hissədə qismən təmin edilməli, X5 xx.xx.1980-ci il tarixindən xx.xx.1987-ci il tarixədək “Azərelektrosvet” (Lampa zavodunda) işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Daha sonra məhkəmə ərizəçi X5 1987-ci il tarixindən xx.xx.1999-cu il tarixədək "Bakımühəndistikinti" trestində işləməsinin təsdiq edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, ərizəçi onunla bir idarədə birgə işləyən iki iş yoldaşını X19 və X7 şahid qismində məhkəməyə təqdim etmişdir. Həmin şahidlərin izahatlarından və mülki iş materiallarına əlavə edilmiş əmək kitabçalarından görünür ki, X19 fasilələrlə, yəni xx.xx.1985-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, daha sonra isə xx.xx.1997-ci il tarixdən xx.xx.1999cu il tarixinədək BBTİ “Bakımühəndistikinti” trestində işləmişdir. X2 isə, fasilələrlə, yəni xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək, daha sonra isə xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək BBTİ “Bakımühəndistikinti” trestində işləmişdir. İddianın bu hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, şahidlər BBTİ “Bakımühəndistikinti” trestində fasilələrlə işlədiklərindən, onların yalnız həmin müəssisədə bir yerdə işlədikləri dövr (üst-üstə düşən tarixlər) ərizəçi X5 "Bakımühəndistikinti" trestində işləməsinin təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Beləliklə, məhkəmə iddianın bu hissəsi ilə bağlı qeyd etmişdir ki, ərizə bu hissədə də qismən təmin edilməli, Ərizəçi xx.xx.1987-ci il tarixindən xx.xx.1993-cü il tarixədək və xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək "Bakımühəndistikinti" trestində işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə həmçinin ərizəçinin “xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixə kimi "xxxx" Şirkətində işləməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, həmin fakt ƏliBayramlı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası 2(106)-158/08-27 saylı, 09 dekabr 2007-ci il tarixli qətnaməsi ilə təsdiq edildiyindən, ərizə bu hissədə təmin edilməlidir. Qətnamədən narazı qalan ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilmişdir ki, 1979cu ilin iyun ayından 1987-ci ilə kimi Lampa zavodunda işlədiyi dövrə aid arxiv sənədlərinin olub- olmaması barədə hər-hansı sübut təqdim etməmişdir. Həmin dövr üçün arxivdən məktub alaraq onlara təqdim etmişdir. Bundan əlavə qətnamədə göstərilir ki, “Bakımühəndistikinti” trestində işlədiyini iddia etdiyi ərizənin qoşmasında həmin müəssissədə onun birgə işləmiş 2 şahidin əmək kitabçasının surətini əlavə etməmişdir. O isə üç şahidin əmək kitabçasının surətini əlavə etmişdir. Fikrət adlı şahid həmin vaxt işdə olduğu üçün məhkəmədə iştirak edə bilməmişdir. Sonra qətnamədə göstərilir ki, 1976-cı il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyini iddia etdiyi dövrlər üçün arxiv sənədlərinin olmaması barədə sübut təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1784/2024 saylı qətnaməsi qismən ləğv edilməsini, ərizəsinin təmin edilməyən hissəsinin tam təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5344/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(006)-1784/2024 nömrəli qətnaməsi ərizənin təmin edilməyən hərbi xidmət də daxil olmaqla iş stajının nəzərə alınması hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin ərizənin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci bəndinə əsasən əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
307. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, qismən ləğv edilərək ərizə qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ərizənin “1979-cu ilin iyun ayından 1987-ci ilədək lampa zavodunda işləməsinin təsdiq edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, ərizəçi 1979-cu ilin iyun ayından xx.xx.1980-ci il tarixinədək həmin təşkilatda işləməsi ilə bağlı iki şahid təqdim edə bilməmişdir (həmin dövrü təsdiq edən yalnız X6 əmək kitabçası və izahatları olmuşdur). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi baxış zamanı ərizəçinin 1979-cu ilin iyun ayından 1987-ci ilədək lampa zavodunda işləməsinin təsdiq edilməsi tələbi ilə bağlı onunla bir idarədə birgə işləyən iki iş yoldaşını - X14 və X9 şahid qismində məhkəməyə təqdim etmişdir. Həmin şahidlərin ifadələrindən və mülki iş materiallarına əlavə edilmiş əmək kitabçalarından görünür ki, X14 xx.xx.1980-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, X15 isə xx.xx.1977-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək “Azərelektrosvet”-də (Lampa zavodunda) işləmişdirlər. Ərizəçinin hərbi biletindən görünür ki, iddiaçı 1977-ci ilin may ayından 1979-cu ilin may ayına qədər hərbi xidmətdə olmuşdur. Hərbi xidmətə gedərkən son iş yeri “Lenin adına toxuculuq Kombinatı” olmuşdur. X1 ifadəsindən müəyyən edilmişdir ki, o, Lampa zavodunda 1977-ci ilin fevral ayından 2005-ci ilədək işləmişdir. Ərizəçi onunla birlikdə həmin zavodda işləyirdi. Beləliklə də, ərizəçinin xx.xx.1980-ci il tarixindən xx.xx.1987-ci il tarixədək “Azərelektrosvet” (Lampa zavodunda) işləməsi iki şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Belə ki, X14 xx.xx.1980-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, X15 isə xx.xx.1977-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək “Azərelektrosvet”-də (Lampa zavodunda) işləmişdirlər. Apellyasiya baxışı zamanı isə şahid qismində dindirilmiş X12 ifadəsindən və mülki iş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, X17 xx.xx.1979-cu il tarixindən 2008-ci il tarixədək “Azərelektrosvet”-də (Lampa zavodunda) işləmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, ərizəçi 1979-cu ilin iyun ayından 1980-cı ilin mayın 12-dək Lampa zavodunda işləməsinin təsdiq edilməsi iki şahidin (Şəmiyev Mübahiz və Vəliyev Afiq) ifadələri ilə təsdiq edilmişdir. Lakin birinci instansiya məhkəməsi Ərizəçi xx.xx.1980-ci il tarixindən xx.xx.1987-ci il tarixədək “Azərelektrosvet” (Lampa zavodunda) işləməsinə dair faktı müəyyən etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ərizə qeyd olunan hissədə, yəni Ərizəçi 1979-cu ilin iyun ayından 1980-cı ilə mayın 12-dək “Azərelektrosvet” (Lampa zavodunda) işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə kollegiyası ərizənin qismən təmin edilən digər-“1987-ci il tarixindən xx.xx.1999-cu il tarixədək "Bakımühəndistikinti" trestində işləməsinin təsdiq edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni bu hissədə qismən təmin etməklə hesab etmişdir ki, şahidlər BBTİ “Bakımühəndistikinti” trestində fasilələrlə işlədiklərindən, onların yalnız həmin müəssisədə bir yerdə işlədikləri dövr (üst-üstə düşən tarixlər) Ərizəçi "Bakımühəndistikinti" trestində işləməsinin təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Apellyasiya instansiyası məhkəməsinin iclasında ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, 1984-cü il-1999-cu il tarixədək "Bakımühəndistikinti" trestində ərizəçi ilə birlikdə işləmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında ifadə vermiş X13 ifadəsində göstərmişdir ki, 1993-1999-cu illərdə "Bakımühəndistikinti" trestində-ərizəçi ilə birlikdə işləmişlər. Apellyasiya baxışı zamanı isə ərizəçi tərəfindən təqdim edilən şahidlər Hacıyev Fikrət və Qurbanov Ağamuradın ifadələrinin məzmunu əmək kitabçalarının məlumatları ilə uyğunluq təşkil edir. Göründüyü kimi, ərizəçinin xx.xx.1993-ci il tarixdən də xx.xx.1997-cu il tarixinədək "Bakımühəndistikinti" trestində işləməsi məhkəmə baxışı zamanı müəyyən edilmişdir. Belə olan halda müəyyən edilir ki, ərizəçinin "Bakımühəndistikinti" trestində xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işləməsi faktı da öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməklə həmin hissədə ərizə qismən təmin edilməli, Ərizəçi 1979-cu ilin iyun ayından 1980-cı ilin mayın 12-dək Lampa zavodunda, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək "Bakımühəndistikinti" trestində işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ərizəçinin 1976-cı ildən 1977-ci ilədək “Lenin adına toxuculuq kombinatı”nda işləməsi faktına dair sübutlar təqdim edilmədiyindən, məhkəmə kollegiyası ərizənin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(006)- 1784/2024 nömrəli qətnaməsi ərizənin təmin olunmayan hissəsində qismən ləğv edilsin. Həmin hissədə ərizə qismən təmin edilsin. Ərizəçi 1979-cu ilin iyun ayından 1980-cı ilin mayın 12-dək lampa zavodunda, xx.xx.1993-ci il tarixdən xx.xx.1997-cu il tarixinədək "Bakımühəndistikinti" trestində işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Digər hissələrdə ərizə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə