Məhkəmə qərarları › İş №2(103)-5350/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5350/2025

26.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5350/2025 26.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: müqavilənin ləğv edilməsi X1 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-1597/2025 saylı qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MTK (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 139 saylı müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, 16 mərtəbəli, 7 bloklu binanın 2-ci blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 112.7 kv.m olan 20 saylı 3 otaqlı mənzili cavabdehə satmağı, cavabdeh isə hər kv.m üçün 1.240 manat olmaqla, mənzilin 139,748 manat məbləğində müəyyən edilmiş ümumi dəyərinin 55.000 manat (39,35%) hissəsini müqavilə bağlanan gün, qalan 84.748 manat hissəsini isə (60,65%) müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş məbləğdə və qaydada 36 ay müddətinə (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 2.355 manat) ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında imzalanmış həmin müqaviləyə 2 saylı əlavəyə əsasən tərəflər mənzilin müəyyən edilmiş dəyəri üzərinə mənzilin hər kv.m. üçün əlavə 140 manat pulun ödənilməsi ilə bağlı razılığa gəlmişlər, buna uyğun olaraq qalıq borc məbləği ilə birlikdə ödənilməli olan məbləğ 49.951 manat məbləğində müəyyən edilmiş, həmin məbləğin xx.xx.2022-ci il tarixdən başlayaraq (hər ay 1.800 manat, sonuncu ay, yəni xx.xx.2024-cü il tarixdə 8.551 manat) 24 ay ərzində ödənilməsi ilə bağlı yeni cədvəl tərtib edilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubuna əsasən cavabdehin xx.xx.2025-ci il tarixli arayışa əsasən cavabdehin iddiaçıya 31.151 manat borcu vardır. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək qeyd edilən müqavilə üzrə 31.151 manat faktiki qalıq borcunun, müqaviləyə 2 saylı əlavə üzrə isə 49.951 manat borcun yarandığı bildirilmiş və 2024-cü ilin sonunadək borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi və digər tələblərlə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən həmin müqavilə üzrə xx.xx.2025-ci il tarixə olan faktiki borc məbləği 31.151 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 139 saylı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, 16 mərtəbəli, 7 bloklu binanın 2-ci blokunda, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 112.7 kv.m olan 20 saylı 3 otaqlı mənzili cavabdehə satmağı, cavabdeh isə müqavilə üzrə mənzilin hər kv.m üçün 1.240 manat olmaqla və mənzilin ümumi qiymətinin 139.748 manat müəyyən edilməklə, ilkin olaraq müqavilə bağlandığı gün 55.000 manat, qalan 84.748 manat pulu isə 36 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtı-vaxtında yerinə yetirmədiyindən xx.xx.2019-cu il tarixli müqaviləyə 2 saylı əlavəyə əsasən mənzilin dəyərinin hər bir kv.m üçün əlavə 140 manat artırılaraq yeni ödəniş cədvəli müəyyən edilmişdir. Hazırda cavabdehin müqavilə üzrə 49.951 manat borcu yaranmışdır. Cavabdehə rəsmi qaydada xəbərdarlıq göndərilsə də, o, öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-1597/2025 saylı qətnaməsi ilə iddia rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir (hakim: X3).

5. Məhkəmə iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh üzərinə düşən öhdəlikləri qismən də olsa yerinə yetirmiş, mənzilin dəyərinin əsas borc hissəsini ödəmişdir. Həmçinin iddiaçı tərəflər arasında xx.xx.2019-cu il tarixli müqaviləyə 2 saylı əlavəyə əsasən mənzilin dəyərinin hər bir kv.m üçün əlavə 140 manat artırılaraq yeni ödəniş cədvəli müəyyən edildiyini qeyd etsə də, həmin əlavə məhkəməyə təqdim edilməmişdir. İddiaçı 31.151 manat borca görə müqavilənin ləğvini tələb etsə də, həmin borcun olmasını rəsmi olaraq sübuta yetirə bilməmiş, həmçinin əsas borca qalan məbləğ cavabdeh tərəfindən ödənilmiş və iddiaçı tərəfindən qəbul edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü, 421.2-ci, 560-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci, 14.2, 77.1-ci, 88-ci, 217.2-ci, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı MTK qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddianın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmiş və mənzili cavabdehə təhvil vermişdir. Lakin Cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Müqavilənin 2.10-cu bəndinə əsasən əgər bu müqavilədə ilkin ödəniş ödənilməzsə və ya ödəniş cədvəlinin tələbi il ərzində ardıcıl olaraq 2 dəfədən çox pozularsa “İcraçı” bu müqaviləni 1 ay əvvəl xəbərdarlıq etmək şərti ilə birtərəfli qaydada ləğv edə bilər, “Sifarişçi”nin mənzilə görə ödədiyi vəsaiti mənzili satdıqdan sonra həmin müqavilənin 4.3-cü bəndində göstərilən məbləğlər çıxılmaqla qalan məbləğ “Sifarişçi”yə qaytarılır. İddiaçı MTK və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 139 saylı müqavilənin 3.1.3-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş mənzilin dəyəri tam şəkildə ödənilmədikdə və ya aylıq ödənişlərdə gecikmələr yarandıqda “İcraçı”nın, yəni İddiaçı MTK-nın bu müqaviləni birtərəfli qaydada ləğv etmək və mənzili 3-cü şəxsə satmaq hüququnun olduğu öz əksini tapmışdır. xx.xx.2019-cu il tarixli, 139 saylı müqaviləyə əsasən Cavabdeh mənzilin dəyərini ödəniş qrafikinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin iş materiallarından aydın olur ki, cavabdeh ödənişləri müəyyən olunmuş qrafik üzrə etməmiş və dəfələrlə gecikmələrə yol vermişdir. Məhkəmə cavabdehin öhdəliklərini icra etməməsi faktını tam araşdırmamış və bunun müqavilənin əhəmiyyətli pozuntusu olub-olmamasına hüquqi qiymət verməmişdir. Cavabdeh müqavilənin və Əlavə 2-nin lazimi qaydada icra edilməsi barədə heç bir konkret sübut təqdim etməmişdir. Məhkəmə iddianın əsassız olduğunu araşdırmalı və sübutlar əsasında qərar verməli idi. Çünki iddianın əsasını təşkil edən “müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi” məsələsi məhz sübut edilməli idi. Lakin birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi arayış əsasında qətnamə qəbul etmiş, işə düzgün qiymət verməmiş, bu da işin düzgün araşdırılmamasına səbəb olmuşdur. xx.xx.2019-cu il tarixli müqaviləyə edilmiş 2 saylı əlavə ilə mənzilin hər 1 kv.m dəyəri əlavə olaraq 140 manat artırılmış və yeni ödəniş qrafiki müəyyən edilmişdir. Cavabdeh bu şərtlərə əməl etməmişdir. Birinci instansiya məhkəməsi həmin əlavə müqavilənin hüquqi qüvvəsini və tərəflər üçün məcburiliyini qiymətləndirməmiş, nəticədə işin halları tam araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, iddianın və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə sonradan əlavə saziş də bağlanmış və ödəniş məbləği artırılmaqla yanaşı öhdəliklərin icrası müddəti də uzadılmışdır. Lakin bundan sonra da cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdeh tərəfindən həqiqətən də xx.xx.2025-ci il tarixdə müqavilənin icrası qaydasında 15.000 manat məbləğində pul ödənilmişdir. Lakin həmin pul məbləği artıq cavabdehə qaytarılmışdır. Onun hazırda da iddiaçıya qeyd edilən müqavilə üzrə 31.151 manat məbləğində borcu qalmaqdadır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, onların arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlandıqdan sonra həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və müəyyən edilmiş məbləğlərdə ödənişlər apara bilməmişdir. İddiaçı da münasibətlərin davam etdirilməsi üçün mənzilin hər kv.m üçün əlavə 140 manat məbləğində pul tələb etmişdir. O da mənzili itirməmək üçün məcbur olub onun bu şərti ilə razılaşmış və bunun nəticəsi olaraq aralarında 2022-ci ildə həmin müqaviləyə 2 saylı əlavə imzalanaraq yeni ödəniş cədvəli tərtib edilmişdir. Lakin ödəniş cədvəlinə uyğun ödənişləri edə bilməsə də, nəticədə yaranmış bütün borcunu ödəmək istəmiş, onda da artıq iddiaçı ondan ödənişi qəbul etməkdən imtina etmişdir. Bundan sonra isə ona pretenziya məktubu göndərərək, mövcud borcun ödənilməsini təklif etmişdir. Həmin təklifə uyğun olaraq yenə də kooperativə gedib ödəniş etmək istəsə də, iddiaçı buna razı olmamış və yenə də mənzilin hər kv.m üçün əlavə pul tələb etmişdir. O isə hər hansı yeni şərtlə razılaşmamışdır. İddiaçı da hazırki iddianı qaldırmışdır. Bundan sonra da o, qalıq borc məbləğini ödəmək üçün cəhdlər etmiş və nəticədə xx.xx.2025-ci il tarixdə bu məbləğin 15.000 manatını ödəyə bilmişdir. Həmin məbləğ ondan iddiaçı kooperativin əməkdaşı tərəfindən qəbul edilmiş və bununla bağlı müvafiq dəftərdə qeydiyyat aparılaraq onun borcunun 16.151 manat qaldığı göstərilmişdir. Lakin iddiaçı kooperativin rəhbəri bu məbləğdə ödənişi qəbul etmir, belə bir tapşırıq vermədiyini vurğulayır. xx.xx.2025-ci il tarixdə isə o kooperativə dəvət edilmiş və həmin vaxt ödəmək istədiyi qalıq borc ondan qəbul edilməmiş, əksinə ödənilmiş 15.000 manat pul ona qaytarılmışdır. Qalan məbləğ ondan qəbul edilmədiyindən o, 15.000 manat pulu geri götürməyə razılaşmışdır. Əsas məqsədi də bu məbləği, qalan 16.151 manat borc məbləği ilə birlikdə ödəmək olmuşdur. Bu məqsədlə də həmin məbləği xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-də açılmış hesaba yerləşdirmişdir. Həmin məbləğ hazırda qeyd edilən bank təşkilatında açılmış müvafiq hesabdadır və iddiaçı maneəsiz şəkildə həmin məbləği götürə bilər. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, Cavabdeh mövqeyindən çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh qeyd edilən müqaviləyə bağlanmış əlavəyə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə ödəniş etməsə də, əlavə ilə müəyyən edilmiş müddət bitmədən cavabdeh qalıq qalmış borcunu ödəmək istəmiş, lakin iddiaçı bu ödənişləri qəbul etməkdən imtina etmiş, hətta 2025-ci ilin aprel ayında öhdəliyin icrası qaydasında 15.000 manat pul cavabdehdən qəbul edilsə də, sonradan bu məbləğ də ona qaytarılmışdır. Bu səbəbdən öz mövqeyinin təsdiqi olaraq cavabdeh həmin məbləği qalan borc məbləği ilə birlikdə bankda açılmış hesaba yerləşdirmişdir. İddiaçı istənilən vaxt bu məbləği götürə bilər. Bu ödəniş nəzərə alındıqda cavabdehin qeyd edilən müqavilə üzrə iddiaçı qarşısında icra olunmamış öhdəliyi qalmamışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, habelə icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır; 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır; 446.6-cı maddəsinə əsasən əgər təklif edilmiş icra vaxtınadək borclu kreditorun hərəkəti üçün təyin edilmiş müddət ərzində öhdəliyi icra etməyə qadir deyildirsə, kreditor icranı gecikdirmiş sayılmır; 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur; 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 139 saylı müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, 16 mərtəbəli, 7 bloklu binanın 2-ci blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 112.7 kv.m olan 20 saylı 3 otaqlı mənzili cavabdehə satmağı, cavabdeh isə hər kv.m üçün 1.240 manat olmaqla, mənzilin 139,748 manat məbləğində müəyyən edilmiş ümumi dəyərinin 55.000 manat (39,35%) hissəsini müqavilə bağlanan gün, qalan 84.748 manat hissəsini isə (60,65%) müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş məbləğdə və qaydada 36 ay müddətinə (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 2.355 manat) ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında imzalanmış həmin müqaviləyə 2 saylı əlavəyə əsasən tərəflər mənzilin müəyyən edilmiş dəyəri üzərinə mənzilin hər kv.m. üçün əlavə 140 manat pulun ödənilməsi ilə bağlı razılığa gəlmişlər, buna uyğun olaraq qalıq borc məbləği ilə birlikdə ödənilməli olan məbləğ 49.951 manat məbləğində müəyyən edilmiş, həmin məbləğin xx.xx.2022-ci il tarixdən başlayaraq 24 ay ərzində ödənilməsi ilə bağlı yeni cədvəl tərtib edilmişdir.

20. Hazırda iddiaçı qeyd edilən xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyini, müqaviləyə 2 saylı əlavəyə əsasən öhdəliklərin icra müddəti daha 2 il müddətinə (son ödəniş tarixi xx.xx.2024-cü il) uzadılmasına baxmayaraq, cavabdeh tərəfindən bu əlavəyə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlərin aparılmadığını, nəticədə 31.151 manat borcun yarandığını, 2024-cü ilin oktyabr ayında cavabdehə pretenziya göndərilərək, bu borcun 2024-cü ilin oktyabr ayının sonunadək ödənilməsini tələb etsə də, bunun da bir nəticəsinin olmadığını bildirir və aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsini, müqavilənin predmeti olan mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb edir.

21. Cavabdeh iddianı qəbul etmir, ödənişlərin icrasını əvvəllər gecikdirsə də, sonradan, lakin yenə də müqavilə müddəti bitməmiş yaranmış 31.151 manat borcu ödəmək istədiyni, lakin iddiaçının bu məbləği qəbul etmədiyini, ona pretenziya göndərildikdən sonra da ödəniş etmək istəsə də, iddiaçının yenə də borc məbləğini ondan qəbul etməkdən imtina etdiyini, yalnız hazırki iddiaya baxılan zaman, yəni 2025-ci ilin aprel ayında borc məbləğinin 15.000 manat hissəsinin ondan qəbul edildiyini, qalan məbləğin də qəbul edilməsi əvəzinə xx.xx.2025-ci il tarixdə bu məbləğin ona qaytarıldığını, bu səbəbdən öz mövqeyinin təsdiqi olaraq bütün borc məbləğini xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-də açdırdığı hesaba yerləşdirdiyini və bu məbləğin hazırda həmin hesabda olduğunu, iddiaçının həmin məbləği maneəsiz qəbul etmək imkanının olduğunu vurğulayır və iddianın (hazırda da apellyasiya şikayətinin) rədd dilməsini tələb edir.

22. Məhkəmə kollegiyası tərəflər arasında yaramış müqavilə münasibətləri ilə bağlı ilk növbədə qeyd edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdehin əldə etdiyi mənzilin 1 kv.m sahəsinin dəyəri 1.240 manat, ümumi sahəsi 112,7 kv.m olan mənzilin dəyəri isə 139.748 manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında 2022-ci ilin oktyabr ayında bağlanmış həmin müqaviləyə 2 saylı əlavəyə əsasən mənzilin hər bir kv.m sahəsi üçün əlavə 140 manat və bunun nəticəsi olaraq ümumi borc məbləği 49.951 manat məbləğində müəyyən edilmişdir. Belə çıxır ki, cavabdeh 2 saylı əlavəni (49.951 – (140 manat x 112 kv.m) 15.680 = 34.271) müqavilə üzrə 34.271 manat borclu olduğu bir halda bağlamış və müqavilə müddətinin bitməsinə baxmayaraq, öhdəliyini icra edə bilməməsi səbəbindən həmin məbləğdə borcun yarandığı bir halda, əlavə olaraq da üzərinə 15.680 manat ödəmək öhdəliyini götürmüşdür.

23. Bununla da cavabdeh hüquqi nəticə etibarı ilə iddiaçının təşəbbüsü ilə həmin müqavilənin 2.10-cu (əgər bu müqavilədə ilkin ödəniş ödənilməzsə və ya ödəniş cədvəlinin tələbi il ərzində ardıcıl olaraq 2 dəfədən çox pozularsa “İcraçı” bu müqaviləni 1 ay əvvəl xəbərdarlıq etmək şərti ilə birtərəfli qaydada ləğv edir, mənzili “Sifarişçi”nin razılığı olmadan 3-cü şəxsə sata bilər. Mənzil satıldıqdan sonra bu müqavilənin 4.3-cü bəndində göstərilən məbləğlər çıxılmaqla qalan məbləğ “Sifarişçi”yə qaytarılır), habelə 3.1.3-cü (bu müqavilədə nəzərdə tutulmuş mənzilin dəyəri tam şəkildə ödənilmədikdə və ya aylıq ödənişlərdə gecikmələr yarandıqda “İcraçı”nın bu müqaviləni birtərəfli qaydada ləğv etmək və mənzili 3-cü şəxsə satmaq hüququ var) bəndlərinin tətbiqinin qarşısını almaq məqsədi ilə özü üçün son dərəcə əlverişsiz şərtlərlə 2 saylı əlavə bağlamağa məcbur olunmuşdur (həmin 2 saylı əlavə birinci instansiya məhkəməsində təqdim edilməsə də, məhkəmə kollegiyası hər iki tərəfin belə bir əlavə bağlandığını bildirməsini nəzərə alıb, həmin sənədi apellyasiya instansiya məhkəməsindəki icraatda qəbul etmişdir). Lakin məhkəmə kollegiyası cavabdehin bu əlavəni mübahisələndirmədiyini və orada göstərilən məbləği də ödəməyə hazır olduğunu (artıq bank hesabına da yerləşdirdiyini) bildirməsini nəzərə alıb, onun etibarsızlığına hüquqi qiymət vermir, sadəcə olaraq bu halı qeyd edir.

24. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrası müddəti ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, 2 saylı əlavəyə əsasən sonuncu ödəniş 8.551 manat məbləğində olmaqla xx.xx.2024-cü il tarixdə həyata keçirilməli idi. Həmin tarixə cavabdehin müqavilə üzrə 31.151 manat məbləğində borcu yaranmışdır. Bu halın mövcudluğu cavabdeh tərəfindən öhdəliklərin lazımi qaydada icra edilmədiyini təsdiq edir. Lakin iddiaçı cavabdehə göndərdiyi pretenziya məktubunda bu məbləğin 2024-cü ilin oktyabr ayının sonuna qədər ödənilməsini tələb etməklə (ona bu barədə xəbərdarıq etməklə) nəticə etibarı ilə ona icraya marağını itirmədiyini və icranı qəbul etməkdən imtina etmədiyini bəyan etmiş və qalıq borc məbləğinin həmin tarixədək ödənilməsi imkanını yaratmışdır və bu müddət çatanadək müqavilədən imtina edə bilməzdi.

25. İşin halları, cavabdehin mövqeyi, o cümlədən qalıq borcun ödənilməsi istiqamətində atdığı addımlarlar, habelə bu məsələdə iddiaçının hərəkətləri cavabdehin xəbərdarlıq müddəti ərzində, yəni 2024-cü ilin oktyabr ayının sonunadək öhdəliyi icra etməyə (31.151 manat qalıq borcu ödəməyə) qadir olduğunu, əksinə bu öhdəliyin iddiaçının gecikdirməsi nəticəsində icra edilə bilmədiyini təsdiq edir. Bu da cavabdehi icranı gecikdirmiş tərəf kimi qiymətləndirilməsini istisna edir.

26. Belə ki, xəbərdarlıq müddəti bitdikdən iki ay sonra, yəni 2025-ci ilin yanvar ayında iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış müqavilənin ləğv edilməsini tələb etsə də, bundan 3 ay sonra, yəni 2025-ci ilin aprel ayında həmin borc məbləğinin 15.000 manat hissəsi iddiaçı tərəfindən qəbul edilir. Buna baxmayaraq, bu hadisədən sonrakı tarixə aid olan maliyyə arayışında bu ödənişin aparıldığı qeyd edilməyərək, cavabdehin 31.151 manat məbləğində borcunun olduğu göstərilir. Apellyasiya şikayətində də 15.000 manat ödəniş barədə hər hansı fikir söylənilmir. Halbuki, cavabdehin təqdim etdiyi fotoşəkildə əks olunmuş və üzərində “BİNA 2 – MƏNZİL 20” yazıları olan müvafiq səhifədə (i.v. 66) cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 15.000 manat ödənildiyi və onun 16.151 manat məbləğində borcunun qaldığı qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili də cavabdeh tərəfindən belə bir ödənişin aparıldığını və həmin məbləğin hazırda iddiaçının kassasında olduğunu, bu ödənişin işə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçının (onun rəhbərliyinin) razılığı ilə qəbul edildiyini bildirmişdir. Belə olan halda, iddiaçının sonradan bu ödənişi qəbul etməməsi mövqeyindən çıxış etməsi, habelə 8 ay sonra, yəni xx.xx.2025-ci il tarixdə onu cavabdehə qaytarması öhdəliyin bu hissədə icrasının qəbul edilməməsi anlamına gəlmir, belə bir hüquqi nəticə yaratmış olmur. Əksinə müqavilənin ləğvini tələb edən tərəf olaraq, qalıq borcun 15.000 manat hissəsini qəbul etməklə iddiaçı hüquqi nəticə etibarı ilə icranı qismən qəbul edərək, müqavilə münasibətlərində qaldığını bəyan etmiş və ləğv etmə barədə iradə bəyanını dolayısı ilə geri çəkmiş durumuna düşmüşdür. Bu baxımdan mövcud vəziyyətdə iddiasını müdafiə etməklə iddiaçı ümumiyyətlə ziddiyyətli, vicdanlığa zidd bir davranış nümayiş etdirmiş olur.

27. Bundan başqa, cavabdeh 2024-cü ilin oktyabr ayında, hətta ona pretenziya məktubu göndərildikdən sonra da 31.151 manat borcunu ödəmək istədiyini, lakin iddiaçının ondan bu məbləği qəbul etmədiyini, bu məbləği işə birinci instansiya məhkəməsində baxılan zaman da ödəməyə hazır olduğunu, bunun təsdiqi olaraq 15.000 manat ödədiyini bildirir, işə apellyasiya instansiya məhkəməsində baxılan zaman da qalıq 16.151 manat borcu ödəməyə hazır olduğunu vurğulayır və xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən ona 15.000 manat qaytarılarkən, həmin məbləğə qalıq qalmış borcu (16.151 manat) əlavə etməklə 31.151 manat pulu növbəti günü, yəni xx.xx.2026-cı il tarixdə "xxxx" ASC-də açdırdığı hesaba yerləşdirir və bu halı təsdiq edən qəbzi məhkəməyə təqdim etməklə, həmin pulun iddiaçı tərəfindən maneəsiz götürülməsinin mümkün olduğunu bildirir.

28. Məhkəmə kollegiyası 25-27-ci bəndlərdə göstərilənləri, habelə iddiaçı tərəfindən öhdəliyin 2024-cü ilin oktyabr ayının sonunadək icra edilməsinin tələb edilməsini və bununla da bu tarixədək öhdəliyin icrasının mümkünlüyün təsbit edilməsini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdeh öhdəliyin icrasını gecikdirməmiş, məhz iddiaçı vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etməyərək, icranı gecikdirmişdir. Göstərilənlər iddianın (həmçinin, törəmə tələblər olan mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsində) təmin edilməsini istisna edir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və şikayətin təmin edilməməsini şərtləndirir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 1597/2025 saylı qətnaməsi İddiaçı MTK-nın apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı MTK-ya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar