Məhkəmə qərarları › İş №2(103)-5352/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5352/2022

04.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5352/2022 04.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Zolfi Bakhshalının Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı Zolfi Bakhshalinin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə Zolfi Bakhshalinin Cavabdeh qarşı “cavabdehin öz əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən 384 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Zolfi Bakhshalının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli 10 saylı məktubuna əsasən, Zolfi Bakhshalının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 384 nömrəli mənzildə X3 ailəsi ilə birlikdə yaşayır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2021-ci il il tarixli qətnaməsi ilə X1 cavabdehlər "xxxx" MTK-ya, X2, Zolfi Bakhshaliyə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MTK-nın Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan iki otaqlı 384 saylı mənzilinin Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin onun adına rəsmiləşdirilməsi, kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzilin X2 məxsus həmin ünvanda yerləşən 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, “Şərur" MTK-nın 12 Mart 2020-ci il tarixli 06 saylı protokolun və həmin tarixli borcun olmamasına dair arayışın ləğv edilməsi” barədə iddia tələbləri təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

4. Həmin iş üzrə cavabdeh X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır. Atası ilə iddiaçı arasında razılaşma olub ki, 384 saylı mənzildə onlar, 385 saylı mənzildə isə iddiaçı və ailəsi yaşayacaq, gələcəkdə də evin çıxarışları alınanda bir-birlərinə alqı-satqı ilə satacaqlar. Sonra bildirmişlər ki, həmin mənzildə minimum 5 il yaşamalısan ki, alqısatqı edəndə artıq vergi ödəməyəsən. Onlar da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, onlardan artıq pul istəmişlər ki, mənzillərin dəyişməsi qeydə alaq, onlar da pul verməmişlər. Faktiki olaraq evləri dəyişdirmişlər. Lakin sonradan mənzilə görə narahat olmuş, öz mənzilinə, yəni 385 saylı mənzilə çıxarış almışdır. İddiaçı notariusda mənzilin başqa şəxsin adına dəyişdirilməsi barədə ərizə verən zaman, atası rayonda imiş, həmin vaxt atası ərizə verməmişdir. Lakin mənzilləri 2014-cü ildə faktiki dəyişdirmişlər.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. Zolfi Bakhshalı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin özünə aid əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 384 nömrəli mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, dəyərini tam ödəyərək ünvan 1 ünvanında yerləşən 384 nömrəli mənzili almış, mənzil xüsusi mülkiyyət hüququ ilə adına qeydiyyatdan keçirilmişdir. Mənzili tanışı Harınova Aybənizə tapşıraraq qorumağı həvalə etmiş, lakin 2021-ci ilin sonunda mənzilinə gedərkən orada cavabdehin öz ailəsi ilə yaşadığının şahidi olmuşdur. Məsələni aydınlaşdıranda məlum olmuşdur ki, tanışı Harınova Aybəniz mənzili ondan xəbərsiz Cavabdeh, sonuncunun dediyinə görə kirayəyə vermişdir. Bunu biləndən sonra mülkiyyətində olan mənzildən cavabdehin çıxmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə mənzildən çıxmır və hazırda orada özü tək yaşayır. Cavabdehin onun mənzilindən çıxmaması həm ona ciddi şəkildə maddi ziyan vurur, həm də mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur.

8. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir və mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəblə, iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır.

9. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 152-ci və 157-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinə istinad etmişdir.

10. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğu, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığı, iddiaçının mənzilin dəyərini ödəmədiyini nəzərə almadığı, mənzildə onun ailə üzvləri də yaşadığı halda, onlara münasibətdə heç bir qərar qəbul etməməklə qanunvericiliyin tələbinə əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

11. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda qeyd olunduğu kimi, ünvan 1 ünvanında yerləşən 384 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Zolfi Bakhshalının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır və mənzildə hazırda Cavabdeh ailə üzvləri ilə birlikdə yaşamaqla, iddiaçının evə sahibliyinə maneə yaratmaqdadır.

25. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

27. İşin müəyyən olunan hallarından göründüyü kimi, cavabdehin mübahisəsi gedən mənzil üzərində hər hansı hüquqları mövcud deyildir və onun iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan mənzildə mülkiyyətçinin iradəsinin əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadə və mənzildən çıxmaqdan imtina etməsi, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Apellyatorun müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi iddia tələbini haqlı olaraq təmin etmişdir.

28. İddiaçının mübahisəsi gedən mənzilin dəyərini ödədmədiyi barədə cavabdehin apellyasiya şikayətində irəli sürülənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, heç bir sübuta əsaslanmadan irəli sürülən həmin arqument mülkiyyətçinin hazırkı iddiası baxımından əhəmiyyətli deyildir; Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış prinsipə əsasən isə, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.

29. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1771/2022 saylı iş üzrə 07 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar