Məhkəmə qərarları › İş №2(103)-5352/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5352/2023

17.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5352/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh X1 (X9, X15 və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən çıxarılma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların, həmçinin İddiaçı3 vəkili Nümayəndə, Cavabdeh X3 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1638/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X15 və X7) qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə Cavabdeh 14 aprel 2006-cı il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində 297 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə rəsmi nikahından iki əkiz övladları - xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci i il təvəllüdlü X10 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qətnaməsi əsasında İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış rəsmi nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 122 nömrə ilə qeyd edilmişdir. Tərəflər hələ rəsmi nikahda olduqları dövrdə cavabdeh B.Nadirə iddiaçılar İddiaçı1 və Zenfira Babayevaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun gəlin köçdüyü ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(010)-4130/2020 saylı qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. Daha sonra qeyd olunan iş üzrə cavabdeh qismində çıxış edən İddiaçı1 və Zenfira. Mübahisə predmeti olan mənzil 1932-ci ildə inşa edilmişdir. Mənzil X4 məxsus olmuş, 1991-ci ilədək həmin mənzildə yaşamış və 1991-ci ildə orada vəfat etmişdir. Mənzilə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Xalq Deputatları İcraiyyə Komitəsi tərəfindən 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” pasport verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyətinə verilmişdir. Belə ki, Cavabdeh hələ İddiaçı1 ilə birgə rəsmi nikahda olduqları dövrdə cavabdehin sözügedən mənzil sahəsinə köçürülməsi ilə bağlı qətnamə qəbul edilmişdir. Tərəflərin rəsmi nikahı məhkəmə qətnaməsi əsasında pozulmuş və hazırda cavabdehin sözügedən mənzil sahəsində yaşamaq hüququnun olması iddiaçıların mülkiyyət hüququnu keçirmələrini və həmin evdən istifadə etmələrini qeyri mümkün etmişdir. Cavabdeh sözügedən mənzil sahəsinin tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iddiaçılarla hər hansı notariat qaydasında təqsidlənən razılaşması yoxdur. Əgər belə bir razılaşma yoxdursa, yaşayış yerinin mülkiyyətçisi ilə ailə münsibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bundan əlavə, cavabdeh mübahisəli mənzilə iddiaçının ailə üzvü kimi köçdüyündən, onun mənzilə istifadə hüququ yaranmışdır. Lakin qohumluq münasibətinə cavabdehin İddiaçı1 ilə rəsmi nikahının pozulması ilə xitam verildiyindən onun həmin tarixdən etibarən iddiaçının keçmiş ailə üzvü kimi mənzilə istifadə hüququ itirilmişdir.

3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1638/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Rübabə Qafarova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsində yerləşən 9 saylı evdən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, hazırda mübahisəli fərdi yaşayış evində cavabdehin istifadə hüququ vardır. Belə ki, o, mübahisəli təsərrüfata hələ 2006-cı il tarixdə İddiaçı1lə ailə quraraq köçmüş və bugünədək həmin evdə yaşamışdır. Hazırki iş üzrə iddiaçı isə ümumiyyətlə hazırda qeyd edilən mənzildə yaşamır və uzun müddət yaşamamışdır. Bu isə onu göstərir ki, iddiaçı – cavabdehin keçmiş əri sırf cavabdehi mənzildən çıxarmaq üçün mənzilin rəsmiləşdirilməsi zamanı bacısının xeyrinə öz payından imtina etmişdir, lakin məhkəmə bu halı araşdırmamış, fərdi yaşayış evinin rəsmiləşdirilməsinə əsas olmuş arxiv sənədlərini əldə etməmişdir.

5. Hazırki iddia üzrə mübahisəli fərdi yaşayış 4 mülkiyyətçinin ümumi paylı mülkiyyətindədir və İddiaçı2 digər mülkiyyəçilərin razılığını almamış cavabdehin ümumilikdə bütün təsərrüfatdan çıxarılması barədə iddia irəli sürmüş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Halbuki məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirəm ki, İddiaçı2 payı naturada ayrılmamışdır və bu səbəbdən onun cavabdehi ümumi paylı mülkiyyətdə olan əmlakdan çıxarmaq hüququ yoxdur. O, əvvəl payının naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etməli və payları naturada ayrıldıqdan sonra cavabdeh onun mülkiyyətində olan hissədə yaşayırsa hazırki iddia ilə məhkəməyə müraciət edə bilərdi.

6. Belə ki, cavabdeh mübahisəli mənziləköçürülən zaman mənzil özbaşına tikili olmuş və heç kimin mülkiyyətində olmamışdır. Nə zaman ki, cavabdeh evə köçürülmə tələbinə dair iddia vermiş və mənzilə köçürülməsi təmmin edilmişdir bundan sonar iddiaçılar mənzilin özəlləşdirilməsinə başlamışlar. Məhkəmə burada yalnız mənzilə dair çıxarışın olmasına hüquqi qiymət vermiş, lakin çıxarışın hansı qaydada alınmasına, cavabdehin keçmiş ərinin həmin mənzil özəlləşdirilərkən payının olub-olmamasına, hansı əsasla 3/6 hissədə payın sırf cavabdehin keçmiş ərinin bacısına verilməsini araşdırmamışdır.

7. Birinci instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evinin digər mülkiyyətçilərini işə üçüncü şəxs qismində cəlb etməsinə baxmayaraq, onların fikrini öyrənməmişdir. Hazırda İddiaçı2 mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehin çıxarılması qənaətinə gəlsə də, nəzərə almamışdır ki, qeyd edilən fərdi yaşayış evi paylı mülkiyyət olmaqla 4 nəfərin mülkiyyətindədir. İddiaçı2 qeyd edilən mülkiyyətçilərdən yalnız biridir və hazırda mübahisəli fərdi yaşayış evi naturada bölünməmişdir. Bu isə cavabdehin fərdi yaşayış evinin hansı hissəsindən çıxarılması məsələsinin açıq qalmasına gətirib çıxarır. Digər mülkiyyətçilərin belə bir tələbi olmadığı məhkəmənin cavabdehi bütünlüklə fərdi yaşayış evindən çıxarması maddi və prosessual hüquq normalarının pozulmasıdır.

8. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, bildirdi ki, hazırkı əmlak 4 şəxsin paylı mülkiyyətindədir, paylar naturada ayrılmamışdır. İddiaçı2 3/6 paya sahibdir. Hesab edir ki, İddiaçı2 subyektiv hüququ yoxdur. Digər payı olan şəxslər də iddia qaldırmalı idi. İddia qaldırılarkən onların razılığı alınmamışdır. Cavabdeh 2006-cı ildə həmin ünvana köçüb, lakin həmin dövrdə İddiaçı2 həmin ünvanda yaşamırdı. Əmlak 6 paya bölünüb. Həmin payların içində Mehmanın da payı olub, lakin müdafiə etdiyi şəxsi oradan çıxarmaq üçün bu yola əl atıblar.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, o, həmin evdə yaşamaq istəyir, lakin Cavabdeh onu evə buraxmır, anası orada yaşayır, anasının yanına gedə bilmir, Cavabdeh qeydiyyatı olduğu ünvan var, evini kirayə verib. Uşaqları eyni evin içində atası ilə görüşməyə icazə vermir, atası mülkü ona vəsiyyət edib.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi.

14. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

16. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)- 4130/2020 saylı (hakim A.Qasımovun sədrliyi ilə) qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh ünvan 3 ünvanına köçürülməsi qət edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-6984/2021 saylı (hakim R.Eyvazovun sədrliyi ilə) qətnaməsindən görünür ki, İddiaçı Cavabdehlər İddiaçı1 və X2 qarşı “evə köçürülmə" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(010)- 4130/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(010)- 4130/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında nikah xx.xx.2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur.

19. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1A 1/6 hissədə X5, 1/6 hissədə X8, 1/6 hissədə X6 və 3/6 hissədə İddiaçı2 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası

20. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarı: Müraciətdə qaldırılan məsələlər kontekstində qeyd olunmalıdır ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).

26. Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir.

27. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün şlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir.

28. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.

29. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir.

30. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur.

31. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

37. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

38. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

39. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

43. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

45. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh şikayətinə əsasən iddia tələbinin ona aid hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Kollegiya qeyd edir ki, Cavabdeh Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-4130/2020 saylı qətnaməsi ilə körülüdyü hazırkı fərdi yaşayış evi həmin vaxt qeydiyyatı olmayan əmlak olsa da, hazırda əmakın hüquqi rejimi dəyişmişdir, əmlak xüsusi mülkiyyətdədir.

48. Belə ki, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1A 1/6 hissədə X5, 1/6 hissədə X8, 1/6 hissədə X6 və 3/6 hissədə İddiaçı2 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır.

49. Həmin paylı mülkiyyətdə olan evin 3/6 hissədə mülkiyyətçisi İddiaçı2 Cavabdeh həmin evdən çıxarılmasını tələb etmişdir.

50. Kollegiya qeyd edir ki, İddiaçı2 ilə Cavabdeh arasında Mülki Məcəllənin 228-ci maddəsinin tələbinə uğun şəkildə, Cavabdeh yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən notarial qaydada bağlanmış, həm də müvafiq qaydada reyestrdə qeydə alınmış müqavilə yoxdur.

51. Eləcə də, müəyyən olunmuşdur ki, Cavabdeh evin mülkiyyətçisi İddiaçı2 ailə üzvü də deyildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

52. Belə olan halda müəyyən olunur ki, İddiaçı2 hazırkı iddia tələbi əsaslıdır, bu səbəbdən də, rayon məhkəməsi onun iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

53. Apellyasiya şikayətində çıxarışın hansı qaydada alınmasının araşdırılmaması, cavabdehin keçmiş ərinin İddiaçı2 xeyrinə öz payından sırf Cavabdeh evdən çıxartmaq üçün imtina etməsi barədə dəlili üzrə Məhkəmə Kollegiyası qeyd edir ki, həmin məsələnin hazırkı mübahisənin həlli üçün hər hansı əhəmiyyəti yoxdur.

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmlakın paylı mülkiyyətdə olması və digər payçıların razılığı olmadan İddiaçı2 hazırkı iddia tələbini vermək hüququnun olmaması, eləcə də əmlak naturada bölünmədiyindən Cavabdeh əmlakın hansı hissəsindən çıxarılması məsələsinin açıq qalması barədə dəlili üzrə aşağıdakıları qeyd edir.

55. Mülki Məcəllənin 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

56. Hazırkı halda mülki iş materiallarından müəyyən olunur ki, paylı mülkiyyətçilər arasında həmin əmlakın bölünməsi barədə razılaşma olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolundan görünür ki, 1/6 hissədə mülkiyyətçi X15 izahatında bildirmişdir ki, həmin həyət dədə-babadan qalıb, bu yaxınlarda çıxarış alınıb, üç sot onlara, yəni 1 sot ona, 1 sot anasına, bir sot bacısına, 3 sot əmisi qızı İddiaçı2 ayrılıb, onların hazırkı tələbdə olan həyətə heç bir aidiyyəti yoxdur, çünki həyət ayrılıb, qapıları da ayrıdır. Hər halda əmisi qızı nə dəyir onu deyəcək (i/v 61).

57. Göründüyü kimi hazırkı paylı mülkiyyətdə olan əmlak tərəflər arasında razılaşmaya əsasən bölünmüşdür. Bu da Mülki Məcəllənin 220.1-ci maddəsinin tələblərinə uyğundur. Bununla da məlum olur ki, apellyasiya şikayətinin yuxarıda qeyd edilən paylı mülkiyyətin bölünməməsi barədə, eləcə də hazırkı iddia tələbi ilə bağlı digər paylı mülkiyyətçilərin razılığının alınmaması barədə dəlilləri də əsassızdır.

58. Bundan başqa Mülki Məcəllənin 215.4-cü maddəsinə görə, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Nəticə:

59. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh özünə aid edilməlidir.

61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1638/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar