Məhkəmə qərarları › İş №2(103)-5355/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5355/2023

04.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5355/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilin boşaldılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1649/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilin boşaldılması və boş vəziyyətdə təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, ev 189-dan ç çıxardılaraq həmin mənzilin boşaldılmasına və boş vəziyyətdə təhvil verilməsinə, dövlət rüsumu kimi ödənilmiş 100 manat vəsaitin cavabdehlərdən alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8836/2021 saylı mülki iş üzrə 27 oktyabr 2021ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(010)- 2223/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Qocayeva Gülnar Ziyəddin qızının ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 2715/2022 nömrəli qərarına əsasən cavabdeh Qocayeva Gülnar Ziyəddin qızının kassasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8836/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-3764/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı məxsus ünvan 2 ünvana pasport qeydiyyatından xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin-42-də qeydiyyatdadırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilin boşaldılması və boş vəziyyətdə təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, ev 189-dan ç çıxardılaraq həmin mənzilin boşaldılmasına və boş vəziyyətdə təhvil verilməsinə, dövlət rüsumu kimi ödənilmiş 100 manat vəsaitin cavabdehlərdən alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbini onunla əsaslandırmışdır ki, o, iddiaçı qismində cavabdehlər Şükürov Bəhruz Paşa oğluna və Qocayeva Gülnar Ziyəddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan mənzildən çıxarılmaları, mülkiyyət hüququnun bərpası və bu günə kimi kirayə haqqı kimi ödənilməli olan 5000 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsinə dair iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsi tərəfindən iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8836/2021 saylı mülki iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla, iddia tələbinin qismən cavabdeh Qocayeva Gülnar Ziyəddin qızının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində təmin olunması qət edilmişdir. Sonradan cavabdeh tərəfindən Ali Məhkəməyə kassasiya şikayəti verilmiş, xx.xx.2022-ci il tarixli qərarla cavabdeh Qocayeva Gülnar Ziyəddin qızının kassasiya şikayəti təmin edilməmişdir. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 8836/2021 nömrəli 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar icrada olarkən bilinmişdir ki, Ali Məhkəmənin 31 may 2022-ci il tarixli qərarından sonra xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2022-ci il tarixdən mübahisəli mənzilə qeydiyyata düşmüşlər. Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli e-2-1(112)-3764/2023 saylı qərarı ilə İddiaçı məxsus olan ünvan 3 ünvana pasport qeydiyyatından xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair tələbi təmin edilmişdir. Hazırda iddiaçı ona məxsus Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, ev 189 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılaraq boş vəziyyətdə ona təhvil verilməsində haqlı olmaqla yanaşı pozulmuş hüquqlarının bərpasını məhkəmədən xahiş edir.

4. Bakı Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1649/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ünsüyyət Mirzəyeva) iddianın təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.3, 157.2, 157.8, 164.1, 166.3, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması və apellyasiya şikayəti üçün verilmiş 50 (əlli) manat məhkəmə rüsumunun iddiaçının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Suraxanı Rayon Məhkəməsinə iddia vermişdir ona görə ki, Cavabdeh2 Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, ev 189 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair tələb irəli sürmüşdür. Birinci instansiya məhkəməsi ilə cavabdehin əmlaka faktiki sahiblik etməsinə və iddiaçının isə əmlaka heç bir hüququnun olmamasına baxmayaraq cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilib. Cavabdeh2 Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, ev 189 ünvanında yerləşən fərdi yaşayış evində pasport qeydiyyatındadır və mənzildən istifadə hüququ vardır. Onların pasport qeydiyyatından çıxarılması barədə hər hansı bir sübut yoxdur və mübahisələndirilən hüquqdan hələlik ki, məhrum edilməmişlər. İddiaçının mənzilə mülkiyyət hüququ qeydə alınmayıb və bu səbəbdən cavabdehin mənzildən çıxarılmasını tələb etmək hüququ yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

13. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

15. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi nəzərdə tutulmuşdur.

18. Maddə 152.1 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

19. Maddə 157.2 mülkkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

21. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

22. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

23. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

24. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu

26. Maddə 1. yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

27. Maddə 9.5 şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1649/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8836/2021 saylı mülki iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, ... məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən ev özbaşına tikili olmaqla, İddiaçı tərəfindən inşa edilmiş, kommunal xidmət onun adına olmaqla, cavabdeh Şükürov Bəhruz Paşa oğlunun vasitəçiliyi ilə digər cavabdeh Qocayev Gülnar Ziyəddin qızına kirayə verilmişdir. Cavabdeh Qocayev Gülnar Ziyəddin qızı tərəfindən bir müddət sonra kirayə haqları ödənilmədiyindən, iddiaçı həmin evdən cavabdehlərin çıxarılmalarını tələb edir... Göründüyü kimi, özbaşına tikili olan mübahisəli ev iddiaçı tərəfindən tikilməklə, onun sahibliyindən olduğundan, Qocayev Gülnar Ziyəddin qızına kirayə verildiyindən, sonuncunun həmin mənzildən çıxarılması hissəsində iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir.

41. İş materiallarında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 2715/2022 nömrəli qərarından görünür ki, ...kollegiya ilk növbədə onu qeyd edir ki, mübahisə predmetinin özbaşına inşa edilmiş ev, tikili olması özlüyündə həmin tikiliyə, evə ümumiyyətlə hüququn olmaması kimi qəbul edilməməlidir. Bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məs: maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdə inkişaf edir. Ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır... Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli tikili iddiaçıya məxsusdur, onun tərəfindən inşa edilmişdir. AR DİN-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, cavabdeh Qocayeva Gülnar Ziyəddin qızı xx.xx.1973-cü ildə Ermənistan SSR, Amasiya rayonunda anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Balandin-42-də pasport qeydiyyatındadır.

42. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-3764/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı məxsus ünvan 2 ünvana pasport qeydiyyatından xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

43. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 54206631 nömrəli xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanında xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır.

44. Həmin qərarla İddiaçı məxsus ünvan 2 ünvana pasport qeydiyyatından xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

45. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

46. Həmin Məcəllənin 233.3.-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

47. Məhkəmə kollegiyası vurğulayır ki, qeyd edilən məhkəmə qərarları işdə iştirak edən şəxslərə aid olduğundan, göstərilən hallar yenidən sübut edilməməlidir.

48. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı mənzilin boşaldılmasını və cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

51. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1649/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar