Məhkəmə qərarları › İş №2(103)-5356/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5356/2020

24.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5356/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” tələbinə dair 2(011)-703/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsi, 15 saylı evin, 613 saylı mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Ramayyə X1 ilə nikaha daxil olmuş, nikahları xx.xx.2000-ci il tarixdə Neftçala rayonun VVADQ şöbəsində bağlanmışdır. Birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X3, xx.xx.2003-cü il təvəllüdlü X4 adlı iki övladı dünyaya gəlmişdir. Ailə qurduqdan müəyyən müddət sonra şəxsi vəsaitləri hesabına Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsində yerləşən 15 nömrəli evin 613 saylı mənzilini satın almışlar və həmin mənzilə köçmüşlər. Həmin vaxtdan 2019-cu ilin iyul ayınadək o, övladları ilə birlikdə həmin mənzildə yaşamışdır. 2019-cu ilin iyul ayında övladları ilə birlikdə atasıgilə qonaq getmiş, evə qayıdanda qapının açarının dəyişdiyini görmüşdür. Əllərində olan açar ilə qapını açmaq mümkün olmamışdır. Bu barədə qonşulardan soruşduqda onlar sözügedən mənzilin qapısının cavabdeh tərəfindən sındırıldığını, açarının dəyişdirildiyini bildirmişlər. İddiaçı 18 il fasiləsiz həmin mənzildə yaşamışdır. Mənzilin bütün kommunal xidmətləri onun adına rəsmiləşdirilmişdir Buna baxmayaraq cavabdeh hal-hazırda heç bir əsas olmadan onu mənzilə buraxmır. Onun şəxsi isifadədə olan əşyaları və cehiz əmlakları sözügedən mənzildə qalmışdır. Bu barədə cavabdeh ilə dəfələrlə razılaşmağa, məsələni məhkəmədən kənar həll etməyə çalışsa da, cavabdeh onun mənzilə köçməyinə qəti etiraz etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzil daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmadığından bu münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin tələblərini tətbiq etmək qanuni ola bilməz. Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Odur ki, tərəflər arasındakı münasibətlərə qeyd olunan hüquq normalarının heç biri tətbiq edilə bilməz. Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Həmin maddənin 1-ci bəndinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Həmçinin yaşayış evinin daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmaması həmin mənzildən istifadə etmək və mənzilə köçmək hüququnu məhdudlaşdıra bilməz. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birgə yaşayan ailə üzvüləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Göründüyü kimi, onun 2000ci ildə ailə həyatı qurduqdan sonra həmin mənzildə yaşamağı onun bu evlə hüquqi bağlılığının olmasını, cehiz əşyalarının da hal-hazırda həmin mənzildə qalmasının mənzillə faktiki bağlılığını təsdiq edir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdeh şəxs 19 il ərzində həmin mənzildə 1 gün də olsa yaşamamışdır. Apelyasiya baxışı zamanı Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, o, 2001-ci ildən 2016-cı ilə qədər mübahisəli mənzildə qeydiyyatsız yaşamış, böyük oğlunun bronxlarında allerqiya yarandığı üçün 2016-cı ildə uşaqları ilə birlikdə mənzili tərk edərək müvəqqəti olaraq atasıgilə getmişdir. Hazırda mənzilin açarı dəyişdirildiyi üçün o, evə girə bilmir və əşyaları həmin mənzildə qalıbdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə X2 xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X3 və xx.xx.2003-cü il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı ailə həyatı qurduqdan sonra 2001-ci ildə Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsində yerləşən ailəvi yataqxana tipli 15 nömrəli yaşayış binasının 613 saylı mənzilinə köçmüş və 2016-cı ilədək orada yaşamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli yaşayış sahəsinə iştifadə hüququnun tanınmasını və oraya köçürülməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının köçürülməsini tələb etdiyi daşınmaz əmlakın statusunu, cavabdehin həmin əmlaka aidiyyəti ilə bağlı iş materiallarında heç bir sübutun olmadığını nəzərə almadan işə mahiyyəti üzrə baxmış və istifadə hüququnun yaranmadığı əsası ilə iddianı təmin etməmişdir. Halbuki, apelyasiya baxışı zamanı üçüncü şəxs qismində cəlb edilmiş Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsi 15-də 1-ci korpus, 9 mərtəbəli ailəvi yataqxana tipli yaşayış binası 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 118 saylı MKİS-nin istismarındadır. Adı çəkilən binanın 613-cü mənzilini Cavabdeh 2002-ci ildə almış və ev sahibi kimi qeydiyyatdadır. Cavabdeh ona məxsus mənzili 2004-cü ildə rayonda yaşayan ailəli qardaşı Müşviq Salahovun işi ilə əlaqədar müvəqqəti yaşamasına icazə vermişdir. M.Salahov keçmiş həyat yoldaşı Ramayya Həziyeva və oğlu ilə birlikdə 2010-cu ilə qədər 613-cü mənzildə yaşamışlar. İddiaçı həyat yoldaşı M.Salahovla 2010-cu ildə qanuni şəkildə nigah münasibətləri pozulmuşdur. İddiaçı M.Salahovlahovdan ayrılıqdan sonra baldızı Cavabdeh evinə qeydiyyata düşmək məqsədi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Xətai rayon Məhkəməsində iddiası təmin edilmədiyi üçün Bakı Apelliyasiaya Məhkəməsinə təkrar müraciət etmişdir. Nəzərə çatdırır ki, Cavabdeh qardaşının keçmiş həyat yoldaşı İddiaçı onun mənzilinə qeydiyyata düşməsinə qəti şəkildə etiraz edir. Beləliklə, iş üzrə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsi 15-də 1-ci korpus, 9 mərtəbəli ailəvi yataqxana tipli yaşayış binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 118 saylı Mənzil-Kommunal İstismar sahəsinin istismarındadır. Həmin məktubla adı çəkilən binanın 613 saylı mənzilinin 2002-ci ildə Cavabdeh tərəfindən alındığı bildirilsə də, sonuncunun qeyd edilən yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədi birinci və (ya) apelyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının istifadə hüququnun tanınmasını və köçmək istədiyi mübahisəli yaşayış sahəsi üçüncü şəxs kimi işə cəlb edilən Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 118 saylı Mənzil-Kommunal İstismar sahəsinin istismarında olan xüsusi təyinatlı yaşayış binasına aid olduğu, cavabdehə məxsus olması hüquq müəyyənedici sənədlərlə təsdiq edilmədiyi halda, İddiaçı hazırkı iddia tələbini cavabdeh qismində qeyd etdiyi Cavabdeh qarşı irəli sürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı mübahisə üzrə hüquq münasibətlərinin yarandığı, iddiaçının yataqxanada yaşamağa başladığı 2001-ci il ildə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 106-cı maddəsinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinə görə, yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Müddətli hərbi xidmətə. çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir Həmin Məcəllənin 108-ci maddəsinə əsasən, işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinə əsasən, yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir (93.1, 93.2 maddələri), Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir (98.1-ci maddə), Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır (104.2-ci maddə). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). Baxılan iş üzrə iddiaçı tərəfindən işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Buna baxmayaraq məhkəmə iş üzrə iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxaraq iddianı təmin etmişdir. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir (maddə 387.2.2). Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan Məhkəmə kollegiyası hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsini və həllini mümkün hesab etmir. Nəzərə alınmalıdır ki, apelyasiya baxışı mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi, yaxud yeni cavabdehin cəlb olunması həmin məhkəmə icraatının təyinatına uyğun olmamaqla faktiki olaraq apelyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsini əvəz etməsinə səbəb olur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinə müvafiq olaraq apelyasiya məhkəməsi mülki, inzibati və iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir. Qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla apelyasiya instansiya məhkəməsinin əsas təyinatı birinci instansiya məhkəmələrinin aktlarının qanuniliyinin, həmin məhkəmələr tərəfindən maddi və prosessual hüququ normalarının düzgün tətbiq edilib-edilmədiyinin yoxlanılmasından ibarətdir. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 372.1-ci maddəsində əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Bu norma apelyasiya məhkəmələrinin aşağı məhkəmələrin aktlarının qanuniliyini yoxlayarkən həm fakta, həm də hüquqa baxmaq səlahiyyətinə malik olduğunu ehtiva edir və heç bir halda bu məhkəmənin baxdığı bütün işlər üzrə birinci instansiya məhkəməsini əvəz etmə imkanı kimi dəyərləndirilə bilməz. Çünki milli qanunvericilik mülki işlər üzrə tam apelyasiya deyil, natamam apelyasiya institutunu nəzərdə tutmuşdur. MPM-in 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair oxşar məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə iddianın həm predmetinin, həm də əsasının dəyişdirilməsi yeni iddianın verilməsi kimi qiymətləndirilir. Belə iddia isə birinci instansiya məhkəməsinin baxışının predmeti olmadığı üçün apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin olmasını əsas gətirərək işi yeni iddia üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir. Apelyasiya instansiyası məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanmasında məhdudiyyətlər ölkəmizdə natamam apelyasiyanın olmasına dəlalət edir. Tam apelyasiyadan fərqli olaraq natamam apelyasiya zamanı apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apelyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, apelyasiya baxışı zamanı cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya əlavə cavabdehin cəlb edilməsi işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Məhkəmə kollegiyası hazırkı icraat çərçivəsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya əlavə cavabdehin cəlb olunmasını qeyri-mümkün hesab edir. Ona görə də apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-703/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsi, 15 saylı evin, 613 saylı mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar