Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5357/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "31.05.2020-ci il tarixli əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa olunma və işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1952/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "31.05.2020-ci il tarixli əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa olunma və işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə İdarəsinin (hazırda Maliyyə şöbəsi) 31.05.2020-ci il tarixli, K-25 №-li əmri ilə Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) iddiaçının 31.05.2020-ci il tarixdən dövlət qulluğuna xitam verilmişdir. İddiaçı cavabdehin Saatlı rayonu üzrə Maliyyə İdarəsinin xəzinə əməliyyatlarının uçotu sektorunun aparıcı məsləhətçisi-mühasibi vəzifəsində işləyirdi və maliyyə sistemində 33 ildən artıq iş stajı vardır. Struktur dəyişikliyi ilə əlaqədar İdarənin müəyyən işçiləri 13 saylı Regional Xəzinədarlıq İdarəsinə təyinat almaqla, qalan işçilər isə Maliyyə İdarəsinin bazasında yaradılmış Maliyyə şöbəsində işlə təmin edilmişlər. İddiaçı da 22.07.2020-ci ilə kimi işə gəlib-getmişdir. 13.07.2020-ci il tarixində iş yoldaşları iddiaçıya ərizə nümunəsi təqdim edərək yenidən işə qəbul olunmaq üçün bu nümunəyə uyğun işdən çıxma haqqında ərizə yazıb və həmin ərizəyə 31.05.2020-ci il tarixinin qoyulmasını bildirdilər. Məlum olduğu kimi hazırda əmək qanunvericiliyində işçilərin köçürülməsi (perevod) anlayışı (müddəası) olmadığı üçün, yəni əməkdaş işdən azad olunması üçün ərizə yazdıqdan sonra yenidən işə götürülür. İddiaçı da buna əsaslanaraq həmin nümunəyə uyğun ərizəni yazıb, deyilən tarixi qoyub verdi. Həmin ərizəni yazdıqdan 9 gün sonra, yəni 22.07.2020-ci il tarixində işə gəldikdə, mühafizəçilər iddiaçını binaya buraxmadılar və bildirdilər ki, o, 31.05.2020-ci il tarixdən işdən azad olunmuşdur. İddiaçı işə buraxılmadığı üçün cavabdeh Maliyyə Nazirliyinə dörd dəfə - 30.07.2020-ci il, 16.08.2020-ci il tarixlərdə elektron formada, 04.09.2020-ci il tarixdə məktubla müraciət etmiş, 18.09.2020-ci il tarixində isə teleqram ünvanlamışdır. 23.10.2020-ci il tarixdə cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi şəxsən iddiaçını qəbul edərək, şikayətini dinləmiş və Saatlı rayonu üzrə Maliyyə şöbəsində aparıcı məsləhətçi vəzifəsinə bərpa olunacağını bildirmişdir. Saatlı şəhərinə qayıtdıqdan sonra Maliyyə şöbəsinin rəisi iddiaçını işə dəvət etməmişdir. İddiaçı dəfələrlə cavabdeh Maliyyə Nazirliyinin nümayəndələri ilə telefon əlaqələri saxlamağa cəhd etsə də, telefonları açmamışlar. İddiaçının dövlət qulluğuna 31.05.2020-ci il tarixində xitam verilmişdir. 2020-ci ilin təqviminə nəzər saldıqda görünür ki, 31.05.2020-ci il tarixi bazar günüdür. Həmin tarixdə heç bir dövlət müəssisə və idarələri işləmir, yəni istirahət günüdür. O cümlədən, Saatlı rayonu üzrə Maliyyə İdarəsi də həmin tarixdə işləməmişdir. Əgər həqiqətən iddiaçı işdən çıxmaq haqqında özü ərizə yazmışdırsa, onda iddiaçıdan həmin ərizənin tarixinin dəyişdirilməsi tələb edilməli idi. Cavabdehin Saatlı rayonu üzrə Maliyyə İdarəsi həmin tarixdə işləmədiyi halda, 13.07.2020-ci il tarixində iddiaçının yazdığı ərizə əsasında 31.05.2020-ci il tarixdə onun dövlət qulluğuna xitam vermişdirsə, bu halda hər iki sənəd - iddiaçının yazdığı həmin ərizə və əmr etibarsız hesab edilərək, ləğv edilməlidir. Göründüyü kimi həmin tarixdə, yəni istirahət (bazar), qeyri-iş günündə iddiaçının dövlət qulluğuna xitam verilməsi, cavabdehin Saatlı rayonu üzrə Maliyyə İdarəsi tərəfindən qanunvericiliyin ciddi və kobud şəkildə pozulmasıdır. Bu hal İdarənin saxtakarlığını açıq şəkildə göstərir. Əmrin və iddiaçının dövlət qulluğuna xitam verilməsinin tarixlərinin 31.05.2020-ci il göstərilməsi, yəni həmin əmrdə tarixlərin istirahət (bazar) günün göstərilməsi bu əmrin etibarsız hesab edilərək, ləğv edilməsi üçün əsasdır. İddiaçının öz arzusu (xahişilə) işdən çıxmağı üçün heç bir hüquqi əsas da yoxdur. Yəni, hazırda iddiaçı pensiya yaşında deyildir ki, yaşa görə pensiyaya çıxsın. İddiaçı əlil deyildir ki, əlillik qrupuna görə pensiyaya çıxsın, təhsilini davam etdirmək üçün hər hansı təhsil müəssisəsinə daxil olmamışdır ki, təhsilini davam etdirmək üçün işdən çıxsın, yeni yaşayış yerinə köçmür (əvvəl də Saatlı şəhərində yaşamış, yenə də həmin şəhərdə yaşayır) və başqa işəgötürənlə yeni əmək müqaviləsi bağlamamışdır. İddiaçı həm də bir ailə başçısıdır. Himayəsində iki məktəbyaşlı övladı və həyat yoldaşı vardır. Onların ehtiyaclarının təmin edilməsi üçün iddiaçı mütləq işləməlidir. Əgər iddiaçının dövlət qulluğuna 31.05.2020-ci il tarixində xitam verilmişdirsə, onda əmrin surəti və əmək kitabçası iddiaçıya həmin gün və ya ən geci 01.06.2020-ci il tarixdə verilməli idi. Dəfələrlə telefon əlaqəsi saxladıqdan sonra 08.10.2020-ci il tarixində, işdən azad edildikdən 4 (dörd) aydan artıq müddət keçdikdən sonra vermiş və həmin əmr idarənin möhürü ilə də təsdiq edilməmişdir. İddiaçı əmrin surətini və əmək kitabçasını faktiki olaraq 08.10.2020-ci il tarixində almışdır. Saatlı rayonunun Maliyyə şöbəsi tərəfindən iddiaçıya iki dəfə - 2020-ci ilin oktyabr ayının 2-i və 8-i tarixlərində göndərilmiş teleqramlarında yalnız əmək kitabçasının alınması göstərilmişdir. İddiaçı şöbə ilə telefon əlaqələri saxlayaraq ona yalnız əmək kitabçası deyil, əmrin surətinin də verilməsini tələb etdikdən sonra, nəhayət ki, 08 oktyabr 2020-ci il tarixində hər iki sənəd- 31.05.2020-ci il tarixli əmrin surəti və əmək kitabçası verildi. İddiaçının hüququnun pozulduğu aşkar edildiyi gün məhz 08.10.2020-ci il tarixdən hesablanır. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tabeliyində olan Saatlı rayonu üzrə Maliyyə İdarəsinin (hazırda maliyyə şöbəsinin) 31.05.2020-ci il tarixli əmrinin etibarsız hesab edilərək ləğv olunması, iddiaçının Saatlı rayonu üzrə Maliyyə şöbəsində dövlət qulluğuna bərpa olunmağı və əmək kitabçasının 08.10.2020-ci il tarixində verilməsi nəzərə alınaraq, əmək kitabçasının verilməsi ləngidildiyi üçün işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1952/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Rəşid Səmədov). Qətnamədən iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. İşə baxılasının vaxtı və yeri barədə cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Apellyasiya instansiya məhkəməsi işin hallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, hazırki iş üzrə iddiaçı dövlət qulluqçusu olmuşdur. Həmçinin iddiaçının işə bərpa olunmaq istədiyi qurum dövlət orqanı – Maliyyə Nazirliyidir. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə İdarəsinin R- 25 №-li, 31.05.2020-ci il tarixli əmrinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, iddiaçının istəyi onun dövlət qulluğuna bərpa olunması və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə İdarəsinin R- 25 №-li, 31.05.2020-ci il tarixli əmrinin ləğv edilməsinə nail olmaqdır. İddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan da görünür ki, qoyulan məsələ şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) aid olduğundan həmin məsələyə aidiyyət qaydaları üzrə ümumi məhkəmədə deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Başqa sözlə, iddiaçı dövlət qulluğuna bərpa edilmək istədiyindən, cavabdeh qismində dövlət orqanı (Maliyyə Nazirliyi) olduğundan və həmin dövlət orqanı tərəfindən verilmiş əmr mübahisələndirildiyindən hazırki iddia tələbinə mülki icraat qaydasında baxılması qanunvericiliyin tələblərinə ziddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, məhkəmə icraatıinzibati məhkəmələr və inzibati kollegiyalartərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun inzibati və mülki hüquq münaibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.4-cü bəndində qeyd olunur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1952/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "31.05.2020-ci il tarixli əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa olunma və işə düzələ bilmədiyi bütün müddət üçün orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya iddia ərizəsində göstərdiyi məsələ ilə bağlı aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 391, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1952/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "31.05.2020-ci il tarixli əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa olunma və işə düzələ bilmədiyi bütün müddət üçün orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5357/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5357/2021
11.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver