Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5357/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Akif Ağayevin və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflər ər-arvaddır, onlar xx.xx.2018-ci ildə nikah bağlayıb və iki uşaqları doğulub: xx.xx.2019-cu il təvəllüdlü Rəna Əliyeva və xx.xx.2021-ci il təvəllüdlü Səyavuş Əliyev. Mübahisə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində yerləşən 45/1 №-li fərdi yaşayış evi ilə bağlıdır (bundan sonra – ev). Ev özbaşına tikinti obyektidir. Evə və evin yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd yoxdur. Evin fotoları iş metariallarına əlavə edilib (iş v. 19, 20). İddiaçı 4 ildən artıq, yəni xx.xx.2018-ci ildən (nikah bağlandığı vaxtdan) xx.xx.2022-ci ilədək evdə cavabdehlə birlikdə ər-arvad kimi yaşayıb, uşaqları orada yaşadığı müddətdə doğulub, xx.xx.2022-ci ildə iddiaçı evi tərk edib, buna səbəb tərəflərin münasibətlərinin pozulması olub. Bundan sonra cavabdeh iddiaçının evə qayıtmasına və orada yaşamasına imkan verməyib. İddiaçının və uşaqların əşyaları həmin evədədir. Tələb və onun həlli: İddia ərizəsi xx.xx.2023-cü ildə verilib. İddia ərizəsində tələb olunub ki, iddiaçı iki uşağı ilə birlikdə evə köçürülsün. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Akif Ağayev apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh isə apellyasiya şikayətinin əsassız oluğunu bildirdi. Qətnamənin yoxlanılması: Aşağıda göstərilən 3 hal iddianın təmin edilməsinə əsas verir: Birinci, ev iddiaçının və uşaqların yaşayış yeridir. İddiaçı 4 ildən artıq, yəni xx.xx.2018-ci ildən xx.xx.2022-ci ilədək evdə yaşayıb, uşaqlar iddiaçının evdə yaşadığı müddətdə doğulub. Bunu cavabdeh də etiraf edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Ev özbaşına tikinti obyekti olsa da iddiaçını və uşaqları yaşadıqları evdən məhrum etmək üçün cavabdehin qanuni əsası yoxdur. İkinci, iddiaçı evin dəyərinin bir hissəsinin ödənilməsində cavabdehlə birlikdə iştirak edib. Belə ki, cavabdeh evi xx.xx.2016-cı ildə X1 75.000 manata alıb, 51.700 manat nağd ödənilib, qalan məbləğin isə hissə-hissə ödənilməsi razılaşdırılıb (iş v. 37, akt). Hissə-hissə ödənişlərin bir hissəsi tərəflərin nikah müddətində həyata keçirilib (iş v. 35 və 36, akt). Nikah xx.xx.2018-ci ildə bağlanıb və bu tarixdən sonra cavabdeh göstərilən ödənişləri həyata keçirib: 1) xx.xx.2018-ci ildə 1.000 manat; 2) xx.xx.2018-ci ildə 1.000 manat; 3) xx.xx.2018-ci ildə 600 manat; 4) xx.xx.2018-ci ildə 1.000 manat; 5) xx.xx.2018-ci ildə 1.000 manat; 6) xx.xx.2018-ci ildə 750 manat; 7) xx.xx.2018-ci ildə 1.000 manat; 8) xx.xx.2019-cu ildə 1.000 manat; 9) 17.04.019-cu ildə 1.000 manat; 10) xx.xx.2019-cu ildə 1.000 manat; 11) xx.xx.2019-cu ildə 1.000 manat; 12) xx.xx.2019-cu ildə 1.000 manat Bu məbləğlərin cəmi 11.350 manat təşkil edir. Həmin pul nikah müddətində ödənildiyinə, cavabdeh bu pulun onun ayrıca vəsaiti olduğunu təsdiq edən sübutlar təqdim etmədiyinə görə, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbləri baxımından həmin vəsait ərarvadın ümumi vəsaiti sayılır. Ev özbaşına tikinti obyekti olduğuna görə ev üzərində ərarvadın birgə mülkiyyət hüququ tanına bilməz. Lakin iddiaçı evin əldə edilməsində iştirak etdiyinə görə, cavabdeh ilə yanaşı onun da evə sahiblik hüququ yaranıb. Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Üçüncü, iddiaçı bildirir ki, nikah müddətində evdə mətbəx tikiblər, təmir işləri görüblər. Cavabdeh bunu qismən etiraf edir və bildirir ki, nikah müddətinə evin bir otağını uşaq otağını təmir ediblər. Cavabdeh təmirə sərf edilən vəsaitin onun ayrıca vəsaiti olduğunu təsdiq edən sübut təqdim etmədiyinə görə, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbləri baxımından həmin vəsait ər-arvadın ümumi vəsaiti sayılır. Ailə Məcəlləsinin 35-ci maddəsinə görə, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Ev özbaşına tikinti obyekti olduğuna görə ev üzərində ər-arvadın birgə mülkiyyət hüququ tanına bilməz. Lakin iddiaçı evdə yaşadığı müddətdə evin təmir edilməsində iştirak etdiyinə görə, cavabdeh ilə yanaşı onun da evə sahiblik hüququ yaranıb. Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Əgər ev daşımaz əmlakın dövlət reyestrində qeyd alınmış olsayıdı, iddiaçının yuxarıda göstərilən hərəkətləri - evin dəyərinin ödənilməsində iştirak etməsi və evin dəyərini xeyli artıran vəsait qoyulmasında iştirak etməsi onun evə paylı mülkiyyət hüququnun müəyyən edilməsinə əsas bilərdi. Lakin ev reyestrdə qeyd alınmadığına görə iddiaçının ev (yaşayış yeri) üzərində sahiblik hüququ müdafiə olunmalıdır. Beləliklə, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. İddiaçı uşaqları X4 və X2 ilə birlikdə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində yerləşən 45/1 nömrəli evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5357/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5357/2023
15.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver