Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5361/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili X6, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “işəgötürən tərəfindən vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(006)-1144/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC tərəfindən əmək münasibətləri prosesində ona vurulmuş 50.059 manat məbləğində ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ASC-nin (22.11.2019-cu il tarixədək “xxxx” ASC adlanan) 03.06.2013-ci il tarixli, 138K saylı əmrinə əsasən, “xxxx” İKB ASC-də 8 saylı filialın müdir müavini vəzifəsinə işə qəbul edilmiş, 7 ildən artıq müddət həmin bankda fəaliyyət göstərmişdir. Bu müddət ərzində cavabdehin yol verdiyi bir sıra qanunsuz hərəkətləri nəticəsində qanunvericiliklə müəyyən olunan əmək hüquqları pozulmuş, nəticədə ona yüksək məbləğdə ziyan dəymişdir. O bu Bankın 8 saylı filialında müdir müavini vəzifəsində çalışmaqla yanaşı, 29.11.2016-cı il tarixli, 1100K saylı əmr ilə 30.11.2016-cı il tarixindən 21.05.2017-ci il tarixinədək həm də boş vəzifə olan müdir vəzifəsini müvəqqəti icra etmişdir. Cavabdeh 30.11.2016-cı il tarixindən 21.05.2017-ci il tarixədək olan dövr ərzində ona öz əmək haqqı ilə yanaşı, müdir vəzifəsi üçün müəyyən olunmuş əmək haqqının yarısından az olmamaq şərtilə, əlavə əmək haqqı ödəməli idi. Lakin cavabdeh tərəfindən həmin normanın tələbləri pozulmuş, əlavə olaraq heç bir məbləğ ödənilməmişdir. Daha sonra o, 22.05.2017-ci il tarixli, 61/1T saylı əmr ilə cavabdeh bankda müdir vəzifəsinə təyin olunmuş və həmin tarixdən 04.06.2018-ci il tarixədək qeyd olunan vəzifədə çalışmışdır. Buna baxmayaraq, əmək haqqına heç bir dəyişiklik edilməmiş, aldığı maaş müdir müavini vəzifəsində işləyəndə, müdir vəzifəsini müvəqqəti icra edəndə və müdir vəzifəsində işləyəndə də eyni maaş, yəni müavin maaşı olmuşdur. Onun maaşı həmişə o biri filial müdirlərinin aldıqları maaşdan az olmuş, digər işçilərə münasibətdə ona qarşı aşkar şəkildə ayrıseçkilik nümayiş olunmuşdur. Halbuki, onun rəhbərlik etdiyi filial, filiallar arasında ən yaxşı mənfəət verən filial olmuşdur. Filialın balansında xidməti avtonəqliyyat vasitəsi olduğu halda, həmin maşından qanunazidd olaraq onun istifadə etməyinə uzun müddət qadağa qoyulmuşdur. Belə ki, maşının amortizasiya (köhnəlmə), yanacaq, təmir və s. xərcləri və sürücünün maaşı filialın xərclərinə daxil edilirdi. Onun təkidli tələblərindən sonra məcburiyyət qarşısında qalaraq gec də olsa, həmin avtonəqliyyat vasitəsini 8 saylı filialın müdiri kimi işə aparılıb-gətirilməyi üçün istifadə edilməsinə icazə verildi. Lakin maşının onun sərəncamına verilmədiyi dövrlərdə o, uzun müddət ailəsinə məxsus maşından istifadə etməli olmuş və hər ay yalnız işə gedibgəlməyə ortalama 130 manat yanacaq xərci, eyni zamanda təmir, servis və sair xərclər üçün ortalama aylıq 90 manat sərf etmişdir. Bundan əlavə, X9 18.10.2017-ci il tarixli qərarına (70 saylı protokoldan çıxarış) əsasən, planın yerinə yetirilməsi və kredit portfelinin keyfiyyət göstəricilərinə görə, 8 saylı filialın rəhbərinə ümumi ayrılmış bonus fondunun, yəni 4000 manatın 50 %-inin ödənilməsi nəzərdə tutulurdu. Buna baxmayaraq, filial müdiri kimi ona 2017-ci ilin oktyabr-dekabr ayları üzrə (üç ay) bonus ödənilməmişdir. 04.06.2018-ci il tarixdə cavabdehin 54/A saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Müqaviləyə xitam verilərkən cavabdeh tərəfindən onun istifadə edilməmiş məzuniyyət günlərindən istifadə hüquqları da pozulmuşdur. Belə ki, həmin tarixdə onun müvafiq iş ili üzrə 18 gün əlavə məzuniyyət hüququ var idi. Bu halda, Əmək Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq, həmin məzuniyyət günlərindən istifadə etmək və ya istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi tələb etmək hüququ var idi. Lakin cavabdeh onun məzuniyyət hüququndan istifadə etməyinə imkan verməmiş, nəticədə onun əlavə məzuniyyət günləri itirilmiş, həmçinin istifadə edə bilmədiyi məzuniyyət günlərinə görə ona heç bir haqq ödənilməmişdir. Onun işdən çıxdığı gün ona düşən bütün ödənclər tam məbləğdə deyil, yarımçıq şəkildə verilmişdir. Belə ki, bonus məbləğindən saxlanılan 35% məbləğ, ümumiyyətlə, ödənilməmiş, yalnız sonradan hissə-hissə olmaqla ona verilmişdir. Halbuki, həmin vəsait işdən çıxarkən tam şəkildə verilsəydi, həmin məbləğdən istifadə edərək müəyyən fayda götürə bilərdi. Belə ki, işdən çıxdığı gün cavabdeh tərəfindən verilməmiş ödənc (keçmiş 12 ay üzrə bonus məbləğinin 35%-i) minimum 7.000 manata yaxın pul məbləği təşkil edirdi. Əgər həmin məbləğ iddiaçıya vaxtında verilsəydi, o, bu pul vəsaitini bank depozitinə qoymaqla bu 2 il ərzində bir il üçün ən azından 10 faiz hesablanmaqla (7.000 manatın 10 faizi bir il üçün 700 manat, iki il üçün isə 1.400 manat edir) 1.400 manat qazanc əldə edə bilərdi. Bu cavabdehin hərəkətləri nəticəsində iddiaçının minimum şəkildə əldən çıxmış faydasıdır. 08.06.2018-ci il tarixdə rəhbərlik 53/Q saylı əmr ilə onu 8 saylı filiala təkrarən müdir vəzifəsinə təyin etmiş və 08.06.2017-ci il tarixindən 01.07.2020-ci il tarixinədək müdir vəzifəsində çalışmışdır. 01.07.2020-ci il tarixli, 128/A saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, onun ilə Əmək Müqaviləsinə yenidən qanunsuz olaraq xitam verilmişdir. Belə ki, cavabdeh tərəfindən yenidən Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinin tələbləri pozularaq, ona düşən bütün ödənclər işdən çıxan gün tam şəkildə verilməli olduğu halda, yarımçıq verilmişdir. Bundan əlavə, 2020-ci ilin fevral ayında 2018-2019-cu iş ili üzrə qalmış 6 əlavə məzuniyyət günündən istifadə etməklə, məzuniyyətə çıxmışdır. Belə ki, o fevral ayı üçün yazdığı məzuniyyət ərizəsində də 6 gün əlavə məzuniyyət və 6 əsas məzuniyyət günündən istifadə etmək istədiyini aşkar şəkildə bildirmişdir. Əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabda cavabdeh tərəfindən 6 əsas məzuniyyət gününün pulu ona ödənilməmiş və bildirilmişdir ki, həmin 6 əsas məzuniyyət günü 6 əlavə məzuniyyət günü ilə əvəzləşdirilib və ödənilməyəcəkdir. Eyni zamanda, əmək müqaviləsinə xitam verilərkən onun 2019-2020-ci iş ili üzrə də istifadə edilməmiş məzuniyyət günlərindən istifadə istəyi nəzərə alınmamış, müqaviləyə qanunsuz olaraq xitam verilmiş və bununla da, Əmək Məcəlləsinin müvafiq maddələri qanuna zidd olaraq kobud şəkildə pozulmuşdur. O, 14 və 15 mart 2020-ci il tarixlərində, yəni həftənin şənbə və bazar günlərində İdarə Heyətinin qərarı ilə işə cəlb edilmiş, amma şənbə və bazar günləri işə cəlb edilməyi ilə bağlı əlavə vəsaitin (Əmək Məcəlləsinin 164-cü maddəsinin 1ci maddəsinə əsasən, gündəlik vəzifə maaşının 2 (iki) qat məbləğindən az olmamaqla, ödənilməli olduğu halda) ona ödənilməsi qanunazidd olaraq həyata keçirilməmişdir. Bundan əlavə, İdarə Heyətinin digər bir qərarına əsasən, qarşıya qoyulmuş plan göstəricilərinə və kredit portfelinin keyfiyyət göstəricilərinə uyğun olaraq, filialın rəhbərliyinə aylıq fiks 4.000 manat məbləğində bonus verilməsi nəzərdə tutulurdu. Həmin məbləğ onun ilə X13 müşaviri arasında bərabər bölünüb ikisinə verilirdi. Lakin 01.03.2018-ci il tarixdən etibarən, sədrin müşaviri işdən çıxmış və o bütün işləri təkbaşına görmüşdür. Bu halda, rəhbərlik üçün ayrılmış həmin 4.000 manat tam şəkildə ona verilməli idi. Buna baxmayaraq, sədr müşavirinə çatası olan 2000 manat bütün işləri onun icra etməyinə baxmayaraq, ona verilməmişdir. O, yuxarıda qeyd etdiyi qanun pozuntuları ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidmətinə müraciət etmişdir. X8 Xidmətinin qərarı ilə X9 sədri İnzibati Xətalar Məcəlləsinin 192.4, 192.5 və 192.6 maddələrini pozduğuna görə, 1500 manat cərimələnmişdir. Bundan əlavə, Nəsimi Rayon Məhkəməsi tərəfindən işdən çıxarılma əmrinin ləğv edilməsi və işə bərpa olunmağı barədə 15.09.2020-ci il tarixli qətnamə qəbul etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(006)-1144/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili göstərdi ki, iddiaçı bir neçə vəzifəni icra etdiyi halda yalnız bir vəzifə üzrə maaş almışdır, o, işdən çıxdığı günədək bu hal davam etmişdir. Faktiki müdir və müavin vəzifələrini icra etmişdir. Filiala xidməti maşın ayrılsa da, iddiaçıya təhvil verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz təqdim edərək, onun məzmununa uyğun izahat verib, şikayətin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan işəgötürən "Cavabdeh" ASC-nin sədri Nikolaz Şurqala tərəfindən qəbul edilmiş 22 may 2018-ci il tarixli, 130-2/M saylı əmrdən görünür ki, İddiaçı “xxxx” İKB ASC-nin 8 saylı filialının müdirinə 29.05.2018-ci il tarixindən 01.06.2018-ci il tarixinədək 4 gün müddətinə (03.06.2015-ci il-03.06.2016-cı il iş ilinə görə 4 gün müddətinə) əsas məzuniyyət verilmiş, onun 02.06.2018-ci il tarixindən 130-2/İD nömrəli 22.05.2018-ci il tarixli əmrinə əsasən işdə hesab olunmuş, məzuniyyət müddətində İddiaçı səlahiyyətləri X13 birinci müavinin müşaviri X1 həvalə edilmiş, əmək haqqı arasındakı fərq ödənilmişdir. "Cavabdeh" ASC-nin sədri Nikolaz Şurqala tərəfindən qəbul edilmiş 04 iyun 2018-ci il tarixli, nömrəli 54/A saylı əmrdən görünür ki, İddiaçı “xxxx” İKB ASC-nin 8 saylı filialının müdiri ilə bağlanmış 03.06.2013-cü il tarixli, 593 saylı əmək müqaviləsinə sonuncu iş günü 04.06.2018-ci il tarixi olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi əmr edilmişdir. İşin materiallarında olan işəgötürən "Cavabdeh" ASC-nin sədri Nikolaz Şurqala tərəfindən qəbul edilmiş 28 yanvar 2020-ci il tarixli, nömrəli 56-5/M saylı əmrdən görünür ki, İddiaçı Cavabdeh ASC-nin 8 saylı filialının müdirinə 05.02.2020-ci il tarixindən 16.02.2020-ci il tarixinədək 12 gün müddətinə (11.06.2018-ci il-11.06.2019-cu il iş ilinə görə 6 gün əlavə məzuniyyət günləri və 6 gün əsas məzuniyyət günləri olmaqla – 12 gün müddətinə) növbəti əmək məzuniyyəti verilmiş, onun 17.02.2020-ci il tarixindən işdə hesab olunmuş, məzuniyyətin qalan 11.06.2018-ci il – 11.06.2019-cu iş ilinə görə 6 günündən məzuniyyət ilinin sonunadək istifadə etməsi tövsiyə edilmiş, İddiaçı imza səlahiyyətləri Cavabdeh ASC-nin X13 birinci müavinin müavini C.A.Nağıyevə həvalə edilmiş, əmək haqqı fərqi ödənilmişdir. İş materiallarında olan işəgötürən "Cavabdeh" ASC-nin sədri Nikolaz Şurqala tərəfindən qəbul edilmiş 01 iyul 2020-ci il tarixli, nömrəli 128/A saylı əmrdən görünür ki, İddiaçı Cavabdeh ASC-nin 8 saylı filialının müdiri ilə bağlanmış əmək müqaviləsinə sonuncu iş günü 01.07.2020-ci il tarixi olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi əmr edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4149/2020 saylı, 15.09.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında 01.07.2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin» qeydinin etibarsız sayılması, İddiaçı əvvəlki işinə bərpa edilməsi, İddiaçı 01.07.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi, Cavabdeh ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 19 fevral 2021-ci il tarixli arayışına əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ştat cədvəlinə əsasən Bankın “8 saylı” filialının müdiri vəzifəsi üzrə 01.11.2016-01.05.2017-ci il tarixləri ərzində vəzifə əmək haqqı 1940 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin 22 fevral 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 03 iyun 2013-cü il tarixli, 593 saylı əmək müqaviləsinə əsasən “xxxx” İKB ASC-nin 8 saylı filialın müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən əmək haqqı 1940 manat müəyyən edilmişdir. Tərəflərin qarşılıqlı razılığı və iradə ifadəsi əsasında 593 saylı, 03.06.2013-cü il tarixli əmək müqaviləsinə edilən 30 noyabr 2016-cı il tarixli əlavəyə əsasən İddiaçı 8 saylı filialın müdir müavini vəzifəsindən çıxarılaraq 8 saylı filialın müdiri vəzifələrini müvəqqəti icra edən vəzifəsinə keçirilmişdir. 593 saylı 03.06.2013-cü il tarixli əmək müqaviləsinə edilən 30 noyabr 2016-cı il tarixli əlavənin 2-ci bəndinə əsasən həmin müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi 30 noyabr 2016-cı il tarixli əlavəyə əsasən İddiaçı 8 saylı filialın müdir vəzifələrini müvəqqəti icra edən vəzifəsində razılaşdırılmış aylıq əmək haqqısı 1940 manat nəzərdə tutulmuşdur. İddiaçı hazırda aşağıdakı hesablamalara əsasən, alınan məbləğlərin qanunun tələblərinə uyğun olaraq cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini tələb edir:
1. 30.11.2016-21.05.2017-ci il tarixləri arası dövr üçün müdir müavini ola-ola müdir vəzifəsini müvəqqəti icra etdiyinə görə - 7028 manat;
2. filialın rəhbərliyi üçün ayrılmış fiks 4000 manat məbləğində bonusun yarısının 2017-ci ilin oktyabr-dekabr ayları üzrə (3 ay) verilmədiyinə görə - plan 100%-dən çox göstərici ilə icra edildiyindən minimum 6000 manat;
3. filialın rəhbərliyi üçün ayrılmış fiks 4000 manat məbləğində bonusun yarısının mart-may 2018-ci il dövrü üzrə (3 ay) verilmədiyinə görə - 6000 manat;
4. 22.05.2017-04.06.2018-ci il tarixləri arası dövr üçün maaş arasındakı fərqə görə - 6468 manat;
5. 04.06.2018-ci il tarixində işdən çıxarılarkən 18 əlavə məzuniyyətə görə - 1738 manat;
6. 11.06.2018-01.07.2020-ci il tarixləri arası dövr üçün maaş arasındakı fərqə görə - 10759 manat;
7. 14 və 15 mart 2020-ci il tarixlərində (şənbə və bazar günləri) 2 (gün) işə cəlb olunmağına görə- 463 manat;
8. 2019-2020-ci iş ili üzrə 6 gün əsas məzuniyyətə görə - 923 manat;
9. 2019-2020-ci iş ili üzrə 6 gün əlavə məzuniyyətə görə - 923 manat;
10. xidməti avtonəqliyyat vasitəsilə bağlı çəkilmiş xərcə görə (dekabr 2016-sentyabr 2019-cu illər arası dövrü əhatə edən 34 aya görə) - 8357 manat;
11. işdən çıxdığı gün verilməmiş ödənclərə görə əldən çıxmış fayda üçün - 1.400 manat. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.4-cü maddəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunvericiliyin tələbindən görünür ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri ilə bağlı 1 illik müddət müəyyən edilmişdir. Bu tələblər ilə bağlı işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində iddia qaldırmalıdır. Hazırki iş üzrə iddiaçının sadalanan tələblərindən aşağıdakılar üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür:
1. 30.11.2016-21.05.2017-ci il tarixləri arası dövr üçün müdir müavini ola-ola müdir vəzifəsini müvəqqəti icra etdiyinə görə - 7028 manat;
2. filialın rəhbərliyi üçün ayrılmış fiks 4000 manat məbləğində bonusun yarısının 2017-ci ilin oktyabr-dekabr ayları üzrə (3 ay) verilmədiyinə görə - plan 100%-dən çox göstərici ilə icra edildiyindən minimum 6000 manat;
3. filialın rəhbərliyi üçün ayrılmış fiks 4000 manat məbləğində bonusun yarısının mart-may 2018-ci il dövrü üzrə (3 ay) verilmədiyinə görə - 6000 manat;
4. 22.05.2017-04.06.2018-ci il tarixləri arası dövr üçün maaş arasındakı fərqə görə - 6468 manat;
5. 04.06.2018-ci il tarixində işdən çıxarılarkən 18 əlavə məzuniyyətə görə - 1738 manat;
6. xidməti avtonəqliyyat vasitəsilə bağlı çəkilmiş xərcə görə (dekabr 2016-sentyabr 2019-cu illər arası dövrü əhatə edən 34 aya görə) - 8357 manat. Göründüyü kimi iddiaçı 12.11.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, belə olan halda sadalanan tələblər üzrə iddia müddəti ötürüldüyündən həmin tələblərin əsaslı olub-olmamasının araşdırılmasına və qiymət verilməsinə zərurət yoxdur, iddia müddətinin ötürülməsi iddianın rədd olunması üçün əsasdır. Qalan tələblər ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. İddiaçı 11.06.2018-01.07.2020-ci il tarixləri arası dövr üçün maaş arasındakı fərqə görə 10759 manat tələb edir. Əmək kitabçasından göründüyü kimi iddiaçı 08.06.2018-ci il tarixdən 01.07.2020-ci il tarixədək “xxxx” X3 8 saylı filialının müdiri vəzifəsində işləmişdir. İddiaçı ilə bağlanmış 08.06.20180-ci il tarixli 1288 saylı əmək müqaviləsinə əsasən o, 11.06.2018-ci il tarixdən Bankın 8 saylı filialının müdiri vəzifəsinə işə qəbul edilmişdir və müqavilənin 4.1-ci bəndinə əsasən ona 1940 manat əmək haqqı ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Əmək Məcəlləsinin 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən az olmayaraq ödənilir. Göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğ işçiyə ödənilmişdir və bu qanunvericiliyə tam uyğundur. 14 və 15 mart 2020-ci il tarixlərində (şənbə və bazar günləri) 2 (gün) işə cəlb olunmağına görə - 463 manat tələbi ilə bağlı Kollegiya qeyd edir ki, təqdim edilmiş Cavabdeh X2 Departamenti tərəfindən filial müdirlərinə göndərilmiş 30.04.2020-ci il tarixli məktubun məzmunundan müəyyən edilir ki, həmin göstəriş filial müdirlərinə aid edilməmişdir. İddiaçının 2019-2020-ci iş ili üzrə 6 gün əsas məzuniyyətə və 6 gün əlavə məzuniyyətə görə tələbi ilə bağlı Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. İşçinin iddiasında qeyd etdiyi əlavə məzuniyyət Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən hesablanan əmək stajına görə əlavə məzuniyyət günləridir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. İşdən çıxdığı gün verilməmiş ödənclərə görə əldən çıxmış fayda üçün 1.400 manat tələbi də əsassızdır, belə ki, ödənclərin verilməsində pozuntu müəyyən edilmədiyi təqdirdə, əldən çıxmış faydadan söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1144/2021 saylı iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.