Məhkəmə qərarları › İş №2(103)-5362/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5362/2021

17.06.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5362/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı qorunan əmanət üzrə kompensasiya tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-884/21 saylı 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 8825,64 (səkkiz min səkkiz yüz iyirmi beş manat, altmış dörd qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8855,64 (səkkiz min səkkiz yüz əlli beş manat, altmış dörd qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "qorunan əmanət üzrə kompensasiya tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 8825,64 manat məbləğində kompensasiya ödənişinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini оnunlа əsаslаndırmışdır ki, onunla “xxxx” ASC arasında 3 dəfə müxtəlif tarixlərdə əmanət müqavilələri imzalanmışdır. Həmin əmanət müqavilələri əsasında iddiaçı müvafiq olaraq 2000 manat, 2000 manat və 3900 manat məbləğində pul vəsaitini “xxxx" ASC-yə əmanət şəklində yerləşdirmişdir. Hər üç əmanət müqaviləsi üzrə əmanətlər qorunan əmanətlər olmuşdur. “xxxx” ASC-nin lisenziyası ləğv edildikdən sonra İddiaçı Banka müraciət edərək pul vəsaitlərinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçıya Bankdan bildirilmişdir ki, o, əmanətini “xxxx” ASC-nin Xəzər filialına yerləşdirmiş, həmin filial bağlandığından və filial miqrasiya olunduğundan pulun qaytarılmasında problemlər yaşanır. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 10 avqust 2020-ci il tarixli qərarı qəbul olunduqdan sonra “xxxx” ASC tərəfindən digər əmanətçilərə pulların qaytarılması üçün tədbirlər görülməyə başladı və əmanətçilər müxtəlif banklardan öz vəsaitlərini ala bildilər. Lakin iddiaçıya bildirildi ki, onunla bank arasında olan əmanət müqavilələri filial miqrasiya olunarkən itirilmişdir. “xxxx” ASC iddiaçıya əmanət hesablarından çıxarışlar təqdim etmişdir. Həmin çıxarışlardan görünür ki, iddiaçının orada 2000 manat, 2000 manat və 3900 manat məbləğində əmanəti vardır və həmin məbləğlərə müvafiq olaraq 234,67 manat, 234,67 manat və 456,30 manat faiz hesablanmışdır. İddiaçı rəsmi qaydada Əmanətlərin Sığortalanması Fonduna (06 iyul 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir) və “xxxx" ASC-yə (08 iyul 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir) probleminin həll edilməsi ilə bağlı yazılı müraciət etmişdir. Hər iki müraciətinə bu günə qədər cavab verilməmişdir. Ləğv prosesində olan Bankın cavab verməməsi anlaşılan ola bilər, lakin Əmanətlərin Sığortalanması Fondunun iddiaçının probleminə bu şəkildə vecsiz yanaşması əmanətlərin qorunmasının nə dərəcədə riskli olduğundan xəbər verir və müsbətə doğru görülən işləri kölgə altına salır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin edilmişdir. Nəsimi rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Məhkəmə hazırki işə baxarkən iş üçün əhəmiyyətli olan sübutları tam araşdırmayaraq qətnamə qəbul etmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə olunan “xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarışlardan görünür ki, İddiaçı 28.04.2020-23.06.2020-ci il tarixləri aralığına bankda 2000 manat, 235,34 manat (faiz), 2000 manat, 235,34 manat (faiz), 3900 manat, 457,60 manat (faiz) məbləğində əmanəti vardır. İş materiallarında olan ləğv prosesində olan “xxxx” ASC-nin 08 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 06 may 2019-cu il tarixli əmanət müqavilələrinə əsasən İddiaçı tərəfindən Banka illik 12 faiz dərəcəsi ilə, 12 ay müddətinə 7900 manat məbləğində qorunan əmanət yerləşdirilmişdir. İddiaçı əmanətə görə kompensasiya alınması üçün “xxxx” ASC-nin müvafiq filialına müraciət edərək əmanət müqavilələrini, hesabdan çıxarışları və şəxsiyyəti təsdiq edən sənədi təqdim edərək vəsait əldə edə bilər. Göründüyü kimi, iddiaçının Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qanunun 8.1.20-ci maddəsinə əsasən X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Göründüyü kimi, bankla əmanətçi arasında əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmışdır. Eyni zamanda, əmanət məbləği və ona hesablanmış faiz məbləğləri iddiaçıya ödənilməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar