Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5362/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız borcun silinməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1591/2022 saylı işi üzə 05 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1008 manat borcun silinməsinə dair iddia tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1591/2022 saylı işi üzə 05 may 2022-ci il tarixli qətnaməsi ilə (Mülki Məcəllənin 560.1, "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə; Mülki-Prosessual Məcəllənin 14.2. 77.1, 119.1; "Qazdan istifadə Qaydaları”nın 4.2, 4.7, 4.8, 4.9; «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddələrinə istinadən) təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı **********31208 saylı abonent koduna əsassız olaraq hesablanmış 1008 manat borcun silinməsi,Cavabdehndən 30 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
2. İşin icraatı zamanı: - Azəriqaz» İB-nin «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2022-ci il tarixli ******* nömrəli aktının surətinə əsasən, ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edildiyi; - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən iddiaçının yaşadığı evdə sayğacın hesablama mexanizminə lenta yerləşdirilərək mexanizm dayandırıldığı qeyd edilmiş və iddiaçı akta imza atmaqdan imtina etdiyi; - Azəriqaz» İB-nin 13 fevral 2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətinə əsasən itirilmiş qazın bərpası üzrə 8640 kub.metr qazın dəyərinin ödənilməsinin qərara alındığı; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışa əsasən İddiaçı sağ beyin yarımkürəsində keçirilmiş beyin infarktının nəticələri diaqnozu ilə xx.xx.2022-ci il tarixində X3 müraciət etdiyi, xx.xx.2022-ci il tarixində çıxdığı müəyyən edilmişdir (iş.səh.5- 13).
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1591/2022 saylı işi üzrə 05 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1097.1; Mülki Prosessual Məcəlləsinin 77, 217.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndinə; “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə istinadən qeyd edilmişdir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın hesablama mexanizmininə lenta yerləşdirilərək mexanizminin dayandırıldığı aşkar edilmişdir.Bundan sonra qeyd olunan nəticələr xx.xx.2022-ci il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Bununla bərabər həmin tarixdə iddiaçının ünvanında çəkilmiş fotoşəkillərdən görünür ki, iddiaçı sərf edilən qazın qeydinin qarşısını almaq üçün sayğacın mexanizminə əlavə qurğu yerləşdirmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış sayğacın hesablama mexanizminə lenta yerləşdirilərək mexanizminin dayandırıldığının müəyyən edilməsinə baxmayaraq, iddiaçının təqsiri olmadığı nəticəsinə gəlmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəmişdirlər ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunması iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Eyni zamanda abonentin saldosundan da mübahisəsiz qaydada göründüyü kimi 2021-ci il ərzində iddiaçının ailəsi ilə birlikdə həmin ünvanda yaşadığı halda, qaz sərfiyyatının az, müəyyən aylarda isə ümumiyyətlə qeydə alınmaması iddiaçının sayğaca müdaxilə etməsini göstərir. Lakin məhkəmə sayğaca müdaxilə aşkar edilməmişdən əvvəl və sonrakı dövr ərzində iddiaçının saldosunu müqayisəli şəkildə araşdırmamış, digər sübutlarla məcmu halda düzgün qiymət verməmişdir.İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin edərək, səhv qətnamə qəbul etmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özündə istisna edilir. Birinci instansiya məhkəməsi qətnamədə sayğaca müdaxilə olunduğunun müəyyən edildiyini, lakin müdaxilədə iddiaçının təqsirinin olmaması nəticəsinə gəlmişdir. Halbuki, sayğac üzrə qaz sərfiyyatının azaldılması istehlakçının daha az ödəniş etməsi deməkdir. Qaz sayğacının fərdi yaşayış evindən kənarda yerləşməsi ona müdaxilə edilməsi nəticəsində qaz paylayıcıya vurulmuş zərərin ödənilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz.
Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. İddiaçı apellyasiya şikayətinə etiraz edərək xəstəxanada olduğu zaman aktın tərtib olunduğunu, aktının ona təqdim edilmədiyini qeyd etmiş, onun tərəfindən sayğaca heç bir müdaxilə edilmədiyini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh İB-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385- 388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
8. Belə ki, iddiaçının pozuntu törətməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də, cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır.
9. Mülki Məcəlləninin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən: Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur.
10. Məcəllənin 1096 .1-1096.2 əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
11. Məcəllənin 1129.1-1129.3-cü maddələrə əsasən: Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir; İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir; Mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər.
12. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Həmin Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
14. Kollegiya diqqətə çatdırır ki, mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalı, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1591/2022 saylı işi üzrə 05 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.