Məhkəmə qərarları › İş №2(103)-5362/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5362/2023

26.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5362/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı2 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələblərinə dair mülki iş üzrə (açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X11 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı2 nümayəndəsi X14, Cavabdeh1, onun nümayəndəsi Vəkil2 Qudrət oğlu, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı2 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə köçürülmə tələblərinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(010)- 1271/2023 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri İcraiyyə Komitəsinin Zəhmətkeş Deputatlar Soveti tərəfindən verilmiş 18 aprel 1968-ci il tarixli, 012601 nömrəli orderlə Bakı şəhəri Dzerjinski küçəsi ev 6, mənzil 3 (hazırda ünvan 1 ünvanında yerləşən mənzil icarədar X2 verilmişdir. Orderdə icarədardan başqa onun dörd ailə üzvünün adı qeyd edilmişdir: arvadı İddiaçı1A; anası Məhərrəmova R.Q; oğlu Məhərrəmov A.M və qızı M.Cavabdeh2.

2. Mənzilin icarədarı X4 hazırkı iş üzrə tərəflər İddiaçı2 əri, İddiaçı1 atası, Cavabdeh1 qayınatası, İddiaçı3, Cavabdeh2 və Cavabdeh3 isə babası olmuşdur.

3. İddiaçı1 1969-cu ildə, İddiaçı3 1989-cu ildə, Cavabdeh2 1993-cü ildə, Cavabdeh3 isə 2001-ci ildə həmin mənzildə doğulmuşdur.

4. İddiaçı2 icarədar Möhbalı Məhərrəmovla 1963-cü ildə nikaha daxil olmuş, mənzilin verilməsinə dair 1968-ci il tarixli orderdə adı icarədarın ailə üzvü (arvadı) kimi qeyd edilmiş, həmin mənzildə yaşamışdır.

5. Cavabdeh1 icarədar X6 Məhərrəmovla 1993-cü ildə nikaha daxil olmuş, həmin mənzilə gəlin köçmüşdür. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 139 saylı mənzil-mommunal istismar sahəsi tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli, 241 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu Əmirxan qəsəbəsi 2-ci Balandin küçəsi 2 nömrəli evin 5 nömrəli mənzilində 02 oktyabr 1997-ci il tarixdən qeydiyyatdadır və yaşayır.

6. Mənzilin icarədarı Möhbalı Məhərrəmov 26 noyabr 2004-cü il tarixdə vəfat etmişdir.

7. Cavabdeh1 və Azər Məhərrəmov arasındakı nikah 2007-ci ildə pozulmuşdur. Azər Məhərrəmov 2008-ci ildə vəfat etmişdir.

8. ünvan 6ında mübahisəli mənzildən əlavə, başqa bir fərdi yaşayış evi tikilmişdir. Həmin ev özbaşına tikili olmaqla heç kimin mülkiyyətində deyildir.

9. İddiaçı2, İddiaçı1, İddiaçı3, Cavabdeh1 və Cavabdeh3 mübahisəli ünvan 2 ünvanında, Cavabdeh2 isə başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır.

10. "xxxx" ASC Suraxanı rayon Sukanal idarəsi tərəfindən verilmiş 01 dekabr 2022ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin abonent bazasında qeyd olunan ünvana 01 avqust 2012-ci il tarixdə bağlanmış İddiaçı2 və Cavabdeh1 adlarına iki ədəd, müvafiq olaraq 20674628 və 20711838 nömrəli müqavilələr mövcuddur.

11. Bakı şəhəri Suraxanı rayonu Enerji Təchizatı və Satışı idarəsi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında istifadə olunan elektrik enerjisi haqqının ödənilməsi üçün "xxxx" ASC-nin kompüter bazasında iki abunə kodu açılmış və iki sayğac quraşdırılmışdır.

12. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanında iki sayğacdan istifadə olunur. 01 oktyabr 2010-cu il tarixdə İddiaçı2 məxsus **********00051 nömrəli istehlakçı hesabı açılaraq X3 Sistemində qeydiyyata alınmışdır. 31 may 2020-ci il tarixdə ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən ********* nömrəli sayğac quraşdırılmışdır. 02 aprel 2013-cü il tarixdə Suraxanı rayonu Əmircan qəsəbəsi 2-ci Balandin küçəsi ev 2, mənzil 5 ünvanı üzrə X5 məxsus **********00052 nömrəli istehlakçı hesabı açılaraq X3 Sistemində qeydiyyata alınmışdır. 31 may 2020-ci il tarixdə ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən ********* nömrəli sayğac quraşdırılmışdır.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 2-ci Balandin küçəsi ev 2, 5 nömrəli mənzildə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

14. İddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Balandin küçəsi, 2-ci döngə, birmərtəbəli, 2 nömrəli evin 5-ci mənzilinə yaşayış hüquqlarının tanınması və ünvana köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Birinci iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Balandin küçəsi, 2-ci döngə, 2 nömrəli evin 5-ci mənzilinin icarədarıdır. Mənzildə onlardan əlavə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyatdadırlar. Cavabdeh1 icarədarın oğlu X10 ilə 1992-ci ildə rəsmi nikaha girərək onların yaşadıqları mənzilə gəlin köçüb 2 ay onlarla yaşadıqdan sonra yaşadıqları evin həyətində hər cür şəraiti olan ayrıca mənzil tikməklə 1993-cü ildən ora köçərək ailə üzvləri ilə birlikdə hazıra kimi həmin mənzildə yaşayırlar. Cavabdeh1 ilə X10 arasında olan nikah 2007-ci ildə ləğv edilmiş və onun sabiq həyat yoldaşı Azər Məhərrəmov 07 dekabr 2008-ci il tarixdə vəfat etmişdir. Hazırda cavabdehlə onların ailəsinin hər hansı bir qohumluq münasibəti qalmamış, həmçinin 1993-cü ildən hazıra kimi o və onun ailə üzvləri onlardan ayrı təsərrüfat aparmaqla özlərinin tikdiyi hər cür kommunal şəraitli ayrıca mənzildə yaşamalarına baxmayaraq onun və iki uşağının mənzildən istifadə və bəzi kommunal xərclərini də onlar ödəyirlər. Lakin işıq, su və qaz pulları onun öz şəxsi hesabına yığılır və onun tərəfindən ödənilir. Cavabdehlərin ayrı mənzildə yaşamaları eyni həyətdə kommunal xidmətlərə görə iki abunə kodunun olması ilə sübuta yetirilir. Cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və onlar məcbur olub uzun müddətdir ki, onlar üçün kirayə və bəzi kommunal haqları ödəyirlər.

16. İkinci iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 1993-cü il tarixdə X10 ilə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuş və onun yaşadığı ünvana - ünvan 6ına gəlin köçmüşdür. X10 ilə birgə nikahdan iki övladı – xx xxxxxxxx 1993-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxx 2001ci il təvəllüdlü Cavabdeh3 doğulmuşlar. Həmin ünvana qeydiyyata alınmış və birlikdə yaşamışlar. Evdə darısqallıq olduğu üçün, həyat yoldaşı evə bitişik, ayrıca girişi olan əlavə bir otaq tikmişdir. Həmin əlavə bir otaqdan digər otaqlar kimi istifadə etməyə başlamışlar. Zamanla, həmin bitişik otağa yeni əlavə tikililər etmişlər. Həyat yoldaşı X10 2002-ci il tarixdə işləmək üçün Belarusiya Respublikasına getmiş, Belarusiyadan geri qayıtmadığı üçün o, Azər Məhərrəmovdan 14 dekabr 2007-ci il tarixdə rəsmi qaydada boşanmışdır. 2008-ci ilin yanvar ayından baldızı, qaynanası və digər baldızının qızı onunla yola getməmiş, gəlin köçdüyü evdən onu və iki azyaşlı övladını qovmuşlar. O da məcburiyyət qarşısında qalaraq, özbaşına tikilidə özü üçün kommunal şərait yaradıb, övladları ilə birlikdə yaşamağa başlamışdır. Bu barədə keçmiş həyat yoldaşı ilə telefonla əlaqə saxlamış, sonuncu ona bildirmişdir ki, geri qayıdanda, bu məsələni özü həll edəcək. Baldızı İddiaçı1 11 yanvar 2008-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onu və öz qardaşını - keçmiş həyat yoldaşını azyaşlı uşaqları ilə birlikdə yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu barədə də o yenidən keçmiş həyat yoldaşına məlumat vermiş, həyat yoldaşı 2008-ci ilin yay ayında ölkəyə geri qayıtmışdır. O, bacısı İddiaçı1 ilə barələrində qaldırdığı iddia ərizəsi üzrə danışdığı üçün, Sevinc məhkəməyə verdiyi iddia ərizəsi ilə bağlı məhkəmə prosesində iştirak etmədiyi üçün məhkəmə işi baxılmamış saxlamışdır. 07 dekabr 2008-ci il tarixdə keçmiş həyat yoldaşı X10 rəhmətə getmişdir. Yaşadıqları özbaşına tikilidə nəmişlik olduğu üçün, uşaqlar və özü tez-tez xəstələndiyindən dəfələrlə gəlin köçdüyü evə köçməyə cəhd göstərsə də, baldızı İddiaçı1 onlarla dalaşaraq, köçmələrinə maneəçilik törətmişdir. 2008-ci ilin oktyabr ayının 14-də İddiaçı1, İddiaçı2 və İddiaçı3 yenidən iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, onun və iki azyaşlı uşaqlarının Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Balandin küçəsi, 2-ci döngə, birmərtəbəli 2 saylı evin 5-ci mənzilinin 39 m2 olan sahəsinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yenidən İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə iddia ərizəsinin geri qaytarılması barədə 12 yanvar 2010-cu il tarixdə ərizə ilə müraciət etdiklərinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2010-cu il tarixli, 2(010)-116/2010 nömrəli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması və iddia ərizəsinin sənədlərlə birlikdə iddiaçılara qaytarılması qərara alınmışdır. Gəlin köçdüyü ünvanda hazırda keçmiş qaynanası İddiaçı2 tək yaşayır. İddiaçı1 isə bir neçə il bundan öncə rəhmətə gedən bacısının evində, onun qızı İddiaçı3 ilə birlikdə yaşayırlar. İddiaçı2 ahıl yaşındadır. Gələcəkdə həmin evin tək vərəsəsi kimi olmaq istədiyinə görə qızı İddiaçı1 yenidən onları məhkəməyə verərək, onların hüquqlarını pozmaq niyyətindədir.

17. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(010)- 1271/2023 nömrəli qətnaməsi ilə iddiаçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 6ında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı2 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dаir iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh1 aid edilməsi qət edilmişdir.

18. Qətnamənin əsaslarına görə, məhkəmə, ilk növbədə birinci iddia üzrə Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququnu araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh1 1993-cü ildə mübahisəli mənzilə gəlin köçmüş, onun nikaha girdiyi X10 mübahisəli mənzilin icarədarı X1 oğlu olmuşdur. İşin bu halını hər iki tərəf mübahisələndirmədən qəbul edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh1 Azərbaycan SSR-in 08 iyul 1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, 01 oktyabr 2009-cu il tarixdə qüvvədə düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən “icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxs” kimi mənzildən istifadə hüququ əldə etmişdir. Digər Cavabdeh2 gəldikdə məhkəmə qeyd etmişdir ki, bu cavabdeh 1993-cü ildə həmin mənzildə doğulmuşdur. Bu zaman o, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvünün (oğlunun) həddi-büluğa çatmamış uşağı kimi yuxarıda istinad edilmiş və artıq qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Cavabdeh3 vəziyyəti isə bir qədər fərqlidir. Belə ki, o, 2001-ci ildə doğulmuşdur. Belə olan halda onun mənzildən istifadə hüququ artıq qüvvədən düşmüş Mənzil Məcəlləsi əsasında deyil, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsi əsasında müəyyən edilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Lakin nəzərə alınmalıdır ki, Cavabdeh3 həmin mənzildə ümumiyyətlə yaşayıbyaşamaması məsələsi tərəflər arasında mübahisəlidir. Belə ki, birinci iddia üzrə iddiaçıların mövqeyinə görə cavabdehlər 2000-ci ilin əvvəlindən (Birinci iddia ərizəsində 1993-cü ildən olduğu yazılsa da, iddiaçı məhkəmə iclasında cavabdehlərin 2000-ci ilin əvvəlindən başqa evə köçməyə başladıqlarını, 2007-ci ildən isə tam köçdüklərini bildirmişdir), cavabdehlərin dediyinə görə isə 2008-ci ilin yanvar ayından mübahisəli mənzildən çıxmışlar. İddiaçıların mövqeyinə görə 2001-ci ildə doğulmuş Cavabdeh3 heç vaxt həmin mənzildə yaşamamışdır. Məhkəmə hesab etmişdir ki, iş materialları əsasında cavabdehlərin mənzildən dəqiq şəkildə hansı tarixdən çıxdığını müəyyən etmək mümkün deyil. Bununla belə mübahisəli mənzilin yerləşdiyi ünvanda su təchizatı ilə bağlı biri İddiaçı2, digəri Cavabdeh1 adına olmaqla 2012-ci il tarixdə iki ayrı müqavilənin bağlanmış olmasını, İddiaçı2 2010-cu ildə, Cavabdeh1 isə 2013-cü ildə eyni ünvanda təbii qaz istehlakçısı kimi hesab açılmasını və X3 sistemində qeydiyyata alınmalarını, cavabdehlərdən Cavabdeh1 məhz 2006-cı ildə həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmış olmasını nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh3 doğulduğu 2001-ci ildə cavabdehlər həmin mənzildə yaşamışlar. Həmçinin məhkəmə iclasında izahat verən birinci iddia üzrə İddiaçı1 da cavabdehlərin mübahisəli mənzildən tam köçməsinin 2007-ci ildə baş tutduğunu qəbul etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh3 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvünün mənzilə köçürdüyü yetkinlik yaşına çatmayan uşaq kimi mənzildən istifadə hüququ əldə etmişdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, birinci iddia üzrə cavabdehlərdən ikisi Azərbaycan SSR Mənzil Məcəlləsi, biri isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mənzildən istifadə hüququ əldə etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlər mənzildən könüllü olaraq başqa yaşayış yerində yaşamaq üçün çıxmışlar və hazırda həmin mənzilə ehtiyacları yoxdur. Belə ki, məhkəmə tərəfindən mübahisəli mənzilin, eləcə də onunla bir həyətdə inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi ünvanda yerində müayinə keçirilmişdir. Bu zaman müşahidə edilmişdir ki, cavabdehlərin yaşadığı fərdi yaşayış evi kifayət qədər geniş sahəni əhatə edən, iki mərtəbəli tikilidir. Məhkəmə tərəfindən, həmçinin mübahisəli mənzilə tərəflərin iştirakı ilə baxış keçirilmiş, orada cavabdehlərə aid hansısa əşya, yaxud cavabdehlərin bu mənzillə yaşayış yeri kimi əlaqələrinin mövcud olduğunu göstərən hər hansı dəlil aşkar edilməmişdir. Digər tərəfdən, məhkəmə qeyd etmişdir ki, tərəflər qohumdur və bir həyətdə yaşayırlar. Cavabdehlərin də mübahisələndirmədən qəbul etdiyi kimi mübahisəli mənzildə onların xəstə nənələri (İddiaçı2) qalır. Bu vəziyyətdə cavabdehlərin nənələrinə tez-tez baş çəkmələri, ona qulluq etmələri, qayğısına qalmaları cavabdehlərin həmin mənzillə yox, həmin mənzildə yaşayan nənələri ilə əlaqələrinin kəsilmədiyinin göstəricisi ola bilər.

19. Məhkəmə öz mövqeyini Azərbaycan SSRİ Mənzil Məcəlləsinin 53, 54, 60, 87, 123, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228, 262-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, ilk iddia tələblərinin rədd edilməsi, onların iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o gəlin kimi icarədar tərəfindən ailə üzvü olaraq mənzilə köçürülmüşdür və uşaqları da həmin mənzildə dünyaya gəlmişdir. Ən azından kompensasiya verilmədən onların həmin mənzildə hüquqlarının itirilməsi qanunsuzdur. O, icəradarın oğlu ilə boşansa da mənzildən istifadə hüuqunu özündə saxlamışdır, amma məhkəmə bu məqama da düzgün hüquqi qiymət verməmişdir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Cavabdeh1, onun nümayəndəsi Vəkil2 Qudrət oğlu, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, təmin olunmasını xahiş etmişlər.

24. İddiaçı2 nümayəndəsi X14 apllyasiya şikayətinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər iddiaçılar (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

28. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər; Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar; İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir; İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır; Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

29. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər; Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı: “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.”

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.”

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayəti ilə qətnamə həm birinci, həm ikinci iddia üzrə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

35. İşdən görünür ki, birinci iddia tələbi cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, ikinci iddia tələbi isə birinci iddia üzrə cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmələri ilə bağlıdır. İş üzrə müəyyən edilir ki, Cavabdeh1 1993-cü ildə mübahisəli mənzilə gəlin köçmüş, onun nikaha girdiyi X10 mübahisəli mənzilin icarədarı X1 oğlu olmuşdur. Digər Cavabdeh2 1993-cü ildə həmin mənzildə doğulmuşdur. Cavabdeh3 2001-ci ildə həmin evdə doğulmuşdur. Cavabdeh1 ilə Məhərrəmov Azər arasında olan nikah 2007-ci ildə ləğv edilmiş və 07 dekabr 2008-ci il tarixdə Məhərrəmov Azər vəfat etmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin şikayətin dəlilləri kimi istinad etdiyi halların hər biri üzrə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi dəyərləndirmə aparılmış, yekun olaraq işin halları baxımından doğru nəticəyə gəlinmişdir.

37. Cavabdeh şikayətində gəlin kimi icarədar tərəfindən ailə üzvü olaraq mənzilə köçürüldüyünü və uşaqlarının da həmin mənzildə dünyaya gəldiyini, ən azından kompensasiya verilmədən onların həmin mənzildə hüquqlarının itirilməsinin qanunsuz olmasını bildirmişdir.

38. Kollegiya qeyd edir ki, Cavabdeh1 Cəlal qızının və ailə üzvlərinin Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, 2-ci Balandin küçəsi, ev 2, mənzil 5 ünvanına istifadə hüququ 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən yaranmışdır. Mübahisə predmeti olan mənzil İddiaçı2 mülkiyyətində olmadığına görə istifadə hüququnun itirilməsi ilə bağlı da həmin Məcəllənin 87-ci maddəsi əsas götürülməklə, M.C.Cavadova daimi yaşamaq üçün həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdüyünə görə bu mənzilə münasibətdə istifadə hüququnu itirmişdir.

39. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəblərinin araşdırılmalı olması ilə bağlı şikayət dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu xüsusat da araşdırılmış, mübahisəli mənzilin olduğu ünvanda yerində müayinə keçirilmiş, cavabdehlərin ayrıca mənzil inşa edərək, orada yaşadıqları, mübahisəli mənzillə heç bir bağlılıqlarının olmadığı müəyyən edilmişdir.

40. İş materiallarına sübut qismində əlavə edilmiş kommunal xidmətlərə dair arayışlardan da görünür ki, Cavabdeh1 Cəlal qızının və ailə üzvlərinin faktiki yaşadığı sahənin təchizat baxımından iddiaçıya məxsus sahəyə heç bir aidiyyatı yoxdur.

41. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən mübahisə predmeti olan daşınmaz əmlakın yerində müayinəsi aparılmış, müəyyən olunmuşdur ki, İddiaçı2 məxsus ünvan 7 ünvanı ilə Cavabdeh1 Cəlal qızının və ailə üzvlərinin faktiki yaşadığı mənzil yanaşı yerləşsə də, faktiki olaraq bir - birindən ayrıdır, yəni, hər birinin ayrıca dam örtüyü vardır, hər bir yaşayış sahəsinin giriş – çıxış qapıları ayrıdır, hətta Cavabdeh1 Cəlal qızının və ailə üzvlərinin faktiki yaşadığı mənzidən sərbəst giriş - çıxış üçün yolun ayrılaraq darvazanın qoyulması da mümkündür. Cavabdeh1 Cəlal qızının və ailə üzvlərinin faktiki yaşadığı mənzilin yerləşdiyi torpaq sahəsinin İddiaçı2 məxsus ünvan 7 ünvanına aidiyyatı yoxdur.

42. Göründüyü kimi, cavabdehin şikayətinin dəlilləri işin faktiki halları ilə təkzib olunur.

43. Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.

44. Məhkəmə kollegiyası qərarda qeyd olunan mövqeyi nəzərə alaraq hesab edir ki, Cavabdeh1 Cəlal qızının və ailə üzvlərinin faktiki yaşadığı mənzil ailə üzvləri ilə birlikdə uzun müddət ərzində orada yaşadığına, həmin yaşayış sahəsi ilə bağlı onunla kommunal xidmətlərə dair müqavilələr bağlandığına görə tikili və həmin tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etmək barədə əsaslı gözləntiyə malikdir.

45. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin birinci iddianın təmin, ikinci iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

46. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(010)- 1271/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(010)- 1271/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar