Məhkəmə qərarları › İş №2(103)-5363/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5363/2021

08.06.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5363/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1664/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət məbləğinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla “xxxx” ASC arasında bağlanmış 2-251858-2 09.2018 nömrəli bank əmanəti müqaviləsinə əsasən hesabında 12.999 (on iki min doqquz yüz doxsan doqquz) ABŞ dolları əsas, 45,36 (qırx beş dollar otuz altı sent) ABŞ dolları faiz məbləğinın, eləcə də cari hesabında olan 0,13 ABŞ dolları qalıq məbləğin Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 11.09.2018-ci il tarixdə “xxxx” ASCnin “Gəncə” filialı ilə arasında 2-251858-2 09.2018 nömrəli bank əmanəti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, o, bankda illik 3 faiz ödənilməsi şərtilə 12 ay müddətinə 12.500 ABŞ dolları əmanət yerləşdirmişdir. Əmanət müqaviləsi bağlanan anda ona məxsus əmanət məbləği qanunla tam sığortalı əmanət kateqoriyasına aid olmuş və dövlət tərəfindən tam sığortalanmışdır. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsinə əsasən, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Həmin dövrdə Mərkəzi Bank tərəfindən xarici valyutada qoyulmuş əmanətlərin dövlət tərəfindən sığortalanmış hesab olunması üçün əmanət faiz maksimum 3 (üç) faiz ola bilərdi. 11.09.2019-cu il tarixdə sözügedən əmanət müqaviləsinin müddəti bitmiş və beləcə müqavilənin 4.3-cü bəndi işə düşmüşdür. Həmin bəndə əsasən, müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu günədək əmanət əmanətçi tərəfindən tələb olunmazsa, növbəti gündən etibarən müqavilə eyni müddətə uzadılmış hesab olunur, şərtlə ki, bank müqavilənin uzadılmasına razı olsun. Bank müqavilənin müddətinin uzadılmasına razı olmadıqda müqaviləyə xitam verilir və 4.2-ci bəndi ilə müəyyən olunan qaydada əmanət əmanətçiyə qaytarılmaqla əmanət hesabı bağlanılır. Qeyd olunan bəndə uyğun olaraq, əmanət müqaviləsi avtomatik olaraq bank əməliyyat sistemi tərəfindən prolonqasiya olunmuş - yəni müddəti uzadılmışdır. Həmin ərəfədə o, əmək fəaliyyəti ilə bağlı olaraq Rusiya Federasiyasında olmuşdur. Qeyd olunan səbəbdən əmanətçi kimi bu barədə ona heç bir məlumat verilməmişdir. Təbii ki, yeni müqavilənin şərtləri barədə məlumatı olsaydı buna razı olmazdı. Çünki ilkin əmanət müqaviləsinin müddətinin bitdiyi və prolonqasiya olunduğu anda artıq dövlət tərəfindən xarici valyutada yerləşdirilmiş əmanətlərin sığortalanması üçün müəyyən edilmiş faiz dərəcəsi dəyişmiş və 2,5 faizə düşmüşdür. Nəticədə ona məxsus əmanət məbləği sığortalı əmanətlər kateqoriyasından çıxmışdır. Nəticədə 2020-ci ilin aprel ayında sığorta hadisəsi baş vermiş - xxxx ASC-nin fəaliyyətinə xitam verilmiş və bankla bağlı ləğv proseduruna başlanılmışdır. Kompensasiya məbləğinin alınması üçün “xxxx” ASC-yə yaxınlaşdıqda isə ona bildirmişlər ki, müqavilədə qeyd olunan məbləğlə hesabdan çıxarışda qeyd olunan məbləğ uyğun gəlmir. Kolliziya ondan ibarətdir ki, əmanət yenidən rəsmiləşdirilərkən əvvəlki əsas məbləğlə deyil, faizlərlə bir yerdə rəsmiləşdirilmişdir. Hal-hazırda bank əməliyyat sistemində qeyd olunan əsas məbləğlə əmanət müqaviləsində qeyd olunan məbləğ arasında da fərq də mövcuddur. Bank tərəfindən əmanətçinin hüquqları pozulduğundan hesab edir ki, əmanət və ona hesablanmış faiz məbləği cavabdehdən alınaraq ona qaytarılmalıdır. Çünki bank əmanəti müqaviləsinin 2.2.2-ci bəndinə əsasən, bankın vəzifəsidir ki, əmanət hesabı ilə eyni vaxtda əmanətçiyə cari hesab açsın. Bu tip cari hesabların açılması müəyyən vəzifəyə xidmət edir. Müqavilənin 4.2 bəndinə əsasən, müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət məbləği hesablanmış faizlərlə birlikdə əmanətçinin cari hesabına köçürülür. 12 aylıq müddətin sonunda həmin məbləğ onun cari hesabına köçürülsəydi və prolonqasiya olunmasaydı, onun əmanəti indi sığortalanmış olardı. Halbuki, bankın yeni sığortalı faiz dərəcələrindən xəbəri var idi və 4.3-cü bəndinə əsasən müqaviləyə xitam verə bilərdi. Belə ki, Mülki Məcəllənin 947.4-cü maddəsinə əsasən, əmanətçinin müddətli əmanətin məbləğini müddət qurtardıqdan sonra və ya başqa qaytarma şərtləri ilə qoyulmuş əmanətin məbləğini müqavilədə nəzərdə tutulmuş hallar baş verdikdən sonra qaytarmağı tələb etmədiyi hallarda müqavilə tələbli əmanətin şərtləri ilə uzadılmış sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın. Müqavilədə isə bu cür şərt nəzərdə tutulmuşdur. Belə ki, 9.1-ci bəndinə əsasən, “xxxx” ASC Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olaraq Fonda sığorta haqqı ödəyir. 9.7-ci bəndinə əsasən isə, Fond tərəfindən hər bir iştirakçıya bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində kompensasiya ödənilir. Kompensasiya məbləğinin sığorta hadisəsi baş verən anda geri alınması üçün isə əmanətin sığortalı olması lazımdır. Bank isə onun əmanətini sığortalı olmayan faizlə yenidən rəsmiləşdirmişdir. Hal-hazırda “xxxx” ASC-dəki hesabında 12.999 ABŞ dolları əsas əmanət, 45,36 ABŞ dolları faiz məbləği, cari hesabında isə 0,13 (on üç sent) ABŞ dolları qalıq məbləği mövcuddur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1664/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 2-2518582 09.2018 nömrəli bank əmanəti müqaviləsinə əsasən hesablanmış 12.999 (on iki min doqquz yüz doxsan doqquz) ABŞ dolları əsas, 45,36 ( qırx beş dollar, otuz altı sent) ABŞ dolları faiz məbləği, cari hesabda olan 0,13 (on üç sent) ABŞ dolları qalıq məbləği, ümumilikdə 13.044, 49 (on üç min qırx dörd dollar, qırx doqquz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru X2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən tərəflərdən yalnız iddiaçının tədqim etdiyi sübutlar üzrə mövqeyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.3-cü maddəsinə əsasən mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. Qanunvericiyin qeyd edilən müddəasından görünür ki, ədalət mühakiməsi həyata keçirilən zaman tərəflərin çəkişmə prinsipinə əməl edilməli olduğu halda qanunun sözügedən müddəası məhkəmə tərəfindən əsassız şəkildə pozulmuşdur. Həmçinin Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən hakim işə yalnız tərəflərin çəkişmə prinsipinə və tərəflərin təqdim etdiyi sübutlar əsasında qiymət verir. Odur ki, hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Qeyd edilən müddəalardan göründüyü kimi Fond kompensasiya ödənişini həyata keçirərkən mövcud qanunvericiliyə əsasən ərizə və ərizəyə əlavə edilmiş sənədləri tələb edir. Lakin hazırki mülki iş üzrə İddiaçı qanunla müəyyən edilmiş sənədləri təqdim edə bilmir və bu səbəbdən Fond tərəfə ödəniləcək kompensasiyanın ödənilməsindən imtina edir. Fond, Mülki qanunvericilikdə nəzərədə tutulmuş tərəfin sənədləri tam halda təqdim etmədiyi halda əmanət müqaviləsi üzrə hüquqlarınının tanınması riskini öz üzərinə götürə bilməz. Qeyd edilən xüsusatlar onu göstərir ki, məhkəmə işi hərtərəfli və obyektiv araşdırmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1664/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru X2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 2-251858- 2 09.2018 saylı, 11 sentyabr 2018-ci il tarixli Bank əmanəti müqaviləsinin surətindən görünür ki, İddiaçı bankın depozit hesabına müqavilənin bağlandığı tarixdən 12 aylıq müddətə, yəni 11 sentyabr 2019-cu il tarixədək 3 faizlə 12.500 ABŞ dolları məbləğində əmanət qoymuşdur. İş materiallarında olan, 16 dekabr 2020-ci il tarixli hesabdan çıxarışlardan görünür ki, İddiaçı əmanət hesabında 12.999 ABŞ dolları, 0,13 ABŞ dolları və 45,36 ABŞ dolları pul vəsaiti vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1.1 Əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2. Əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.3. Sığortalanmış əmanət-qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11. Kompensasiya-sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4. Əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondununiştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış müqavilənin müddəti bitdiyi zaman iddiaçı tərəfindən əmanət geri götürülməmiş və 11.09.2020-ci tarixinə kimi həmin müqavilənin 4.3-cü bəndinə əsaslanaraq müqavilə bank tərəfindən uzadılmışdır. Lakin bank tərəfindən həmin müqavilə uzadılarkən illik faiz dərəcəsi 2.5% olmuşdur. Halbuki, Müqavilənin 4.4-cü bəndinə görə, əgər əmanətçi müqavilənin 4.3-cü bəndinə əsasən eyni adlı əmanət növü üzrə müqavilənin davam etdirilməsinə təşəbbüs edərsə, əmanət müqaviləsi Bankın həmin günə faiz dərəcəsini və digər şərtləri tənzimləyən mövcud qüvvədə olan qaydasına əsasən yeni əmanət müqaviləsi bağlanmadan uzadılır. Əmanətlərin Sığortalanması Fondunun X1 Bazarlarına nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 16 sentyabr 2016-cı il tarixdən etibarən fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən etmişdir. İş materiallarından göründüyü kimi, “xxxx” ASC ilə İddiaçı arasında əmanət müqaviləsi 11.09.2018-ci il tarixdə bağlanmış, əmanət üçün illik 3 faiz dərəcəsi müəyyən edilmişdir. Məhkəmə kollegoyası qanunvericiliyin qeyd olunan tələbləri baxımından hesab edir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aid olmuş və müqavilənin 9.7-ci bəndinə əsasən Fond tərəfindən hər bir iştirakçıya bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində kompensasiya ödənilir. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevin apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları sübut edən dəlillərini məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevin apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1664/2021 saylı, 12 mart 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevin apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1664/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar