Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5366/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı, onun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1213/21 saylı 17.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 1(102)-600/2020 saylı hökmünə əsasən iddiaçı barəsində bəraət hökmü çıxdığından Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 10 000 (on min) manat, mənəvi ziyana görə isə 150 000 (yüz əlli min) manat pulun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli hökmü ilə İddiaçı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 25 mart 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Qeyd edilən hökmdən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti, Sumqayıt Apelyasiya Məhkəməsinin 10 dekabr 2010-cu il tarixli hökmü ilə təmin edilmiş və irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində 10 dekabr 2019-cu il tarixli hökmünün ləğv edilməsi və işin apelyasiya instansiya məhkəməsində yenidən baxılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30.09.2020- ci il tarixli, 1(012)-600/2020 saylı hökmü ilə kassasiya protesti təmin edilməmiş, bəraət almış şəxs İddiaçı barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçının iki azyaşlı övladı var və özü xəstəlikdən əziyyət çəkir. Göründüyü kimi, heç bir əsas olmadan təhlükəsizlik orqanlarında çalışan (iddiaçını qanunsuz olaraq saxlayan) əməkdaşların iddiaçıdan pul almaq məqsədi və ya ola bilsin ki, öz işlərindəki statistikanın xətrinə qanunsuz olaraq tutulub döymüş və 25 mart 2018-ci il tarixdən, 10 dekabr 2019-ci il tarixinə kimi heç bir əsas olmadan istintaq təcridxanasında saxlamış, bu azmış kimi barəsində baraət hökmü çıxdıqdan sonra dövlət ittihamçısı tərəfindən protest verildiyi üçün barəsində məhkəmə istintaqı davam etmişdir. Bütün bu müddət ərzində ailəsi sarsılmış, səhhətində ciddi problemlər yaranmış, müflis olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Cinayət təqibi zamanı döyülmüş və uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün iddiaçının səhhətində ciddi problemlər yaranmış və 23 saylı şəhər xəstəxanasının çıxarışlarından da görünür ki, müalicəyə ehtiyacı var. Qanunsuz saxlanıldığı 1 il 8 ay müddətində mənəvi sarsıntı keçirmiş və ona vurulmuş mənəvi ziyana görə 150 000 (yüz əlli min) manat pul tələb edir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qətnaməsinin ləğv edilməsi, iddia tələbimin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsi işi tam və hərtərəfli araşdırmamış qətnamə qəbul etmişdir. Hesab edir ki, işə tam, obyektiv və hərtərəfli baxılmamış, bütün faktiki hallar araşdırılmamış və nəticədə ədalətsiz, qərar çıxarılmasına nail olmuşdur. Qeyd olunanları və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Qeyd olunan qətnamədən öz növbəsində cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları tam araşdırılmamışdır, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin səlahiyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayəti ilə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi mənəvi zərərin 3000 manat tutulması hissəsində dəyişdirilməli,cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi zərər görə 6000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməməlidir.Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.0.3.-cü maddəsinə görə birinci instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30.09.2020-ci il tarixli, 1(102)-600/2020 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli hökmü ilə İddiaçı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 25 mart 2018-ci il tarixdən hesablanması hökm edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2018- ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı qarşı irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, kassasiya protestinin təmin edilməməsi, bəraət almış şəxs İddiaçı barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İddiaçıya vurulmuş maddi ziyanla bağlı Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona 10.000 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında təqdim edə bilməmişdir. Buna görə də iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində haqlı olaraq təmin olunmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1 il 08 ay 15 gün həbsdə saxlanılmağı nəticəsində ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. İşə baxan birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq, cavabdehdən mənəvi ziyana görə 3000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını əsaslı və ədalətli hesab etmişdir. Belə ki, iddiaçının 1 il 08 ay 15 gün həbsdə saxlanılmağı ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. " Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında həmçinin qeyd edilir ki, "Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır." «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X1 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd olunan qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Şərh olunanlara və iş materiallarına əsasən kollegiya hesab edir ki, iddiaçı aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində mənəvi sarsıntı keçirmişdir. Buna görə də, cavabdeh mənəvi zərərin ödənilməsinə görə məsuliyyətdən azad edilməməli və iddiaçıya vurduğu mənəvi zərərə görə məsuliyyət daşımalıdır. Kollegiya, cavabdehdən 3000 manat mənəvi ziyanın tutulması hissəsi ilə razılaşmır və hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi və fiziki iztirabların xarakterini, dərəcəsinii və digər mühüm hallarını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərə görə cavabdehdən 6000 (altı min) manat alınaraq iddiaçıya ödənilməsini ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1213/21 saylı 17 mart 2021-ci il tarixli qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi zərər görə 6000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5366/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5366/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver