Məhkəmə qərarları › İş №2(103)-5369/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5369/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5369/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-2357/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə 37000 manat pulun ödənilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Xətai Rayon Məhkəməsinin 2(011)-2357/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti:

3. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini madafiə edərək təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 582/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan tutulan məbləği o, həmin qətnamədən əvvəl cavabdehə qaytarmışdır. Hazırda icra həmin məbləğin qaytarılmasının məhkəmə qaydasında müəyyən edilməsini istəyir.

5. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

6. Mülki iş materiallarında olan Şəki Rayon Məhkəməsinin 2(075)-874/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “borc pulun tutulması və sair” tələbinə dair ilkin, İddiaçı Cavabdeh qarşı “pulun alınması barədə 20 aprel 2019-cu il tarixli yazılı etirafın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə ilkin iddianın qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. 7.Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 582/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-874/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-874/2020 saylı qətnaməsi qismən, yəni 37000 manat pulun cavabdeh İddiaçı alınması hissəsində təmin edilməyən, 15551,35 manat pulun cavabdehdən alınması hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə də təmin edilmiş 37000 manat pul alınaraq iddiaçı Cavabdeh verilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının2(102)-3925/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 582/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.

10. Məhkəmə kollegiyası iddiaçının izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir.

11. Belə ki, iş materiallarından müəyyən olunur ki, daha öncə hazırkı işdə cavabdeh olan Cavabdeh İddiaçı qarşı “borc pulun tutulması və sair” tələbinə dair ilkin, İddiaçı Cavabdeh qarşı “pulun alınması barədə 20 aprel 2019-cu il tarixli yazılı etirafın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmiş, həmin tələblərlə bağlı yekun məhkəmə aktı qəbul edilmişdir. İddiaçı bildirmişdir ki, həmin qətnamə icra mərhələsindədir, hələ icra olunmamışdır.

12. İddiaçı izahatında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ondan tutulan məbləği o, həmin qətnamədən xeyli əvvəl cavabdehə qaytarmışdır, buna dair sübutları var, hazırda həmin məbləğin cavabdehə qaytarılması faktının məhkəmə qaydasında müəyyən edilməsini istəyir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir.

14. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadının 14-cü bəndində qeyd edilir: “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə mü-əyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hü-ququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

15. Həmin qərardadın 36-cı bəndinə əsasən, Konstitusiya Məhkəməsinin qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olub-olmamasına görə mübahisəni həll edir.

16. Həmin qərardadın 37-ci bəndinə əsasən, ...əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri baxımından yolverilməzdir.

17. Həmin qərardadın 45-ci bəndində qeyd edilir ki, ... əqdlə bağlı hər hansı mübahisəyə baxıldıqda qarşı tərəfin əqdin etibarsız olması ilə etiraz və ya qarşılıqlı iddia irəli sürmək, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olduqda, etiraz və dəlilləri əsassız olaraq nəzərə alınmadıqda isə qəbul edilmiş məhkəmə aktından şikayət vermək hüquqları vardır”.

18. Kollegiya qeyd edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “borc pulun tutulması və sair” tələbinə dair ilkin, İddiaçı Cavabdeh qarşı “pulun alınması barədə 20 aprel 2019-cu il tarixli yazılı etirafın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki işdə hazırkı işdə olan iddiaçı həm pulun alınması barədə yazılı etirafın etibarsızılığına dair qarşılıqlı iddia vermiş, həmin tələb hər üç məhkəmə instansiyası tərəfindən yoxlanılmış, bu barədə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilmişdir.

19. Kollegiya onu da qeyd edir ki, yuxarıda qeyd edilən mülki işə baxılarkən hazırkı iş üzrə İddiaçı pulun qaytarılması ilə bağlı dəlilləri də yoxlanılmış və hüquqi qiymət verilmişdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

21. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

22. Kollegiya qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam aşağıdakı üç halın həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda.

23. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi zahirən (formal olaraq) yuxarıda sadalanan hallarla oxşar görünməsə da, mahiyyət etibarı ilə MPM-in istinad olunan norması ilə güdülən- hüquqi müəyyənlik, prosessual qənaət kimi məqsədlərin təsiri altına düşür. Çünki MPM-in 261.0.2-ci maddəsində güdülən məqsəd ondan ibarətdir ki, tərəflər arasında bir mübahisə, daha doğrusu mübahisələndirilən hər hansı hüquqi fakt məhkəmə qaydasında bir dəfə yoxlanıla bilər, başqa sözlə desək, məhkəmə qaydasında baxılmış-yoxlanılmış hüquqi fakların yenidən, hətta fərqli məzmunlu ərizənin verilməsi ilə də yoxlanılması yolverilməzdir. Hazırkı halda iddiaçının ərizəsi və özünün izahatından da məlum olur ki, o, qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuş hüquqi fakların yenidən yoxlanılmasını istəyir, başqa sözlə, həmin məhkəmə aktlarının qanuni və əsaslığını mübahisələndirir. Prossesual qanunvericilikdə qüvvədə olan məhkəmə aktlarının yoxlanılmasının xüsusi qaydası (əlavə kassasiya qaydasında icraat, yeni açılmış hallar üzrə icraat) müəyyən olunmuşdur. Odur ki, iddiaçının hazırkı istəyinintələbinin iddia icraatı qaydasında həyata keçirilməsi yolverilməzdir.

24. Bu mövqedən fərqli olan hər hansı əks yanaşma ədalət mühakiməsinin fundamental prinsiplərindən olan hüquqi müəyyənlik və prosessual qənaət prinsipi ilə də ziddiyyət təkil etmiş olardı. Nəticə:

25. Göstərilənlərə əsasən, iddiaçının hazırkı tələbi eyni tərəflər arasında olan yuxarıda qeyd edilən iddiaçı Cavabdeh İddiaçı qarşı “borc pulun tutulması və sair” tələbinə dair ilkin, İddiaçı Cavabdeh qarşı “pulun alınması barədə 20 aprel 2019-cu il tarixli yazılı etirafın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə baxılarkən hazırkı iş üzrə iddiaçının etiraz dəlili kimi irəli sürüldüyündən və həmin tələblərlə bağlı hazırda qüvvədə olan müvafiq məhkəmə aktları ilə araşdırılaraq hüquqi qiymət verildiyindən, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadının müəyyən olunan ümumi mahiyyəti və 37-ci bəndinin tələbinə əsasən hazırkı işə ayrıca tələb kimi məhkəmədə baxılması yolverilməz olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

27. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.

28. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

29. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-2357/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Fuad Talışinski Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar