Məhkəmə qərarları › İş №2(103)-537/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-537/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-537/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” 2(008)-973/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara torpağa görə verdikləri 12000 (on iki min) ABŞ dolları ödənildiyi günə Azərbaycan manatının məzənnəsi ilə müəyyən olunan pulun, torpaq sahəsinin kənarına çəkilmiş daş hasara xərclənən 1000 (bir min) manat məbləğində maddi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar özlərinə yaşayış evi tikdirmək üçün torpaq sahəsi almaq istəmişlər. Həmin vaxt onlar Sabunçu rayonu, Savalan qəsəbəsinə getmiş, orada ev və torpaq alqı-satqısı ilə məşğul olan Cavabdeh2 ilə tanış olmuşlar. O, iddiaçılara Savalan qəsəbəsində torpaq sahəsinin olduğunu, torpaq sahəsində problem olmadığını bildirmişdir. Sonra iddiaçlar ondan 6 sot torpaq sahəsini almaq üçün ona 12000 ABŞ dolları məbləğində pul ödənilməsi barədə razılığa gəlmişlər. Ruslan iddiaçılara torpaq sahəsini sənədləşdirdikdən sonra verəcəyini bildirmişdir. Lakin bir neçə gün sonra Ruslan onlara bildirmişdir ki, torpaq sahəsinin çıxarışı yoxdur, lakin icra nümayəndəliyinin qərarı var. İddiaçılar pulun bir hissəsini əvvəlcədən ödəmişlər, qalan məbləği ona hissə-hissə ödəmişlər. Ümumilikdə Ruslana 12000 ABŞ dolları pul vermişlər. Sonralar iddiaçılar 1000 manat pul xərcləyərək həmin torpaq sahəsinə daş hasar çəkdirmişlər. Lakin bir neçə ay əvvəl orada ev tikdirmək istəyərkən məlum olmuşdur ki, torpaq sahəsindən dövlət layihəsinə əsasən yol keçir. Bu barədə Sabunçu rayon İcra Hakimiyyətindən soruşduqda oradandan da bildirilmişdir ki: “həmin torpaq sahəsindən layihəyə əsasən yol keçir, əgər orada ev tikilərsə, evi sökəcəklər, hazırda ətrafda olan evləri İcra Hakimiyyəti sökür.” Sonradan məlum olmuşdur ki, bütün bu işləri Ruslan tək deyil, digər Cavabdeh1la birlikdə edib. İddiaçıların şikayəti əsasında 12.06.2018-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən Cavabdeh2 Əlisaf oğlunun dələduzluq cinayətini törətməsi kifayət qədər təsdiq edildiyi halda, iş üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Lakin işin materiallarında olan təqsirləndirilən şəxslərin və şahidlərin ifadəsindən açıqaşkar aydın olur ki, cavabdehlər iddiaçıların etimadından sui-istifadə edərək onları aldatmışlar. İddiaçıların dəfələrlə cavabdehlərdən mənimsənilmiş 12000 ABŞ dollarının və hasarlanma işləri ilə əlaqədar dəymiş 1000 manat ziyanın geri qaytarılması ilə bağlı müraciətləri olsa da, onlar bu müraciətləri ciddiyə almamış, bu heç bir nəticə verməmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1 və İddiaçı2 xeyrinə Cavabdeh2 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 12000 (on iki min) ABŞ dolları məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək iddianın təmin edildiyi hissədə ləğv olunması və iddiaçılar İddiaçı1 və X3 Cavabdeh2 qarşı pul tələbinə dair iddialarının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə digər Cavabdeh1 məhkəmədə dindirilməsinə maraqlı olmamış və cavabdehin növbəti məhkəmə iclasına çağırılmasına vaxt verməmiş lakin, iddiaçının əsassız söylədiklərini qətnamədə göstərmişdir. Belə ki, birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmamışdır. İşə baxılarkən, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verilsə də məhkəmə nədənsə, iddia müddətinin tətbiq edilməsindən yayınmışdır. Halbuki, iddia ərizəsində iddiaçılarla cavabdeh arasında torpaq sahəsi ilə əlaqədar münasibətlər 2010-cu il tarixində yaranmışdır, göstərilən müddətdən artıq 10 il keçmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin 20 noyabr 1997-ci il tarixli, 11 saylı qərarından çıxarışın surətindən görünür ki, Cavabdeh1 Maştağa qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan 26.10.2016-cı il tarixli, 462963 saylı etibarnamənin surətindən görünür ki, Rəhimov X1 RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 20.11.1997-ci il tarixli qərarına əsasən ona məxsus olan Maştağa qəsəbəsi ərazisində 2-ci kvl, 93 D saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsini özəlləşdirməyi, ona ayrılan 600 kv.metrdən 300 kv.metrinə sərəncam verməyi və digər hərəkətlər etməyi İddiaçı2 və İddiaçı1 etibar etmişdir. İş materiallarında olan məhkəmə sorğusu əsasında Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən göndərilmiş 11.06.2010-cu il tarixli, ƏN-İ №140641 saylı etibarnamənin surətindən görünür ki, Rəhimov X1 RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 20.11.1997-ci il tarixli qərarına əsasən ona məxsus olan Maştağa qəsəbəsi ərazisində 2-ci kvartal, 93 D saylı sahədə yerləşən 1200 kv.m torpağı özəlləşdirməyi, özəlləşdirdikdən sonra 600 kv.m tikməyi, DƏDRXİ-dən çıxarış almağı və digər hərəkətləri etməyi İddiaçı2 etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin 12.06.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlarından görünür ki, İddiaçı1 və İddiaçı2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh2 Sabunçu RPİ-nin 14-cü PB-nə verdiyi izahatında bildirmişdir ki, Savalan qəsəbəsində yerləşən torpaq sahəsinin Aygün və Əli adlı şəxslərə satılması barədə razılığa gəlmişlər, həmin torpaq sahəsini kredit yolu ilə 12000 ABŞ dollarına Aygünə satmış və notariusa gedərək etibarnamə vermişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, cavabdeh hazırki iş üzrə iddia müddətinin tətbiq olunmalı olduğunu bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələbə ümumi iddia müddəti tətbiq edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. İş materialları ilə tərəflər arasında münasibətlər 2010-cu ildə yarandığı müəyyən edildiyi üçün hazırda iddia müddəti ötürülmüş hesab edilə bilməz. Bundan əlavə Cavabdeh2 apellyasiya şikayətində iddianın ona münasibətdə rədd edilməli olduğuna dair başqa əsas göstərməmişdir. Halbuki, o, Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində toplanılmış material üzrə ibtidai istintaq orqanına verdiyi izahatında 12000 ABŞ dolları məbləğində pulu aldığını etiraf etmişdir. Apellyasiya baxışında Cavabdeh2 həmin məzmunda izahat vermədiyini, izahatdakı imzanın ona məxsus olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş 30.06.2021-ci il tarixli, 4/790 saylı ekspert rəyinə əsasən Cavabdeh2 barəsində Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində toplanılmış 612/18 saylı materialın 14-cü səhifəsindəki Cavabdeh2 izahatının sonunda “izahat sözlərimlə düzgün yazıldı, oxudum, əlavəm yoxdur, odur ki, imza edirəm” sözləri və imza Cavabdeh2 tərəfindən icra edildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspertin gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(008)- 973/2019 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 140 (yüz qırx) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar