Məhkəmə qərarları › İş №2(103)-537/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-537/2023

21.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-537/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan RespublikasıTəhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa ” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv edilməsi və işə bərpa”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakları, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3017/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbin direktoru kimi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021 -ci il tarixli, K-364 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun yenidən həmin vəzifəyə bərpa edilməyi və məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3017/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021 -ci il tarixli, K-364 saylı əmri ləğv edilmiş və İddiaçı əvəlki vəzifəsinə bərpa olunması, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, qərara alınıb.

3. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 10, 45, 70, 70(ç), 71.2, 71.3, 72, 74, 76.2, 83.1, 83.2, 186.2, 300-cü, Mülki Prosessual Məcəllənin 14 və 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

4. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 219 nömrəli tam orta məktəbində fond pulunun yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsasında yoxlama aparılmış və yayılan məlumatlar öz təsdiqini tapmışdır. Belə ki, Təhsil Nazirliyi tərəfindən məsələyə cinayət-hüquqi baxımdan qiymət verilməsi üçün prokurorluq orqanlarına da müraciət edilmişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli təqdimatından göründüyü kimi, məktəbdə fond pulunun yığılması faktı sübut olunmuş, 2019-cu ilin oktyabr ayı üzrə 1200 (min iki yüz) manat, mart, aprel, may ayları üzrə 1500 (min beş yüz) manat pulun yığılması faktı məktəbin direktoru İddiaçı tərəfindən etiraf edilmişdir. Göründüyü kimi, iddiaçının rəhbərlik etdiyi məktəbdə pozuntu hallarına yol verməsi faktları istintaq orqanı tərəfindən də öz təsdiqini tapmışdır.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8907/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov-sədrlik edən və məruzəçi, İlham Kərimli və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Həmin qətnamədən cavabdehin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3354/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarı ilə təmin edilərək, iş üzrə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(103)-8907/2021 nömrəli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi, bildirdi ki, iddiaçının qanun pozuntularına yol verməsi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilən xx.xx.2020-ci il tarixli təqdimatla müəyyən olunmuşdur, məhkəməyə iddiaçının əmək qabiliyyətinin olmaması vərəqlərini təqdim edərək, göstərdi ki, iddiaçı əmək intizamına cəlb olunacağını bildiyindən düşünülmüş şəkildə davamlı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə işdə olmamışdır, Əmək Məcəlləsinin 79.1ci maddəsinə görə də, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhz bu səbəbdən də, yəni iddiaçı həmin müddətdə işdə olmadığından onun əmək müqaviləsinə xitam verilməsi barədə əmr bir qədər gec verilmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

10. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2019- cu il tarixli, K-343 saylı əmri ilə dövlət ümum təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən İddiaçı Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir.

11. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2020-ci il tarixli, K-675 saylı əmrindən görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümum təhsil müəssisəsinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2021-ci il tarixədək uzadılmışdır.

12. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 53 nömrəli protokolundan çıxarışından görünür ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli təqdimatı təmin edilmiş və əmək fəaliyyətlərində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir.

13. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-364 saylı əmri ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə 21 aprel 2021 -ci il tarixdən ləğv edilmişdir.

14. Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış məktubun surətindən görünür ki, vətəndaş X1 Bakı şəhəri 219 nömrəli tam orta məktəb barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan Təhsil Nazirliyinə daxil olmuş müraciəti ilə əlaqədar olaraq, Bakı Şəhər Təhsil İdarəsi tərəfindən aparılmış xidməti araşdırma zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

15. Azerbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübariz Baş idarəsinin təqdimatından görünür ki, İddiaçı qanunazidd əməlləri ilə əlaqədar qeyd olunan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün təqdimat Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlarının iclasında müzakirə edilməsi xahiş olunmuşdur.

16. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il tarixli K-364 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı əmək müqaviləsi ləğv edilmişdir.

17. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixdə məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(103)-7416/2022 nömrəli məktubuna cavab olaraq məlumatında bildirmişdir ki, vətəndaş X2 və digərlərinin Bakı şəhəri, Səbail rayonu 219 nömrəli evdə təhsil tam orta məktəbinin direktoru İddiaçı məktəbin müəllimlərindən “fond pulu” adı ilə mütəmadi pul yığması və digər qanunsuz əməlləri barədə müraciətləri əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində araşdırma aparılmış, araşdırma nəticəsində direktor İddiaçı məktəbin metodbirləşmə sədrləri vasitəsi ilə müəllimlərdən məktəbə müxtəlif ləvazimatların alınması və digər təmir işlərinin görülməsi üçün 2019/2020-ci tədris ili ərzində “fond pulu” adı ilə pul yığması təsbit edilmiş, qeyd olunan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə xx.xx.2020-ci il tarixli, 02/4-807çıx-20 nömrəli təqdimat göndərilmişdir.

18. Cavabdehin təqdim etdiyi müvafiq müalicə müəssisəsi tərəfindən verilmiş əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqlərindən İddiaçı 871565 saylı vərəq ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, 979318 saylı vərəq ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, 979360 saylı vərəq ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 975809 saylı vərəq ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 658485 saylı vərəq ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itiriliməsi ilə əlaqədar işə olmadığı təsdiq edilir.

19. Cavabdehin təqdim etdiyi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsi barədə müavinəti təyin edən Komissiyanın xx.xx.2021-ci il tarixli 6 №-li protokol çıxarışından məlum olur ki, İddiaçı 871565, 555499, 979318 saylı xəstəlik vərəqlərinə görə başlanma tarixi xx.xx.2020-ci il, bitmə tarixi xx.xx.2020-ci il tarixədək 63 gün təqvim günü üçün 100% müavinət təyin edilib.

20. Cavabdehin təqdim etdiyi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsi barədə müavinəti təyin edən Komissiyanın xx.xx.2021-ci il tarixli 9 №-li protokol çıxarışından məlum olur ki, İddiaçı 979360 saylı xəstəlik vərəqinə görə başlanma tarixi xx.xx.2021-ci il, bitmə tarixi xx.xx.2021-ci il tarixədək 34 gün təqvim günü üçün 100% müavinət təyin edilib.

21. Cavabdehin təqdim etdiyi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsi barədə müavinəti təyin edən Komissiyanın xx.xx.2021-ci il tarixli 9 №-li protokol çıxarışından məlum olur ki, İddiaçı 975809 saylı xəstəlik vərəqinə görə başlanma tarixi xx.xx.2021-ci il, bitmə tarixi xx.xx.2021-ci il tarixədək 19 gün təqvim günü üçün 100% müavinət təyin edilib.

22. Cavabdehin təqdim etdiyi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsi barədə müavinəti təyin edən Komissiyanın xx.xx.2021-ci il tarixli 9 №-li protokol çıxarışından məlum olur ki, İddiaçı 658485 saylı xəstəlik vərəqinə görə başlanma tarixi xx.xx.2021-ci il, bitmə tarixi xx.xx.2021-ci il tarixədək 21 gün təqvim günü üçün 100% müavinət təyin edilib. Tətbiq edilən maddi hüquq normaları: Əmək Məcəlləsi

23. Maddə 70 (bənd “ç”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər.

24. Maddə 71. 2-ci və 3-cü hissələri. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

25. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

26. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

27. Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

1. İşəgötürən tərəfindən: əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 28.

29. Maddə 187. 1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

30. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Tətbiq edilən prosessual hüquq normaları:

31. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

38. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

39. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

40. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

41. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarı Apellyasiya Məhkəməsinin baxışının hədləri:

43. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə iddia tələbləri təmin edilməməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

46. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

47. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmə xx.xx.2022-ci il tarixli qərarında iki əsas göstəriş qeyd edilmişdir.

49. Qərarın 44-cü bəndində Məhkəmə Kollegiyası iddiaçının barəsində intizam tənbehi tətbiq edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü hissələrinin tələblərinin pozulmasını, təkcə həmin normalarda nəzərdə tutulmuş müddətlərin işəgötürən tərəfindən ötürülməsinin iddianın təmini üçün kifayət olması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə bağlı qeyd etmişdir ki, məhkəmə müddətlərin hesablanması zamanı iddiaçının xəstə olmasına dair işdə olan (i.v.92) xəstəlik vərəqəsini diqqətdən qaçırmış, bu səbəbdən Həmkarlar İttifaqı Komitəsinin iclasının vaxtında keçirilməsinin mümkün olmamasını, iddiaçı barəsində toplanmış materialların işəgötürən tərəfindən prokurorluq orqanına göndərilməsini nəzərə almamışdır.

50. Məhkəmə Kollegiyası Ali Məhkəmənin birinci göstərişi ilə bağlı bildirir ki, cavabdeh tərəfindən təqdim edilmiş xəstəlik vərəqlərindən iddiaçının 2020-ci il oktyabr ayından xx.xx.2021-ci il tarixə kimi əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı işdə olmadığı təsdiq olunur. Əmək Məcəlləsinin 79.1-ci maddəsinə görə, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

51. Belə olan halda, cavabdehin iddiaçının işdən çıxarılması barədə əmrin iddiaçının əmək qabiliyyətini müvəqqəti itirilməsi səbəbindən işdə olmamasına görə Əmək Məcələsinin 79.1-ci maddəsinin tələbləri baxımından qanunda nəzərdə tutulmuş müddətdən gec verilməsi ağılabatan hesab olunur.

52. Ali Məhkəmənin qərarında ikinci göstəriş isə, prokurorluq orqanlarında aparılmış araşdırma nəticəsində iddiaçı barəsində hansı qərarın qəbul olunması, əgər cinayət işinin başlanmasının rədd olunması haqqında qərar vardırsa hansı əsasla rədd olunmasını müəyyən edilməməsi ilə bağlıdır.

53. Məhkəmə Kollegiyası həmin göstərişi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixdə məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(103)-7416/2022 nömrəli məktubuna cavab olaraq məlumatında bildirmişdir ki, vətəndaş X2 və digərlərinin Bakı şəhəri, Səbail rayonu 219 nömrəli evdə təhsil tam orta məktəbinin direktoru İddiaçı məktəbin müəllimlərindən “fond pulu” adı ilə mütəmadi pul yığması və digər qanunsuz əməlləri barədə müraciətləri əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində araşdırma aparılmış, araşdırma nəticəsində direktor İddiaçı məktəbin metodbirləşmə sədrləri vasitəsi ilə müəllimlərdən məktəbə müxtəlif ləvazimatların alınması və digər təmir işlərinin görülməsi üçün 2019/2020-ci tədris ili ərzində “fond pulu” adı ilə pul yığması təsbit edilmiş, qeyd olunan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə xx.xx.2020-ci il tarixli, 02/4-807çıx-20 nömrəli təqdimat göndərilmişdir.

54. Göründüyü kimi, iddiaçının işdən çıxarılması barədə əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

55. Beləliklə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar və istinad olunan maddi və prossesual hüquq normalarına əsasən müəyyən olunur ki, işə baxmış rayon məhkəməsi işin yuxarıda qeyd olunan hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, tədqiq olunmuş sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:

57. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, prossesual hüquq normaları, müvafiq olaraq da maddi hüquq nomaları düzgün təfsir edilmədiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri təmin edilməməlidir.

58. 30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3017/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, İddiaçı cavabdeh Azərbaycan RespublikasıTəhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar