Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5371/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(005)-2092/2023 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müavinətdən gəlir vergisi kimi tutulan 5018,0 manat məbləğinin ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(005)-2092/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 357-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1.). Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin adından apellyasiya şikayətini X5 imzalasa da, onun həmin apellyasiya şikayətini imzalamaq səlahiyyətini müəyyən edən sənəd apellyasiya şikayətinə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarından görünür ki, apellyasiya şikayəti 11 iyul 2023-cü ildə X5 tərəfindən imzalansa da, onun həmin apellyasiya şikayətini imzalamaq səlahiyyətini müəyyən edən sənəd apellyasiya şikayətinə əlavə edilməmişdir. Göründüyü kimi, X2 müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin adından apellyasiya şikayətini imzalamağa hüququ olmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(005)-2092/2023 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, ağlabatan müddətdə, hüquqdan sui-istifadə hallarına yol verilmədən yenidən apellyasiya şikayəti ilə müraciət oluna bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5371/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5371/2023
08.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver