Məhkəmə qərarları › İş №2(103)-5372/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5372/2023

26.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5372/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “payın naturada ayrılması və ya cavabdehin payına mütənasib olaraq kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyun 2023-cü il tarixli qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat

1. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilin (bundan sonra – mübahisəli mənzil) giriş qapısının məcburi açılması, mənzildən istifadəyə törədilən maneələrin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ilə və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, son nəticədə, onunla iddiaçının paylı mülkiyyətdə olan mübahisəli mənzilin ümumi paylı mülkiyyətdə olan paylara mütənasib tərəflər arasında naturada bölünməsi mümkün olmadığından və əmlakın iştirakçılar arasında hərracdan satılması məqsədəmüvafiq olmadığından mənzilin müəyyən edilmiş real bazar qiymətindən cavabdehin payına mütənasib olaraq kompensasiya ödənilməklə, mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir. b) tələblərin və tələblərə qarşı etirazların əsasları barədə məlumat

3. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil iş üzrə tərəflərin anası X1 xüsusi mülkiyyətində olmuşdur. İddiaçı daim adı çəkilən mənzildə pasport qeydiyyatında olmaqla, əvvəllər bu mənzildə yaşamış və ona məxsus bir çox əşyalar hazırki vaxtadək həmin mənzildə yerləşməkdədir. Tərəflərin anası uzun sürən xəstəlikdən sonra xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Analarının vəfat etməsi ilə əlaqədar olaraq, Bakı Şəhəri 21 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və iddiaçıya qanunla müəyyən edilən pay verilməklə adıçəkilən mənzilin 1/4 hissəsi iddiaçının mülkiyyətinə verilmiş, miras olan payın qalan hissəsi açıq saxlanmışdır. İddiaçı adına vərəsəlik şəhadətnaməsi aldıqdan sonra, hüquqların dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakl Ərazi İdarəsinə müraciət etmiş və həmin İdarədə onun hüquqları qeydiyyata alınmaqla “Daşınmaz əmlakın dövlət reyestrindən” onun adına xx.xx.2022-ci il tarixli “Çıxarış” verilmişdir. Mübahisəli mənzillə bağlı iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilsə də, iddiaçı qanunla müəyyən edilmiş hüquqlardan istifadə edə bilmir. Çünki cavabdeh buna maneələr yaradır, iddiaçını mənzilə buraxmır.

4. Qarşılıqlı iddia tələbi və cavabdehin ilk iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6161 saylı ekspert rəyi ilə mübahisəli mənzilin texniki cəhətdən bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə mübahisəli mənzilin bazar qiyməti 130.000 manat, likvid qiyməti isə 123.000 manat dəyərində müəyyən edilmişdir. Ekspert rəyinə müvafiq olaraq, cavabdeh tərəfindən iddiaçıya təklif olunmuşdur ki, mənzilin bazar dəyərinin 1/4 hissəsini ödəməklə iddiaçının mülkiyyət hüququna xitam verilsin. Lakin iddiaçı cavbadehin bu təklifi ilə və mənzilin qiyməti ilə razılaşmadığını bildirərək, təkrar ekspertiza təyin edilməsini tələb etmiş, məhkəmə tərəfindən təkrar əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2023-cü il tarixli 16/0597 nömrəli qiymətləndirmə hesabatı üzrə mənzilin real bazar qiyməti 141.000 manat, likvid dəyəri isə 127.000 manat müəyyən edilmişdir. Mübahisəli mənzilin hərracdan satılması hər iki tərəf üçün müvafiq xərclərin çəkilməsi ilə nəticələnəcəyindən iddiaçının payına mütənasib olaraq, mənzilin müəyyən edilmiş real bazar qiymətinə uyğun kompensasiya ödənilməklə iddiaçının mənzil üzərindəki mülkiyyət hüququna xitam verilməsi məqsədəmüvafiq olduğundan qarşılıqlı iddia təmin edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini, ödənilmiş dövlət rüsumunun tərəflərə, ekspertiza xərclərinin isə cavabdehə aid edilməsini qət etmişdir.

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmlakın naturada bölünməsinin mümkün olmadığı və cavabdehin etdiyi təklifin iddiaçı tərəfindən qəbul edilməməsi nəzərə alınaraq, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. İlk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin, habelə qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi.

10. İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin və ilk iddianın əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmlər verdikəri məlumatlara əsasən məlum olur ki, iş üzrə tərəflər doğma bacıdırlar. Mübahisəli mənzil iş üzrə tərəflərin anası X1 xüsusi mülkiyyətində olmuşdur. Tərəflərin anası xx.xx.2021-ci il tarixində vəfat etmiş və bu barədə Binəqədi Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə “Ölüm haqqında şəhadətnamə” verilmişdir.

13. DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, mənzilin 1/4 hissəsi iddiaçının, 3/4 hissəsi isə cavabdehin mülkiyyəti kimi reyestrdə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınıb.

14. "xxxx" MMC-nin Rayon Məhkəməsinə verdiyi xx.xx.2022-ci il tarixli, ƏEM/N 70- 805/22 saylı “Qiymətləndirmə hesabatından” görünür ki, mənzilin bazar qiyməti 130.000 manat, likvid qiyməti isə 123.000 manat təşkil edir.

15. "xxxx" MMC-nin Rayon Məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli, MB 16/0600 saylı “Qiymətləndirmə hesabatından” görünür ki, mənzilin bazar qiyməti 141.000 manat, likvid qiyməti isə 127.000 manat təşkil edir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Rayon Məhkəməsinə verdiyi xx.xx.2022-ci il tarixli, 10/6161 saylı rəydən görünür ki, mübahisəli mənzilin təcrid mənzillər şəklində iki hissəyə (1/4 və 3/4 hissədə) bölünməsi texniki cəhətdən mümkün deyildir.

17. Qeyd edilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, mübahisəli mənzilin 1/4 hissəsi iddiaçının, 3/4 hissəsi isə cavabdehin mülkiyyətindədir. Hazırda ilk iddia üzrə iddiaçı mənzilə köçürülmə, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) isə mənzilin müəyyən edilmiş real bazar qiymətindən iddiaçının payına mütənasib olaraq kompensasiya ödənilməklə iddiaçının mülkiyyət hüququna xitam verilməsini tələb edir. İddiaçı cavabdehin bu təklifi ilə razı deyil.

18. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3.). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4.). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (maddə 220.5.). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220.6.).

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

20. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş və yuxarıda artıq qeyd olunan xx.xx.2022-ci il tarixli rəyindən göründüyü kimi, mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

21. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının 1/4 hissədə payının dəyərinin ödənilməsi (kompensasiya vermək) ilə bağlı təklif irəli sürsə də, təklifdən imtina olunmuşdur.

22. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli mənzilin tam mülkiyyətçisi olmadığı üçün və paylı mülkiyyətçilərdən biri olan qarşılıqlı iddia üzrə cavabdehin əmlak üzərində paylı mülkiyyət hüququ olduğundan qarşılıqlı iddia əsassız hesab edilir.

23. Belə olan halda, Rayon Məhkəməsi ilk iddia üzrə iddiaçının cavabdehin ona etdiyi təklifdən imtina etməsini və mənzilə köçürülməsini tələb etməsini, habelə mənzilin tərəflərin paylı mülkiyyətində olmasını nəzərə alaraq, qarşılıqlı iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlili əsassızdır.

24. Məhkəmə ilk iddiaya münasibətdə bildirir ki, işin mübahisəsiz halı ilə müəyyən olunur ki, mübahisəli mənzil hazırda ilk iddia üzrə cavadbeh tərəfindən istifadə olunur və o, paylı mülkiyyətci olan iddiaçının mənzilə daxil olmasına, mənzildə yaşamasına maneə yaradır.

25. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13., hissə İ.). Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 29.). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz (maddə 43.).

26. Mülki Məcəllənin tələblərinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.).

27. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, mənzilin paylı mülkiyyətçisi kimi mənzildən istifadə hüququ olan iddiaçının ilk iddia tələbini təmin etmiş Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlili əsassızdır. g) apellyasiyanın nəticəsi

28. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

29. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

32. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyun 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar