Məhkəmə qərarları › İş №2(103)-5378/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5378/2025

25.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5378/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli qətnamədən cavabdeh X3 verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 və cavabdeh X3 vəkili (nümayəndəsi) Vəkil3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi haqqında cavabdehin verdiyi xx.xx.2025ci il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki işinə - sürücü vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün cavabdeh tərəfindən ona əmək haqqının ödənilməsi, mediasiya prosesinə görə çəkdiyi xərcin əvəzinin – 60 manat, aldığı hüquqi yardıma görə vəkillə çəkilmiş xərcin əvəzinin – 320 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış “Əmək müqaviləsinə” əsasən, iddiaçı, cavabdeh tərəfindən sürücü vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış “Əmək müqaviləsi” cavabdehin xx.xx.2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan və iddiaçının izahatı alınmadan sadəcə olaraq Əmək Məcəlləsinə istinad edilərək, müqavilə ləğv edilmişdir. xx.xx.2025-ci il tarixli əmr iddiaçıya təqdim olunmamış və elektron sistemdən də həmin əmri əldə etmək mümkün olmamışdır. b) cavabdehin iddiaya etirazı barədə məlumat

4. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsində heç bir əsaslandırma öz əksini tapmamışdır. İddiaçı qanunsuz olaraq işdən çıxarıldığını və əmək hüquqlarının pozulduğunu təsdiq edən heç bir halı sübuta yetirə bilməmiş, həmçinin bununla bağlı iddia ərizəsinə təsdiqedici sənədlər əlavə edilməmişdir. İddia ərizəsi sırf formal mülahizələrə əsaslanmaqla və Əmək Məcəlləsinin bəzi maddələrinin sadalanması yolu ilə tərtib edilmişdir. Cavabdeh iddiaçı ilə “Əmək müqaviləsi” bağlayaraq, sürücü vəzifəsində çalışan iddiaçı xx.xx.2025-ci il tarixində üzrsüz səbəbdən heç bir məlumat vermədən işə çıxmamışdır. Cavabdehin tabeçiliyində çalışan aidiyyəti əməkdaşlar iddiaçı ilə əlaqə saxlayaraq işə gəlməməsinin səbəblərini öyrənməyə cəhd etsələr də, onunla əlaqə saxlamaq mümkün olmamışdır. Həmçinin iddiaçıya işə çıxmayacağı təqdirdə intizam məsuliyyətinə cəlb ediləcəyi barədə də rəsmi bildiriş verilmişdir. Beləliklə də yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçı tam iş günü ərzində heç bir üzrlü hal olmadan işə çıxmayaraq, kobud pozuntuya yol vermiş və cavabdeh tam haqlı olaraq onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində xidməti zərurətlə əlaqədar istifadəsində olan nəqliyyat vasitəsinə faktiki olaraq 350 manatlıq yanacaq doldurmuş, lakin yanacaqdoldurma məntəqəsinin əməkdaşları ilə qanunazidd şəkildə razılığa gələrək guya 400 manatlıq yanacaq vurulduğu barədə kassa çeki almağa nail olmuşdur. Bu hal "xxxx" MMC-nin əməkdaşları tərəfindən aşkar edilərək, işəgötürənə - cavabdehə bu barədə məlumat verilmişdir. Bununla da iddiaçı iki dəfə, hər dəfə 50 manat, cəmi isə 100 manat məbləğində yanacaq pulunu mənimsəməyə cəhd etmiş, lakin həmin məbləğ "xxxx" MMC tərəfindən işəgötürənə geri ödənilmişdir. Göründüyü kimi iddiaçının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində təsbit edilmiş “Xırda talama” inzibati xətasının tərkib əlamətləri mövcuddur. Qeyd edilənlərdən aydın olur ki, iddiaçı, yuxarıda göstərilən kobud intizam pozuntulara yol verməklə fərdi sahibkarın – cavabdehin təşkil etdiyi işin normal ahəngini pozmuş, bunun nəticəsində iş prosesində ləngimələr ortaya çıxmış, həmçinin işəgötürənin qanunla qorunan mənafelərinə zərər dəymişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC ilə “nəqliyyat xidməti müqaviləsi” bağlayaraq daşıma xidmətləri göstərməyi öz öhdəsinə götürmüş, lakin, iddiaçının hüquqazidd hərəkətləri nəticəsində həmin müqavilə üzrə öhdəliklərini icra edə bilməmiş və daşınma xidməti göstərməsi qeyri-mümkün olmuşdur. Bu hal "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə də öz təsdiqini tapmışdır. İddiaçının bu qanunazidd əməli nəticəsində də cavabdehə maddi zərər dəymişdir. Göstərilənlərə əsasən iddia əsassız hesab edilərək, rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə cavabdehin verdiyi xx.xx.2025-ci il tarixli, 002 nömrəli əmrinin ləğv edilməsini, iddiaçının əvvəlki işinə - sürücü vəzifəsinə bərpa edilməsini, məcburi iş buraxmaya görə xx.xx.2025-ci il tarixdən iddiaçının işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsini, iddiaçının mediasiya prosesinə görə çəkdiyi xərcin əvəzinin – 60 manat, aldığı hüquqi yardıma görə vəkillə çəkilmiş xərcin əvəzinin – 320 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” ləğv edilməsi qanunsuz olduğundan iddia əsaslı sayılmalı və iddia tələbi təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti (şikayətə verilmiş əlavə nəzərə alınmaqla) verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. İddiaya qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, iddiaçı ilə fərdi sahibkar olan cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış “Əmək müqaviləsindən” görünür ki, iddiaçı, cavabdeh tərəfindən sürücü vəzifəsinə işə qəbul edilmişdır. Aylıq əmək haqqı 442 manat məbləğində müəyyən edilmişdir.

16. İddiaçı ilə balanmış “Əmək müqaviləsinə” xitam verilməsi haqqında cavabdehin xx.xx.2025-ci il tarixdə verilmiş 002 nömrəli əmrdən görünür ki, həmin əmr, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və bağladığı əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, üzürsüz səbəbdən heç bir məlumat vermədən işə gəlmədiyinə görə və işəgötürənin mənafelərinə qanunazidd şəkildə zərər vurduğuna görə sürücü vəzifəsində çalışan iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi və həmin tarixdən iddiaçının işdən azad edilməsi, iddiaçı ilə zəruri haqq-hesab işləri aparılması və ödənişlərin həyata keçirilməsi ilə bağlı verilmişdir. Əmrdə qeyd edilmişdir ki, sürücü vəzifəsində çalışan iddiaçı xx.xx.2025-ci il tarixlərində şirkət üzrə işçilərin davamiyyət cədvəlində imza etməyərək üzürsüz səbəbdən heç bir məlumat vermədən işə gəlməmişdir. Aidiyyəti əməkdaşlar iddiaçı ilə əlaqə saxlayaraq, işə gəlməməsinin səbəblərini öyrənməyə cəhd etsələr də, iddiaçı ilə əlaqə saxlamaq mümkün olmamışdır. Həmçinin iddiaçıya işə çıxmayacağı təqdirdə intizam nəsuliyyətinə cəlb ediləcəyi barədə də rəsmi bildiriş verilmişdir. Həmçinin iddiaçı, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində xidməti zərurətlə əlaqədar istifadəsində olan nəqliyyat vasitəsinə faktiki olaraq 350 manatlıq yanacaq doldurmuş, lakin yanacaqdoldurma məntəqəsinin əməkdaşları ilə qanunazidd şəkildə razılığa gələrək, guya 400 manatlıq yanacaq vurulduğu barədə kassa çeki almağa nail olmuşdur. Bu hal "xxxx" MMC-nin əməkdaşları tərəfindən aşkar edilərək, işəgötürənə məlumat verilmişdir. Bununla da iddiaçı iki dəfə, hər dəfə 50 manat, cəmi isə 100 manat məbləğində yanacaq pulunu mənimsəməyə cəhd etsə də, həmin məbləğlər "xxxx" MMC tərəfindən işəgötürənə geri ödənilmişdir. Beləliklə də, müəssisədə işin normal ahəngi pozulmuş, iş prosesində ləngimələr ortaya çıxmış, həmçinin işəgötürənin qanunla qorunan mənafelərinə zərər dəymişdir. İddiaçının yuxarıda göstərilən hərəkətləri Əmək Məcəlləsinin 10-cu maddəsinin, ”a”, “b” və “ç” bəndlərinin tələblərinə ziddir. Eləcə də iddiaçının əməlləri Əmək Məcəlləsinin 72-ci maddəsinin və “a”, “c” və “e” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

18. Cavabdeh tərəfindən fərqli məzmunda verilmiş xx.xx.2025-ci il tarixli, 002 nömrəli digər əmrindən görünür ki, sürücü vəzifəsində işləyən iddiaçının xx.xx.2025-ci il tarixdən səbəbsiz işə gəlməməyini, işəgötürən və işçi arasında rəsmi yazışmalar üzərindən əməkdaşa göndərilən məktublara cavab verməməsini, poçt vasitəsi ilə faktiki yaşayış ünvanına göndərilən məktuba reaksiya verməməsini, izahat yazmaqdan imtina etməsini və bu davranışı ilə iş prosesini pozmasını və sair səbəblər əsas tutularaq, onunla bağlanılmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmiş, işçinin xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş “0” gün məzuniyyət gününün son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir.

19. Cavabdehin özünün və onun digər işçilərinin – X6 və X2 birgə tərtib etdikləri xx.xx.2025-ci il tarixli aktdan görünür ki, sürücü vəzifəsində çalışan iddiaçı xx.xx.2025-ci il tarixində işə gəlmədiyinə, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində xidməti zərurətlə əlaqədar istifadəsində olan nəqliyyat vasitəsinə faktiki olaraq 350 manatlıq yanacaq doldurmuş, lakin yanacaqdoldurma məntəqəsinin əməkdaşları ilə qanunazidd şəkildə razılığa gələrək guya 400 manatlıq yanacaq vurulduğu barədə kassa çeki almağa nail olmuşdur. Bu hal "xxxx" ASC-nin əməkdaşları tərəfindən aşkar edilərək işəgötürənə məlumat verilmişdir. Bununla da, iddiaçı, iki dəfə, hər dəfə 50 manat, cəmi 100 manat məbləğində yanacaq pulunu mənimsəməyə cəhd etsə də, həmin məbləğ "xxxx" MMC tərəfindən işəgötürənə geri ödənilmişdir. Həmin tarixlərdə baş vermiş həmin faktlar "xxxx" MMC-nin təhlükəsizlik video kameraları vasitəsilə aşkarlanmışdır. İddiaçıdan yazılı izahat tələb olunsa da, o, izahat verməkdən imtina etmişdir.

20. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 05-846 nömrəli məktubdan görünür ki, cavabdehə məxsus olan **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində yanacağın vurulması ilə əlaqədar 97 manat məbləğində geri ödəmə vəsaiti cavabdehin hesabına yüklənmişdir.

21. Cavabdeh tərəfindən təqdim edilmiş Xidmət üçün müraciətlə bağlı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı, xx.xx.2025-ci il tarixindən etibarən heç bir əsas olmadan işə gəlməmiş, bundan əlavə, iş yerində aparılan daxili araşdırma zamanı ("xxxx" MMC tərəfindən təqdim olunan kamera görüntüləri dəlil olaraq mövcuddur) iddiaçının oğurluq etdiyi faktı aşkar olunmuşdur. Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən, işdə davamiyyətin pozulması və etik qaydaların kobud şəkildə pozulması ciddi intizam pozuntusu hesab olunur. Bu səbəbdən, iddiaçıya sonuncu xəbərdarlıq edilmişdir ki, izahat verilməsi üçün bu məktubu aldığı tarixdən etibarən 1 gün ərzində yazılı izahat təqdim etsin, əks halda barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

22. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçının xx.xx.2025-ci il tarixindən etibarən işə gəlmədiyi müşahidə olunmuş, işin davamlılığı və əmək intizamının qorunması baxımından bu halın səbəbi barədə rəsmi məlumat verilməsi xahiş edilmişdir. İşə gəlməməsinin səbəbini izah edən bir açıqlama təqdim etməsi və əgər əsaslı səbəbi varsa, bunu təsdiq edən sənədin xx.xx.2025-ci il tarixinə qədər təqdim etməsi xahiş edilmiş, əks halda bu davranışın intizam qaydalarına uyğun olaraq qiymətləndiriləcəyi bildirilmişdir.

23. İşdə olan xx.xx.2025-ci il tarixli tərəzi çeklərindən müəyyən edilir ki, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil “Atsep” yükünü daşıması təsdiq edilmişdir.

24. "xxxx" MMC tərəfindən verilmiş qəbzlərdən görünür ki, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2025-ci il tarixdə 300 litr (300 manat), xx.xx.2025-ci il tarixdə 400 litr (400 manat), xx.xx.2025-ci il tarixdə 400 litr (400 manat), xx.xx.2025-ci il tarixdə 400 litr (400 manat), xx.xx.2025-ci il tarixdə 400 litr (400 manat), xx.xx.2025-ci il tarixdə 400 litr (400 manat) və xx.xx.2025-ci il tarixdə 400 litr (400 manat) dizel vurulmuşdur.

25. İşdə olan sübutlara əsasən müəyyən edilir ki, işçi olan iddiaçı, işəgötürən olan cavabdeh ilə onun arasında xx.xx.2025-ci il tarixdə bağlanmış “Əmək müqaviləsinə” əsasən cavabdeh tərəfindən sürücü vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş əmrə əsasən iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

26. Rayon Məhkəməsinə təqdim edilən sənədlərdən həmçinin müəyyən edilir ki, işəgötürən olan cavabdeh tərəfindən, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi ilə bağlı eyni tarixli 2 fərqli məzmunlu əmr verilmişdir.

27. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsası kimi iddiaçının səbəbsiz işə gəlməməyini, işəgötürən və işçi arasında rəsmi yazışmalar üzərindən əməkdaşa göndərilən məktublara cavab verməməsini, poçt vasitəsi ilə faktiki yaşayış ünvanına göndərilən məktuba reaksiya verməməsini, izahat yazmaqdan imtina etməsini qeyd etmişdir.

28. Göstərilənləri nəzərə alan Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

29. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

30. Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

31. Məcəllənin 72-ci maddəsinə görə, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi (bənd “a”); alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması (bənd “b”); təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması (bənd “c”); təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması (bənd “ç”); qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi (bənd “d”); əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi (bənd “e”); əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması (bənd “ə”); iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi (bənd “f”).

32. Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

33. Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

34. Məcəllənin 74-cü maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər .

35. Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

36. Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

37. Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

38. Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə görə, elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

39. Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinə görə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

40. Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

41. Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

42. Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada – təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

43. Məcəllənin 288-ci maddəsinə görə, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi (bənd “a”); əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi (bənd “b”); əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi (bənd “c”); əmək şəraitinin şərtlərinin dəyişdirilməsi (bənd “ç”); əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi (bənd “d”); əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması (bənd “e”); məzuniyyət hüququnun həyata keçirilməsi (bənd “ə”); intizam tənbehi verilməsi (bənd “f”); g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi (bənd “g”); işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi (bənd “ğ”); işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi (bənd “h”); işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi (bənd “x”); müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması (bənd “ı”); istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi (bənd “i”); səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi (bənd “j”); əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi (bənd “k”).

44. Məcəllənin 292-ci maddəsinə görə, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

45. Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə görə, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

46. Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

47. İş üzrə cavabdehin Rayon Məhkəməsinə təqdim etdiyi sübutlardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda iddiaçının xx.xx.2025-ci il tarixindən etibarən işə gəlmədiyi bildirilərək, işin davamlılığı və əmək intizamının qorunması baxımından bu halın səbəbi barədə rəsmi məlumat verilməsi xahiş edilsə də, həmin məktubun iddiaçıya çatdırılmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmiş, həmin məktub göndərilən günün ertəsi iddiaçı xx.xx.2025-ci il tarixli, 002 nömrəli əmrlə işdən çıxarılmışdır.

48. İş materiallarından görünür ki, iddiaçının işdən çıxarılmasının əsl səbəbi cavabdeh tərəfin iddiaçı tərəfindən yanacaqdoldurma məntəqəsinin əməkdaşları ilə qanunazidd şəkildə razılığa gələrək guya 400 manatlıq vurulduğu barədə kassa çeki əldə etməklə, xırda oğurluq etməsi faktının aşkar edilməsi olmuşdur ki, bununla bağlı məhkəməyə müvafiq mötəbər sübutlar təqdim edilməmiş, iddiaçının xırda oğurluq etməsi ilə bağlı fakt iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu halı təsdiq edə biləcək müvafiq qərar məhkəmələrə təqdim edilməmişdir.

49. Həmçinin iddiaçının izahatı alınmamış, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli aktın iştirakçıları kimi qeyd edilmiş X6 və X7 adlı şəxslərin vəzifələri müəyyən edilməmişdir.

50. Qeyd edilənlərə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin qanunsuz olduğunu nəzərə almış Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. g) apellyasiya baxışının nəticəsi

51. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur.

52. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.

54. Məhkəmə həmçinin bildirir ki, apellyasiya şikayəti təmin edilmədiyindən və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından iş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir, iddiaçının isə bu kimi hüququ yoxdur.

55. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh X8 hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar