Məhkəmə qərarları › İş №2(103)-5382/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5382/2022

23.09.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5382/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Elməddin Rəhimovun iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı tərəfindən sığortalanmış “Howo” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsində zədələnməsinə görə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 9.539 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 9.339 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya verilsin, iddia Cavabdeh1 münasibətdə təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Elməddin Rəhimov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı oldiuğunu bildirdi. O, sonuncu məhkəmə iclasına gəlməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. xx.xx.2013-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş verib. Hadisədə 2 nəqliyyat vasitəsi – "xxxx" markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Howo” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Toqquşma "xxxx" markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş verib. Toqquşma nəticəsində “Howo” markalı avtomobil mexaniki zədə alıb. “Howo” markalı avtomobil iddiaçı tərəfindən sığortalandığına görə iddiaçı həmin avtomobilin sahibinə maddi zərərin əvəzin kimi 9.539 manat məbləğində sığorta ödənişi verilib. Hazırda iddiaçı subroqasiya qaydasında zərərin əvəzinin, yəni 9.539 manatın ödənilməsini tələb edir. İddiaçı 3 cavabdehə qarşı tələb irəli sürüb. 1-ci Cavabdeh1 qarşı tələb onunla əsaslandırılıb ki, o, "xxxx" markalı avtomobilin mülkiyyətçisidir. 2-ci Cavabdeh3 qarşı tələb onunla əsaslandırılıb ki, o, "xxxx" markalı avtomobilin qanuni sahibidir. 3-ci Cavabdeh2 qarşı tələb onunla əsaslandırılıb ki, o, "xxxx" markalı avtomobilin sürücüsüdür. Birinci instansiya məhkəməsində icraat zamanı maddi zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilib və zərərin məbləğinin 9.339 manat olduğu müəyyən edilib. Məhkəmə həmin məbləğin 2 cavabdehdən – Cavabdeh2 və Cavabdeh3 tutulmasını qət edib. Qətnaməni yalnız Cavabdeh2 mübahisələndirdiyinə görə qətnamənin ona aid hissəsi yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin 3 dəlili var. 1-ci, “Howo” markalı avtomobilin zədələnməsi nəticəsində dəyən zərərin məbləği düzgün müəyyən edilməyib; 2-ci, "xxxx" markalı avtomobilin sahibinin mülki məsuliyyəti Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanıb və zərərin əvəzi həmin şirkət tərəfindən ödənilib; 3-cü, iddiaçı 3 illik iddia müddətini ötürüb. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, zərərin məbləği ekspertiza rəyinə əsasən müəyyən edilib, həmin rəy kifayət qədər əsaslandırılıb, təkrar ekspertizanın keçirilməsi üçün əsas yoxdur. Cavabdehin vurduğu zərərin əvəzinin mülki məsuliyyətin icbarı sığrtası üzrə onun əvəzinə sığorta şirkəti tərəfindən ödənilməsi barədə sübut təqdim edilməyib. Əgər belə bir hal baş veribsə, bu barədə sübutu cavabdeh təqdim etməlidir. O cümlədən hazırkı iddianın irəli sürülməsi üçün iddia müddəti 3 il deyil, 10 ildir. Belə ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti 10 il təşkil edir. Hazırkı iddia zərərin əvəzinin ödənilməsi barədə iddia olduğuna görə ona 10 illik iddia müddəti tətbiq edilə bilər. 10 illik iddia müddəti keçməyib. Beləliklə, məhkəmə Mülki Məcəllənin 936.2 və 1097.1-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamənin mübahisələndirilən hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar