Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5382/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasarın və qarajın və digər tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştiraklı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-723/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 7965 ünvanında yerləşən 126 kv metrdən ibarət olan bağ evi və 0,0632 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Çıxarış, daşınmaz əmlakın reyestr nömrəsi **********74-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il). Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi “Coşqun” b/y-nın ölçüsü 0,10 ha olan 2 saylı bağ sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir (eletkron məhkəmə sistemindən əldə edilmişi məlumat). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2332 №, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən: İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 7965 saylı bağ evi və 0.0632 ha torpaq sahəsi koordinatlarına uyğundur; Cavabdeh adına olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi “Coşqun” b/y-nın 2 saylı bağ sahəsinin sənəd üzrə 0.10 ha olduğu halda, mövcud vəziyyətdə 0.1215 ha olmaqla koordinatlarına uyğun gəlir (0.0215 ha torpaq sahəsi əlavə olaraq istifadə olunur); Vahid elektron kadastr baza məlumatlarına əsasən (“Coşqun” b/y-nin bölgü sxeminə əsasən koordinatları təqdim olunmuş) ərazi bağlararası yolun, az bir hissəsi isə digər bağların yerinə uyğun gəlir. Belə ki, Cavabdeh dalan kimi nəzərdə tutulan torpaq sahəsini zəbt etmişdir. Mövcud vəziyyətdə İddiaçı mülkiyyətində olan bağ evinin (və ya torpaq sahəsinin) şimal-şərq tərəfdən yola çıxışı və darvazası olmasına baxmayaraq cənub-qərb tərəfində vahid elektron kadastr baza məlumatlarına əsasən dalan kimi nəzərdə tutulan torpaq sahəsinə çıxışına maneçilik yaradır. Cavabdeh tərəfindən inşa edilmiş qaraj (5,0 x 41,0) vahid elektron kadastr baza məlumatlarına əsasən mülkiyyətində olan torpaq sahəsindən kənarda, dalan kimi nəzərdə tutulan sahədə yerləşir. Qarajın və hasarın sökülməsi nəticəsində iddiaçı üçün dalan kimi nəzərdə tutulan torpaq sahəsinə 2-ci çıxış kimi şərait yarada bilər. Cavabdeh olunun bağ sahəsinə gedən ümumi istifadədə olan yol iddiaçı və ya qonşular tərəfindən zəbt edilməyib. Hazırda iddiaçı Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasarın və qarajın cavabdehin öz vəsaiti hesabına sökülməsini istəyir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edirək, qanuni istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən (7965) bağ evinə gedən Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasarın və digər tikililərin cavabdehin öz vəsaiti hesab sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, onun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində (7965) bağ evi vardır. İş üzrə cavabdeh qonşuluqda tikinti işləri aparır. Belə ki, cavabdeh torpaq sahəsini alan zaman həmin torpaq sahəsinin qarşısında ümumi istifadədə olan yol olmuşdur. Həmin yol sonradan zəbt olunaraq cavabdehin torpaq sahələrinə qatılmış, bununla da iddiaçının əsas yola olan çıxışı qanunsuz olaraq bağlanmışdır. İddiaçının mülkiyyətlərində olan torpaq sahəsindən maneəsiz istifadə etmək hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Mubahısələndirılən yol, həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdehin tərəfindən həmin yolun zəbt olunması qanuni və əsaslı hesab edilə bilməz.
4. Sonradan iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 dəqiqləşdirilmiş tələblə ərizə verərək, iddiaçının qanuni istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən (7965) bağ evinə gedən Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasarın və qarajın və digər tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 723/2023 nömrəli qərardadı ilə iddia ərizəsi «digər tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi» hissəsində baxılmamış saxlanılmışdır.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-723/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi (hakim Tahirə Əsədova) ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən (7965) bağ evinə gedən Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasar və qarajın cavabdehin öz vəsaiti hesabına sökülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsinin İddiaçı, 25 manat hissəsinin isə Cavabdeh tutulub hesabına köçürülməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.1, 152.5, 180.1 və 180.4-cü maddələrinə, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi “Coşqun” b/y-nin ölçüsü 0,10 ha təşkiledən 2 saylı bağ sahəsi onun, qonşuluqdakı Bakı şəhəri, Ləhiş bağ sahəsi,7965 ünvanında yerləşən 126 kv.m-dən ibarət olan bağ evi, habelə 0,0632 hatorpaq sahəsi isə İddiaçı mülkiyyətindədir. İddiaçının bağ evinin/torpaq sahəsinin darvaza ilə birbaşa ictimai yola çıxışı vardır. İddiaçının ictimai yola çıxışı mülkiyyətində olan evin başqa tərəfində yerləşir. Tərəfindən iddiaçının bağ evinə gedən və ümumi istifadədə olan yol zəbt olunmamış, mübahisə edilən hasar və qaraj isə iddiaçının mülkiyyətində olan evdən/torpaq sahəsindən istifadəyə hər hansı maneçilik yaratmamışdır. Bununla da, tərəfindən iddiaçının mülkiyyət hüququ hər hansı şəkildə pozulmamışdır. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş və iddianı təmin etməklə, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı mülkiyyət hüququnun pozuntusu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə isə yalnız əsassız ekspert rəyinə istinadən iddianı təmin etmişdir. Hesab edir ki, məhkəmə prosessual hüquq normasının pozuntusuna yol vermiş və iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. İş materiallarında olan ekspert rəyi əsassız olduğuna görə, məhkəmə həmin rəylə razılaşmamalı və iş üzrə təkrar ekspertiza təyin etməli idi. Yaxud, digər sübutlarla əlaqəli şəkildə təhlil etməklə, sözügedən ekspert rəyini ümumiyyətlə, nəzərə almamalı idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi. Cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun hər hansı formada pozulması sübut olunmur. Cavabdeh tərəfindən hər hansı torpaq sahəsinin zəbtində söhbət gedə bilməz.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının evinə gedən digər yoldan avtombil keçidi üçün istifadə edilməsi mümkün deyil. Yalnız adam keçməsi mümkündür. Əsas yola avtombil çıxışı yalnız cavabdehin zəbt etdiyi dalandan mümkündür.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
13. 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 152.1 mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. Maddə 152.5 mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. Maddə 180.1 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
17. Maddə 180.4 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən tərəfindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-723/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir.
28. Belə ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
29. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2332 №, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 7965 saylı bağ evi və 0.0632 ha torpaq sahəsi koordinatlarına uyğundur; Cavabdeh adına olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi “Coşqun” b/y-nın 2 saylı bağ sahəsinin sənəd üzrə 0.10 ha olduğu halda, mövcud vəziyyətdə 0.1215 ha olmaqla koordinatlarına uyğun gəlir (0.0215 ha torpaq sahəsi əlavə olaraq istifadə olunur); Vahid elektron kadastr baza məlumatlarına əsasən (“Coşqun” b/y-nin bölgü sxeminə əsasən koordinatları təqdim olunmuş) ərazi bağlararası yolun, az bir hissəsi isə digər bağların yerinə uyğun gəlir. Belə ki, Cavabdeh dalan kimi nəzərdə tutulan torpaq sahəsini zəbt etmişdir. Mövcud vəziyyətdə İddiaçı mülkiyyətində olan bağ evinin (və ya torpaq sahəsinin) şimal-şərq tərəfdən yola çıxışı və darvazası olmasına baxmayaraq cənub-qərb tərəfində vahid elektron kadastr baza məlumatlarına əsasən dalan kimi nəzərdə tutulan torpaq sahəsinə çıxışına maneçilik yaradır. Cavabdeh tərəfindən inşa edilmiş qaraj (5,0 x 41,0) vahid elektron kadastr baza məlumatlarına əsasən mülkiyyətində olan torpaq sahəsindən kənarda, dalan kimi nəzərdə tutulan sahədə yerləşir. Qarajın və hasarın sökülməsi nəticəsində iddiaçı üçün dalan kimi nəzərdə tutulan torpaq sahəsinə 2-ci çıxış kimi şərait yarada bilər. Cavabdeh olunun bağ sahəsinə gedən ümumi istifadədə olan yol iddiaçı və ya qonşular tərəfindən zəbt edilməyib.
30. Göründüyü kimi, cavabdehin xüsusi mülkiyyətində 0,10 ha torpaq sahəsinin olmasına baxmayaraq, onun tərəfindən dalan kimi nəzərdə tutulan torpaq sahəsinin 0.0215 ha torpaq sahəsi zəbt edilmiş və həmin sahədə qaraj və hasar inşa edilmişdir. Yəni, cavabdeh tərəfindən ümumi istifadə olunan yolun bir hissəinin zəbt edilməsi və orada qanunz tikililərin inşa edilməsi ekspert rəyi ilə təsdiq edilmişdir.
31. Kollegiya qeyd edir ki, iddiaçının subyektiv hüququnun olması ekspert rəyi ilə təsdiq edilmişdir. Belə ki, qeyd edildiyi kimi, mövcud vəziyyətdə İddiaçı mülkiyyətində olan bağ evinin (və ya torpaq sahəsinin) şimal-şərq tərəfdən yola çıxışı və darvazası olmasına baxmayaraq cənub-qərb tərəfində vahid elektron kadastr baza məlumatlarına əsasən dalan kimi nəzərdə tutulan torpaq sahəsinə çıxışına maneçilik yaradılmış, qarajın və hasarın sökülməsi nəticəsində iddiaçı üçün dalan kimi nəzərdə tutulan torpaq sahəsinə 2ci çıxış kimi şərait yarada bilər.
32. Kollegiya hesab edir ki, cavabdeh ümumi istifadədə olan dalanı öz məqsədləri üçün istifadə edərkən hüquqdan sui-istifadə etmişdir.
33. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində ekspert rəyinin mötəbər olmadığını qeyd etsə də, rəyi təkzib edəcək hər hansı sübutu təqdim etməmiş, həmçinin məhkəmə kollegiyası tərəfindən də rəyin şübhə altına alınacaq hər hansı hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə ekspert rəyini hazırkı iş üzrə əsaslı sübut hesab etməkdə haqlı olmuşdur.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-723/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.