Məhkəmə qərarları › İş №2(103)-5383/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5383/2021

02.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5383/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan yaşayış sahəsindən payın naturada ayrılması, bu mümkün olmadıqda yaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pul vəsaitinin iş üzrə tərəflər arasında paylara uyğun olaraq bölüşdürülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 mart 2021-ci il tarixli qətnamədən iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının qardaşı olan cavabdehə qarşı irəli sürdüyü “paylı mülkiyyətdə olan yaşayış sahəsindən payın naturada ayrılması, bu mümkün olmadıqda yaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pul vəsaitinin iş üzrə tərəflər arasında paylara uyğun olaraq bölüşdürülməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.03.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. İşə Məhkəmə tərəfindən baxılarkən iddiaçı bildirmişdir ki, cavabdeh ilə barışmış, aralarında yaranmış mübahisə aktuallığını itirmişdir. Buna görə də, o, apellyasiya şikayətindən imtina etmək qərarına gəlmişdir. Odur ki, apellyasiya şikayətindən imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş edir. İddiaçı “apellyasiya şikayətindən imtina barədə” ərizəsini Məhkəməyə təqdim etdi. İş materiallarını və “apellyasiya şikayətindən imtina barədə” ərizəni araşdıraraq Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 369.3-cü maddəsinə görə, məhkəmə MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. MPM-nin 191-ci maddəsinin mənasına görə isə tələbin etiraf edilməsi və ya tələbdən imtina icraatın xitam verilməsi üçün kifayət deyil bu imtina və ya etiraf məhkəmə tərəfindən təsdiq və qəbul edilməlidir. Göründüyü kimi MPM-nin 369.3-cü maddəsi apellyasiya şikayətindən imtinanı iddia tələbindən imtinaya, apellyasiya şikayətinin etiraf edilməsini isə iddia tələbinin etiraf edilməsinə bərabər tutur. Belə olan halda, Məhkəmə, MPM-nin “İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi” adlı 52-ci maddəsinə nəzər salmağı vacib bilir və qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir (maddə 52.5.). İş materiallarından görünür ki, apellyasiya şikayətindən imtina qanuna zidd deyil. İmtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İddiaçının apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul olunmalı və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 369 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 mart 2021-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar