Məhkəmə qərarları › İş №2(103)-5386/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5386/2022

24.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5386/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu Cavabdeh tam mülkiyyət hüquqi ilə ona məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilində qeydiyyatdadır. Oğlu Cavabdeh mütəmadi olaraq ona fiziki güc tətbiq etməklə müxtəlif xəsarətlər yetirmişdir. Bununla əlaqədar olaraq Bakı Şəhəri Nizami RPİnin 25-ci Polis Bölməsinə müraciətlər etmişdir. Lakin bu da bir nəticə verməmiş, sonda 2020-ci ilin mart ayının 15-dən etibarən güc tətbiq etməklə onu mənzildən qovmuşdur. Hazırda kirayədə yaşamaq məcburiyyətində qaİmışdır.

3. Sonradan iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilindən 3000 manat kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddianın təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzildən istifadə hüququna 3.000 (üç min) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh 28 oktyabr 2000-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzildə qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisəli hüquq münasibətləri 01 sentyabr 2000-ci il tarixdən sonra yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdeh mübahisəli mənzildə yaşamır, özünə məxsus mənzili vardır. Belə ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, mübahisəli mənzildə yaşamır. Özünün evi vardır. Mübahisəli mənzilə ehtiyacı yoxdur. Lakin, həmin evdə istifadə hüququnun saxlanılmasını istəyir. Göründüyü kimi, cavabdehin mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıyır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2, 228.5-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

6. Cavabdeh apellyasiya şikayəti verilərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) 2(103)-3052/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 nömrəli, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsus olsa da, Cavabdeh iddiaçının ailə üzvü olaraq həmin mənzildə yaşaması və istifadəsi hüququ iddiaçının adına verilmiş order əsasında müəyyən olunduğundan, iddiaçı yalnız kompensasiya təklif etməklə, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun xitam verilməsini tələb edə bilər. Hazırkı halda, yəni kompensasiya verilmədən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə iddiaçının iddiası əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

9. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və İ.Ə.Şəfiyev) 2(102)-4660/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)- 3052/21 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

11. Kassasiya məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini müvafiq olaraq tələbin yönəldiyi cavabdehin davamlı olaraq eyni şəraitli yaşayış sahəsi ilə təmin olunmasına imkan verməsini müəyyən etməlidir. Bu halda məhkəmə həmin məbləği kifayət hesab etmirsə, gələcəkdə hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsinin mümkünlüyünü araşdırmalı, tərəflərlə birlikdə müəyyən edilən məbləği müzakirə etməli və mülkiyyətçinin etiraz etdiyi halda məhkəmə aktında bununla bağlı mövqeyini göstərməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – F.Talışınski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Ş.Məmmədova) 2(103)-9517/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 nömrəli, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki və hüquqi istinadlar ilə təmin edilməsi üçün əsaslar olmadığından iddia rədd edilməlidir. Qeyd edilməlidir ki, iddia üzrə iddiaçının subyektiv tələbi müstəvisində sübutların təqdim edilməməsi, iddianın da təmin edilməsinə əsaslar müəyyən etmir. Halbuki, birinci instansiya məhkəməsi iddia üzrə dəyərləndirməni zəruri prosessual tələblər həddində aparmamış və işin faktiki hallarına müvafiq əsaslandırmamışdır.

14. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə və qeyd edilən qanunvericilik müddəalarının tələblərinə müvafiq qeyd edilməlidir ki, iddiaçı iddia edilən tələblərə və istinad etdiyi hallara, habelə müəyyən dövrdə eyni şəraitə uyğun kifayət etməsi üçün kompensasiya məbləğinə dair sübutlar və ya vəsatətlər təqdim etməmişdir. Məhkəmə kollegiyası, səlahiyyət və apellyasiya icraatının həddi baxımından təklif olunan kompensasiya məbləğinin (cavabdehin razı olmadığı şəraitdə) qənaətbəxş olmasına əsaslar müəyyən etmir. İkinci kassasiya icraatı:

15. İddiaçı kassasiya şikayəti verərək, qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), İ.R.Xələfov və A.Q.Hüseynov) 2(102)-2033/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9517/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Tərəflərin izahatı:

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda ərizə təqdim edərək 12.000 manat məbləğində kompensasiya verməyə razı olduğunu bildirərək qətnamənin cavabdehə ödənilməli kompensasiya məbləği hissəsində dəyişdirilərək, həmin məbləğin 12.000 manat müəyyən edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda iddiaçının nümayəndəsinin hazırda təklif etdiyi 12.000 manat kompensasiya ilə razı olmadığını bildirdi. Hesab edir ki, mənzilin qiyməti yuxarı olduğundan cavabdehə ödənilməli kompensasiya da 30-40 min manat olmalıdır. Sübutların tədqiqi:

19. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB-nin 141 saylı MKİS tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli, 457 nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilinə 28 oktyabr 2000-ci il tarixdə qeydiyyata alınmışdır. Mənzildə həmçinin, 28 oktyabr 2000-ci il tarixdən İddiaçı, 28 oktyabr 2000-ci il tarixdən X2 və 15 sentyabr 2013-cü il tarixdən X3 qeydiyyatdadır.

20. Nizami rayon İcra Hakimiyyəti başçısının 25 may 2000-ci il tarixli 57744 nömrəli Sərəncamının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilnə dair, vətəndaş İddiaçı və onun 4 nəfər ailə üzvünə yaşamaq üçün yeganə əsas olan Order verilmişdir.

21. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 07 iyun 2000-ci il tarixli 57744 nömrəli Orderin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzili yaşaması və istifadəsi üçün İddiaçı və onun ailə üzvləri Cavabdeh, X4 və X1 verilmişdir.

22. Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilinin İddiaçı adına özəlləşməsinə etiraz etməmişdir.

23. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına 23 yanvar 2008-ci il tarixdə qeydə alınmışdır. Tətbiq edilən maddi hüquq normaları:

24. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:

25. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

26. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

29. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Tətbiq edilən prosessual hüquq normaları:

30. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

37. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

38. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

39. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

42. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddiaçının təklifinə əsasən kompensasiya məbləği hissədə dəyişdirilməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

46. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

47. Belə ki, bundan öncəki apelyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş Ali Məhkəmə 2(102)-2033/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın 37-ci bəndində qeyd edili ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilində yaşamadığını, özünün şəxsi evinin olduğunu bildirmişdir.

48. Qərarın 38-ci bəndində qeyd edilir ki, mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxan məhkəmə cavabdehin başqa yaşayış yerinin olub-olmadığını, başqa sözlə onun öz mənzil ehtiyacını daimi əsaslarla başqa yaşayış sahəsində qarşılayıb-qarşılamadığını araşdırmalı, bu xüsusata dair toplanmış sübutları qiymətləndirməli, nəticəsindən asılı olaraq cavabdehin mübahisə predmeti olan mənzil üzərində istifadə hüququnun olubolmadığına yekun hüquqi qiymət verməlidir.

49. Qərarın 39-cu bəndində qeyd edilir ki, cavabdehin mənzildən istifadə hüququ qaldığı halda iddiaçının təklif etdiyi kompensasiya məbləğinin kifayət olub-olmamasını aydınlaşdırmalı, təklif olunan məbləği yetərli saymadıqda hansı məbləğin həmin hüququ ədalətli kompensasiya edə biləcəyini müəyyənləşdirməlidir.

50. Hazırkı işin faktiki halları ilə müəyyən olunur ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehin mübahisəli mənzildən istifadə hüququ mövcuddur, iddiaçı bu hüquqa xitam verilməsinin tələb etməklə və müvafiq kompensasiyanın məbləğini də artıraraq 12.000 manat təklif etməklə bu faktı təsdiqləmiş olur.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

52. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdəəvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

53. Kollegiya onu da qeyd edir ki, mülki iş materiallarında rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, cavabdeh izahatında həmin evdə yaşamadığını, öz şəxsi evinin olduğunu bildirmişdir (i/v 44). Cavabdehin vəkili məhkəmə iclasında buna etiraz etmişdir və bildirmişdir ki, cavabdeh xeylı – beş ildən artıq müddət Türkiyədə yaşasa da, hazırda qayıtmışdır, başqa yaşayış yeri yoxdur, onun rayon məhkəməsindəki izahatı protokolda dolğun əks olunmamışdır, təklif olunan 12.000 manat məbləği ədalətli deyidir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kompensasiyanın məbləğini artıraraq 12.000 (on iki min) min manat təklif etmişdir ki, Kollegiya hazırkı işin hallarını, cavabdehin öz evinin olması barədə rayon məhkəməsindəki izahatını nəzərə alaraq hesab edir ki, həmin məbləğ ağlabatandır və hazırkı işin müəyyən olunmuş faktiki halları baxımından həm də ədalətlidir.

55. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

56. 32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehə ödənilməli olan kompenasiya məbləği hissədə dəyişdirilməli, cavabdehə ödənilməli kompensasiyanın məbləği iddiaçının təklifinə əsasən 12.000 (on iki min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. 33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

58. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehə aid edilməlidir.

59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi cavabdehə ödənilməli kompensasiya məbləği hissədə dəyişdirilsin. Cavabdeh ödənilməli kompensasiyanın məbləği 12.000 (on iki min) manat müəyyən edilsin. Qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar