Məhkəmə qərarları › İş №2(103)-5388/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5388/2021

15.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5388/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı cavabdeh 8 saylı Bakı Peşə Liseyinə qarşı "əmək münasibətləri üzrə sair mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(002)-712/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 8 saylı Bakı Peşə Liseyinin direktoruna qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 №-li Bakı Peşə Liseyinin direktoru X8 tərəfindən intizam tənbehinin tətbiqi barədə 07 oktyabr 2020-ci il tarixli, 69 nömrəli əmrin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi (bundan sonra: AR TN-yi PT üzrə DA-yi) 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X8 8 saylı Bakı Peşə Liseyinin Həmkarlar Təşkilatının 07 oktyabr 2020-ci il tarixli 76 saylı Protokolunu əsas götürərək intizam tənbehinin tətbiqi barədə 07 oktyabr 2020-ci il tarixli, 69 saylı Əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, əmək funksiyasının icrasında yol verdiyim nöqsanlara görə Liseyin Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim kimi ona yazılı xəbərdarlıq verilib. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən, 8 nömrəli Bakı Peşə Liseyinin 07 oktyabr 2020-ci il tarixli, 69 nömrəli Əmr qanunsuz və əsassız olduğu üçün Məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, o, iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək cavabdeh AR TN-yi PT üzrə DA-yi 8 nömrəli BPLnin direktoru X8 tərəfindən verilmiş işdən azad olma və başqa işə keçmə barədə 07 yanvar 2020-ci il tarixli 03 saylı əmrin ona aid olan hissədə və təhvil-təslim barədə 07 yanvar 2020-ci il tarixli 04 saylı əmrin ləğv edilməsinə və onu dərs-hissə müdiri vəzifəsində saxlanılmasına dair qətnamə qəbul edilməsii xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(002)-648/2020 saylı Qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti ilə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(002)-648/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdi. Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(103)-5501/2020 saylı Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-648/2020 saylı mülki iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(103)-5501/2020 saylı qətnaməsindən AR Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilməsi nəzərdə tutmuşdur. Bundan başqa, o, 27 yanvar 2020-ci il tarixdə Azərbaycan Respblikasınm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə (bundan sonra: AR ƏƏSMN yanında DƏMX) ərizə ilə müraciət edərək, 8 N-li BPL-nin direktoru F. Talıbov tərəfindən qanunsuz verilən 07 yanvar 2020-ci il tarixli 03 saylı əmrin ona aid hissədə ləğv edilməsinə, onu dərs hissə müdiri vəzifəsində saxlanılmasına və direktor Fizuli Talıbovu inzibati məsuliyyətə cəlb edilməsinə dair tədbir görülməsinin aidiyyəti şəxslərə həvalə edilməsini xahiş etmişdir. AR ƏƏSMN yanında DƏMX Bakı şəhəri İdarəsindən məktubla bildirmişlər ki, müraciəti AR ƏƏSMN yanında DƏMX Bakı şəhəri İdarəsində baxılmışdır və həmin məsələ Bakı şəhəri Qaradağ rayon məhkəməsinin icratında olduğu üçün müraciətinə dair məsələlərin həlli üzrə ARƏMnin 15-ci maddəsinin tələbinə görə DƏMX Bakı şəhər İdarəsi fəaliyyət göstərə bilməz. DƏMX Bakı şəhər idarəsinin cavab məktublarından narazı qaldığı üçün məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə 17 iyun 2020-ci il tarixdə müraciət edərək AR ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsinin cavab məktubları qanunsuz və əsassız hesab edilərək, işdən azad olma və başqa işə keçirilmə barədə 07 yanvar 2020-ci il tarixli 03 saylı əmri qanunsuz qəbul etdiyinə görə AR İXM-nin 53-cü maddəsi ilə 8 №-li BPL-nin direktoru Fizuli Talıbovun məsuliyyətə cəlb ediməsinə dair inzibati qərar qəbul etmək, onu dərs hissə müdiri vəzifəsində saxlamaq və dərs hissə müdiri vəzifəsinə dair təyin edilmiş əmək haqqının 07 yanvar 2020-ci ildən ödənilməmiş hissəsini hesablayaraq dərhal birdəfəlik 8 N-li BPL tərəfindən ona ödənilməsinə dair Qərar qəbul etmək vəzifəsinin AR ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin üzərinə qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2-1(112)- 5151/2020 saylı Qərardadı ilə iddiası mümkün sayılmamışdır. Narazı qaldığı Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5151/2020 saylı qərardadından Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti ilə müraciət edərək, iddia tələbinə dəqiqləşdirmə aparılması, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmasına, AR ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsinin cavab məktubları qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi tələbi saxlanmaqla, 8 N-li BPL-nə qarşı AR ƏƏSMN yanında DƏMX-nə 27 yanvar 2020-ci il tarixli şikayət ərizəsini təmin etmək və yaxud rədd etmək barədə əsaslı qərarın qəbul edilməsi vəzifəsinin AR ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsinin üzərinə qoyulması kimi iddianın dəyişdirilməsi, Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5151/2020 saylı qərardadın ləğv edilməsi, iddia tələbinin mümkün sayılması və iddia tələbinin təmin edilməsinə dair Qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə münasibətdə ilkin baxış Bakı Apellyasiya Məhkəməsində 11 noyabr 2020-ci il tarixə təyin olunmuşdur. Həm də, məhkəmələrin mülki və inzibati kollegiyalarının qətnaməsi və qərardadı qanuni qüvvəsin almamışdır, ona görə də onun başqa işə keçirilməsindən və ona intizam tənbehinin tətbiqi barədə əmrlə xəbərdarlıq verilməsindən heç bir söhbət gedə bilməz. Belə olan halda yuxarıda qeyd olunan məhkəmələrdə fərdi əməyi ilə bağlı məsələ həll olunanadək və həmin məsələ ilə bağlı məhkəmələrin qətnaməsi və ya Qərardadı qanuni qüvvəsini alınanadək onun iş yeri və orta əmək haqqı saxlanılmalıdır. O, 8 saylı BPL-nin direktoru Fizuli Talıbova Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim vəzifəsində işləməsinə dair heç bir razılıq verməmiş və əmək müqaviləsi varsa, həmin əmək müqaviləsində dəyişikliklər edilməsində iştirak etməmiş, müqavilə onun tərəfindən imzalanmamışdır. Ona görə də 8 saylı BPL-nin direktoru 07 oktyabr 2020-ci il tarixli, 69 saylı əmri ilə “Əmək funksiyasının icraatında yol verdiyi nöqsanlara görə Cavabdeh Azərbaycan dili və ədəbiyyat üzrə müəllim kimi ona xəbərdarlıq verilməsi qanunsuzdur və əsassızdır. Ona intizam tənbehi verilərkən direktor F.Talıbov tərəfindən qəbul etdiyi 07 oktyabr 2020-cı il tarixli, 69 saylı əmri ilə qanunvericiliyin tələblərinin və onun hüquqlarını pozduğuna görə məhkəməyə müraciət etməyində haqlıdır və həmin məsələ məhkəmə tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 №-li Bakı Peşə Liseyinin direktoru X8 tərəfindən intizam tənbehinin tətbiqi barədə 07 oktyabr 2020-ci il tarixli, 69 nömrəli əmri ləğv edilməlidir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(002)- 712/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi işin hallarını düzgün qiymətləndirməmişdir. Belə ki, o, dərs hissə müdiri vəzifəsi ixtisara salındıqdan sonra Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim vəzifəsində işləməyə dair heç bir razılıq verməmişdir, əmək müqaviləsində dəyişikliklər edilərkən iştirak etməmiş, əmək müqaviləsini imzalamamışdır. Buna baxmayaraq, iddiaçı Covid-19 pandemiyasının yayıldığı dövrdə və hal-hazırda pandemiyanın yeni formaları aşkar olunduğu bir vaxtda risk qrupuna daxil olduğu, xəstə olduğu (şəkərli diabet), İİ qrup əlil olduğu üçün karantin rejiminin qüvvədə olduğu müddətdə 8 saylı BPL-nə gedə bilməsə də, müəllim kimi on-line formada dərslərini keçmişdir. Ona görə də hesab edir ki, 8 saylı BPL-nin direktoru 07 oktyabr 2020-ci il tarixli, 69 saylı əmri ilə “Əmək funksiyasının icraatında yol verdiyi nöqsanlara görə Cavabdeh Azərbaycan dili və ədəbiyyatı üzrə müəllim kimi ona xəbərdarlıq verilməsi” qanunsuzdur və əsassızdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh 8 saylı Bakı Peşə Liseyi səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X8 tərəfindən verilmiş 69 nömrəli, 07.10.2020-ci il tarixli intizam tənbehinin tətbiqi barədə əmrdən görünür ki, İddiaçı əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsanlara görə yazılı xəbərdarlıq verilmişdir. İş materiallarına əlavə olunmuş 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X8 tərəfindən İddiaçı intizam tənbehinin tətbiqi barədə əmrin ləğv edilməsi iddiasına ünvanlanmış 03.02.2020-ci il tarixli cavab aktından görünür ki, İddiaçı işlədiyi müddət ərzində kifayət qədər nöqsanları var. 16.09.2019-cu il tarixdən 27.12.2019-cu il tarixədək tədris ilinin İ yarım ilində dərs cədvəlində onun adı ilə əlaqədar olan dərsləri özü tədris etməmiş, laborant vəzifəsində çalışan Rzazadə Baharı öz əvəzində dərslərə göndərmişdir. Bu akt X6, X5, Əhədov Vidadi Vəkilağa oğlu, X10, X3 və X7 tərəfindən təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş 03.02.2020-ci il tarixli Rzazadə Bahar tərəfindən tərtib olunmuş məlumat məktubundan görünür ki, o 2019-2020-ci illərdə iddiaçının yerinə dərslərə girdiyini etiraf etmiş və bunun üçün iddiaçıdan müvafiq məbləğdə pul aldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 saylı Bakı Peşə Liseyinin direktoru cənab X4 Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən müəllim X2, 01 oktyabr 2020-ci il tarixdə liseydə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən digər müəllim İddiaçı barədə yazdığı məlumatın müzakirə edilməsi üçün liseyin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı müraciət əsasında qəbul edilmiş 76 saylı, 07.10.2020-ci il tarixli protokolla rəsmiləşdirilən qərardan görünür ki, 8 saylı Bakı Peşə Liseyinin Həmkarlar İttifaqı Komitəsi liseydə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən İddiaçı barəsində qanuna müvafiq olaraq istənilən tədbir görülməsinə heç bir etiraz edilmir. İş materiallarına əlavə olunmuş Cavabdeh Tİİ üzrə direktor müavini əvəzi Əhədov Vidadi tərəfindən verilmiş 06.10.2020-ci il tarixli yazılı məlumata əsasən 09 sentyabr 2020ci il tarixdə 8 saylı BPL qrupunda 14 sentyabr 2020-ci il tarixində saat 10:00-da pedaqoji şuranın iclasının (ZOOM) proqramı ilə online keçiriləcəyinin elanı paylaşılmışdır. Bu tarixdə də iclas keçirilmiş, Azərbaycan dili və Ədəbiyyat fənni müəllimi İddiaçı başqa müəllim və istehsalat təmiri ustaları hamılıqla iclasa qatılmışdır. Bu iclasda V.Əhədov tərəfindən plan və proqramların hazırlanıb təsdiqə gətirilmələri xahiş edilmişdir. Bu barədə 8 saylı BPL qrupunda da müvafiq paylaşım edilmişdir. İddiaçı başqa bütün müəllimlər və istehsalat təlimi ustaları növbəli şəkildə proqramları təsdiqə gətirmişlər. İddiaçılə bu proqramların təsdiq üçün hazırlanması məqsədi ilə telefon vasitəsi ilə bir neçə dəfə əlaqə yaradılmasına cəhd edilsə də, o, bu zənglərə cavab verməmişdir. İddiaçı tədris etdiyi fənlərin proqramların bu vaxtacan təsdiq etdirməmişdir. İş materiallarına əlavə olunmuş X4 07.01.2020-ci il tarixli 04 nömrəli təhvil-təslim barədə əmrinin surətindən görünür ki, İddiaçı dərs hissə müdiri vəzifəsi ixtisara düşdüyü üçün 07 yanvar 2020-ci il tarixdə tutduğu vəzifədən tarifikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçdiyi üçün o, səlahiyyətində olan bütün tədris plan-proqramlarını, tədrisə aid olan sənədləri tədris istehsalat işləri üzrə direktor müavini X1 təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X8 tərəfindən İddiaçı intizam tənbehinin tətbiqi barədə əmrin ləğv edilməsi iddiasına ünvanlanmış humanitar fənlər üzrə metod komissiyasının sədri X6 tərəfindən tərtib olunmuş 01.10.2020-ci il tarixli cavab məlumatından görünür ki, onun tərəfindən İddiaçı müvafiq proqramların təsdiq edilməsi üçün müraciət etsə də, o, bundan imtina etmişdir. İş materiallarına əlavə edilmiş 8 saylı Bakı Peşə Liseyinin Həmkarlar Təşkilatının üzvlərinin birgə iclasına dair 07 oktyabr 2020-ci il tarixli 76 nömrəli protokolun məzmunundan aydın olur ki, İddiaçı barəsində yol verdiyi nöqsanlara görə qanuna müvafiq tədbirlərin görülməsinə etiraz olunmur. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan ərazisində COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə 14 mart 2020-ci il tarixindən sosial izolyasiya qaydaları tətbiq olunmuş, mərhələli olaraq xüsusi karantin rejimi elan edilmiş, təhsil müəssisələrində tədris prosesi isə distant şəkildə həyata keçirilmişdir. Belə olan şəraitdə, məhkəmə kollegiyası iddiaçının həm yaşına, həm də şəkər xəstəliyindən əziyyət çəkməklə ikinci qrup əlil olduğuna görə risk qrupuna daxil olduğunu, bu səbəbdən 8 saylı Bakı Peşə Liseyinə təşkil edilmiş iclasda iştirak edə bilməməsi barədə dəlilini əsaslı hesab edir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi 8 saylı Bakı Peşə Liseyi üzrə verilmiş 07 oktyabr 2020-ci il tarixli 69 saylı əmr tərtib edilərkən Əmək Qanunvericiliyinin tələbləri də pozulmuşdur. Belə ki, həmin əmrin məzmunundan göründüyü kimi, iddiaçıya yazılı xəbərdarlıq intizam tənbehi tədbiri kimi tətbiq edilmişdir. Halbuki, Əmək Məcəlləsinin 186-cı maddəsində intizam tənbehinin dəqiq növləri müəyyən edilmiş, bu siyahıda şifahi və yazılı xəbərdarlıq intizam tənbehi kimi nəzərdə tutulmamışdır. İşə baxan birinci instansiya məhkəməsi qeyd edilən halı öz qətnaməsində qeyd etsə də, yekun qərar qəbul edərkən bunu nəzərə almamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı iddiası əsaslı olduğundan onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(002)-712/2021 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 384.0.2, 385 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(002)- 712/2021 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 №li Bakı Peşə Liseyinin intizam tənbehinin tətbiqi barədə 07 oktyabr 2020-ci il tarixli, 69 nömrəli əmri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Vəfaddin İbayev Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar