Məhkəmə qərarları › İş №2(103)-5389/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5389/2023

06.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5389/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X23 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: yerkinlik yaşına çatmayan uşaqlarla birlikdə yaşayış sahəsinə köçürmə) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, İddiaçı, onun vəkili Vəkil3, Cavabdeh vəkili Vəkil2 və nümayəndəsi X3, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X23 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yetkinlik yaşına çatmayan uşaqlarla birlikdə yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1579/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.1994-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən yaşayış evi X3 adına rəsmiləşdirilmişdir.

2. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından xx.xx.2007-ci il tarixdə X26, xx.xx.2010-cu il tarixdə X19 və xx.xx.2013-cü il tarixdə X11 doğulmuşdur.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2860/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş X26 cavabdehin, X20 və X11 iddiaçının yanında qalmış, həmçinin, xx.xx.2021-ci il tarixdən başlayaraq X15 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə 175 manat, digər uşaqların saxlanılması üçün isə xx.xx.2021-ci il tarixdən başlayaraq, cavabdehdən iddiaçının xeyrinə 350 manat sabit pul məbləğində aliment tutulmuşdur.

4. Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 538 saylı arayışına əsasən İddiaçı həqiqətən də Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən özbaşına tikilidə 2007-ci ildən 2021-ci il tarixə qədər yaşamışdır. X23 göstərilən ünvanda yaşamır. Onun qeydiyyat və yaşayış yeri ünvan 2

5. Qaradağ Rayon Enerji Təchizatı və Satış İdarəsinin xx.xx.2021-ci i tarixli məktubuna əsasən mübahisəli özbaşına tikilidə istifadə olunan elektrik enerjisi ilə bağlı müqavilə Bəybala Mustafayevlə bağlanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun, uşaqları xx.xx.2010-cu il təvəllüdlü X19 və xx.xx.2013-cü il təvəllüdlü X11 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən və hazırda Cavabdeh istifadəsində olan evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il tarixdə Amil, xx.xx.2010-cu il tarixdə Süsən və xx.xx.2013-cü il tarixdə Bəybala adlı üç uşaqları doğulmuşdur. O, cavabdehlə birlikdə sonuncunun atası Bəybalaya məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən evdə ər-arvad kimi birlikdə yaşamışlar. Birgə yaşadıqları müddət ərzində cavabdehlə birlikdə ailələri üçün əlavə ev inşa etmişlər və ailələri ilə birlikdə həmin evdə yaşamışlar, ona və uşaqlarına məxsus əmlak da həmin evdə yerləşdirilmişdir. Cavabdehlə aralarında olan narazılığa görə nikahları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Cavabdehlə nikahları ləğv edildiyinə görə onu yeni tikdirdikləri evə buraxmırlar. Həmin ev qanunsuz tikilidir, onu birgə nikah dövründə tikdirmişdilər. Ona məxsus əşyalar həmin evdə olsa da, cavabdeh hazırda onu evə buraxmaq istəmir. Həmin ev onun yeganə yaşayış yeri olmaqla, başqa yerdə qalmağa evi yoxdur. Cavabdeh onu yaşadığı evə buraxmamaqla onun qanunla qorunan hüquqlarını pozur və onun öz evindən istifadə etməsinə əngəllər yaradır. Mübahisəli ev özbaşına inşa edilmiş, ev olaraq rəsmi qeydiyyata alınmamışdır. Özbaşına inşa edilmiş mübahisəli ev onların yaşayış yerləri olmuş, hazırda cavabdeh həmin evdə yaşamaqla istifadə edir. Lakin onun evdə yaşamasına imkan vermir. Belə ki, cavabdeh mübahisəli tikiliyə onunla birlikdə eyni hüquqa malikdir. Onun hazırda köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olmaqla onun başqa yaşayış evi yoxdur. Bu səbəbdən də, cavabdehin onun evdə yaşamasına mane olması əsassız və qanunsuzdur. Bərabərlik prinsipinə uyğun olaraq onun da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır.

8. X23 məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

9. Məhkəmə tərəfindən mübahisə edilən tikiliyə yerində müayinə keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən tikili 3 otaqlı tikilidir. Qonaq otağı, yataq otağı və mətbəxdən ibarət tikili iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərdə əks olunan otaqlardır. İddiaçının bildirdiyinə görə, həmin tikilidə ona məxsus əşyalar olmuşdur, cavabdeh tərəf onun icazəsi və razılığı olmadan ona məxsus əşyaları maşına yükləyərək ona göndərmişdir. Bundan başqa, iddiaçıya məxsus paltaryuyan maşın da tikilidən çıxarılaraq, həyətdə olan anbara yerləşdirilmişdir.

10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1579/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı, övladları xx.xx.2010-cu il təvəllüdlü X19 və xx.xx.2013-cü il təvəllüdlü X11 ilə birlikdə Cavabdeh istifadəsində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən tikiliyə köçürülmüş, ödənilmiş 50 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilmişdir. (hakim X32)

11. Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçı mübahisəli yaşayış sahəsindən iradəsinə zidd olaraq çıxarılmışdır. İddiaçı və cavabdeh qeyd olunan özbaşına tikilini birgə nikahda olduqları dövrdə inşa etmişlər, tikilinin inşası başa çatdıqdan sonra iddiaçı gəlin köçdüyü qayınatasına məxsus evdən əri ilə özünün inşa etdiyi özbaşına tikiliyə köçmüş, 2007-ci ildən 2021-ci ilədək, oradan çıxarılanadək həmin tikilidə yaşamış, əmlakı orada olmuş, qonaqları həmin tikilidə qəbul etmiş, bir sözlə həmin tikilidən təyinatı üzrə yalnız iddiaçı və cavabdeh istifadə etmişlər. İddiaçı məhkəmə çəkişməsi gedən vaxt yenə də mübahisənin sülh yolu ilə həll edilməsi üçün övladları ilə birlikdə yaşamaq üçün mübahisəli tikiliyə getmiş, cavabdehin atası onu evə buraxmamış, məhkəmə mübahisəyə baxdıqdan sonra gəlib yaşamasını bildirmişdir. Qeyd olunanlar təqdim olunmuş video materialdan aşkar şəkildə görünür. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 mübahisəli özbaşına tikilini SSRİ dönəmində inşa etməsi işin heç bir halı ilə təsdiq olunmur, subyektiv mülahizələrdir. Üçüncü şəxs mübahisəli tikilidə yaşamamış, istifadə etməmiş, başqa ünvanda qeydiyyatda olmaqla yaşamışdır. İddiaçı hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etdikdən sonra, cavabdeh tərəf görüntü yaratmaq məqsədi ilə üçüncü şəxsi mübahisəli tikiliyə yerləşdirmişdir. Halbuki, tikilinin kommunal xərcləri ilə bağlı sənədlər üçüncü şəxsin adına deyil, sonuncu həmin tikilidən heç vaxt istifadə etməmiş, orada yaşamamış, başqa ünvanda daimi yaşamaqla, özbaşına tikiliyə hər hansı aidiyyəti yoxdur. Mübahisəli özbaşına tikilidə sərf edilən elektrik enerjisinin hesabatını aparan sayğac və abunə kodu cavabdehin atası Bəybala Mustafayevin adınadır. Həmin ünvana sayğac xx.xx.2008-ci il tarixdə quraşdırılmışdır. xx.xx.2016-cı il tarixdə sayğac yenisi ilə əvəz edilmişdir. Bəybala Mustafayevin adına abunə kodu xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, elektrik enerjisinin alğı-satqısına dair onunla müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməməsi üçün əsas sayıla bilməz. Çünki, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması və mübahisə edilən evin özbaşına tikili olması evin sahibinin onun üzərində qanunla qadağan edilməyən hüquqlarını həyata keçirməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Özbaşına tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni onun tikinti üzərində sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həmin tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, orada yaşamaq kimi və sair qanunla qadağan olunmayan hüquqları vardır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci, 180.1-ci, 180.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.2-ci, 217.4-cü maddələrinə və “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin ev iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olan X5 tərəfindən 1984-1985-ci illərdə tikilmiş, hazırda da əmisi ailəsi ilə birlikdə həmin evdə yaşayır. Mübahisə predmeti olan Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ev ilə onun heç bir əlaqəsi yoxdur. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İddiaçı iddia tələbində həmin tikilinin onun atası Bəybalaya məxsus olmasını və birgə nikah dövründə tikildiyini iddia etsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Belə ki, necə ola bilər ki, evdə o yaşadığı halda evin bütün kommunal xərcləri atası Mustafayev Bəybala tərəfindən ödənilmişdir. İddiaçının həmin evdə yaşaması o demək deyildir ki, evin tikintisi onun tərəfindən aparılmışdır. Evin tikintisi 1984-1985-ci illərdə inşa edilmişdir. Bunun müəyyən edilməsi üçün məhkəməyə vəsatət verərək, ekspertiza keçirilməsini xahiş etsə də, əsassız olaraq vəsatəti təmin edilməmişdir. Hətta bu barədə məhkəməyə video görüntülər də təqdim edilmişdir ki, iddiaçı həmin evə zorla daxil olaraq yaşamağa başlamışdır. Onun həmin evdə yaşamasına heç kimin razılığı olmamışdır. Bundan başqa məhkəməyə həmin evin köhnədən yəni 1984-85-ci illərdə tikilməsini təsdiq edən, 2002-ci ildə və 2004-cü illərdə olmuş toyların video kasetini təqdim etsə də, məhkəmə bunu da qəbul etməmişdir. Həmin toy kasetlərindən görünür ki, hazırkı mübahisəli ev həmin vaxtı mövcud olmuşdur. İddiaçı mübahisəli tikintinin onunla birgə nikah dövründə inşa edilməsini bildirsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Evin tikintisi X5 tərəfindən 1984-1985-ci illərdə aparılmış, bütün kommunal xərclər isə atası Bəybala tərəfindən ödənilmişdir. İddiaçı bir gəlin kimi həmin evə gəlib getmiş, lakin evin tikintisi ilə heç bir əlaqəsi olmamış və orada daimi yaşamamışdılar. Lakin bütün bunlar məhkəmədə tam araşdırılmamışdır. X23 öz oğlu Bəylərə də toy edərək, gəlini hazırkı mübahisəli evə gətirmişdir. Bunu təsdiq edən toy kasetini də təqdim etsə də buna da məhkəmədə əhəmiyyət verilməmişdir. İş üzrə məhkəməyə dəvət edilmiş şahidlərdən X16 iddiaçının xalası, X21 iddiaçının bacısıdır. Şahidlər iddiaçının qohumu olduğundan və onun mənafeyinə uyğun ifadə verdiklərindən şahidlərin ifadələri mötəbər sübut sayıla bilməz. Bundan başqa onun tərəfindən dəvət edilmiş şahidlər bildirmişlər ki, iddiaçı onun atasına məxsus evə gəlin köçmüşdür. Əmisinə məxsus olan ev də həmin vaxtı mövcud olmuşdur. Sonradan əmisinin razılığı ilə onlar müvəqqəti yaşamaq üçün hazırkı mübahisəli evə köçmüşdürlər. İddiaçının yaşamağa yeri vardır. Cehiz əşyalarını da özü ilə aparakən (şahid ifadələri ilə təsdiq olunur) hazırkı mübahisəli evdə yaşamaq niyyətinin olmadığını nümayiş etdirmişdir. İddiaçının hazırda yaşamağa Qaradağ rayonu, Umbakı qəsəbəsində, Sanqaçal qəsəbəsində və Bakı şəhərində 3 evləri vardır. İddiaçı qəsdən əlavə problemlər yaratmaq üçün bu iddianı qaldırmışdır. O ikinci dəfə ailə həyatı qurmuşdur, yeni nikahdan bir övladı vardır, iddiaçı ilə birgə nikahdan olan iki oğlu da onunla yaşayır və iddiaçının həmin evə gəlməlinə qəti etiraz edir. Məhkəmə işə baxarkən iddiaçının həmin evə zorla daxil olaraq yaşamasına dair video görüntülərə qiymət verməmiş, həmin evin 1984-85-ci illərdə tikilməsinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi barədə vəsatəti təmin etməmişdir. Məhkəmədə mübahisəli evin iddiaçı gəlin köçməmişdən əvvəldən mövcud olmasına dair toy kasetlərinə baxılmamışdır. İddiaçı hazırda yaşamağa başqa yerinin olmadığına dair sübut təqdim etməmiş, məhkəmə də iddiaçının həmin tikili ilə heç bir əlaqəsinin olmamasını aydınlaşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, neçə il (1il, 2 il) yaşamasını xatırlamır, lakin mübahisəli evdə xeyli yaşamışdılar. X5 da onlarla birlikdə yaşamışdır. Belə ki, həmin evdə o, iddiaçı və əmisi yaşamışdır. Həmin vaxt hələ onların bütün uşaqları olmamış, yalnız böyük oğlu Anar olmuşdur. Hətta olub ki, əmisi illərlə həmin evdə qalmışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli ev 1985-ci ildə onun qardaşı X23 tərəfindən inşa edilibdir və ona məxsusdur. Həmin evdə də onun qardaşı yaşayıbdır. İddiaçı bu evdə cəmi bir neçə ay yaşamışdır. İddiaçı ilə cavabdehin toy məclisinin video görüntülərindən də görünür ki, iddiaçı cavabdehlə nikaha daxil olan zaman həmin ev mövcud olmuşdur və yaşayış üçün yararlı idi. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli evin nə iddiaçı, nə də ki, cavabdeh tərəfindən inşa edilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, cavabdehlə nikaha daxil olduqdan sonra ilk olaraq qaynatasının mülkiyyətinə olan evdə yaşamışdır. Həmin vaxt mübahisəli ev yarımtikili vəziyyətində olmuş, evin heç pəncərələri olmamışdır. Artıq nikahda olduqları dövrdə həmin evi təmir etdirmişlər və ilk uşağı dünyaya gələndən sonra bu evdə yaşamağa başlamışdılar. Belə ki, ilk uşaq dünyaya gəldikdən sonra o, xəstəxanadan çıxanda artıq mübahisəli evə gəlmiş və cavabdeh tərəfindən evdən çıxarılanadək orada yaşamışdır. Həmin evin cavabdehin X5na hər hansı aidiyyəti yoxdur, ev heç vaxt ona məxsus olmamış və onun tərəfindən evdə hər hansı tikinti təmir işləri aparılmamışdır. X23 həmin evdə heç vaxt yaşamamışdır. Onun özünün evi var və həmin evdə Qobustan qəsəbəsində yerləşir. Mübahisəli evdə hazırda cavabdeh yaşayır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək, İddiaçı izahatına uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflərin toy məclisinə dair video görüntüdən də mübahisəli evin damının, pəncərəsinin, şüşəsinin olmadığı görünür. Həmin ev tərəflərin birgə nikahda olduqları dövrdə onların birgə gəlirləri hesabına hazırki vəziyyətə gətirilmişdir. Bu səbəbdən iddiaçının da həmin evdə payı var. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X23 mübahisəli tikilinin onun tərəfindən 1985-ci ildə tikildiyini, ona məxsus olduğunu, onun başqa bir evinin də olduğunu, 2 ildir ki, mübahisəli tikilidə yaşadığını bildirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə hər hansı əsas yoxdur.

30. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə özbaşına tikintiyə istifadə hüququnun tanınması ilə bağlı hər hansı norma mövcud deyil. Lakin belə tikintilərin reallıqda mövcud olması və onlardan yaşayış sahəsi kimi istifadə edilməsi orada şəxslərin yaşamasını və zərurət yarandıqda köçürülməsini hüquqi baxımdan mümkün edir. Belə olan halda, özbaşına tikintiyə köçürülmə barədə iddiaların birmənalı şəkildə təmin olunmaması sosial ədalət prinsiplərinə uyğun olmayan bir mövqedir. Bu qəbildən olan iddiaların uğurluluğu həmin tikintinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, köçmək istəyən şəxsin həmin tikintiyə hər hansı hüququnun yaranıb-yaranmamasından, habelə onun tikintinin sahibinə münasibətdə hüquqi statusundan asılıdır.

31. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, tərəflər keçmiş ər-arvaddır. Onların arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış, həmin nikahdan xx.xx.2007-ci il tarixdə X26, xx.xx.2010-cu il tarixdə X19 və xx.xx.2013-cü il tarixdə X11 doğulmuşdur. Onların nikahı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2860/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahından doğulmuş X26 cavabdehin, X20 və X11 iddiaçının yanında saxlanılmışdır. Hazırda cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 da onunla yaşadığını bildirsə də, buna hüquqi əsas verən məhkəmə qətnaməsinin olmaması və qeyd edilən qətnamə ilə bu uşağın iddiaçının yanında saxlanılması səbəbindən məhkəmə bu uşağı da iddiaçının yanında saxlanılan uşaq kimi qəbul edir.

32. Hazırda iddiaçı nikaha daxil olduqdan sonra cavabdehin atasının mülkiyyətində olan fərdi yaşayış evinə köçərək, ilk öncə orada yaşadığını, birinci uşağı doğulduqdan sonra, yəni 2007-ci ildə həmin evin həyətində yerləşən özbaşına tikintiyə köçdüyünü və evdən məcburi çıxarılanadək, yəni 2021-ci ilin ortalarınadək orada yaşadığını, nikah bağlanan zaman həmin evin yaşayış üçün yararlı olmadığını, evin inşasının birgə nikah dövründə cavabdehin vəsaiti hesabına tamamlandığını və əsaslı təmir edildiyini, evin ona və cavabdehə məxsus olduğunu, üçüncü şəxs X10 həmin evi inşa etmədiyini və heç vaxt orada yaşamadığını iddia edir və uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb edir.

33. Cavabdeh iddianı qəbul etmir, həmin evin əmisi, yəni üçüncü şəxs X23 tərəfindən və onun vəsaiti hesabına 1984-1985-ci illərdə inşa edildiyini və məhz ona məxsus olduğunu, əmisinin hətta onlarla birlikdə, habelə sonradan illərlə həmin evdə yaşadığını, onların həmin evdə cəmi bir neçə il qaldıqlarını bildirir. Üçüncü şəxs X23 da bu mövqedən çıxış edir.

34. Məhkəmə kollegiyası tərəflərin mövqeyini nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

35. Bu baxımdan iddiaçı həmin evin birgə nikah dövründə və cavabdehin vəsaiti hesabına yaşayış üçün yararlı vəziyyətə gətirilməsini, o cümlədən əsaslı təmir edilməsini, bu əmlakın məhz onlara məxsus olmasını və 2007-2021-ci illər ərzində orada yaşamasını sübut etməli idi. Bu istiqamətdə ən real görünən tədbirlər iddiaçının tikinti materiallarının cavabdeh tərəfindən alınmasını təsdiq edən qəbzlərin təqdim edilməsindən, təmir-tikinti işlərinin yerinə yetirilməsində iştirak edən, habelə məsələ barədə məlumatlı olan digər şəxslərin şahid qismində iştirakının təmin edilməsindən, istinad etdiyi hallara dair fotoşəkillərin və video görüntülərin təqdim edilməsindən ibarətdir. Bu zaman cavabdehin özünün məsələyə münasibəti, o cümlədən təqdim etdiyi sübutlar da iddianın təmin edilibedilməməsi baxımından həlledici rol oynayır.

36. Lakin formalaşmış təcrübəyə uyğun olaraq əksər hallarda tikinti materiallarının alqı-satqısının rəsmiləşdirilməsi, zəruri bilinmədiyi səbəbindən, aparılmır. İddiaçının özü də bu mövqedən çıxış edir. Həmçinin, aparılmış təmir-tikintidən xeyli vaxt keçmişdir. Bu da öz növbəsində hər hansı qəbzin hazırda əldə edilməsini qeyri-mümkün edir. Şahid qismində ifadə verən şəxslərdən ikisi iddiaçının xalası və bacısıdır. Onlar iddiaçının nikaha daxil olduqdan sonra ilk olaraq qaynatasının evində, 2-3 il sonra isə həmin evin həyətində yerləşən mübahisəli evə köçdüyünü, X13 həmin evdə heç vaxt yaşamadığını vurğulayır. İfadəsi alınmış digər 3 şahiddən 2-i qonşu, 1-i isə qohumdur. Qonşu olan şahid Səfərov Vəkil Ağamehdi oğlu mübahisəli evdə üçüncü şəxs X10 yaşadığını sonradan bildiyini qeyd edir. Qohum olan şahid X24 hər iki evin təmir işlərini gördüyünü, mübahisəli evdə üçüncü şəxs X10 yaşadığını və təmir pulunun da onun tərəfindən verildiyini bildirmiş, eyni zamanda, evlərin təmiri zamanı Gülnarə ona təmirin hansı formada olması ilə bağlı internetdən şəkillər göndərdiyini qeyd etmişdir (halbuki, evlərin birinin cavabdehin atasının mülkiyyətində olduğu, mübahisəli evin isə X18 məxsus olduğu bir halda, təmirin formasının məhz iddiaçı tərəfindən müəyyən edilməsi də başa düşülən deyil (yalnız mübahisəli evin iddiaçının sahibliyində olması qənaəti bu fikri başadüşülən edir). Mübahisəli ev (əvvəlki vəziyyətdə) 2002-ci ilə aid çəkilişdə də əks etdirilmişdir.

37. Bununla belə, mübahisəli ev mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, həmin əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır, əmlak hüquqi vəziyyətinə görə özbaşına tikintidir və bir tikinti olaraq tərəflər arasında bağlanmış nikahdan əvvəl inşa edilmiş və ilk olaraq yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. Lakin yaşayış üçün tam yararlı, yəni hazırki vəziyyətə isə artıq tərəflər nikahda olduqları dövrdə çatdırılmış, o cümlədən əsaslı təmir edilmişdir.

38. Cavabdeh və üçüncü şəxsin mövqeyi ilə bağlı qeyd edilməlidir ki, bu tərəflər mübahisəli evin 1984-1985-ci illərdə X25 tərəfindən inşa edildiyini, ona məxsus olduğunu və onun həmin evdə yaşamasını bildirsələr də, bu şəxsin iddiaçı evdən çıxarılan tarixədək (2021-ci ilin ortalarına kimi) evlə nə hüquqi, nədə ki, fiziki bağlılığı müəyyən edilmir. Halbuki, onun 30 ildən artıq müddətdə istifadə və sahibliyini təsdiq edən xeyli sayda sübut olmalı idi və mövcud sübutlar qarşısında ümumiyyətlə bu hal işin mübahisəsiz halına çevrilməli idi. Lakin bu faktı tədiq edən bir sübut belə təqdim edilməmişdir (iş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 538 saylı arayışı ilə bunun əksi sübut olunur). Həmin evə kommunal xidmətlərin göstərilməsinə dair onunla hər hansı bir müqavilə bağlanmamış, evlə bağlı aparılmış hər hansı bir ödənişdə onun adı qeyd edilməmişdir. X25 bu halı həmin sahənin ata yurdu olması, cavabdehin atasının isə onun böyük qardaşı olması ilə əsaslandırır. Lakin nəzərə alınmalıdır ki, cavabdehin atasının X8 başqa da qardaşları var. Belə olan halda, hansı meyarla “ata yurdu”nda digər qardaşların da ev inşa etmədikləri sual doğurur. Digər tərəfdən mübahisəli ev ümumiyyətlə cavabdehin atasının mülkiyyətində olan evin həyətində yerləşir.

39. Bununla bağlı izahatlar və şahid ifadələri də ziddiyyətlidir (bu səbəbdən məhkəmə kollegiyası nəticə etibarı ilə şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir). İlk növbədə qeyd edilməlidir ki, qətnamədən apellyasiya şikayəti mübahisəli evin sahibi kimi təqdim edilən X25 deyil, məhz həmin evə hər hansı aidiyyətinin olmadığı iddia edilən cavabdeh tərəfindən verilmişdir. Halbuki, onların mövqeləri baxımından hazırki qətnamə nəinki daha çox, hətta bilavasitə X13 maralarına toxunur. Cavabdeh hətta uşaqları doğulanadək X13 onunla və iddiaçı ilə birlikdə mübahisəli evdə yaşadığını, hətta onun illərlə həmin evdə qaldığını bildirir. Bu səbəbdən cavabdehin nümayəndəsi (cavabdehin atası) və şahidlər Səfərov Vəkil Ağamehdi oğlu və X24 tərəfindən də təkrarlanır. Lakin heç bir zaman bu şəxsin həmin evdə ailəsi ilə yaşadığı bildirilmir. Halbuki, X25 ailəlidir, uşaqları var və ailəsi ilə mübahisəsinin olduğu nə bildirilir, nədə ki, belə bir hal müəyyən olunur. Bu fikirlər onun ailəsi ilə sıx və etibarlı münasibətlərdə olduğu bir halda illərlə, o cümlədən bir müddət iddiaçı və cavabdehlə bir yerdə, yəni ailəsindən ayrı, mübahisəli evdə yaşaması ümumiyyətlə inandırıcı görünmür. Maraqlısı ondan ibarətdir ki, bu izahatların qarşılığında X13 özü mübahisəli evdə son iki ildir yaşadığını bildirir. Onun özünün bu izahatı ümumiyyətlə həmin izahatları heçə endirir. İddiaçı tərəfindən təqdim edilmiş video görüntüdən də (iddiaçı evdən çıxarıldıqdan sonra xəbər vermədən həmin evə getmiş və yenidən orada yaşamağa davam etməyi cəhd etmişdir. Lakin buna razılıq verilməmişdir. Həmin vaxt orada baş verənləri iddiaçı video qeydə almışdır) müəyyən edilir ki, mübahisəli ev hazırda cavabdehin atasının və anasının istifadə və sahibliyindədir.

40. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, mübahisəli evin üçüncü şəxs X22 ümumiyyətlə hər hansı aidiyyəti yoxdur. Bu məsələ iddiaçının həmin evə köçürülməsinin qarşısının alınması məqsədi ilə qardırılmış və həqiqəti əks etdirmir.

41. İddiaçının həmin evdə yaşaması ilə bağı qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi (atası) iddiaçı və cavabdehin mübahisəli evdə bir neçə ay yaşadığını bildirir. Halbuki, cavabdehin özü bu halın bir neçə il davam etdiyini söyləyir. Hər bir halda, eyni həyətdə yaşayan şəxslərin eyni bir məsələ ilə bağlı müddət etibarı ilə belə bir fərqli mövqedən çıxış etməsi yalnız onların bu məsələ ilə bağlı mövcud olan reallığı gizlətmək kimi qiymətləndirilə bilər. Artı müəyyən edildiyi kimi, əsas məqsəd həmin evin iddiaçı və cavabdehə məxsus olmadığını, iddiaçının evdə çox az bir müddət və yaranmış zərurətlə bağlı yaşamasını göstərməkdir. Halbuki, son illərə aid şəkillərdə iddiaçının həmin evdə yaşaması açıq və aydın şəkildə görünür. Birinci uşaq doğulduqdan sonra iddiaçının orada yaşamasını isə cavabdeh özü etiraf edir.

42. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, nikaha daxil olduqdan sonra iddiaçı cavabdehin atasının mülkiyyətində olan evdə yaşamışdır. Həmin vaxt mübahisəli ev (artıq qeyd edildiyi kimi, nikahadək yaşayış üçün yararsız vəziyyətdə) mövcud olmaqla, cavabdehin atası X6 məxsus olmuşdur (məhz onun vəsaiti hesabına inşa edilmişdir). Həmin evin onun mülkiyyətində olan evin yerləşdiyi həyətdə inşa edilməsi, habelə kommunal xidmətlərlə bağlı müqavilələrin onunla bağlanması bu qənaətə gəlmək üçün kifayət edir. Sonradan bu ev aparılmış əsaslı təmir-tikinti nəticəsində yaşayış üçün yararlı vəziyyətə gətirilmiş və ilk uşaq doğulduqdan sonra iddiaçı və cavabdeh mübahisəli evə köçmüşlər və iddiaçı cavabdeh və uşaqları ilə birlikdə həmin evdən çıxarılanadək (2021-ci ilin ortaları) fasiləsiz olaraq orada yaşamışdır.

43. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iki qardaşı var. Onların hər ikisi ailəlidir və ayrı yaşayır, istifadə və sahibliklərində ayrıca evlər vardır. Yalnız cavabdeh atasının və anasının yanındadır. Atasının digər övladlarını cavabdehdən üstün tutması müəyyən edilmir. Bu da öz növbəsində ədalətlilik baxımından hər hansı evə sahib olmayan cavabdehə də qardaşlarının şəraitinə oxşar şəraitin yaradılmasını şərtləndirir. Tərəflər illərlə birgə və mehriban ailə kimi həmin evdə yaşamışdır. Onların birgə nikahından 3 uşağın doğulması şübhəsiz ki, həmin ərəfədə ailə bağlarının daha da sıxlaşmasına səbəb olmuşdur. Onlar 10 ildən artıq müddət ərzində maneəsiz şəkildə həmin evdə yaşamışdılar. İddiaçı cavabdehin atasının qardaşı nəvəsidir, yəni qohumudur, onunla bir başa qan bağlılığı var. Qeyd edilənlər cavabdehin atasına iddiaçıya öz doğma övladı kimi yanaşmasını şərtləndirir.

44. Belə olan halda, məhkəmə kollegiyası həmin özbaşına tikintinin nikahdan əvvəl inşa edilməsinə baxmayaraq, sonradan aparılmış əsaslı təmir-tikinti nəticəsində (birgə nikah dövründə həm cavabdehin, həm də onun atasının vəsaiti hesabına) hazırki vəziyyətə çatdırılmasını, iddiaçının cavabdeh və uşaqlarla birlikdə ilkin olaraq yaşadıqları X3 mülkiyyətində olan evdən bu evə köçməsini, fasiləsiz və maneəsiz qaydada evdən çıxarılana kimi evə sahiblik və ondan istifadə etməklə orada yaşamasını məhz bu evin (ilkin tikili olaraq) mənzil şəraitinin daha da yaxşılaşdırılması və sair məqsədlərlə bütövlükdə cavabdehin ailəsinə (iddiaçı və uşaqlara) verilmiş hədiyyə kimi qiymətləndirir (ortaya qoyulan niyyət və həqiqi iradə bundan ibarət olmuşdur). Belə olan halda, iddiaçı həmin evə münasibətdə cavabdehlə eyni, o cümlədən evdən istifadə etmək və ona sahiblik etmək hüquqlarına malikdir və həmin evin hüquqi vəziyyətinə görə özbaşına tikinti olması iddiaçının da cavabdeh kimi bu evə sahiblik etmək və ondan istifadə etmək hüquqlarına malik olmasını istisna etmir (tərəflərin birgə nikahından olmuş və hazırda həmin evdə yaşayan X7, onun qardaş və bacısının da həmin evdən istifadə etmək hüququnu yaratmış olur). Bu baxımdan cavabdeh əsassız olaraq iddiaçını həmin evdən istifadə və ona sahiblik etmək, o cümlədən evdə yaşamaq hüququndan məhrum etmişdir. Bu da öz növbəsində iddianın əsaslı olmasına dəlalət edir və onun təmin edilməsini şərtləndirir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1579/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar