Məhkəmə qərarları › İş №2(103)-5390/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5390/2023

24.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5390/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi, mediasiya xərcinin və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin tutulması tələbinə barədə mülki iş üzrə (açar sözlər: məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi, mediasiya xərcinin və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(008)-1835/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh MTK tərəfindən 17 may 2022-ci il tarixdə baş mühasib vəzifəsinə işə qəbul olunmuş, bu barədə tərəflər arasında xxxxxxx000500 nömrəli müddətsiz əmək müqaviləsi bağlanmışdır.

2. 11 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MTK-ya ərizə ilə müraciət edərək Əmək Məcəlləsinin 69-cu maddəsinin 1 və 2-ci bəndlərinə əsasən 11 dekabr 2022-ci il tarixədək “Baş mühasib” vəzifəsindən azad edilməsini xahiş etmişdir.

3. 14 noyabr 2022-ci il tarixli, xxxxxxx000600 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MMC-də baş mühasib vəzifəsinə işə qəbul olunmuş və bu barədə tərəflər arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır.

4. İddiaçı 14 noyabr 2022-ci il tarixdə MTK-nın sərdi X2 müraciət edərək, 14 noyabr 2022-ci il tarixindən işdən azad edilməsini xahiş etmiş, sənədləri təhvil-təslim etməyə hazır olduğunu, bundan sonrakı proseslərə məsuliyyət daşımayacağını bildirməklə şirkətin asan imzasını poçt vasitəsilə təqdim etmişdir.

5. İddiaçı 11, 14 noyabr 2022-ci il tarixli işdən çıxmaq barədə ərizələrinə 11, 14, 15 noyabr 2022-ci il tarixlərində cavab verən MTK-nın rəhbərliyi onun şirkət üçün yaratdığı vergi borclarını qaydaya saldırmasını, əks təqdirdə məsuliyyətə cəlb olunacağını, vergi borclarını qaydaya salmağın və vergi orqanı ilə məsələnin həll edilməsinin, hesablanan vergi borcunun geri qaytarılmasının onun vəzifə öhdəliyi olmasını xatırlatmaqla işdən çıxarılmağa dair ərizəsini qəbul etməmişdir.

6. Cavabdeh MTK İddiaçı 28 noyabr 2022-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmiş və əmri onunla əsaslandırmışdır ki, İddiaçı vəzifəsindən sui-istifadə edərək, 2019, 2020, 2021-ci ilin vergi hesabatlarına artıq məbləğlərdə (əlavə kvadrat yazmaqla) dəqiqləşmə hesabat verib şirkətə borc yaratmışdır. Gördüyü işləri təhvil-təslim etməkdən boyun qaçırmışdır. Şirkətə məxsus asan imza telefonunu isə kuryerlə göndərmişdir. Ən əsası odur ki, şirkətin üzərinə 422700 manat borc yazdırmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən qanunsuz verilmiş 28 noyabr 2022-ci il tarixli əmrin ləğv edilməsi, yenidən işə barpa edilməsi, macburi iş buraxmağa görə orta aylıq əmək haqqının hesablanaraq ona ödənilməsi, 50 manat mediasiya xarcinin və vəkilə çəkdiyi 2000 manat məbləğdə xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin may ayında Cavabdeh MTK-da baş mühasib vəzifəsində çalışmağa başlamışdır. İşə başladığı ilk vaxtlar rəhbərliklə aralarında heç bir problem yaranmamışdır. MTK-nın direktoru Tofiq Aslanov ona bildirmişdir ki, vergi orqanında müəyyən problemləri movcuddur, lakin, tezliklə bu problemləri həll edəcəklər. X5 öz vəzifə səlahiyyətlərini aşaraq ona qarşı şər və böhtan atması, barəsində əsassız olaraq müəyyən qurumlara həqiqəti əks etdirməyən və heç bir təsdiqini tapmayan məlumatlar göndərməsi nəticəsində onunla arasında müəyyən problemlər yaranmışdır. Belə ki, çalışdığı MTK-da 2021-ci ilin noyabr ayında, yəni, onun şirkətdə rəsmi olaraq çalışmağa başladığı müddətdən 6 ay əvvəl Dövlət Vergi Xidmətinin Lokal gəlirlər baş idarəsi tərəfindən yoxlama keçirilməyə başlanmışdır. Yoxlama nəticəsində MTK-nın 422700 manat məbləğdə vergi borcunun olması müəyyən edilmişdir. Yoxlama müddətində rəhbərliyin tapşırığına əsasən o, vergi işçisi olan Orxan adlı şəxslə 2 dəfə görüşmüş, yoxlama üçün lazım olan sənədləri ona təqdim etmişdir. Rəsmi məktub əsasında keçirdiyi görüşlərin nəticəsi barəda Tofiq Aslanova məlumat vermişdir. 10 noyabr 2022-ci il tarixdə Tofiq Aslanov tərəfindən vergi orqanının əməkdaşı Orxan Niftəliyev barəsində həqiqəti əks etdirməyən ittihamlara əsaslanan və bütünlüklə şər-böhtandan ibarət olan şikayətlərini onun adından Azarbaycan Respublikasının Prezidentinə göndərdiklərini bildirmişlər. Həmin zaman o buna etiraz etmiş, ittihamların çox ağır və həqiqəti əks etdirmədiyini, qeyd olunan halların heç birinə şahidlik etmədiyini, sözügedən müraciətə imza edə bilməyəcəyini və işdən çıxmaq istədiyini bildirmişdir. Sonradan o, qeyd olunan məktubu öz adından deyil, şirkətin adından müvafiq qurumlara göndərmişdir. Daha sonra əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 11 noyabr 2022-ci il tarixdə direktor Tofiq Aslanova ərizə ilə müraciət etmişdir. Tofiq Aslanov onunla razılaşmış va yerinə başqa mühasib də gətirmişdir.O mühasibat işlərinin aparılma qaydasını və görüləcək işləri yeni mühasibə izah etmişdir. 14 noyabr 2022-ci il tarixdə yeni işə götürən-"xxxx" MMC-lə əmək müqaviləsi bağladığından onunla Cavabdeh MTK arasında bağlanmış əmək müqaviləsinə həmin gündən xitam verilməsi barədə təkrar ərizə ilə rəhbərliyə müraciət etmişdir. Lakin, rəhbərlik tərəfindən ona cavab verilmişdir ki, vergi işçisi ilə əlbir olub şirkət üçün 422700,44 manat məbləğdə vergi borcu yaratdığına, vəzifə öhdəliklərini yerinə yetirməməklə vergi orqanı ilə məsələni həll etmədiyinə, ona görə də cinayət məsuliyyətinə cəlb olunacağına dair və s. məzmunlu cavablar verilməklə öz ərizəsinə əsasən işdən çıxarılmasından imtina edilmişdir. Qeyd olunanlara baxmayaraq Cavabdeh MTK-nın 28 noyabr 2022-ci il tarixli əmri ilə heç bir əsas mövcud olmadan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi il əmək müqaviləsinə xitam verilmişdir. 05 dekabr 2022-ci il tarixdə 28 noyabr 2022-ci tarixli əmrin dəyişdirilməsi, əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi və maddi zərərin ödənilməsi ilə bağlı cavabdeh tərəfə mediasiya prosesinin tətbiqi barədə ərizə göndərilmişdir. 10 gün ərzində Cavabdeh MTK-dan heç bir cavab almadığına görə 16 dekabr 2022-ci il tarixdə mediasiya üçün müraciət edilmişdir. 29 dekabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin, MTK mediasiya sessiyasında iştirak etməmişdir. 14 noyabr 2022-ci il tarixdə başqa işəgötürən ilə əmək müqaviləsi bağlamış və həmin tarixdən də əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq MTK qeyd olunanları nəzərə almamış, yenidən ona şər və böhtan xarakterli maktublar ünvanlamışdır.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(008)- 1835/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MTK-nın 28 noyabr 2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə 384/22 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MTK-da baş mühasib vəzifəsinə bərpa edilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Qətnamənin əsaslarına görə, MTK 11 noyabr 2022-ci ildən işə başqa mühasib dəvət etmiş və 17 noyabr 2022-ci ildə həmin şəxslə əmək müqaviləsi bağlamışdır. Yəni İddiaçı mühasib kimi ehtiyac olmasa da, əmək müqaviləsini işçinin ərizəsinə əsasən ləğv etməkdən imtina etmişdir. İddiaçı intizam tənbehi verən işəgötürən “intizam tənbehinin verilməsi qaydaları”nı nəzərdə tutan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin də tələblərini pozmuşdur. MTK-da səyyar vergi yoxlama aktı 16 sentyabr 2022-ci ildə tərtib olunmuş, işəgötürən həmin vergi aktına görə İddiaçı 2 ay 11 gün sonra intizam cəzası vermişdir. Yəni, işəgötürən vergi aktının tərtib olunmasında, MTK-ya vergi borcunun yaradılmasında İddiaçı intizam pozuntusuna yol verməkdə təqsirli hesab edirdisə belə qanunla nəzərdə tutulmuş 1 aylıq müddət ötdüyü üçün ona intizam cəzası verə bilməzdi. İddianın digər hissələrinə münasibətdə məhkəmə hesab etmişdir ki, İddiaçı 14 noyabr 2022-ci ildən başqa işəgötürənlə əmək müqaviləsi bağlamaqla əmək haqqı aldığından onun məcburi iş buraxmağa görə əmək haqqı tələbi təmin edilməməlidir. Eləcə də, iddiaçı vəkilə xidmət haqqı olaraq 2000 manat ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia həmin hissədə də, təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 71, 84, 187-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində digər icraat

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, MTK-nın əmrinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2(103)-3361/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılılmışdır və qətnamə qanuni qüvvəyə minmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddia təmin edilməyən hissədə ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlillərinə görə, MTK-nın şəxsin qanunvericiliyə zidd olaraq etdiyi hərəkətlər nəticəsində o öz müdafiəsini həyata keçirmək, həmçinin, MTK tərəfindən ona qarşı irəli sürülən şər və böhtanın qarşısını almaq vasitəsi ilə vəkil tutmaq məcburiyyətində qalmışdır. Vəkilə çəkdiyi xərc isə ümumilikdə 2000 manat etmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə puləvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. MTK tərəfindən 28 noyabr 2022-ci il tarixli əmrin surəti ona təqdim edilməmiş və son haqq-hesab verilməmişdir. Həmçinin, 12 günlük müddət ərzində müəssisə ilə əmək müqaviləsinin mövcud olmasına baxmayaraq ona əmək haqqı ödənilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə 43.2 2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ... f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; Maddə 57.1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti ilə qətnamənin qismən - iddia təmin olunmayan hissədə ləğvi xahiş edildiyindən, eyni zamanda iddia təmin olunan hissə digər tərəfin şikayəti üzrə apellyasiya qaydasında yoxlanıldığından məhkəmə aktı iddia rədd olunan hissədə şikayətin dəlilləri üzrə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv elilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir.

23. İşdən görünür ki, iddiaçı onun əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MTK tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli əmri mübahisələndirmiş, bu hissədə iddia təmin edilmiş, həmin hissədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

24. Hazırkı apellyasiya baxışının predmetini isə iddiaçının məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin tutulması barədə tələbləri ilə bağlı hissə təşkil edir və iddiaçının bu hissələrdə şikayətinin dəlilləri işin faktiki və hüquqi halları ilə qismən təsdiq olunur.

25. Kollegiya məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə dəlilə münasibətdə qeyd edir ki, bu hissədə iddiaçının tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddianın rədd edilməsi qanuni olmamışdır. Belə ki, məhkəmə ona görə belə qənaətə gəlmişdir ki, iddiaçı 14 noyabr 2022-ci ildən başqa işəgötürənlə əmək müqaviləsi bağlamaqla əmək haqqı almışdır.

26. Əmək Məcəlləsinin 300-cü maddəsi əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrini tənzimləyir. Həmin maddəyə əsasən. əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

27. Yəni, əmək müqaviləsinin ləğv edilməsi əsasları və qaydalarının pozulması aşkar edildikdə əmək mübahisəsini həll edən məhkəmə tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi imperativ norma olaraq təsbit edilmiş, bu qaydadan istinsa nəzərdə tutulmuşdur.

28. Göründüyü kimi, iddiaçının tələbini qanuni əsası mövcuddur. Eyni zamanda bu tələbi məntiqi baxımdan da əsaslı və ağlabatandır. Nə qədər ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilmişdir, deməli işə götürənlə işçi arasındakı əmək münasibətləri hüquqi müstəvidə davam edən olmuşdur və iddiaçının tələb etdiyi əmək haqqı onun qazanılmış hüququ olmuşdur. Buna görə də məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir.

29. İddiaçının hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin tutulması barədə tələbi isə qismən əsaslıdır.

30. Belə ki, iddiaçının hazırkı fərdi əmək mübahisəsinə görə peşəkar hüquqi xidmət alması işin mübahisəsiz halıdır. İş materiallarından da görünür ki, iddiaçı işə birinci instansiyası məhkəməsinə baxılarkən vəkillər tərəfindən təmsil olunmuşdur. Vəkil xidmətlərinin dəyəri ilə bağlı “Universal” vəkil bürosu tərəfindən 22 noyabr 2022-ci il tarixli mədaxil qəbzi təqdim edilmişdir. Qəbzdən görünür ki, iddiaçı əmək mübahisələrinə dair mülki iş üzrə və cinayət işi üzrə xidmət göstərilməsi üçün 2000 manat məbləğdə ödəniş etmişdir.

31. Kollegiya ödəniş qəbzini də mötəbər sübut qismində qəbul edir. Bununla belə, həmin qəbzdə ödənişin təyinatının sırf hazırkı mübahisə olması görünməməklə, iddiaçının başqa hansı mübahisələrinin olması, hüquqi yardımın konkret hansı işlərin görülməsi ilə bağlı razılaşdırılması görünmür. İşdən də görünür ki, vəkillər iddiaçını bu iş üzrə yalnız birinci instansiya məhkəməsində təmsil etmişlər. İşin bu halları baxımından kollegiya hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin tutulması barədə tələbi qismən əsaslı hesab etməklə, bu məqsədlə 500 manat məbləğdə pulun tutulmasının ədalətli və ağlabatan olduğu qənaətinə gəlir.

32. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın hazırda yoxlanılan hissədə rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin həmin hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə yoxlanılan hissədə maddi hüquq normalarının düzgün tətbiq olunmaması baxımından ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia müzakirə olunan qaydada qismən təmin olunmalı, şikayət qismən təmin olunmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(008)- 1835/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(008)- 1835/2023 nömrəli qətnaməsi mübahisələndirilən – iddia rədd olunan hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, idda təmin olunsun. Cavabdeh Mənzil – Tikinti Kooperativi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. Hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 500 manat məbləğində pul vəsaiti Cavabdeh Mənzil – Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar