Məhkəmə qərarları › İş №2(103)-5397/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5397/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5397/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 2(006)-4809/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 34500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 2(006)-4809/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 20500 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 18 manat hissəsinin, cəmi 20518 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddiannı qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İşdən görünür ki, qətnamənin surəti xx.xx.2019-cu il tarixli reyestrlə tərəflərə göndərilmiş, qanunla müəyyən olunmuş prosessual müddət ərzində apellyasiya şikayəti verilmədiyindən, iş üzrə xx.xx.2019-cu il tarixli icra vərəqəsi verilmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə aidiyyat məsələsinin həll edilməsi məqsədilə icra vərəqəsi məhkəməyə qaytarılmış, daha sonra birinci instansiya məhkəməsi tərəfindən icra vərəqəsi Nəsimi Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin icra şəbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlama haqqında qərar qəbul olunmuşdur. İşdən həmçinin görünür ki, icra sənədi aidiyyəti üzrə xx.xx.2021-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən məhkəməyə müraciət olunaraq, qətnamənin rəsmi qaydada təqdim olunması xahiş olunmuş, xx.xx.2024-cü il tarixdə qətnamənin surətini təqdim olunmuş, xx.xx.2024-cü il tarixdə isə qətnamədən apellyasiya şikayəti verilmişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinə baxılması üçün mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin rəsmi qeydə alındığı ünvana, həmçinin mobil telefonuna elektron SMS bildirişlər göndərilmişdir. Cavabdehin nümaynədəsinin (vəkilinin) məhkəmə qərarının təqdim olunması barədə ərizəsindən, habelə apellyasiya şikayətindən görünür ki, cavabdeh uzun müddət Rusiya Federasiyasında yaşadığından məhkəmə mübahisəsindən məlumatlı olmamışdır. Lakin, işdən görünür ki, qətnamə uzun müddət əvvəl icraya yönəlmiş, xx.xx.2020-ci il tarixdə icra məmuru tərəfindən icraata başlanılmış, xx.xx.2021-ci ildə icra vərəqəsi aidiyyatı üzrə digər icra şöbəsinə göndərilmiş, lakin birinci instansiya məhkəməsi qətnaməni icraya yönəltməsinə baxmayaraq, prosessual müddətin ötürülübötürülməməsini tam və hərtərəfli araşdırmamış, eləcə də icra işini tələb edərək ona baxış keçirməmiş, cavabdeh tərəfin qətnamədən hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini (qətnamənin dərhal əldə edilməsi üçün edilən cəhdlər və ya hərəkətsizlik göstərilməsi) yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Halbuki, işdə olan xx.xx.2024-cü il tarixli vəkil orderin və etibarnamənin surətlərindən görünür ki, cavabdeh vəkillə (Vəkil2) mülki iş üzrə hüquqlarının Ədliyyə Nazirliyi, İcra şöbəsində təmsil və müdafiə olunmasına dair müqavilə bağlamışdır (i.v.101), dolayısı ilə cavabdehin artıq mülki iş üzrə icra icraatından məlumatı olmuş, ən azı qeyd edilən tarixdən etibarən qətnamənin dərhal əldə edilməsi üçün hərəktlər edilməsi zərurəti yaranmışdır. Nümayəndə (vəkil) tərəfindən isə qətnamənin əldə olunması üçün yalnız 3 aya yaxın müddət keçdikdən sonra (2024-cü ilin iyul ayında) məhkəməyə müraciət olunmuşdur. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). Göründüyü kimi, cavabdeh tərəfin icra icraatından, eləcə də qətnamədən məhz hansı tarixdən məlumatlı olması və ondan sonrakı hərəkətləri (yuxarıda da qeyd edildiyi kimi icra işinə baxış keçirilməklə - qətnamənin icrasına yönəlik hərəkətləri və s.) tam və ətraflı yoxlanılmalı, bundan sonra prosessual müddətlə bağlı məsələyə münasibət bildirilməlidir. Belə ki, tərəfin məlumatlı olduğu halda hərəkətsizlik göstərərək qətnaməni uzun müddət əldə etməməsi, hətta icra zamanı məhkəmə aktının icrası ilə bağlı müəyyən hərəkətlər etməsi (məsələn, izahat verməsi, möhlət istəməsi və s.) son nəticədə prosessual hüquqlardan sui-istifadəyə səbəb olmaqla, yolverilməzdir. Qeyd edilən halların mövcudluğu müəyyən edilərsə, tərəfin sadəcə qətnaməni almamasına istinad etməsi müddətin ötürülməmiş sayılması üçün yetərli deyildir. Bu səbəbdən də birinci instansiya məhkəməsi həmin halların mövcudluğunu tam və hərtərəfli yoxlamaq vəzifəsini daşıyır. Əks hal, yəni qanuni əsaslar olmadan məhkəmə aktlarından verilmiş şikayətlərin qəbul edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, xeyrinə məhkəmə aktı çıxarılmış tərəfin hüquqlarının pozulması ilə nəticələnir ki, bu da son nəticədə ədalətli məhkəmə araşdırması hüququnun mahiyyəti ilə uzlaşmır. Çünki, tərəf məhz müəyyən olunmuş müddət ərzində qanunla müəyyən olunmuş formada və qaydada şikayət verməyə haqlıdır, əks halda buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilməlidir. Qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 2(006)-4809/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar