Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5407/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka kreditinin verilməsindən imtina barədə qərarın ləğvi, maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e- 2(004)-2998/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka kreditinin verilməsindən imtina barədə qərarın ləğvi, maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İpoteka və Kredit Zəmanət Fondu”nun vəsaiti hesabına İddiaçı mövcud qanunvericiliyə uyğun olaraq ayrılmış 100000 manat məbləğində 4 faizli güzəştli ipoteka kreditinin ona verilməsindən imtina edilməsi barədə cavabdehin qərarının və onun nəticələrinin ləğv edilməsi, habelə 4000 manat maddi zərərin ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2(004)- 2998/2025 nömrəli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia qismən təmin olunaraq, İddiaçı 70000 (yetmiş min) manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsinin və bununla bağlı müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. MPM-nin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən olunur. MPM-nin 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən olunur. MPM-nin 112.2 və 112.3-cü maddələrinə əsasən iddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir. İddianın qiyməti iddiaçı tərəfindən göstərilir. MPM-nin 112.5-ci maddəsinə əsasən iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə, dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi, qiymətləndirlən iddialar üzrə iddianın qiyməti iddiaçı tərəfindən göstərilməli, eləcə də tələb bir neçə müstəqil hissədən ibarət olduqda, iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən olunmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh bank tərəfindən ona güzəştli şərtlərlə 100.000 manat ipoteka kreditinin verilməsindən imtina barədə qərarı mübahisələndirərək, ona müvafiq məbləğdə kreditin verilməsini, eləcə də 4000 manat dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Belə olan halda isə, qətnamədən apellyasiya şikayəti vermək üçün iddiaçı tərəfindən qanunvericliyin tələblərinə uyğun məbləğdə (həmçinin “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsi nəzərə alınmaqla) dövlət rüsumu ödənilməli idi. Birinci instansiya məhkəməsi isə iddianı qismən 70000 manat hissədə təmin etmişdir. Lakin, şikayətə əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən cəmi 50 manat dövlət rüsmu ödənilmişdir ki, bu da qanunveriliklə müəyyən olunmuş məbləğdən kifayət qədər aşağıdır. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinə iddia ərizəsi üzrə cəmi 100 manat dövlət rüsumunun ödənilməsi halı da vəziyyəti dəyişdirmir. Çünki, apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumu faktiki birinci instansiya məhkəməsinə ödənilmiş dövlət rüsumunun 50 faizi məbləğində deyil, qanunla ödənilməli olan müvafiq məbləğin 50 faizini təşkil edir. MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa,MPM-in 361.1-ci maddəsinin tələbinə görə, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. Baxılan işdən görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, şikayəti qanunla müəyyən edilmiş formaya (MPM-ə 2 saylı Əlavədə göstərilmiş müvafiq qrafalar şəklində və s.) uyğun tərtib olunmadan verilmişdir. Elektron kabinet vasitəsilə daxil olmuş eyni məzmunlu digər apellyasiya şikayəti isə elektron qaydada deyil, fiziki imzalanmaqla, skan olunmuş formada əlavə edildiyindən MPM-in 10-1.3-cü maddəsinin normaların tələblərinə cavab vermir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu tam və hərtərəfli yoxlamamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli, iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka kreditinin verilməsindən imtina barədə qərarın ləğvi, maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 İyul 2025-ci il tarixli, e- 2(004)-2998/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5407/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5407/2025
22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver