Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5409/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2025-ci tarixli, e-2(004)-3065/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı 1998-ci ildən "xxxx" MMC-nin abonentidir (+**********11).
2. Cavabdeh tərəfindən təqdim olunmuş CD diskə əsasən müəyyən olunur ki, iddiaçıya məxsus 050 *** ** ** nömrəyə 20 oktyabr 2024-cü il tarixdə zənglər daxil olmuş, həmçinin həmin nömrədən zənglər xaric edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 220 manat, mənəvi zərərə görə 9450 manat, hüquqi yardıma çəkilən xərcə görə 330 manat, cəmi 10000 manat və dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1998-ci ildən "xxxx" MMC-nin (bundan sonra: Azercell) abonentidir (+**********11). İddiaçı xx.xx.2024-xx.xx.2024 tarixlərində Litva Respublikasında işgüzar səfərdə olarkən Azercellin rouminq xidmətindən istifadə etməyə çalışmış, lakin bu xidmət faktiki olaraq göstərilməmişdir. İddiaçı Azercell-in rouminq xidmətindən istifadə edə bilmək məqsədilə rouminq internet paketlərindən iki dəfə satın almışdır: əvvəlcə 1 GB, daha sonra isə 100 MB-lıq həcmində paketlər üçün ümumilikdə 24 manat ödəniş etmişdir. Lakin xidmətin işləməməsi səbəbindən bu paketlərdən istifadə mümkün olmamışdır. Nəticədə, iddiaçı Litvada olarkən rabitə əlaqəsini təmin etmək məqsədilə məcburən Wi-Fi bağlantılarından əlavə olaraq yerli xidmətlərə müraciət etmiş və bu məqsədlə 100 avro (təxminən 196 manat) dəyərində əlavə telefon xərcləri etmişdir. Beləliklə, maddi zərər ümumilikdə 220 manatdan ibarət olmuşdur. Xidmətin keyfiyyətsiz göstərilməsi barədə dəfələrlə Azercell-in müştəri xidmətlərinə yazılı formada müraciət edilmişdir. Cavablar isə yalnız texniki təlimatlarla məhdudlaşmış, effektiv və məsuliyyətli həll yolları təklif edilməmişdir. İddiaçı Azercell-in təklif etdiyi bütün texniki tədbirləri– simkartın çıxarılıb daxil edilməsi, operatorun manual seçilməsi, şəbəkə rejiminin LTE-yə keçirilməsi və digər parametrlərin aktivləşdirilməsi– tətbiq etsə də, problem aradan qalxmamışdır. Xidmətin işləmədiyi müddətdə Azərbaycandan ona zəng etmək istəyən şəxslər əlaqə saxlaya bilməmiş, bir çox vacib zənglər ona çatmamışdır. İddiaçının öz mobil nömrəsinə gələn zənglər sistem tərəfindən Dublin (İrlandiya) və başqa ölkələrə məxsus nömrə kimi göstərilmiş və zəngin ünvanı düzgün tanınmamışdır. Bu isə birbaşa işgüzar əlaqələrdə ləngiməyə, etibarsızlıq yaradılmasına və şəxsi nüfuzuna zərbə vurulmasına səbəb olmuşdur. İddiaçı Litvada olduğu müddətdə tam texniki göstəricilərlə işlək olan ikinci simkart (Nar Mobile) vasitəsilə eyni cihazda tam funksional rabitədən istifadə etmişdir ki, bu da problemin telefondan və ya istifadəçinin texniki biliklərindən qaynaqlanmadığını sübut edir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddianın əsasını təşkil edən hallar barədə dəlilləri əsassızdır. X3 istifadəsinə verilmiş 050 210 16 11 nömrədə rominq xidməti çərçivəsində xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Türkiyənin “Türkcell”, “Vodafone”, Litvanın “BİTE”, “Omnitel Telia”, “Tele2” operatorlarına məxsus mobil rabitə şəbəkəsindən istifadə olunmuşdur. 050 210 16 11 nömrənin xx.xx.2024-cü il tarixli hesabfakturasına aid izahlı fakturada əsk olunan bütün zənglər (digər xidmətlərdən istifadə və Rominq xidməti çərçivəsində internet xidmətindən istifadə də daxil olmaqla) məhz həmin nömrədən həyata keçirilmişdir. 050 210 16 11 nömrəyə Rominq xidməti ilə əlaqədar xx.xx.2024-cü il tarixi saat 04:54-də, xx.xx.2024-cü il tarixi saat 15:44-də müvafiq məzmunlu (“Türkiyəyə xoş gəlmisiniz! Artıq Türkiyədə BÜTÜN operatorların şəbəkələrində 1GB=19.9 AZN ve 400 MB=9.90 AZN internet paketlərindən faydalana bilərsiniz! 14 gülük 1GB paketine qoshulmaq üçün *100*1001#YES, 3 günlük 400MB paketinə qoshulmaq üçün *100*401#YES yığın. Ölkə üzrə standart rominq tariflər: çıxan zeng 1 deq=1AZN, 1SMS=0.15AZN, 1MB=0,99AZN. Azərbaycanın Türkiyədəki səfirliyi: +**********79. Səfəriniz uğurlu olsun! www.azercell.com/roaming”), xx.xx.2024-cü il tarixi saat 11:22-də (“Litvaya xosh gelmisiniz! Azerelldən yenilik! Yalnız Omnitel ve Bite şəbəkələrində 1GB=19.9 AZN internet paketindən faydalana bilərsiniz! Qoşulmaq üçün *100*1001#YES yığın. Ölkə üzrə standart tariflər: çıxan zəng 1dəq = 1.50AZN, 1SMS=0.20AZN, 1MB=3.50AZN (paketsiz və ya digər şəbəkələrdə istifadə zamanı). Azərbaycanın Litvadaki səfirliyi: +**********1. Səfəriniz uğurlu olsun! www.azercell.com/roaming”) məlumat SMSləri göndərilmişdir. Rominq xidməti ilə bağlı Cavabdeh MMC-nin mobil rabitə şəbəkəsində hər hansı çətinlik aşkar edilməmişdir. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 3.5-ci maddəsinə əsasən “Azercell” tərəfindən təqdim edilən xidmətlərin məhz təsvir edildiyi kimi həyata keçirilməsinə yalnız “Azercell”in telekommunikasiya şəbəkəsi daxilində təminat verilir. Zənglərin müddətləri isə hesablanarkən cavab siqnalı və zəngi qəbul edən nömrədə göstərilən xidmətlərdən (faks, nömrəni avtomatik müəyyən edən cihazlar, Abunəçi olmaqdıqda onu əvəz edən və məlumatın ötürülməsini təmin edən qurğular, avtomatik cavab qurğusu ilə təchiz edilmiş avadanlıqlar, məlumatı ötürən aparatlar və ya xidmətlər modem, sms ismarışları mərkəzi, wap-poçt, səsli poçt terminalı və s.) asılı olaraq, rabitə əlaqəsi yaranmış hesab ediləcək və müvafiq xidmət haqqı hesablanmağa başlayacaqdır. Bundan başqa Abunə Müqaviləsinin müddəalarına əsasən Cavabdeh MMC telefon danışıqları və ya mesajların (İnternet şəbəkəsi üzərindən və ya digər operatorların şəbəkəsindən istifadə edilməklə həyata keçirilənlər də daxil olmaqla) məzmunu ilə bağlı yaranan zərərə görə məsuliyyət daşımır. 050 210 16 11 nömrədə Kabinetim vasitəsilə xx.xx.2024-cü il tarixi saat 02:15-də 1 GB-İıq Rominq internet paketi aktiv edilmişdir. Cavab olaraq xx.xx.2024-cü il tarixi saat 02:15-də müvafiq mətnli bildiriş SMS-i ("Hormetli Abunechi, 1GB rouminq internet paketi aktiv edildi! Paketden 14 gun erzinde istifadə ede bilersiniz. Olkeler ve mobil operatorlarin siyahisi uchun linke daxil olun: https://bit.ly/roaming-data-az DİQQET: Azercell tetbiqinden istifade ederek rouminq xettine nezaret ersiniz.") bildiriş SMS-i nömrəyə təqdim edilmişdir. 050 *** ** ** nömrəyə təqdim edilmiş 1GB həcmli Rominq internet paketinin xx.xx.2024-cü il tarixi saat 04:54-dən xx.xx.2024-cü il tarixi saat 00:59- dək Lİtvanın "BİTE", "Omnitel Telia", "Tele2" operatorlarına məxsus mobil rabitə şəbəkəsində və Türkiyənin "Vodafone" operatoruna məxsus mobil rabitə şəbəkəsində ümumilikdə 1007,21 MB həcmi istifadə edilmişdir. 050 *** ** ** nömrəyə xx.xx.2024-cü il tarixi saat 01:02-də Kabinetim vasitəsilə 1GB həcmli Rominq internet paketinə abunəlik ləğv edilmiş və buna dair müvafiq mətnli bildiriş SMS-i (“Sizin 1GB rominq internet paketiniz legv olundu. İnternetden istifade cari tarifinize uyğun hesablanacaq. Yeni paketin sifarishi ucun: 14 gunluk 1GB paketine qoshulmaq uchun *100*10014YES, 3 gunluk 400MB paketine qoshulmaq uchun *100*401#YES, 1 gunluk 100MB paketine qoshulmaq uchun *100*101itYES yigin.") nömrəyə göndərilmişdir. Bundan başqa 050 *** ** ** nömrədə xx.xx.2024-cü il tarixi saat 12:49-da Litvanın "BİTE" operatoruna məxsus mobil rabitə şəbəkəsində rominq xidməti çərçivəsində 1 SMS göndərilmiş və tariflərə müvafiq olaraq da haqq (0.2 manat) hesablanmışdır. 050 *** ** ** nömrədə Kabinetim vasitəsilə xx.xx.2024-cü il tarixi saat 01:03-də 100 MB-lıq Rominq internet paketi aktiv edilmişdir. Cavab olaraq xx.xx.2024-cü il tarixi saat 01:03-də müvafiq mətnli bildiriş SMS-i ("Hormetli Abunechi, 100MB rouminq internet paketi aktiv edildi! Paketden 1 gun erzinde istifade ede bilersiniz. Olkeler ve mobil operatorlarin siyahisi uchun linke daxil olun: https://bit.ly/roaming-data-az DİQQET: Azercell tetbiqinden istifade ederek rouminq xettine nezaret ede bilersiniz.") bildiriş SMS-i nömrəyə təqdim edilmişdir. 050 *** ** ** nömrəyə təqdim edilmiş 100 MB həcmli Rominq internet paketinin xx.xx.2024-cü il tarixi saat 08:30-dan saat 18:31-dək Litvanın BİTE operatoruna, Türkiyənin "Türkcell" operatoruna məxsus mobil rabitə şəbəkəsində ümumilikdə 94,19 MB həcmi istifadə edilmişdir. 050 *** ** ** nömrəyə xx.xx.2024-cü il tarixi saat 01:03-də 100 MB həcmli Rominq İnternet paketinin istifadə müddətinin bitməsi ilə əlaqədar müvafiq mətnli bildiriş SMS-i ("Sizin 100MB rominq internet paketiniz ləğv olundu. İnternetden istifade cari tarifinize uyğun hesablanacaq. Yeni paketin sifarishi ucun: 14 gunluk 1GB paketine qoshulmaq uchun *100*1001#YES, 3 gunluk 400MB paketine qoshulmaq uchun *100*401#YES, 1 gunluk 100MB paketine qoshulmaq uchun *100*1014YES yigin.") nömrəyə göndərilmişdir. Bundan sonra 050 210 16 11 nömrədə hər hansı digər həcmli X7 paketinin sifariş edilməsinə, Mobil İnternet, rominq xidmətlərindən istifadə imkanının və ya ümumiyyətlə xidmət göstərilməsinin dayandırılırılmasına dair "xxxx" MMC-yə hər hansı abunəçi müraciəti daxil olmayıb. Abunəçi sərbəst şəkildə xidmətdən istifadə həddi barədə özü cavabdehin təqdim etdiyi xidmətlər vasitəsi ilə, həmçinin istifadə etdiyi ağıllı mobil telefonun (smartphone) funksiyaları vasitəsi ilə məlumat əldə edə bilər və balans hesabatlarını cavabdehdən müstəqil şəkildə idarə etmək imkanına malikdir. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 8.1-ci maddəsinə əsasən "Fakturalı Xətt sistemində: Hesab-fakturada əks olunan borc məbləği və ya kredit limitin aşma halı olarsa, həmin borc istifadə qaydalarında göstərilən müddətdə (o cümlədən son ödəmə tarixinədək) ödənilməzsə, "AZERCELL" Abunəçinin istifadəsində olan nömrənin rabitə xəttini birtərəfli bağlaya bilər. Nömrədən istifadəyə qoyulan məhdudiyyət, borc və gecikmə faizi və ya müvafiq kredit limit üzrə tələb olunan avas məbləği "AZERCELL"-ə ödənildikdən sonra nömrənin rabitə xətti tam olaraq (ikitərəfli) açılmaqla aradan qaldırılır". Abunə Müqaviləsinin 4.5,-ci maddəsinə əsasən "AZERCELL" öz mülahizəsinə əsasən Abunəçinin mobil telefon danışıqlarına (digər xidmətlərdən istifadə imkanı da daxil olmaqla) müəyyən kredit limiti təyin etmək və həmin kredit limiti keçilməsi son ödəmə tarixindən əvvəl baş versə də, əlavə vəsait ödənilənədək nömrəyə xidmət göstərilməsini məhdudlaşdırmaq hüququ malikdir". Göründüyü kimi, kredit limiti keçildikdə nömrənin bağlanması "Azercell Telekom” MMC-nin öhdəliyi deyil, hüququdur. Mobil İnternet xidmətindən istifadəni isə cihazın menyusu vasitəsi ilə müvafiq sazlamanı həyata keçirməklə dayandırmaq və ya aktiv etmək mümkündür. Müvafiq nömrədə istifadə edilən cihazın sazlanması, müxtəlif proqram təminatlarının avtomatik yenilənmə, o cümlədən qarantiya (zəmanət) şərtləri ilə bağlı məlumatlar əldə edilməsi üçün, həmçinin istifadə qaydaları və s. barədə öz istək və mülahizələriniz ilə əlaqədar servis məntəqələrinə müraciət etməyi tövsiyə edə bilərik. "xxxx" MMC tərəfindən təqdim etdiyi telekommunika xidmətlərindən (o cümlədən Mobil İnternet xidmətindən) istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin internet xidmətindən istifadə zamanı mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi öhdəlik götürülməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək tövsiyə edilir. Abunə Müqaviləsinin müddəalarına əsasən hər hansı məlumatın, məbləğin abunəçi tərəfindən anlaşılmaması, yaxud şübhə altına alınması həmin məbləğin ödənilməməsi üçün əsas Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunu 34.2.4-cü maddəsinə əsasən operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlı-vaxtında ödəmək abunəçilərin vəzifələrinə daxildir. Göründüyü kimi "xxxx" MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə vermiş, rabitə xəttini açaraq ona xidmət göstərmiş, xidmət sonlandırılmış və bu xidmətin müqabilində xidmət haqqı hesablanmışdır. Xidmət haqqının ödənilməsi iddiaçın öhdəliyidir və bu öhdəlik onun tərəfindən icra edilməlidir. Cavabdeh təqdim etdiyi telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat vermək öhdəliyi götürmədiyindən, belə vəzifə qanunla nəzərdə tutulmadığından abunəçi sərbəst şəkildə xidmətdən istifadə həddi barədə özü cavabdehin təqdim etdiyi xidmətlər vasitəsi ilə, həmçinin istifadə etdiyi ağıllı mobil telefonun (smartphone) funsksiyaları vasitəsi ilə məlumat əldə edə bildiyi və balans hesabatlarını cavabdehdən müstəqil şəkildə idarə edə bildiyi üçün, hesablaşmaları yalnız nömrənin balansına yüklənən məbləğ əsasında və həddində xidmətlərdən istifadə müqabilində həyata keçirmək üçün fakturasız (SimSim) xətt sisteminə keçmək imkanı olduğundan iddiaçının dəlilləri əsassızdır. İddiaçının heç bir hüquqi və faktiki əsası olmayan tələbi təmin edilə bilməz.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2025-ci tarixli, e-2(004)- 3065/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
7. Qətnamənin əsaslarına görə, cavabdeh tərəfindən təqdim olunmuş CD diskə əsasən müəyyən olunur ki, iddiaçıya məxsus 050 210 16 11 nömrəyə xx.xx.2024-cü il tarixdə zənglər daxil olmuş, həmçinin həmin nömrədən zənglər xaric edilmişdir. İddiaçı ilə cavabdeh arasında mail yazışmalarına əsasən iddiaçı Litvada rouminq xidmətindən istifadə edə bilməməsi ilə bağlı məlumat bildirmişdir. İddiaçı xx.xx.2024-xx.xx.2024 tarixlərində Litva Respublikasında işgüzar səfərdə olarkən Azercellin rouminq xidmətindən istifadə etməyə çalışan zaman faktiki olaraq xidmət göstərilmədiyini, Azercell-in rouminq xidmətindən istifadə edə bilmək məqsədilə rouminq internet paketlərindən iki dəfə satın alaraq əvvəlcə 1 GB, daha sonra isə 100 MB-lıq həcmində paketlər üçün ümumilikdə 24 manat ödəniş etdiyini, lakin xidmətin işləməməsi səbəbindən bu paketlərdən istifadənin mümkün olmadığını, nəticədə, iddiaçı Litvada olarkən rabitə əlaqəsini təmin etmək məqsədilə məcburən Wi-Fi bağlantılarından əlavə olaraq yerli xidmətlərə müraciət etdiyini və bu məqsədlə 100 avro (təxminən 196 manat) dəyərində əlavə telefon xərcləri etdiyini bildirsə də, iddiasının əsasını təşkil edən hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sübutlara əsasən iddiaçıya məxsus nömrədən zənglərin daxil olduğu, internet paketindən istifadə olunduğu müəyyən edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 386, 398, 399, 442, 777, 778, 779, 783, 784-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməklə, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şikayətin dəlillərinə görə, xidmətin işləmədiyi müddətdə Azərbaycan Respublikasından iddiaçıya zəng etmək istəyən şəxslər əlaqə qura bilməmiş, vacib zənglər ona çatmamışdır. İddiaçının mobil nömrəsinə gələn zənglər sistemdə Dublin (İrlandiya) və digər ölkələrə məxsus nömrə kimi göstərilmişdir. Bu isə rabitə şəbəkəsinin düzgün tanınmadığını və xidmətin texniki olaraq işləmədiyini açıq şəkildə sübut edir. Cavabdeh tərəfindən təqdim olunmuş CD diskində iddiaçıya məxsus nömrəyə yalnız 20 oktyabr 2024-cü il tarixində zənglərin daxil olduğu və çıxarıldığı qeyd olunmuşdur. Halbuki Litvada olduğu müddətdə çoxsaylı zənglər ona çatmamışdır. Əgər xidmət normal işləsəydi, həmin zənglər də CD-də əks olunmalı idi. Bu qeydlərin olmaması göstərir ki, həmin dövrdə gələn zənglər ümumiyyətlə qeydə alınmayıb. Deməli, xidmət faktiki işləməyib. Bu texniki qüsur sırf rabitə nasazlığı ilə məhdudlaşmamış, iddiaçının işgüzar reputasiyasına birbaşa zərbə vurmuşdur. İddiaçı ilə əlaaqə saxlaya bilməyən tərəfdaşlara etibarsızlıq təsəvvürü formalaşmış, işgüzar proseslər ləngimişdir. Bu isə mənəvi zərədin mövcudluğunu birbaşa təsdiqləyən amildir. Ən önəmlisi odur ki, bütün bu hallar məhz cavabdehin təqdim etdiyi CD diski ilə təsdiqlənmişdir. Yəni cavabdehin təqdim etdiyi sübutun məzmununu yanlış qiymətləndirilmişdir. Rouminq xidmətinin xaricdə işləməsi texniki məsələ olduğundan müstəqil ekspertiza təyin edilməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə qarşı etirazı məhkəməyə təqdim edərək, apellyasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinə etirazın məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
14. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Maddə 14.1. Bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər xidmət növləri sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər. Maddə 14.2. İstehlakçı satıcının (icraçının) iş rejimini nəzərə almaqla, özü üçün əlverişli olan vaxtda sərbəst mal və xidmət seçmək hüququna malikdir. İstehlakçıya sərbəst mal və xidmət seçməkdə hər cür köməklik göstərmək satıcının (icraçının) borcudur. İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağan edilir. Maddə 14.3. Satıcı (icraçı) istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və başa düşülən məlumat verməlidir. Maddə 14.6. Ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti ilə iddianın təmin olunması tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. Apellyasiya şikayətinin əsas dəlilləri kimi qeyd olunmuşdur ki, cavabdeh tərəfindən təqdim olunmuş CD diskində iddiaçıya məxsus nömrəyə yalnız 20 oktyabr 2024-cü il tarixində zənglərin daxil olduğu və çıxarıldığı qeyd olunmuşdur. Halbuki Litvada olduğu müddətdə çoxsaylı zənglər ona çatmamışdır. Əgər xidmət normal işləsəydi, həmin zənglər də CD-də əks olunmalı idi. Bu qeydlərin olmaması göstərir ki, həmin dövrdə gələn zənglər ümumiyyətlə qeydə alınmayıb.
21. Göründüyü kimi faktiki əsas olaraq rominq xidmətinin normal işləməməsinə istinad olunur.
22. “Rouminq” ingilis sözü (roaming) olub - mobil rabitə operatoru abunəçisinin ölkə daxilində və ölkədən kənarda digər operatorun şəbəkəsindən istifadəsi üçün yaradılmış mobil rabitə texnologiyasıdır. Çox vaxt rouminq başqa bir operatorun şəbəkəsində xidmət deməkdir. Belə bir xidmət üçün operatorlar arasında əvvəlcədən qarşılıqlı razılaşma tələb olunur. İddiaçının istifadəsində olan nömrəyə gələn SMS-lərin mətnindən də görünür ki, mübahisələndirilən dövr ərzində nömrə digər ölkə operatorlarnın xidmətinə qoşulmuşdur.
23. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Nömrə rominq xidmətində olarkən yalnız zəng xidməti deyil, internet istifadəsi xidməti də göstərilir. İddiaçı ərizəsində qeyd etmişdir ki, “... Litvada olduğu müddətdə tam texniki göstəricilərlə işlək olan ikinci simkart (Nar Mobile) vasitəsilə eyni cihazda tam funksional rabitədən istifadə etmişdir ki, bu da problemin telefondan və ya istifadəçinin texniki biliklərindən qaynaqlanmadığını sübut edir.”
24. Əgər rominq xidməti aktiv olmamışdırsa və ya qüsurlu olmuşdursa, bu zaman eyni problemlər internetdən istifadə zamanı da yaranmalı idi. Digər tərəfdən əgər iddiaçı ikinci simkart (Nar Mobile) vasitəsilə eyni cihazda tam funksional rabitədən istifadə etmişdirsə, onda Cavabdeh MMC-yə məxsus nömrədə internet xidmətindən də istifadə olunmamalı idi.
25. Lakin məhkəməyə təqdim olunmuş çıxarışdan görünür ki, iddiaçı tərəfindən hər gün günün təxminən eyni vaxtlarında mütəmadi olaraq internet xidmətindən istifadə etmişdir, hətta 1 GB olan paket bitdikdən sonra 100 MB həcmində internet paketi almışdır.
26. İddiaçı real zərər olaraq həmin internet paketlərinin alınması üçün sərf etdiyi vəsaiti tələb edir. Lakin işin halları ilə müəyyən olunur ki, həmin internet paketləri iddiaçı tərəfindən xarici ölkələrdə olduğu müddətdə mütəmadi olaraq istifadə olunmuşdur. Xidmətin qüsurlu olduğu, həmçinin, ikinci simkart (Nar Mobile) vasitəsilə eyni cihazda tam funksional rabitədən istifadə etmək imkan olduğu halda iddiaçının mütəmadi olaraq cavabdehin xidmətlərindən istifadəyə davam etməsi, qüsurlu olduğu bildiyi halda 1 GB olan paket bitdikdən sonra 100 MB həcmində internet paketini əldə etməsi və məntiqli və ağlabatan deyildir.
27. Bundan başqa birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, iddiaçı xx.xx.2024-xx.xx.2024 tarixlərində xidmətin işləməməsi səbəbindən paketlərdən istifadənin mümkün olmadığını, nəticədə, iddiaçı Litvada olarkən rabitə əlaqəsini təmin etmək məqsədilə məcburən Wi-Fi bağlantılarından əlavə olaraq yerli xidmətlərə müraciət etdiyini və bu məqsədlə 100 avro (təxminən 196 manat) dəyərində əlavə telefon xərcləri etdiyini bildirsə də, iddiasının əsasını təşkil edən hallara dair sübutları məhkəməyə təqdim etməmişdir.
28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2025-ci tarixli, e-2(004)- 3065/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2025-ci tarixli, e-2(004)- 3065/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.